Məhkəmə qərarları › İş №2(007)-3205/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3205/2021

13.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3205/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən, o cümlədən məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə yoxlanılmış məlumatlardan görünür ki, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 14B/1 ünvanında qeydiyyatdadır, eyni zamanda qeyd olunan məlumat 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən Cavabdeh 06 sentyabr 2018-ci il tarixdə verilmiş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarında da öz əksini tapmışdır, iddia ərizəsi isə Nizami Rayon Məhkəməsinə ünvanlanaraq, cavabdehin faktiki ünvanı “ünvan 4” olaraq göstərilmişdir. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Fiziki şəxsin qeydə alındığı yer dedikdə, onun iddianın verildiyi vaxt yaşayış yeri, yəni rəsmi qeydiyyata alındığı yer başa düşülməlidir. Məlum olduğu kimi, cavabdeh Bakı şəhəri, Nizami rayonunun ərazisində qeydiyyatda deyil, ona görə hazırkı iddia ərizəsinin həmin rayonun məhkəməsi tərəfindən icraata qəbul edilərək işə baxılması mümkün deyildir, o cümlədən iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsi ilə, həmçinin müstəsna aidiyyət qaydalarını müəyyən edən MPM-nin 39-cu maddəsi ilə dairəsi müəyyən edilmiş hallar da müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər eyni əsaslarla məhkəmənin 23 iyun 2021-ci il tarixli, 2(007)-2988/2021 saylı qərardadı ilə iddiaçıya geri qaytarılmış, müvafiq nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməsinə baxmayaraq, iddiaçı sözügedən qərardadı mübahisələndirməmiş, göstərilən nöqsanları aradan qaldırmadan, hər hansısa əlavə dəlil irəli sürmədən, o cümlədən qanunvericiliyin tələbinə əsasən cavabdehin yaşayış yerinin, yəni rəsmi qeydiyyata alındığı yerin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşməsinə dair mötəbər sübut təqdim etmədən, sadəcə iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında 7-ci bənddə “Arayış” ifadəsini “Yaşayış yeri barədə arayış” ifadəsi ilə əvəz etməklə eyni iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təkrarən məhkəməyə ünvanlamışdır. Məhkəmə iddiaçının cavabdehin yaşayış yerini təsdiq edən sübut qismində ərizəsinə əlavə etdiyi “xxxx” MMMC tərəfindən verilmiş 28.05.2021-ci il tarixli, 120/21 saylı arayışa münasibətdə qeyd edir ki, həmin arayış cavabdehin Cavabdeh yaşayış yerini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qanunvericiliyə görə, fiziki şəxsin qeydə alındığı yer dedikdə, onun iddianın verildiyi vaxt yaşayış yeri, yəni rəsmi qeydiyyata alındığı yer başa düşülməlidir, şəxsin yaşayış yeri isə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməlidir. Cavabdeh Bakı şəhəri, Nizami rayonunun ərazisində qeydiyyatda deyil, bu hal yuxarıda qeyd olunan şəxsiyyət vəsiqəsində, o cümlədən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə yoxlanılmış məlumatlarda öz əksini tapır, ona görə hazırkı iddia ərizəsinin icraata qəbul edilərək işə baxılması mümkün deyildir. Beləliklə, hesab edirəm ki, qeyd edilən nöqsana görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya müvafiq nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar