Məhkəmə qərarları › İş №2(007)-3342/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3342/2022

01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3342/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə faktiki nikaha daxil olmuşlar. El adət-ənənəsi ilə toyları olub. Cavabdeh rəsmi nikahı gecikdirdiyi üçün bugünədək rəsmi nikahları yoxdur, və birgə faktiki nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlib. Ailə münasibətləri normal olmadığı üçün 2021-ci ildən ayrı yaşayırlar. O, 3 uşaqla birgə yaşlı anasının yanında qalır. Cavabdeh övladlarının saxlanılmasında ona kömək etmir. Qeyd edir ki,o, işləmir. Heç bir rəsmi, qeyri-rəsmi gəlir yerim yoxdur. Qalmağa evi belə yoxdur.Çox acınacaqlı vəziyyətdədir.Övladlarının günügündən artan maddi tələbatını ödəməkdə acizdir. Yaşlı anasının pensiyası ilə çörək alırlar. Cavabdehin valideynlik vəzifələrini yerinə yetirməməsi onu qanunvericiliyə uyğun olaraq aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur edib.Əlavə olaraq bildirir ki, cavabdeh “Milla” şirkətində işləyir və 1000 AZN-dən çox maaş alır.Həmçinin 180 AZN də pensiya alır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən birgə faktiki nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçının dedikləri həqiqəti əks etdirmir.İddiaçının dediklərini yalnız o hissədə qəbul edir ki,həqiqətən də xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 atası odur. Onların saxlanması üçün indiyədək əlindən gələn maddi yardımlar edib. Onun imkanı olsaydı uşaqlarına maddi cəhətdən daha çox köməklik göstərərdi. Lakin halhazırda İİ-ci qrup əlildir və cəmi 180 manat pensiya alır,bundan başqa onun qəliri yoxdur.Əmək qabiliyyəti də yoxdur ki, işləyib pul qazana bilsin. Qeyd olunanlara əsasən xahiş edir ki, iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 ataları X6,anaları isə İddiaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh müddətsiz olaraq ikinci dərəcəli əlildir.Xüsusi yaradılmış işlərdə işləyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, Cavabdeh hər üç uşağın atası olduğunu etiraf etdiyini, eləcə də cavabdehin müddətsiz olaraq ikinci dərəcəli əlil olmasını,hal-hazırda işləməməsini və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki,iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə faktiki nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə faktiki nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar