Məhkəmə qərarları › İş №2(007)-310/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-310/2024

12.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-310/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı mülki mübahisə üzrə Cavabdeh 2023-cü ilin fevral ayında xüsusi ittiham qaydasında şikayət ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Cavabdeh şikayət ərizəsində bildirib ki, guya iddiaçı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməklə, onu ağır cinayətdə əsassız olaraq ittiham etməklə sosial şəbəkələrdə cavabdeh barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Lakin şikayət ərizəsində qeyd edilənlərdən heç biri həqiqəti əks etdirməmişdir. Odur ki, həmin cinayət işi üzrə məhkəmədə müdafiə edilmək üçün vəkilə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X6 ilə 26 fevral 2023-cü il tarixdə 202/2023 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlamışdır. Bu müqavilənin şərtlərinə uyğun olaraq, mən vəkil X4 barəsindəki xüsusi ittiham qaydasında şikayət ərizəsinə etiraz hazırlaması, onun məhkəmədə müdafiə və təmsil edilməsi, eləcə də digər zəruri hüquqi addımların atılması üçün 1.500 (bir min beş yüz) AZN məbləğində xidmət haqqı ödəmişdir. Beləliklə, həmin iş üzrə vəkili müvafiq order təqdim etməklə, cinayət işinin materialları ilə tanış olmuş, xüsusi ittiham qaydasında şikayət ərizəsinə yazılı etiraz hazırlamış, onun məhkəməyə təqdim edilməsini təmin etmiş və digər vəkilin etməli olduğu bütün zəruri hərəkətləri icra etmişdir. Tərəfindən təqdim edilmiş yazılı etirazda hazırkı mübahisə üzrə cavabdeh - Cavabdeh öz şikayət ərizəsində qeyd etdiklərinin reallığı əks etdirmədiyinə dair əks arqumentlər öz əksini tapır. Eyni zamanda qarşı tərəfin şikayətinin əsassız olmasını, onun məhkəməyə təqdim etdiyi sübutların mötəbər olmamasını təsdiq edən kifayət qədər dəlillər vəkili tərəfindən məhkəməyə təqdim edilmişdir. Nəticə etibarilə, işə baxan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-38/2023 nömrəli qərarı ilə haqlı olaraq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə istinad etməklə, iddiaçı - İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair (hazırkı mübahisə üzrə cavabdeh) Cavabdeh tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Ağdaş Rayon Məhkəməsinin sözügedən qərarından da göründüyü kimi, həmin cinayət işi üzrə onun vəkili X1 məhkəmə iclasında şəxsən iştirak edərək, barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin rədd edilməsi istiqamətində hüquqlarını müdafiə etmişdir. Beləliklə, cavabdehin onun barəsindəki şikayəti məhkəmənin qərarı ilə əsassız hesab edilmiş və işin icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin bununla yanaşı, onun barəsindəki xüsusi ittiham qaydasında əsassız şikayət nəticəsində cavabdeh tərəfindən ona olduqca ciddi maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, 26 fevral 2023-cü il tarixli, 202/2023 nömrəli hüquqi yardım müqaviləsinin şərtlərinə uyğun olaraq, vəkil X2 onun barəsindəki xüsusi ittiham qaydasında şikayət ərizəsinə etiraz tərtib etməsi və keçirilən məhkəmə iclasında iştirak edərək onu müdafiə etməsi müqabilində iddiaçı tərəfindən 1.500 (bir min beş yüz) AZN məbləğdə xidmət haqqı ödənilmişdir. Eyni zamanda, cavabdehin əsassız şikayəti nəticəsində aylardır onun barəsində davam edən məhkəmə prosesi onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Odur ki, cavabdehin qeyd olunan qanunsuz hərəkətləri onun qanunla müdafiə olunan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Hazırkı vəziyyətdə ona dəymiş maddi zərər olaraq onun tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X4 ödənilmiş 1500 (bir min beş yüz) AZN məbləğdə xidmət haqqı və mənəvi zərər olaraq 500 (beş yüz) AZN məbləğdə vəsait, habelə hazırkı iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 40 (qırx) AZN məbləğdə dövlət rüsumu Cavabdeh tutularaq mənə ödənilməlidir. Onun barəsində əsassız olaraq xüsusi ittiham qaydasında məhkəməyə şikayət ərizəsinin verilməsi nəticəsində, o, vəkillə müqavilə bağlamaq, məhkəmədə onu təmsil və müdafiə etməsi məqsədilə hüquqi xidmətlərə görə ona yüklü məbləğdə qonorar ödəmək məcburiyyətində qalmışdır. Belə ki, sözügedən cinayət işinə görə Ağdaş Rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X4 26 fevral 2023-cü il tarixli, 202/2023 nömrəli hüquqi yardım müqaviləsi üzrə 1.500 (bir min beş yüz) AZN məbləğdə xidmət haqqı ödəmişdir. Göründüyü kimi, hüquqlarını təmsil və müdafiə edən vəkili tərəfindən təqdim edilən əsaslandırılmış etiraz ərizəsinə və məhkəmədə əsaslı müdafiə olunduğuna görə, bu cinayət işinin baxışı ümumiyyətlə davam etdirilməyib, elə ilk məhkəmə iclasındaca işə baxan hakim vəkilinin arqumentlərini əsaslı sayaraq işi icraata qəbul etməkdən imtina edilməsi barədə qərar qəbul edib. İşin icraatı qeyd edilən şəkildə sonlandırıldığı üçün o həmin prosesdə dəymiş ziyan ilə bağlı ayrıca ərizə təqdim edə bilməmişdir. İşə baxan hakim bunun üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrıca mülki iddia qaldırmağını tövsiyyə etmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh tərəfindən iddiaçı barəsində əsassız olaraq xüsusi ittiham qaydasında şikayət verilməsinin nəticəsi olaraq İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) AZN məbləğdə vəsait, eləcə də cinayət işi üzrə hüquqi yardımın göstərilməsi üçün onun tərəfindən vəkil - X4 ödənilmiş 1.500 (bir min beş yüz) AZN məbləğdə xidmət haqqı olmaqla, ümumilikdə 2.000 (iki min) AZN məbləğdə vəsaitin, həmçinin bu iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 40 (qırx) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək, etirazında göstərmişdir ki, İddiaçıov oğlu ona, yəni Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən barəsində əsassız olaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində vəsaitin, eləcə də cinayət işi üzrə hüquqi yardımın göstərilməsi üçün tərəfindən vəkil X4 ödənilmiş 1500 (min beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 2000 (iki min) manat məbləğində vəsaitin, həmçinin bu iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun Cavabdeh oğlndan tutularaq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia ərizəsinin surətini və işin şifahi icraat qaydasında hazırlıq iclasında baxılması barədə məhkəmə bildirişini almışdır. İddia ərizəsini qəbul etmir, etirazının əsasını təşkil edən göstərdiyi işin hallarına görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. O, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İV Tağım Baş Yol Patrul Xidmətində ispektor vəzifəsində xidmət keçir. 07 iyun 2022-ci il tarixdə, saat 19:59 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 240-ci km-də xidmətdə olduğu vaxt İddiaçı idarə etdiyi "Mersedens Benz E200" markalı ** ZP *** dövlət qeydiyyat nişanlı minik avtobobilini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə və hərəkətdə olarkən telefonu əlində saxlamaqla ondan istifadə etdiyinə görə onun tərəfindən saxlanılmış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində İXP ******* saylı, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edərək elektron informasiya sisteminə yerləşdirmişdir. Həmin vaxt İddiaçı avtomobildən düşərək barəsində protokol tərtib edilməməsini xahiş etmiş, o, bundan imtina edəndə "eybi yoxdur, yaz, indi gör mən sənin başına nə oyun açacağam" deyərək avtomobilə əyləşərək sürüb getmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə həmin protokol əsasında həmin maddələrdə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə TR ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İddiaçı barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin hadisədən bir müddət sonra İddiaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və nazirliyin yanında İctimai Şuraya yalan və böhtan xarakterli ərizə ilə müraciət edərək bildirmişdir ki, o öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq Ağdaş-Göyçay avtomobil yolunun sol tərəfində "Bayraq Meydanı”nın yaxınlığında onun atasına məxsus obyektə görə 9 ədəd çoxillik yaşıl ağacları kəsərək məhv etmişdir. İddiaçı, həmin müraciətlərində onu “həyasız”” adlandırmaqla onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, onu “”cinayətkar” və "terrorçu" adlandırmaqla ağır cinayətdə ittiham etməklə, ona böhtan atmışdır. Buna görə də o, İddiaçı qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayəti məhkəməyə daxil olduqdan sonra İddiaçı ilə aralarında barışıq olmuş, Ayaz bir daha onun barəsində şər və böhtan xarakterli ərizələrin yazmayacağını bildirmişdir. Ağdaş Rayon Məhkəməsinin 1(014)-38/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa əməl edilmədiyindən, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs haqqında məlumatlar, törədilmiş cinayət barəsində məlumatlar qeyd edilmədiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Cavabdeh tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Ona görə də o, qərarda göstərilən nöqsanları aradan qaldıraraq yenidən bu iş üzrə İddiaçı qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi, həmçinin ona qarşı "Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinə dair" iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmənin həmin qərarından göründüyü kimi şikayət ərizəsi məhkəmə tərəfindən rədd edilməmiş, şikayət üzrə ona bəraət verilməmişdir. Ona görə də, iddiaçının ona və digərlərinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsasları olmadığından rədd edilməlidir. Odur ki, işin faktiki hallarının, iddia tələbinə etirazının nəzərə alınmasını, təqdim olunmuş sübutların tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasını, sübutlara düzgün qiymət verilməsini, iddiaçı tərəfin iddia ərizəsinin həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsası olmadığından, yəni iddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh Ağdaşda yaşayır və İsmayıllı-Ağdaş yolunda yol polisi kimi fəaliyyət göstərir. O, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı müraciət etmişdir. Bu barədə müraciəti etdikdən sonra aidiyyətı qurumlar gəlib həmin əraziyə baxmış və protokol tərtib etmişlər. Cavabdeh onun barəsində xüsusi ittiham qaydasında şikayət etmiş, lakin məhkəmə tərəfindən onun şikayəti rədd edilmişdir. Dəfələrlə məhkəmə iclasılarında iştirak etmiş, ona maddi və mənəvi zərər dəymişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ağacların kəsilməsi ilə bağlı cavabdeh barəsində şikayət etmişdir. Bundan sonra cavabdeh də xüsusi ittiham qaydasında iddiaçıdan şikayət etmişdir. Cavabdehin şikayəti məhkəmə qərarına əsasən geri qaytarılmışdır. Həmin qərarlar iş materiallarına əlavə edilmişdir. Ağacların kəsilməsi ilə bağlı inzibati xətanın mövcud olduğu sübuta yetirilmişdir. İddiaçıya məhkəmə prosesləri ilə əlaqədar olaraq maddi və mənəvi zərər dəymişdir. Sonda o, iddianın təmin edilməsi və iddiaçıya dəymiş maddi və mənəvi zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağdaş Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(014)-38/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Cavabdeh tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktublarının surətindən görünür ki, İddiaçı 9 ədəd çoxillik ağacın məhv edilməsi ilə bağlı müraciəti araşdırılmış, inzibati xəta törətmiş şəxs barəsində inzibati protokol tərtib edilmiş, zədələnmiş ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə Ağdaş şəhər sakini X3 icrası məcburi olan müddətli göstəriş verilmiş, həmin 0.20 ha kənd təsərrüfatı təyinatlı ərazinin X5 tərəfindən notarial qaydada alqı-satqı yolu ilə alınması, həmin sahəyə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDR xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən “Çıxarış sənədinin torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması, Ağdaş rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2019-cu il tarixli 03 saylı “Obyektin tikintisinə icazə” sənədinin təsdiq edilməsi, digər aidiyyatı dövlət orqanlarından rəsmi icazələrin alınması və obyektin təsdiq edilmiş “Memarlıq Planlaşdırma Layihəsi” əsasında tikilməsi müəyyən edilmişdir. - 07 iyun 2022-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol və 07 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqından qərarın surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə protokol tərtib edilərək 50 manat məbləğində cərimə edilmişdir. - 202/2023 saylı hüquqi yardım göstərilməsi haqqında müqavilədən və 15 may 2023-cü il tarixli, 1-05/23 saylı qəbzdən görünür ki, İddiaçı ilə vəkil X6 arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmış və İddiaçı tərəfindən 1500 (min beş yüz) manat məbləğində pul vəkil X4 ödənilmişdir. - 12 iyun 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 40 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı tərəfindən sübut qismində məhkəməyə “Facebook” proqramında əks olunmuş İddiaçı tərəfindən edilmiş müraciət təqdim olunmuşdur. -Ağdaş Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(014)-1074/2023 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 07 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hazırki mülki iş üzrə Cavabdeh tərəfindən tərtib olunmuş protokol əsasında 50 manat miqdarında cərimə olunmuşdur. İddiaçı, İddiaçı Cavabdeh atasının mülkiyyətində olan obyektdə çoxillik ağacların kəsilməsi faktı ilə bağlı aidiyyəti orqanlara şikayət etmiş və sosial şəbəkədə, öz rəsmi “Facebook” hesabından da müraciət etmişdir. Daha sonra Cavabdeh hazırki iş üzrə İddiaçı qarşı xüsusi ittiham qaydasında şikayət verərək, sonuncunun onu ağır cinayətdə ittiham etdiyini əsas gətirərək cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xüsusi ittiham qaydasında şikayət üzrə öz hüquqlarının məhkəmədə müdafiəsini təmin etmək məqsədi ilə vəkil ilə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlamış və həmin müqavilə üzrə vəkilə 1500 manat məbləğində haqq ödəmişdir. Ağdaş Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(014)-38/2023 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Cavabdeh tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Hazırda İddiaçı, cavabdehin onu xüsusi ittiham qaydasında əsassız qaydada şikayət etməsi səbəbindən vəkilə hüquqi yardım göstərilməsi üçün ödədiyi pul vəsaitini iddiaçıya dəymiş maddi ziyan kimi qiymətləndirərək 1500 manat məbləğində maddi ziyan, eyni zamanda 500 manat dəyərində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir, ona görə də iddia maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddia tələbinin dəymiş maddi zərərin əvəzi olaraq 1500 manat pulun cavabdehdən tutularaq iddiaçının ödənilməsi ilə bağlı göstərilənlərə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə maddi ziyan məhz onun barəsində əsassız olaraq xüsusi ittiham qaydasında məhkəməyə şikayət ərizəsinin verilməsi, həmin şikayətlə əlaqədar öz hüquqlarını müdafiə etmək üçün vəkil ilə arasında hüquqi yardımın göstərilməsi barədə müqavilənin bağlanması nəticəsində olmuşdur, bundan irəli gəlmişdir. Məhkəmə iddianın dəymiş maddi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, vəkil ilə müqavilə bağlaması iddiaçının öz hüquqlarını həyata keçirməsi və məhkəmə prosesində təmsil olunması məqsədilə həyata keçirilmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina edilməsi də nəzərə alınaraq, bu hal vəkilə hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş pulun tələb edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən iddiaçıya xüsusi ittiham qaydasında şikayət verməsi ilə mənəvi zərər dəyməsi sübuta yetirilmədiyindən, İddiaçı iddiası mənəvi zərərin tələbi hissəsində təmin edilməməlidir. Bu zaman qeyd edilməlidir ki, iddiaçı onun tələbinin əsasını təşkil edən əsas hal kimi qeyd edir ki, cavabdeh onun barəsində xüsusi ittiham qaydasında şikayət vermişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Bu zaman iddiaçıya onun barəsində əsassız olaraq şikayət edildiyindən mənəvi ziyan dəymişdir. Lakin mənəvi ziyanın dəyməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbinin dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi ilə bağlı göstərilənlərə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz onun barəsində əsassız olaraq xüsusi ittiham qaydasında məhkəməyə şikayət ərizəsinin verilməsindən irəli gəlmişdir. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, barəsində əsassız olaraq xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilməsi və məhkəmənin xüsusi ittiham qaydasında şikayətdən imtina etməsinə görə iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. İddiaçı hansı ki, özünə mənəvi ziyan vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar