Məhkəmə qərarları › İş №2(007)-2973/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2973/2021

07.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2973/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilələrin ləğv olunmasıvə sair tələblərə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilələrin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə onun arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv olunması,icarə haqqından yaranmış 28500 manat borcun tutularaq ona ödənilməsi,sahiblik və mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılmas,cavabdehin ona məxsus olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsindəki 50A ünvandan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 8 sentyabr 2020-ci il tarixdə onunla Cavabdeh arasında icarə müqaviləsi bağlanıb. Həmin icarə müqaviləsinə əsasən o, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən,ümumi sahəsi 780.8 kv/m olan qeyri yaşayış sahəsinin 258.2 kv2 sahəsini Cavabdeh icarəyə verib. Bu icarə müqaviləsi 51 saylı notariat kontoru tərəfindən təsdiqlənib.Notariat kontorunda iddiaçının əvəzinə nümayəndəsi X1 iştirak edib. Onların arasında olan razılaşmaya görə Cavabdeh hər ay iddiaçıya 3500 manat aylıq icarə haqqı ödəməli idi, lakin notariat kontorunda icarə haqqını 1000 manat göstərərək nümayəndəyə bildirib ki,sizin üçün nə fərqi var,onsuz də vergini o,mən ödəyəcəm və sizin 3500 manatınızı verəcəm. Cavabdeh 1 oktyabr 2020 ci il tarixdən indiyədək iddiaçıya cəmisi 6500 manat pul ödəyib. O həmin pulu 2 dəfəyə odəyib.Bu barədə iddiaçıya qəbz təqdim edib. Cavabdeh 10 ay ərzində iddiaçıya 35000 manat pul ödəməli idi.O icarə haqqından qalan 28500 manat pulu ödəməkdən imtina edir. Dəfələrlə həm canli,həm telefon danışıqlarına ona irad bildirsə də, Cavabdeh icarə haqqını ödəməkdən yayınıb.Son aylar isə iddiaçını təhqir edərək hədə-qorxu gəlir və icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozur.Hətta iddiaçını həmin sahəyə buraxmır və hədə qorxu gəlir ki, od vurub həmin sahəni əşyaları ilə birlikdə yandıracaqdır.İddiaçı sahiblik və mülkiyyət hüquqlarından da məhrum olunub.Mülkiyyətçi kimi həmin sahəyə daxil ola bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddianı qismən müdafiə etmişdir.Əlavə olaraq bildirmişdir ki,30.06.2021-ci il tarixdən,yəni müvəqqəti təminat tədbiri barədə qərardad qəbul olunan gündən qeyri-yaşayış sahəsi iddiaçıya qaytarılmışdır və açarlar da iddiaçının özündədir. Qeyd olunan qərardad Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv olunsa da,30.06.2021-ci il tarixdən sonra cavabdeh ora gəlməmiş və qeyr-yaşayış sahəsindən istifadə etməmişdir. Ona görə də sahiblik və mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması,cavabdehin ona məxsus olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsindəki 50A ünvandan çıxarılması hissəsində iddia tələbləri öz aktuallığını itirmişdir.Hal-hazırda yalnız icarə müqaviləsinin ləğvi və icarə haqqına görə yaranmış borcun qaytarılması hissəsində iddianı müdafiə edir.Qalan hissədə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanuinla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 50A ünvanda yerləşən qeyri-yaşayış sahəsi 25.01.2020ci il tarixdən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsindəki 50A ünvanda yerləşən olan 780.8 kv.m qeyri-yaşayış sahəsinin 258.2 kv2 hissəsini 08.09.2030-cu ilə kimi icarəyə vermişdir.Müqavilənin 5-ci bəndinə əsasən aylıq icarə haqqı 1000 manat təşkil edir. 828807 saylı və 828808 saylı qəbzlərdən görünür ki, Cavabdeh icarə haqqına görə cəmi 6500 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin hallarından görünür ki,tərəflər arsında qanunla müəyyən olunan qaydada icarə müqaviləsi bağlanmış və icarəyə verən İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsindəki 50A ünvanda yerləşən 780.8 kv.m qeyri-yaşayış sahəsinin 258.2 kv2 hissəsini 08.09.2030-cu ilə icarəçi Cavabdeh istifadəsinə vermişdir.İcarə müqaviləsinə görə aylıq icarə haqqı 1000 manat təşkil edir.İcarəçi 6500 manat icarə haqqı ödədikdən sonra istifadə etdiyi qeyri-yaşayış sahəsinə görə icarə haqqının ödənişini dayandırmışdır. İddiaçının bildidiyinə görə qeyri-yaşayış sahəsi 1 oktyabr 2020 ci il tarixdən 30.06.2021-ci il tarixinədək icarəçinin istifadəsində olmuşdur. 30.06.2021-ci il tarixində Nizami Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə qərardadı icra olunarkən qeyri-yaşayış sahəsi iddiaçıya qaytarılmışdır və açarlar da iddiaçının özündədir. Göründüyü kimi,qeyri-yaşayış sahəsi 9 ay cavabdehin istifadəsində olmuşdur.Belə olan halda cavabdeh 9 aya görə icarə haqqına görə 9000 manat ödəməli halda cəmi 6500 manat ödəmişdir.Ödənilməmiş icarə haqqı 2500 manat təşkil edir. Bu həm də o deməkdir ki,icarəçi iki ay yarım icarə haqqını ödəməmişdir.Məhz buna görə də iddiaçının müqavilənin ləğv olunmasına dair təşəbbüs qaldırmaq hüququ yaranmışdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia müqavilənin ləğv olunması hissəsində təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv olunmalıdır.Cavabdeh İddiaçı xeyrinə 2500 manat ödənilməmiş icarə haqqı tutulmalıdır. İddianın sahiblik və mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması,cavabdehin ona məxsus olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsindəki 50A ünvandan çıxarılması hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki,həmin tələblər məhkəmədən kənar öz həllini tapdığından bu hissədə iddia təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı xeyrinə icarə haqqına görə yaranmış 2500 manat manat borc tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar