Məhkəmə qərarları › İş №2(007)-2926/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2926/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2926/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "təhsil haqqının və digər xərclərin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "təhsil haqqının və digər xərclərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olub. 2021-ci ildə Bakı Slavyan Universitetinin Fransız dili müəllimliyi üzrə əyani şöbəsinə ödənişli əsaslarla qəbul olunub və hazırda təhsilini davam etdirir. Təhsil aldığı müəssisədə illik təhsil haqqı 1700 (bir min yeddi yüz) manat təşkil edir. Əvvəlki illərdə təhsil haqqı olaraq məhz 1700 (bir min yeddi yüz) manat ödəyib. Təhsil haqqı bərədə arayışın əldə edə bilməyib. Səbəbi də iddia qaldırılan vaxt müəssisə əməkdaşlarının məzuniyyətdə olmasıdır. Cavabdeh doğma atasıdır. Valideynləri 2024-cü ilin mart ayında faktiki olaraq ayrılıblar. O və kiçik qardaşı Amin hazırda anaları X1 yanında yaşayırlar. Cavabdeh olan atası isə bacısı Nigar ilə ünvan 1 ünvanda yaşayır. Əyani formada təhsil aldığı üçün o, heç yerdə işləmir. Anası da heç yerdə işləmir. Maddi vəziyyəti çətindir, ona görə də o, təhsil haqqını ödəməkdə çətinlik çəkir. Əgər təhsil haqqını vaxtında ödəməsə də, o, təhsil müəssisəsindən tərxis oluna bilər. Cavabdeh olan atası könüllü olaraq ona təhsil haqqının və digər əlavə xərclərin ödənilməsi üçün köməklik göstərmir. O, məsələ ilə bağlı mediasiya təşkilatına müraciət edib, atası ilə aralarında razılıq əldə edilmədiyi üçün Bakı 14 saylı mediasiya təşkilatının mediatoru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/14/2024- 00446 saylı arayış tərtib edilib. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən mediasiya təşkilatının hesabına 50 manat İMS və 10 manat poçt göndərişləri xidmətlərinə dair xərc ödənilib. Qeyd edilənlərə əsasən cavabdeh atası Cavabdeh onun 2024-2025-ci tədris ili üçün 1700 manat təhsil haqqının və yol-nəqliyyat xərclərin və digər xərclərin ödənilməsi üçün hər ay 350 manat, cəmi 1700 + 350 x 10 = 5200 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, işləmir və təhsil xərclərini qarşılaya bilmir. Cavabdehdən təhsil xərclərinin və digər xərclərinin ödənilməsi üçün maddi yardım istəyir. O, cavabdehin övladıdır, cavabdehin ömürlük onu saxlamaq vəzifəsi var. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının kartına xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 100 manat və xx.xx.2024-cü ildə 100 manat pul ödənilib. Həmçinin 1700 manat təhsil haqqı da ödənilib. Nəticədə, 2024-cü ildə 1700 manat təhsil haqqı və əlavə xərclərə görə 500 manat məbləğində pul ödənilib. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddiaçının təhsil haqlarının ödənilməsində iştirak edib, onda qəbzlər var. Hazırda iddia tələbini qəbul etmir. Onun başqa nikahdan iki övladı da var. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 563824 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 2004-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. - “Mediasiya Şurası” Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00446 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin araların razılıq əldə olunmayıb. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərclər ödənilmişdir. - Bakı Slavyan Universitetinin xx.xx.2024-cü il tarixli 132 saylı arayışından görünür ki, İddiaçı Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi fakültəsinin “Xarici dil Müəllimliyi (fransız dili üzrə)” ixtisası üzrə İV tədris ilinin ARGM-407 qrupunda əyani formada, ödənişli əsaslarla təhsil alır. - Məhkəməyə təhsil haqqı üzrə edilmiş ödənişlərə dair qəbzlər təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X4 ilə Cavabdeh faktiki olaraq ayrılmışlar. Tərəflərin birgə nikahından doğulmuş iddiaçı xx.xx.2004-cü il təvəllüdlü İddiaçı hazırda ali təhsil alır. İddiaçı təhsil xərclərini qarşılaya bilmədiyini bildirərək, Cavabdeh qarşı təhsil haqqının, yol-nəqliyyat xərclərin və digər xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeydindən çıxış edərək bildirir ki, artıq yetkinlik yaşına çatmış İddiaçı ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı, cavabdehdən təhsil haqqının tutulması, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması tələbi əsassız olduğundan, onun iddiası təmin olunmamaldır. Eyni zamanda, iddiaçı illik təhsil haqqının 1700 manat olmasına, həmçinin yolnəqliyyat xərclərin və digər xərclərin aylıq 350 manat təşkil etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Bakı Slavyan Universitetinin hesabına 1697 manat məbləğində ödəniş edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "2024-2025-ci tədris ili üçün 1700 manat təhsil haqqının və yol-nəqliyyat xərclərin və digər xərclərin ödənilməsi üçün hər ay 350 manat, cəmi 1700 +(350 x 10) = 5200 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "2024-2025-ci tədris ili üçün 1700 manat təhsil haqqının və yol-nəqliyyat xərclərin və digər xərclərin ödənilməsi üçün hər ay 350 manat, cəmi 1700 +(350 x 10) = 5200 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar