Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2880/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 25 noyabr 2023-cü il tarixdən başlayaraq, 25 noyabr 2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində aliment və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinəti olaraq ödənilmiş 500 manat məbləğində pul vəsaitinin Cavabdeh Ağamoğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. O, 2022-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 5 saylı Bakı “Asan Xidmət” X2 01 iyul 2023-cü il tarixdə hər ikisinin qarşılılqlı razılığına əsasən nikah pozulmuş və bu barədə onlara nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Nikah pozulan zaman o hamilə olsa da, nikahın pozulması barədə ərizə ilə o müraciət etdiyindən, qeydiyyat şöbəsi hamilə olmasına əhəmiyyət vermədən, nikahın pozulmasına qərar vermişdir. Aralarında nikah pozulduqdan bir neçə ay sonra 25 noyabr 2023-cü il tarixdə birgə nikahlarından X3 adlı bir uşaqları anadan olmuşdur. Uşaq doğulan zaman və ondan sonra cavabdeh tərəfindən uşağın saxlanması üçün heç bir maddi yardım etməmiş, uşağı görməyə təşəbbüs belə göstərməmişdir. O, isə himayəsində körpə uşaq olduğundan, heç yerdə işləyə bilmir və təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Bundan başqa Cavabdeh ilə arasında nikah 01 iyul 2023-cü il tarixdə pozulmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fondu uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət ona ödənilməli olmasına baxmayaraq, cavabdehə ödənilmiş, bu barədə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh ödənilmiş 500 manat məbləği ona qaytarmaqdan imtina etmişdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fonduna müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh uşağın doğulmasından hal-hazırki vaxtadək uşağın saxlanması ilə bağlı ilə heç bir maddi yardım etmədiyi halda birdəfəlik müavinəti əsassız olaraq öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Qeyd olunan məbləğ uşağın ilkin tələbatlarının ödənilməsi üçün nəzərədə tutulduğundan cavabdeh həmin məbləği uşağın tələbatlarına ödənilməsinə sərf etmədiyindən qeyd olunan 500 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh uşağın doğulduğu vaxtdan uşağın nə doğulmasında xəstəxana xərclərinin ödənilməsində, nə də hal-hazırki vaxtadək heç bir məbləğdə maddi yardım etməmiş, uşağın heç bir tələbatını ödəməmişdir. Bu səbəbdən alimentin məbləği uşaq doğulduğu gündən hesablanmalıdır.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7.bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır.
6. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edərək həm “aliment”, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət olaraq ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini istəyir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 172-ci maddəsinə əsasən aliment tutulmasına dair işlərə 2 ay müddətində baxılmalı olduğu halda, digər mübahisələrə dair işlərə isə 4 ay müddətində baxıla bilər. Həmçinin digər mübahisələrə aid olan işlərdə işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar 4 ay müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.
9. Hazırki iş üzrə iddiaçı “aliment” və “pul” tələbi kimi bir-biri ilə əlaqədar olmayan iki tələbi bir iddia ərizəsində birləşdirmişdir. “Aliment” tələbi ilə bağlı işə daha qısa müddət ərzində baxılmalı olması, məhkəmə tərəfindən “pul” tələbi ilə bağlı işin ətraflı, tam və obyektiv şəkildə araşdırılmasına maneədir.
10. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən həmin tələblərə bir icraatda baxıla bilməz. İddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə ayrı-ayrılıqda “aliment” və “pul tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir.
11. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı aliment tələbinə dair iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olmasına baxmayaraq, “pul” vəsaitinin tutulmasına dair iddia tələbləri üzrə dövlət rüsumu ödəməlidir.
Nəticə :
12. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
13. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva