Məhkəmə qərarları › İş №2(007)-3372/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3372/2021

14.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3372/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə el adəti ilə toy edib ailə qurmuşdur. 2017-ci ildə 3 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində nikahı rəsmiləşdirmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10.08.2017-ci il tarixdə 2511 № ilə qeyd edilmiş AZ-İİ № 220928 saylı “Nikah haqqında şəhadətnamə” verilmişdir. Toydan sonra o, və əri Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev № 25, mənzil № 14 üvnanında ər-arvad olaraq uzun müddət yaşamış, ümumi birgə təsərrüfat aparmışdır. Bakı şəhərində həmin evdə cavabdehlə birgə nikah münasibətindən 26 fevral 2019-cu il tarixdə bir oğlan övladı anadan olmuşdur, oğlunun adını X4 qoymuşdur. İlkin vaxtlarda həyat yoldaşı ilə ailə münasibətləri normal şəraitdə keçmişdir. Həyat yoldaşı Cavabdeh Bakı şəhəri Neftçilər metro stansiyasının yanında yerləşən bərbərxanada kişi bərbəri işləyirdi, həftənin altı-bazar, bayram günləri də daxil olmaqla hər gün işləyirdi, onun gündəlik gəliri dəyişkən olsa da evə yaxşı qazanc gətirirdi, belə ki, elə gün olurdu o, bir gündə evə 50 manat, 100 manat, hərdənbir isə ən azı 30 manat gəlir gətirirdi. Əri hər ay evə təxminən 1500-1600 manat gəlir gətirirdi. O, isə uşağı körpə olduğundan ev işləri ilə məşğul olurdu, bütün günü uşağa qulluq edirdi, həmçinin ərinə qulluq edirdi, onların yemək-içməklərini bişirirdi, pal-paltarlarını yuyub təmizləyirdi, evi silib təmizləyirdi və s. ev işləri ilə məğul olurdu. Lakin, son zamanlar həyat yoldaşının xasiyyəti kəskin dəyişdi, o, tez-tez gecələr evə içkili gəlirdi, ona və uşağına qarşı laqeyd münasibət bəsləməyə başladı, heç bir səbəb olmadan tez-tez ailədə məişət zəminində söz-söhbət salmağa başladı, içkili olanda onu döyürdü, hətta ona fiziki güc, psixi təsir tətbiq etməkdən çəkinmirdi. Həyat yoldaşının bütün bu kaprizlərinə baxmayaraq o, ailəni qoruyub saxlamaq naminə onun qanunsuz davranışlarına dözürdü, ümid edirdi ki, zaman keçər, hər şey öz qaydasına düşər. Lakin, həyat yoldaşı heç bir nəticə çıxarmadı. Artıq, 3cü aydır ki, əri onu azyaşlı uşağı ilə birlikdə məcburən evdən qovub. Hazırda o, müvəqqəti olaraq ata evinə sığınmış, valideynlərinin köməkliyi ilə uşağını təkbaşına böyüdür. Qeyd olunanlara əsasən Cavabdeh ilə birgə nikahdan Bakı şəhərində anadan olmuş 26 fevral 2019-cu il təvəllüdlü oğlu X3 yetkinlik yaşlına çatana qədər saxlanılması xərcləri ilə əlaqədar olaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin, ümumi uşaqlarının doğulduğu gündən 3 (üç) il ərzində ərin arvadı saxlamaq vəzifəsi ilə əlaqədar ona görə hər ay üçün 150 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanma xərcləri ilə əlaqədar olaraq hər ay 250 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək ərin arvadı saxlamaq vəzifəsi ilə əlaqədar hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, iddia ərizəsində göstərilənlər əsassız olduğundan, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən irəli sürülən iddia məbləğinin, bir uşaq üçün alimentin miqdarının 26 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanma xərcləri ilə əlaqədar olaraq hər ay 250 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək ərin arvadı saxlamaq vəzifəsi ilə əlaqədar hər ay 150 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə əsas verən halların, o cümlədən cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilmədiyini, lakin uşağın minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alınmalıdır. Belə ki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh 2010-cu ildən hal-hazırkı vaxtadək Astma xəstəliyindən əziyyət çəkir və daim X1 ambulator və stasionar müalicə alır. Xəstəliyi ilə əlaqədar hər gün bir neçə dəfə dərman vasitələrindən istifadə edir. Həmin dərmanlarının alınmasına da xeyli vəsait sərf edir. Dərmanlarını qəbul etmədiyi təqdirdə həyatı və sağlamlığı üçün real təhlükə yaranır. Cavabdeh 26 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində aliment ödəməyə etiraz etməsə də, aylıq 250 manat aliment ödəmək iqtidarında deyil. Uşaqlar üçün yaşayış minimumu 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edildiyindən, valideynlərin hər ikisi uşağı saxlamağa borclu olduğundan, 26 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə etiraz etmir. Cavabdeh xəstəliyini, maddi vəziyyətini, daim və mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacı olmasını, aliment ödəməli olan şəxsin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla, iddia tələbinin qismən təmin edilərək, Cavabdeh 26 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı 220928 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah 3 saylı Bakı “Asan Xidmət” X2 10.08.2017-ci il tarixdə bağlanmış və bu barədə 2511 nömrəsi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Məmmədli Aygül “Ağayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İV seriyalı 295173 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 26.02.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, iddia tələbini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh 26.02.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.07.2021-ci il tarixdən hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, Cavabdeh arvadın saxlanılması vəzifəsi ilə əlaqədar 23.07.2021-ci il tarixdən hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 23 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 26.02.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.07.2021-ci il tarixdən hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, Cavabdeh arvadın saxlanılması vəzifəsi ilə əlaqədar 23.07.2021-ci il tarixdən 26.02.2019-cu il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə xərcləri Cavabdeh aid edilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26.02.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.07.2021-ci il tarixdən hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh arvadın saxlanılması vəzifəsi ilə əlaqədar 23.07.2021-ci il tarixdən 26.02.2019-cu il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar