Məhkəmə qərarları › İş №2(007)-3015/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3015/2022

11.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3015/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı vəsatət təqdim edərək hazırki işin aidiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilməsi barədə qərardan çıxarılması xahiş etmişdir. O vəsatətini onunla əsaslandırmışdır ki, hazırda Qusar rayonu, Yaşab kəndində qeydiyyatdadır, iddiaçı da Qusar rayonunda qeydiyyatdadır. Hər iki tərəf faktiki olaraq da həmin rayonun ərazisində yaşayırlar. Belə olan halda iddia tələbinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin vəsatətlə bağlı izahatını dinləyib vəsatətləri mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, iş aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 44.2.1-ci maddəsinə görə əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunan sənədlərə baxaraq hesab edir ki, İddiaçı və Cavabdeh Qusar rayonunda qeydiyyatda olmaqla faktiki həmin rayonun ərazisində yaşamaları işə daha operativ və vaxtında baxılıb yekun qərar verilməsi üçün əhəmiyyətli olduğundan mülki iş aidiyyatı üzrə Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı və Cavabdeh Qusar rayonunda qeydiyyatda olmaqla faktiki həmin rayonun ərazisində yaşamaları işə daha operativ və vaxtda baxılaraq yekun qərar verilməsi üçün işin tərəflərin olduğu yer üzrə Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar