Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3354/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment və əlavə xərcin ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərcin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərcin ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan Bağırov Camalın saxlanması üçün sabit pul məbləği miqdarında alimentin təyin edilməsi, Bağırov Camalın yetkinlik yaşma çatana qədər təhsilinin, idman və əlavə hazırlıqlarının qarşılanması üçün 360 AZN məbləğində sabit əlavə xərcin cavabdehdən tutularaq ona ödənilməsi, aliment məbləğinin müəyyən olunarkən uşağın gündəlik saxlanması üçün tələb olunan digər zəruri xərclərin (qida, geyim, dərs ləvazimatları və s.) də nəzərə alınmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Camal Bağırov yetkinlik yaşıça çatana qədər uşaq üçün hər ay minimum əmək haqqının 0,62 misli həddində alimentin və təhsil, idman və əlavə hazırlıqlarının qarşılanması üçün 360 manat məbləğində sabit əlavə xərcin cavabdehdən tutularaq ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikaha daxil olub. Birgə nikahdan xx.xx.2014-cü il tarixində Camal adlı oğulları dünyaya gəlib. Hazırda cavabdeh ilə aralarında olan nikaha Nəsimi Rayon Məhkəməsinin qərarı ilə xitam verilib. Boşanma zamanı azyaşlı oğullarının saxlanmasına dair aliment təyin edilməyib. Aralarında nikaha yeni xitam verilsə də, faktiki olaraq artıq 10 ilə yaxın müddətdir ki, birgə yaşamırlar. Bu müddət ərzində oğlunun bütün maddi və mənəvi ehtiyacları onun tərəfindən qarşılanıb. Cavabdeh isə uşağın tərbiyəsi və saxlanılması ilə maraqlanmayıb, valideyn olaraq üzərinə düşən maddi və mənəvi öhdəlikləri yerinə yetirməyib. Buna görə də, cavabdeh yetkinlik yaşına çatmamış övladına qarşı maddi və mənəvi öhdəliklərini yerinə yetirməlidir. Oğlu Camal artıq uzun müddətdir ki, fərdi müəllim hazırlıqları ilə məşğul olur. Hazırda, həm yaşayışlarının təmin edilməsi (qida, geyim kimi təbii istehlak mallarının alınması), həm də uşağın gələcəyinin təmin edilməsi məqsədi ilə müəllim hazırlıqlarının ödənişi və digər bütün xərclər istisnasız olaraq onun tərəfindən qarşılanır. Cavabdeh isə uşağın yaşayış şəraitinin təmin olunması məqsədi ilə hər hansı maddi köməklik göstərmir. Qeyd edir ki, uşağın aylıq müəllim hazırlıqları və idman fəaliyyəti ilə bağlı ümumilikdə 360 (üç yüz altmış) AZN əlavə xərc çəkir və hesab edir ki, cavabdeh bu xərclərin qarşılanmasında iştirak etməlidir. Belə ki, Camal Bağırov hər ay müntəzəm olaraq aşağıdakı əlavə xərclərə çəkilir: İngilis dili hazırlığı - 120 AZN; Alman dili hazırlığı - 120 AZN; Üzgüçülük - 60 AZN; Basketbol - 60 AZN. Qeyd edir ki, 360 AZN məbləğ yalnız müəllim hazırlıqları və idman fəaliyyətləri üzrə çəkilən xərclərin minimal hesabıdır. Bu məbləğə uşağın gündəlik qida, geyim, dərs ləvazimatları və digər zəruri xərcləri daxil edilmir. Real vəziyyətdə övladının saxlanılması üçün tələb olunan xərclər daha yüksəkdir və faktiki olaraq bütün bu yük yalnız onun üzərindədir. Artıq uzun müddətdir ki, uşağı təkbaşına böyütməyinə baxmayaraq, cavabdehin uşağın saxlanılmasında iştirak etməməsi, habelə ərzaq və digər zəruri xərclərdə müşahidə olunan qiymət artımı (inflyasiya) və uşağın təhsil həyatının müntəzəm şəkildə davam etməsinin vacibliyi nəzərə alaraq, hesab edir ki, cavabdeh öz övladının saxlanması ilə bağlı əlavə xərcləri qarşılanmasında iştirak edərək, daha yüksək məbləğdə aliment ödəməlidir. Bundan başqa, cavabdeh şifahi şəkildə övladının xarici səfərlərdə iştirak edə bilməsi üçün ona notarial qaydada etibarnamə verəcəyinə dair vəd verməsinə baxmayaraq, indiyədək bunu təmin etməyib. Halbuki, oğlunun basketbol komandası mütəmadi olaraq müxtəlif xarici yarışlara dəvət alır, həmçinin oğlu alman dili təmayüllü gimnaziyada təhsil alır və bu təhsil ocağı yüksək nəticə göstərən şagirdlərini beynəlxalq təhsil proqramlarına və ekskursiyalara göndərir. Cavabdehin əsassız şəkildə etibarnamə verməkdən imtina etməsi övladının inkişaf imkanlarını məhdudlaşdırır və onun gələcək uğurlarına mane olur. Halbuki, oğlu gələcəkdə vətəni olan Azərbaycan Respublikasının adını beynəlxalq arenada ucalda biləcək potensiala malikdir. Valideynin belə bir maneçilik törətməsi isə həm uşağın, həm də cəmiyyətin maraqlarına ziddir. Xüsusilə qeyd edir ki, cavabdehin şəxsi biznesi mövcuddur. Son dövrlərə qədər həmin şirkətdə rəsmi olaraq rəhbər vəzifədə çalışsa da, aliment ödəməkdən yayınmaq məqsədilə rəsmi vəzifəsindən ayrılıb, lakin faktiki olaraq sahib olduğu biznesdən gəlir əldə etməyə davam edir. Əlavə olaraq, cavabdeh cari ilin yanvar ayında öz adına torpaq sahəsi alıb. Bu səbəbdən cavabdehin aliment ödəmək qabiliyyəti mövcuddur. Hətta nikahlarının pozulmasından sonra onun adına müqavilə əsasında olan mənzillərinin bölünməsi üçün məhkəməyə müraciət edib. Bu da onun övladının rifahı barədə düşünmədiyini və məsuliyyətsiz yanaşdığını açıq şəkildə göstərir.
İş materialları:
4. AZ-İ seriyalı 519358 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında həmin tarixdə xx.xx.2024-cü ildə 445 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kiçiyə Bağırov, qadına Bağırova soyadı verilmişdir;
5. AZ-İİİ seriyalı 546823 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 27 sentyabr 2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır;
6. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/-00930 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin dacam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, İMS-dan sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS və 10 manat kargüzlıq xərci ödənilmişdir;
7. Elektron məhkəmə informasiya sistmindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdehin əmək müqaviləsi məlumatları aşkar edilməmişdir.
Tərəflərin izahatları:
8. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını xahiş etmidir. Belə olan halda, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, iddiaçı 10 ildir ki, uşağına baxmadığını bildirib, lakin onların nikahları pozulanadək uşağına baxıb. Sadəcə hazırda işləmir. Həmçinin, uşağı ilə görüşə bilmir, övladı da onunla ünsiyyət saxlamır. O, atalığın da müəyyən edilməsini istəyir.
10. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, uşağı ilə əlavə müəllimlər məşğul olur, çünki o, məşğul ola bilmir. Uşağa ingilis və alman dili dərsləri keçirilir. O, alman dilini bilmədiyinə görə uşaqla müəllim məşğul olur. Əlavə xərclərə dair sübut kimi mobil telefonunda ayın biri pul ödəməli olması barədə müəlllimin mesajı var.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
14. “Uşaq Hüquqları haqqında” Qanun:
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı: Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
İşin faktiki halı:
18. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 27 sentyabr 2014-cü il təvəllüdlü X2 adlı övladları anadan olub.
19. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Onların nikahları pozulmuşdur və birgə nikahdan anadan olmuş 27 sentyabr 2014-cü il təvəllüdlü X2 İddiaçı himayəsindədir.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
23. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
24. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
25. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
26. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
27. Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, yetkinlik yaşına çatmayan uşaqların yaşı, onların təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduğunu, cavadehin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dediyinə əsasən minumum aliment ödəməyə olan razılığını, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alınaraq hesab edir ki, iddia “alimentin tutulması” hissəsində təmin edilərək, 27 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
28. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 05 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır.
29. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır.
30. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdehin əlavə xərclərə cəlb edilməsini, uşağın almaq və ingilis dili, üzgüçülük və basketbol üzrə məşğələlərinə görə cavabdehdən 360 manat məbləğində pulun tutulmasını xahiş etsə də, uşaq ilə bağlı çəkilmiş əlavə xərclərə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamışdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən əlavə xərclərlə bağlı sübutların təqdim edilməsi üçün iddiaçıya şərait yaradılmış, əlavə vaxt verilmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianı həmin hissədə əsassız hesab edir.
31. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında uşaqla görüşə bilmədiyini, həmçinin atalığın mübahisələndirdiyini bildirmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, hazırki mərhələdə cavabdehə ayrıca icraatda müraciət etmək hüququnun olduğu izah edilir.
Nəticə:
32. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq 27 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.
Məhkəmə xərcləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə əsəsən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
34. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
35. Məhkəmə iddiaçının dövlət rüsumu ödəməkdən azad olduğunu, iddianın təmin olunan hissəsinə münasibətdə 49,76 manat dövlət rüsumunun ödənilməli olmasını (bir il üzrə 2976 manat) nəzərə alaraq hesab edir ki, cavabdehdən 49,76 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq 27 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 49,76 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva