Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3149/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh şəxsin səhlənkarlığı nəticəsində mənzilinə və ona dəymiş mənəvi ziyana görə 1000 manat təzminat ödənilməsi xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 1 ünvanda yaşayır. 26 fevral 2024-cü il tarixində 42 saylı mənzilin sahibi-qonşusu Cavabdeh tərəfindən səhlənkarlıq nəticəsində ona məxsus olan mənzilinin su basmışdır. Nəticədə mənzilin zal və dəhliz hissəsini bərbad hala salınmışdır. Bundan sonra 29 fevral 2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, 34 saylı MKİS-in ekspertlər tərəfindən mənzilə texniki baxış keçirilmiş və mənzilin su basması nəticəsində zal və dəhliz bərbad vəziyyətə düşməsi onların tərəfindən təsdiqlənmişdir (bununla bağlı 34 saylı MKİS-in texniki ekspertlər tərəfindən tərtib edilmiş akt əlavə olunur). Bundan sonra tərəfindən dəvət etdiyi ustanın apardığı müayinə nəticəsində su basması ilə əlaqədar mənzilinin 800 manat məbləğində zərər aşkarlanmışdır. Bu barədə 42 saylı mənzilin sahibi Cavabdeh baş verənlər haqqında məlumat verilmiş və zərərin mənə ödənilməsi tələb edilmişdir. Lakin buna baxmayaraq bu günə kimi qonşudan maddi təzminatdan yalnız 280 manat pul ödənilmişdir.
İş materialları :
3. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, şikayətçinin yaşadığı mənzilə, yəni Ə.Kürçaylı küçəsi 22, mənzil 36 ünvanına baxış keçirilmiş və su axıtma nəticəsində mənzilin zal və dəhlizi bərbad hala salınmışdır.
4. İş materiallarına 10 ədəd fotoşəkil əlavə edilmişdir.
5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
7. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.
9. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.
10. Həmçinin iddaçı mübahisəli mənzilin Cavabdeh mülkiyyətində, sahibliyində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
11. Həmçinin məhkəmə onu qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi, onun tələbinin əsası kimi istinad etdiyi fakt və hallar göstərilməlidir. Lakin iddia ərizəsində iddiaçının “cavabdehdən onun mənzilinə və ona dəymiş ziyana görə 1000 manat mənəvi ziyanının tutulması”na iddia tələbi aydın göstərilməmişdir. Müvafiq tələblə iddiaçının mənzilinə dəymiş ziyana görə hansı məbləğdə və mənəvi ziyan qismində hansı məbləğdə pul vəsaitinin cavabehdən tutulmasını xahiş etdiyini müəyyən etmək mümkün olmamışdır.
12. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva