Məhkəmə qərarları › İş №2(007)-2944/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2944/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2944/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Fərhad oğlunın Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin miqdarının azaldılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Fərhad oğlunun Cavabdeh qarşı “alimentin miqdarının azaldıması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Fərhad oğlu Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər biri üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qətnaməsi ilə Cavabdeh ona qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, İddiaçı Fərhad oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub, Cavabdeh ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” AR qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minumumu əmək qabiliyyətli əhali üçün 287 manat məbləğində müəyyən edilmişdir. İşsiz olduğu üçün nəinki Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəmək, heç özünün hər ay ən azından 287 manat maddi təminat almaq hüququnu təmin etmək iqtidarında deyildir. İşsiz olduğu üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qətnaməsini icra edə bilmir. Eyni zamanda cavabdeh uşaqların yaşayış minumumu həddində maddi tələbatını ödəməkdə onunla bərabər vəzifə daşıyır. Hesab edir ki, qeyd edilən hallar nəzərə alınaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin miqdarı azaldılaraq, uşaqların biri üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilməlidir. Cavabdehə alimentin miqdarının azaldılması tələbi barədə mediasiya prosesinin tətbiqi barədə ərizə mediasiya təşkilatına isə ilkin mediasiya sessiyası üçün ərizə göndərsə də, cavabdehin iştirak etməməsi səbəbindən aralarındakı mübahisənin mediasiya prosesində həlli mümkün olmamış və mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/16/2024-00452 saylı xx.xx.2024-cü il tarixli arayış verilmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh iddia tələbinə etiraz edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qətnaməsinin qüvvədə saxlanılmasını və İddiaçı Fərhad oğlunun iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, ayda 500 manat uşaqların dayəsinə, 200 manat uşaqların sürücüsünə, 160 manat hazırlıqlarına, iki uşağın tək məktəb paltarına 300 manat ödənilib və 200 manat məktəb ləvazimatlarına verilib. Atası, anası təqaüdçüdür, uşaqların yeməklərini, (əkizlər) xəstələnir, həkimi, dərmanları və digər tələbatlarını ödəyir. Özü işləmək məcburiyyətində olduğu üçün uşaqların dərslərinə vaxt edə bilmir, aparıb gətirə bilmir məktəbə. X2 əməliyyat olunmalıdır.

İş materialları :

5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1432/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, İddiaçı Fərhad oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub, Cavabdeh ödənilməsi qət edilmişdir.

6. 6 saylı “DOST” Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Fərhad oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

7. “Mediasiya Şurası” Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli MŞB/16/2024-00452 nömrəli “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Fərhad oğlu ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Fərhad oğlu tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.

8. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 27 iyul 2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 800 nönrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı Fərhad oğlu, anası X1r.

9. Abşeron rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 27 iyul 2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 801 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı Fərhad oğlu, anası X1r.

10. AZ-İV seriyalı 948763 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 5 saylı Bakı “Asan” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 7427 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı Fərhad oğlu, anası X4r.

11. İş materiallarına xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 müayinə və müalicə almalarını təsdiq edən xeyli sayda resept və analizlər əlavə edilmişdir.

12. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Fərhad oğlu tərəfindən məhkəməyə müraciət etmək üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən İddiaçı Fərhad oğlunın nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı nikahından azyaşlı uşağı vardır.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o uşaqların ehtiyaclarını ödəmək üçün əziyyət çəkir. İddiaçı da uşaqlarını saxlamaq üçün əziyyət çəkməlidir. İddiaçı ilə 2 il evli olmuşlar və birgə nikahlarından iki övladları var, uşaqların 9 yaşları var. İddiaçı uşaqları ilə maraqlanmır. İddiaçı artıq 3-cü dəfədir ki evlənir, 3-cü evliliyindən bir oğlu var. Onlar evli olduqları zaman iddiaçı diş texniki kimi işləmiş, hazırda da bildiyinə görə diş texniki kimi işləyir. Rəsmi iş yeri yoxdur.

İşin faktiki halı :

15. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1432/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Fərhad oğlundan Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər uşaq üçün 220 manata olmaqla, cəmi 440 manat müəyyən edilmişdir.

16. İddiaçı hazırki iddia ərizəsi ilə hazırki nikahından azyaşlı uşağının olması və işsiz olması nəzərə alınaraq alimentin miqdarının azaldılaraq hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilməsini istəyir.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

18. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. “Uşaq Hüquqları haqqında” Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı.

Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır.

24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

25. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu :

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

28. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

29. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

30. Hazırda İddiaçı Fərhad oğlu Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbini irəli sürmüş və tələbini hal-hazırda işsiz olması və cavabdeh ilə aralarında bağlanılmış nikah pozulduqdan sonra yenidən ailə qurması və həmin nikahdan bir övladının olması ilə əsaslandırmışdır.

31. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

32. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

33. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

34. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı Fərhad oğlu ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-732/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikahın pozulmuş və nikah pozulduqdan sonra uşaqların ananın yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 hər ay hər bir uşağa görə 154 manat olmaqla, cəmi 308 manat aliment tutulması qət edilmişdir.

35. xx.xx.2021-ci il tarixdə tərəflər arasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişi ilə tərəflər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər bi uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər.

36. Daha sonra Cavabdeh xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1432/2023 saylı qətnaməsi ilə uşaqların mənafeyi, Cavabdeh uşaqların müalicəsində maddi çətinlik çəkməsi və işin faktiki halları nəzərə alaraq, alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir.

37. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(007)-1432/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış və hazırki iddia tələbi üzrə iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir.

38. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1432/2023 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır.

39. İddiaçının hazırki iddia tələbi üzrə tələbinin əsasını təşkil edən faktiki hallardan biri onun işsiz olmasıdır.

40. Məhkəmə iddiaçının işsiz olması ilə bağlı əsasına münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

41. Məhkəmə cavabdehin iddia tələbinin işsiz olması ilə bağlı əsasına münasibətdə həmçinin qeyd edir ki, iddiaçının Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1432/2023 saylı qətnaməsi ilə alimentin miqdarının dəyişdirilməsindən sonra işdən çıxması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yəni iddiaçı tərəfindən müvafiq qətnamə ilə alimentin miqdarı müəyyən edilən zaman işləməsi, maddi gəlirlərinin yaxsı olması, lakin hazırda gəlirin azalması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Əgər cavabdeh həmin qətnamə qəbul edilən zaman da işsiz idisə, bu zaman etirazını həmin iddia tələbinə baxılan zaman bildirə və etirazı nəzərə alınmadığı halda isə məhkəmə qətnaməsindən apellyasiya şikayəti verə bilərdi. Lakin cavabdehin işsiz olmasının məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaranmış hal olması hazırki iddia tələbi üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

42. İddiaçının hazırki iddia tələbi üzrə tələbinin əsasını təşkil edən faktiki hallardan digəri onun yenidən ailə qurması və həmin nikahdan 1 övladının olmasıdır.

43. Qeyd edilən əsasa münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Plenum qərarında vurğulanır ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

44. Həmçinin işin müəyyən edilmiş halı odur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1432/2023 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirildikdən bir neçə ay sonra (oktyabr ayında) iddiaçının digər uşağı dünyaya gəlmişdir.

45. Məhkəmə qeyd edir ki, qeyd edilən hal məhkəmənin xx.xx.2023-cü il tarixli 2(007)- 1432/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılarkən nəzərə alındığı ehtimal edilən bir hal olub, hazırda alimentin miqdarının dəyişdirilməsindən sonra yaranmış yeni bir əsas kimi qiymətləndirilməli deyil.

46. Məhkəmə Ali Məhkəmənin Plenumunun formlaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, hazırki iddia tələbinin əsası kimi çıxış edən hallar, yəni aliment ödəyən şəxsin işsiz olması və aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olması alimentin azaldılması üçün mütləq əsas deyildir.

47. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh uşaqların yaşayış minimumu həddində maddi təlabatını ödəməkdə onunla bərabər vəzifə daşıyır.

48. Ali Məhkəminin yuxarıda qeyd etdiyimiz Plenum qərarında o da göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

49. Həmçinin iddiaçı valideyn kimi uşaqları yetkinlik yaşına çatana kimi saxlamaq vəzifəsini daşıyır, uşaqların tərbiyəsi, sağlamlığı və psixi, fiziki, mənəvi inkişafı üçün məsuliyyət daşıyır. Valideyn kimi vəzifələrini yerinə yetirmək və uşaqları saxlamaq üçün isə maddi təminatın zəruriliyi isə hamıya bəlli olan haldır.

50. Beləliklə, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1432/2023 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişməmiş, əksinə uşaqların maddi tələbatları daha da artmış, uşaqlar üçün yaşayış minimumu artmışdır.

51. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

52. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

53. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

54. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

55. Məhkəmə qeyd edir ki, alimentin miqdarının azaldılması uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və buna görə də alimentin miqdar dəyişdirilməməlidir.

Məhkəmə Xərclərı̇ :

56. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

57. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

58. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-193, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Fərhad oğlunun Cavabdeh qarşı “alimentin miqdarının azaldılması”na dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar