Məhkəmə qərarları › İş №2(007)-2824/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2824/2022

26.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2824/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı Cavabdeh qarşı “atalığa dair qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “atalığa dair qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmədən, mediatorların ilkin hazırlıq kursunu bitirmiş mediator tərəfindən verilmiş arayışı məhkəməyə təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.2.-ci maddəsinə əsəsən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 26-cı maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri aşağıdakılardır: 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri. 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası. 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi. 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası. 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində qeyd olunmalıdır. 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həllinə dair 7.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət edən şəxslər mübahisələrin məhkəmədənkənar həlli məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə Mediasiya Şurasına müraciət etməlidirlər. Sizə mübahisələrin məhkəmədənkənar həlli ilə bağlı ətraflı məlumat verilməsi məqsədilə Mediasiya Şurasının əlaqə vasitələri olan +**********86; +**********87; +**********52 mobil nömrələri ilə əlaqə saxlanılması və internet səhifə: mediasiva.org müraciət olunması tövsiyyə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən, aidiyyət qaydalarına da əməl etməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh Bakı şəhəri, Nizami rayonunun ərazisində qeydiyyatda olmadığı halda iddia ərizəsinin həmin rayonun məhkəməsinin icraatına qəbul edilərək baxılması üçün əsaslar yoxdur. Eləcə də, iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsində dairəsi müəyyən edilmiş hallar da aşkar olunmamışdır. Belə olan halda, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil Yevlax Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi aidiyyət qaydalarına əməl edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya Şurasına müraciət etmədiyindən və iddia ərizəsi aidiyyət qaydalarına əməl edilməməklə verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir (“ASAN PAY” ödəniş sistemi, "xxxx" ASC, VÖEN: **********, terminalın nömrəsi- 986, qəbzin nömrəsi: 951440698, Tarix: xx.xx.2022, saat: 11:43). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “atalığa dair qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilər. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (“ASAN PAY” ödəniş sistemi, "xxxx" ASC, VÖEN: **********, terminalın nömrəsi- 986, qəbzin nömrəsi: 951440698, Tarix: xx.xx.2022, saat: 11:43) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar