Məhkəmə qərarları › İş №2(007)-3000/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3000/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3000/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı X5 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dör yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki nikah münasibətlərində olub, faktiki nikahlarından iki yetkinlik yaşma çatmayan uşaqları-xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 dünyaya gəlib. Onu da əlavə edir ki, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 dair atalığın müəyyən edilməsi haqqında şəhadətnamə də ona təqdim edilib (həmin atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətləri iddia ərizəsinə əlavə edilir). Faktiki nikahda olduqları müddət ərzində cavabdehlə ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pozulub. Artıq iki ildir ki, cavabdehlə birlikdə yaşamırlar. Cavabdeh ata kimi öhdəliyini tam şəkildə yerinə yetirmir, cavabdehin övladları üçün ödədiyi məbləğ onların saxlanılması üçün kifayət etmir. Məhz belə olan halda Cavabdeh bir ata kimi övladlarının maddi təlabatlarını ödəməli, atalıq borcunu yerinə yetirməlidir. Onu da qeyd edir ki, bununla bağlı tərəfindən ilkin mediasiya prosesinin təşkil olunması və mübahisənin həll olunması məqsədilə mediasiya müraciət edilib. Lakin Bakı 1 saylı Mediasiya təşkilatı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/1/2024-00336 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan da göründüyü kimi mübahisə öz həllini tapmayıb. Bu səbəbdən mübahisənin ədalət mühakiməsini həyata keçirən məhkəmə qaydasında həll edilməsini qanunauyğun hesab edir.

3. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddiaçı ilə ayrılan vaxtdan övladlarına layiqincə baxır və baxacaqdır. Birinci arvadına 140 manat pul ödəyir, işsizdir və maddi çətinliyi var. Məhkəmədən onun vəziyyətinin nəzərə alınmasını xahiş edir. Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən birinci arvadına aliment ödəyir və çatdıra bilmir. İddiaçı ilə onun barışdırılmasını xahiş edir. O, uşaqlarına layiqincə baxır, onda sübutlar var. Məhkəməyə təqdim edəcəkdir.

4. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, bir il səkkiz aydır ki, iddiaçı ilə ayrılan gündən həm iddiaçının kommunal və kredit ödənişlərini edir. Hazırkı vaxtadək övladlarını gündəlik ərzaq və təhsil ödənişlərini edir. İddiaçı ehtiyacı olduğu üçün məhkəməyə müraciət etməyib, ona şəxsi qərəzlilik edir. O, övladlarını görmək istəyəndə onu polislə hədə-qorxu edir, təhdid xarakteri sözlər işlədir. İddiaçını kartına ödənişlər edib. İddiaçı rayonda olduğu müddətdə uşaqların ərzaq ödənişlərini iddiaçını kart hesabına ödəyib. Uşaqları ac qalmasın deyə bir ata kimi etdiyi humanistlikdir. İddiaçı bu faktlardan boyun qaçırır, ödənişləri danır və alimenti ona görə tələb edir. O, uşaqların vaxt çərçivəsində görməsini tələb edir. İddiaçı ona uşaqların gələcəyi ilə bağlı nəsə etməyə imkan vermir. Hər dəfə onu polislə hədələyərək, həmin əraziyə gəlsə, 102 qaynar xəttinə zəng vuraraq, ona yalan şər-böhtan ataraq, onu hədələyir. Onun hüquqlarının qorunmasını xahiş edir.

İş materialları:

5. AZ-İİİ seriyalı, 869183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 mart 2012-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r.

6. AZ-İİİ seriyalı, 501270 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 mart 2015-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r.

7. Elektron məhkəmə infomasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X9 “Sədərək” firmasında ofisinat işləyir və aylıq əmək haqqı məbləği 345 manat təşkil edir.

8. “Mediasiya Şurası” Bakı 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/1/2024-00336 nömrəli “Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, X5 mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. X5 50 manat mediasiya xərcini və 10 manat poçt, kargüzarlıq və digər cari xərcləri ödəmişdir.

9. Məhkəməyə cavabdeh tərəfindən fotoşəkillər və iddiaçının katında edilmiş mədaxillər, kommunal ödənişlərinə dair qəbzlər təqdim edilmişdir.

Tərəflərin izahatları:

10. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uşaqlar üçün pul verməli idi, o da həmin pulu istəməyib, cavabdehə kredit ödənişi etməsini deyib. O, uşaqlarla cavabdehin görüşməsi üçün heç bir maneəçilik yaratmır.

11. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, uşaqlarına baxır, iddiaçının kredit ödənişlərini edib.

İşin faktiki halı:

12. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı X5 ilə Cavabdeh faktiki nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 anadan olmuşlar. Hazırda tərəflər arasında olan münasibtələr pozulmuşdur və uşaqlar iddiaçının himayəsindədirlər. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstitusiyasının:

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

17. “Uşaq Hüquqları haqqında” Qanun:

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu:

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

24. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

25. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, qida və digər zəruri xərclərə tələbatı, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğu, iddia tələbini və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaq, cəmi 470 manat məbləğində aliment təyin edilməsi məqsədəmüvafiqdir.

26. Məhkəmə qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsindən və uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarət olduğundan cavabdehdən hər uşaq üçün 235 manat alimentin tutulması ədalətli hesab edilir. Qeyd etmək lazımdır ki, alimentin miqdarı uşaqların maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşaqların saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin.

27. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

28. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 30 avqust 2024-cü il tarixdən hesablanmalıdır.

29. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və iddiaçı X5 alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimenti alimentin miqdarı hər ay hər uşaq üçün 235 ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.

30. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, o, birinci arvadına 140 manat məbləğində aliment ödəyir.

31. Məhkəmə, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir.

32. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə xərcləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə əsəsən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

34. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

36. Məhkəmə iddiaçının dövlət rüsumu ödəməkdən azad olduğunu, onun tərəfindən ilkin mediasiya xidmətinə görə 60 manat məbləğində pulun ödənilməsini, hazırkı iddiaya münasibətdə 16,4 (76,4-60) manat dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 16,4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 30 avqust 2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulub, X4 verilməli, məhkəmə xərclərinə aid olan iş üzrə ödənilməli olan 16,4 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 30 avqust 2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulub, X4 verilsin. Məhkəmə xərclərinə aid olan iş üzrə ödənilməli olan 16,4 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar