Məhkəmə qərarları › İş №2(007)-2828/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2828/2025

10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2828/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 yanvar 2025 ci il tarixində doğulmuş oğlu X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsinin 1/2 hissəsi həcmində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixdə (sonuncu) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 yanvar 2025-ci il tarixində doğulmuş oğlu X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsinin 1/2 hissəsi həcmində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 yanvar 2024-cü il tarixində rəsmi nikaha daxil olub, bu barədə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 201 saylı aktla qeydə alınıb. Həmin nikahdan 25 yanvar 2025-ci il tarixində oğlu X4 dünyaya gəlib. Hazırda cavabdeh ilə aralarında narazılıqlar var və bu səbəbdən cavabdeh ona maddi dəstək vermir. Uşağı saxlamağa maddi imkanı yoxdur. Qeyd etmək istəyir ki, cavabdehin bundan öncədə nikahı olub və həmin nikahdan alment öhdəlikləri vardır. Belə olan halda hesab edir ki, cavabdeh ona uşağın saxlanılması üçün aliment ödəməlidir. Mediasiya prosessinə riayət edilib və müvafiq qaydada tərəfindən 50 manat rüsum qismində ödənilib, lakin cavabdeh mediasiya prosessində iştirak etməyib, buna dair müvafiq arayışı iddia ərizəsinə əlavə edir.

İş materialları:

4. AZ-İİ seriyalı, 610575 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində 23 yanvar 2024-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 210 nömrə ilə qeyd edilmişdir. Ərə Məlikov, arvada Sadıqova soyadı verilmişdir;

5. AZ-V seriyalı 091216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2025-cı il təvəllüdlü X4 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur;

6. Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/3/2025-00355 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS və 10 manat poçt xərci ödənilmişdir;

7. Azərbaycan Resublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7283/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı idida üzrə cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6064/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır Həmin qətnaməyə əsasən apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 997/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh 10 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2020-ci il tarixdən başlayaraq tutulan əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin 50 faizinin X2 adına bankda açılmış hesaba köçürülməsi qət edilmişdir;

8. Elektron məhkəmə informasiya sistmindən əldə edilmiş çıxarışlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də kapitan vəzifədəsində çalışır və aylıq əmək haqqı məbləği 17320,8 manat və pensiya məbləği 404,05 manat təşkil edir. Tərəflərin izahatları:

9. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin başqa nikahdan da övladı var və həmin uşağın saxlanılması üçün onun əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulub.

10. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2. Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

14. “Uşaq Hüquqları haqqında” Qanun:

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

İşin faktiki halı:

17. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki İddiaçı ilə Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 25 yanvar 2025-ci il təvəllüdlü X4 adlı övladları anadan olub.

18. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Birgə nikahdan anadan olmuş 25 yanvar 2025-ci il təvəllüdlü X4 İddiaçı himayəsindədir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

22. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

23. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

24. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

25. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

26. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını və iddiaçının tələbini nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə tutulmalıdır.

27. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

28. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır.

Nəticə:

29. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, 25 yanvar 2025-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.

Məhkəmə xərcləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə əsəsən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

31. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

32. Məhkəmə iddiaçının dövlət rüsumu ödəməkdən azad olduğunu, onun tərəfindən ilkin mediasiya xidmətinə görə 60 manat məbləğində pulun ödənilməsini, hazırkı iddiaya münasibətdə 174 manat dövlət rüsumunun ödənilməli olmasını (aylıq təxminən 14004 manat əmək haqqı, 1 ay üzrə 2334 manat tutulan aliment-bir il üzrə 28008 manat) nəzərə alaraq hesab edir ki, cavabdehdən 114 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 25 yanvar 2025-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutulub, İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin, Cavabdeh 114 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar