Məhkəmə qərarları › İş №2(007)-3228/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3228/2022

28.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3228/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə doğulmuş övladı X1 üçün hər ay əmək haqqısının 1/4 hissəsin cavabdeh X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları ləğv edilmiş, 24 sentyabr 2014-cü il təvəllüdlü övladının anasının himayəsində qalmaqla aliment ödənilməsi qət edilmişdir. Cavabdeh sonradan Nizami rayon Məhkəməsinə müraciət etmiş və alimentin artırılmasını xahiş etmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin tələbi rədd edilmiş, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 4537/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment onun bütün qazancının ¼ hissəsi və əlavə 90 manat ödəniş edilməsi qət edilmişdir. Hazırda aldığı əmək haqqından başqa digər fəaliyyəti mövcud deyildir. Cavabdeh iddia etsə də ki, əsas işindən başqa digər fəaliyyəti möcuddur, bu hal məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci tarixli arayışdan görünür ki, o, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında işləyir və aylıq qazancı 338 manat təşkil edir. Cavabdeh onunla prinsipiallıq aparır. Cavabdeh atası və anası ilə birgə yaşayır və imkanları da son dərəcə qənaətbəxşdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 mart 2016-cı il il tarixli, 2(007)-262/2016 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, azyaşlı uşaqları X3 onun himayəsində saxlanılması və onun yetkinlik yaşma çatana qədər saxlanılması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının azyaşlı uşaqlarının tələbatının qarşılanmasında hədsiz az olduğundan, daha sonra iddia tələbinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2018-ciil il tarixli qətnaməsi ilə İddiaçı tutulmalı olan sabit pul məbləğində alimentin miqdarı artırılaraq 154 manat müəyyən edilmişdir. Azyaşlı uşaqlarının gündəlik dolanışığı və təminatı ilə qəti olaraq maraqlanmayıb, daim müxtəlif bəhanələrlə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti də vaxtı-vaxtında ödəməkdən boyun qaçıran İddiaçı daha sonra “Aliment ödənilməsi vəzifəsindən azad edilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il il tarixli, 2(006)-6966/2019 saylı qətnaməsi ilə onun həmin iddia tələbi rədd edilərək təmin edilməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2018-ci il il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azyaşlı uşaqlarının saxlanması üçün hədsiz az olduğundan və hazırda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dülgər vəzifəsində işləyən İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və 108 manat 50 qəpik sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4537/2022 saylı qətnaməsi ilə qismən təmin edilərək , ondan 25 sentyabr 2014-cü il təvəllüdlü uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə olaraq 90 (doxsan) manat sabit pul miqdarında alimentin tutulması müəyyən edilmişdir. Həmin qətnamənin də qəbul edilməsindən cəmi 3 (üç) ay müddətin keçdiyi bir vaxtda və onun yaşayış səviyyəsində, durumunda əhəmiyyət kəsb edən hər hansı bir dəyişikliyin baş vermədiyi halda, o, növbəti olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, işləyir, 338 manat əmək haqqı alır və başqa problemləri, borcu vardır. O, alimenti ödəyə bilmir deyə aliment borcu yaranmışdır. Cavabdeh dərzidir, hazırda uşaqla görüşə şərait yaratmır. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, hazırda heç yerdə işləmir, bundan əvvəl 1 aylıq işləmişdir. 1 aya 170 manat aliment alır. 2017-ci ildən iddiaçı bu günə qədər uşağa heç nə almamışdır. İddiaçının uşaqla görüşlə bağlı söylədiklərinə münasibət bildirərək qeyd etdi ki, bir-iki dəfə uşağı icra şöbəsinə aparmış, amma iddiaçı gəlib uşağı görməmişdir. O, heç vaxt iddiaçının uşaqla görüşünə mane olmur. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 22 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə nikahın pozulması, uşağın ananın yanında saxlanılması və cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul miqdarında 117 manat alimentin tutulması qət edilmiş, sonradan Bakı Apelliyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin tutulma forması dəyişdirilərək alimentin miqdarı hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. İddiaçı Cavabdeh (cavabdeh İddiaçı qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(007)-883/2022 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsinin 2(103)-4537/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(007)-883/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(103)-1929/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, cavabdeh İddiaçı 25 sentyabr 2014-cü il təvəllüdlü uşağı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə olaraq 90 (doxsan) manat sabit pul miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Hazırda İddiaçı həmin aliment məbləğinin azaldılması barədə iddia qaldırmış və məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə riayət edərək mediasiya prosesində iştirak etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya məhkəməsinin 2(103)-4537/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun bütün qazancının ¼ hissəsi və əlavə 90 manat aliment tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması uşağın mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İddiaçı məhkəmə iclasında hazırda aldığı əmək haqqından başqa digər fəaliyyətinin mövcud olmamasını, aylıq qazancının 338 manat təşkil etməsini, başqa borclarının olmasını, cavabdehin də işləməsini bildirmişdir. Məhkəmə iddiaçının həmin dəlilərini əsassız sayaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hallar, alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməldir. Belə ki, iddiaçının göstərdiyi hallar onu bir valideyn kimi, qanunla üzərinə qoyulmuş öhdəlikdən azad etmir. Çünki, təyin olunan aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Göründüyü kimi, aliment məbləğindən azad edilməsi təyin olunduqdan sonra iddiaçının xərclərin azaldılmasına səbəb olacaq ailə və maddi vəziyyətində elə də ciddi dəyişikliklər olmamışdır. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş Cavabdeh əmək müqavilələri barədə bildirişlərdən görünür ki, onun sonuncu dəfə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və hazırda onun rəsmi iş yeri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixdə doğulmuş övladı X1 üçün hər ay əmək haqqısının 1/4 hissəsin cavabdeh X2 xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində İddiaçı tərəfindən çəkilmiş 50 manat mediasiya xərci ona aid edilməli, İddiaçı məcburi köçkün olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçün ödəməkdən azad olduğu 50 manat dövlət rüsumu da Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixdə doğulmuş övladı X1 üçün hər ay əmək haqqısının 1/4 hissəsin cavabdeh X2 xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qismində İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci ona aid edilsin. İddiaçı ödəməkdən azad olduğu 50 manat dövlət rüsumu Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar