Məhkəmə qərarları › İş №2(007)-3010/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3010/2025

08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3010/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması və ya ödəniş şərtlərinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması və ya ödəniş şərtlərinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mövcud səhhəti və maddi vəziyyəti nəzərə alınaraq məhkəmənin müəyyən etdiyi aliment məbləğinin azaldılmasına və ya ödəniş şərtlərinin dəyişdirilməsinə və ya müvəqqəti təxirə salınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Qanun :

112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir.

6. Hazırda iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılmasını, qətnamənin icra üsulunun dəyişdirilməsi və ya təxirə salınmasını xahiş etmişdir.

7. Məhkəmə ilk öncə qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi ilə əlaqədar iddiaçı iddia icraatı qaydasında deyil də, icra icraatı qaydasında müvafiq ərizə ilə məhkəməyə müraciət etməlidir.

8. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi dəqiq və aydın şəkildə ifadə edilməlidir. İddiaçı iddia ərizəsində alimentin azaldılmasını xahiş etsə də, alimentin hansı məbləğdə azaldılmasını xahiş etdiyini qeyd etməmişdir.

9. “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilməlidir. Lakin hazırki mülki iş üzrə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumu ödəməkdən azad olunduğunu təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Qeyd edək ki, iddiaçının iddia tələbində azaldılmasını xahiş etdiyi məbləğ qeyd edilmədiyi üçün iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunu müəyyən etmək mümkün olmamışdır.

10. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.

Nəticə :

11. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması və ya ödəniş şərtlərinin dəyişdirilməsi” tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

12. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264,268 maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması və ya ödəniş şərtlərinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar