Məhkəmə qərarları › İş №2(007)-298/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-298/2021

05.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-298/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı X3 hüquqi varisi X4 nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı X3 hüquqi varisi X4 nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “bağışlamadan imtina, bağışlama müqaviləsinin ləğv edilməsi və hədiyyənin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 hüquqi varisi X4 nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “bağışlamadan imtina, bağışlama müqaviləsinin ləğv edilməsi və hədiyyənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 sentyabr 2012-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin cavabdehə hədiyyə verilməsinə dair 19 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar iddiaçı X3 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzrə ona məxsus torpaq sahəsini 19 sentyabr 2012-ci il tarixində Cavabdeh hədiyyə olaraq bağışlamışdır. Hədiyyə alan Cavabdeh iddiaçı X3 qaynının oğludur. 1993cü il tarixdə Zülhəccənin qardaşı Zöhrab şəhid olduqdan sonra, Zülhəccə qardaşının ölümündən sonra sarsıntı və stres keçirdiyi üçün psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyətini itirmişdir. Bundan sonra o, Zülhəccənin qanun qaydasında qəyyumluğuna götürmüşdür. Cavabdeh ailə hüquq münasibətlərini hədiyyə verənlərə münasibətdə kobudcasına pozmuşdur. Belə ki, həmin vaxt yəni Zülhəccə torpağı bağışlayarkən qaynı oğlu, yəni cavabdeh şəxs ona müxtəlif vədlər verərək onun qayğısına qalacağı və ömür boyu ona qulluq edəcəyinə vəd vermişdir. O, Zülhəccənin qəyyumu olaraq 2014-cü il tarixdən Zülhəccə onun himayəsindədir və hazırda da o, Zülhəccəyə qulluq edir. Həmin şəxs Cavabdeh verdiyi vədlərə əməl etmədiyi buradanda aşkar olunur. Məhz bu ideyaları əsas tutaraq onlar cavabdehə mülkiyyətlərində olan torpaq sahəsini hədiyyə vermişlər. Lakin cavabdeh bütün bu ideyaları və ailə vəzifələrini kobudcasına pozaraq, ailə daxilində münaqişələrin olmasına səbəb olur. Bu səbəblərə görə bağışlamadan imtina etmək hüququndan istifadə edərək hədiyyənin geri qaytarılmasını məhkəmədən xahiş etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iddiaçı X3 hüquqi varisi X4 nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X7 onun həyat yoldaşının bacısıdır. X3 2012ci ildə həyat yoldaşı vəfat etdikdən iki ay sonra qarşı tərəf onu notariusa apararaq torpaq sahəsinin bağışlanmasına dair müqavilə imzalatmışlar. X7 ruhi xəstə olmuşdur və öz hərəkətlərini idarə etmək qabiliyyəti olmamışdır. Daha sonra notariusa bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün müraciət etdikdə, X3 fəaliyyət qəbaliyyətsiz olduğunu bildirmişlər. O da 2018-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin qərarı ilə onun qəyyumu təyin edilmişdir. İndiyə kimi məhkəməyə müraciət etməməklərinin səbəbi X5 pensiya düzəltdirmələri və onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi üçün məhkəməyə müracət etmələri olmuşdur ki, bu proseslər vaxt aparmışdır. X7 2020-ci il tarixdə vəfat etmişdir və o, vəfat edən günə kimi onlarla yaşamışdır. Qarşı tərəf ümumiyyətlə ona baxmamış və onun ruhi xəstə olmasından istifadə edərək mülkiyyətində olan torpaq sahəsini mənimsəmişlər. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının hüquqi varisinin nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı 23.08.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Qəbələ rayonu, Qəməryan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X2 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı və Cavabdeh arasında bağlanmış 19 sentyabr 2012-ci il tarixli Bağışlama müqaviləsindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin 18.09.2012-ci il tarixli, 2358 saylı arayışına və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı, reyestr №-si **********19, qeydiyyat №-si **********, qeydiyyat tarixi 23.08.2012 olan çıxarış əsasında Qəbələ rayonu, Qəmərvan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini Cavabdeh bağışlamışdır. Bağışlanan torpaq sahəsi heç kimə satılmamış, girov qoyulmamış və həbs altında deyildir. Onun barəsinə məhkəmə mübahisəsi yoxdur. - Qəbələ Rayon qeydiyyat şöbəsi tərəfindən 28 fevral 2012-ci il tarixdə verilmiş AZ-İ № 526907 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 14 fevral 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 fevral 2012-ci il tarixdə qeyd edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin 2(025)-786/2018 saylı 30.10.2018-ci il tarixli qətnaməsindən görünür ki, Qəbələ rayonu Qəməryan kəndində qeydiyyatda olan və yaşayan xx xxxxxx 1958-ci il təvəllüdlü İddiaçı Məhəmədiyyə qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. - Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X6 ünvanlanmış 14.01.2021-ci il tarixli 42 saylı məktubundan görünür ki, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ölümü, 24 noyabr 2020-ci il tarixdə qeydə alınmış bacısı İddiaçı adına 14.01.2021-ci il tarixdə, 16 nömrə ilə vərəsəlik işi açılmışdır. - Azərbaycan Respublikası Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının 17 dekabr 2018-ci il tarixli 86 saylı Sərəncamından görünür ki, Qəbələ rayon Çarxana kənd sakini, xx xxxxxx 1958-ci il təvəllüdlü baldızı İddiaçı bacısının həyat yoldaşı Qəbələ rayon Çarxana kənd sakini xx xxxxxxx 1967-ci il təvəllüdlü Qanuni nümayəndə qəyyumluğuna verilməsi qərara alınmışdır. - Qəbələ Rayon qeydiyyat şöbəsi tərəfindən 16 dekbar 2020-ci il tarixdə verilmiş AZ-İİ № 137933 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Məhəmmədyə qızı 24 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 noyabr 2020-ci il tarixdə 433 № ilə qeyd edilmişdir. Ölümün səbəbi Durğunluq ürək çatışmazlığıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı əsasında Qəbələ rayonu, Qəmərvan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini Cavabdeh bağışlamışdır və tərəflərin iradə ifadələrinin təsdiq olunması üçün müqavilə notarial qaydada təsdiq edilmişdir. Azərbaycan Respublikası Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının 17 dekabr 2018-ci il tarixli 86 saylı Sərəncamı ilə İddiaçı bacısının həyat yoldaşı Qanuni nümayəndə qəyyumluğuna verilmişdir. İddiaçı 24 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. X1 qəyyumu Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 sentyabr 2012-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin cavabdehə hədiyyə verilməsinə dair 19 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı sayılır. Həmin məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin məcəllənin 673.2-ci maddəsinə əsasən, hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda ləğv edə və onun icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Mülki Məcəllənin 673-cü maddəsi isəbağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsinin ləğvi üçün əsas ola biləcək Mülki Məcəllənin 673 və 674-cü maddələrində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, İddiaçı 19 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsi əsasında Qəbələ rayonu, Qəmərvan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini Cavabdeh bağışlamış və həmin müqavilə Qəbələ rayonu notariat kontorunun notariusu Elxan Alxanov tərəfindən notarial qaydada təsdiqlənmiş və reyestrdə 4Ə-815 nömrəsi qeydiyyat alınmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Yuxarıda vurğulandığı kimi, hazırkı işdə iddiaçının hüquqi varisi X4 nümayəndəsi bağışlama müqaviləsinin etibarsızlığını irəli sürərkən həmin əqdin bağlanması zamanı iddiaçının ruhi xəstə olduğunu iddia etmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 38-ci bəndinə əsasən notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Həmin Təlimatın 39-cu bəndinə görə notarius əqd iştirakçılarına fəaliyyət qabiliyyətini aydınlaşdırarkən əqd iştirakçılarının yaşı göstərilən sənədi tələb edir. Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. Hazırkı halda iddiaçının hüquqi varisi X4 nümayəndəsi Qanuni nümayəndə qeyd etmişdir ki, İddiaçı ruhi xəstə olmaqla fəaliyyət qabiliyyətsiz olmuşdur. Lakin iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 2(025)-786/2018 saylı 30.10.2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 1958-ci il təvəllüdlü İddiaçı Məhəmədiyyə qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Mübahisə predmeti ola bağışlama müqaviləsi isə 19 sentyabr 2012-ci il tarixdə bağlanmışdır. Məhkəməyə bağışlama müqaviləsi bağlanarkən İddiaçı öz hərəkətlərini idarə etmək qabiliyyətinin olmaması, fəaliyyət qabiliyyətsiz olmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının hüquqi varisinin nümayəndəsi Qanuni nümayəndə qeyd edir ki, İddiaçı qardaşı şəhid olduqdan sonra vəziyyəti pisləşmiş və ruhi cəhətdən xəstələnmişdir. Lakin hazırkı vaxta kimi mübahisəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tərəflərindən heç bir addım atılmamışdır. İddiaçının hüquqi varisinin nümayəndəsi bunu onunla əsaslandırmışdır ki, İddiaçı əvvəl pensiya düzəltdirmiş, daha sonra isə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişlər və bu proseslər vaxt aparmışdır. Lakin məhkəmə iddiaçının hüquqi varisinin nümayəndəsinin bu mövqeyinə münasibətdə hesab edir ki, qeyd edilən proseslərin bu qədər uzun vaxt çəkməsi ilə bağlı iddiaçının hüquqi varisinin nümayəndəsinin qeyd etdiyi hallar ağlabatan deyil. Hazırkı mülki işdə iddiaçının hüquqi varisi X4 nümayəndəsi bağışlama müqaviləsi bağlanan zaman İddiaçı ruhi xəstə olmasına istinad etsə də, məhkəmə araşdırması zamanı iddiaçının hüquqi varisi X4 nümayəndəsi Qanuni nümayəndə 19 sentyabr 2012-ci il tarixdə müqavilə bağlanan zaman İddiaçı ruhi xəstə və fəaliyyət qabiliyyətsiz olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən hal öz təsdiqini tapmamışdır. Halbuki, sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçıların üzərinə düşür. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Hazırkı halda məhkəmə tərəfindən 19 sentyabr 2012-ci il tarxili bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hallar müəyyən edilməmiş, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qeyd edilən dəlillər əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı X3 hüquqi varisi X4 nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “19 sentyabr 2012-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin cavabdehə hədiyyə verilməsinə dair 19 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri X3 hüquqi varisi X4 nümayəndəsi Qanuni nümayəndə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar