Məhkəmə qərarları › İş №2(007)-3401/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3401/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3401/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Tağı oğlunun sədrliyi, Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlum xx.xx.2007-ci il təvəllüdlü X3 görə hər ay ödədiyi 200 manatın onun 18 yaşına çatana kimi 150 manatdan hesablamaqla aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 20 sentyabr 2005-ci ildə Cavabdeh ilə rəsmi nigaha daxil olmuş və həmin nigahdan xx.xx.2006-cı ildə qızı Vahidova Nəzrin və xx.xx.2007-ci ildə oğlu Vahidov Sevlan doğulmuşlar. Xasiyyətləri uyğun gəlmədiyinə görə nigah Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 19 aprel 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 aprel 2018-ci İ tarixli 2(007)-1769/2018 saylı qətnaməsi ilə hər uşağın saxlanılması üçün 154 manat olmaqla cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Lakin iddiaçının alimentin miqdarının artırılması barədə iddiasına əsasən xx.xx.2023-cü il tarixdə Nizami rayon məhkəməsinin (hakim Rauf Əhmədov) 2(007)-2492/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat edilmişdir. Onun qızı Nəzrinin 18 yaşı tamam olduğundan ona ödənilən 200 manat alimentin tutulması dayandırılmış və oğlu Sevlana görə Cavabdeh ayda 200 manat aliment ödəyir. O, xx.xx.2013-cü ildə X4 ilə rəsmi nigaha daxil olmuş və həmin nigahdan 24 aprel 2014-cü ildə oğlu Vahidli İsmayıl və 06 sentyabr 2016-cı ildə qızı Vahidli Nur anadan olmuşlar. İkinci arvadı Səbinənin xasiyyətlərin uyğun gəlməməsi bəhanəsi ilə nigahın pozulması və alimentin tutulması barədə iddiasına Nizami rayon məhkəməsində baxılaraq (hakim Qumru Əliyeva) xx.xx.2024-cü il tarixli e-2(007)-167/2024 saylı qətnaməsi ilə nigaha xitam verilmiş və hər iki uşaq analarının himayəsinə verilməklə hər uşağa görə ayda 220 manat olmaqla- cəmi 440 manat aliment tutulması qət edilmişdir. O isə “”PAŞA PROPERTY MANAGEMENT” MMC-də təmizləyici işləyərək ayda 800 manat əmək haqqı alır və başqa heç bir gəliri yoxdur. Hazırda müxtəlif ünvanlarda ayda 250 manata kirayələrdə yaşayır. Beləliklə ayda 3 uşağa görə aldığı 800 manat pulun 640 manatını aliment kimi ödəyir. Cəmi 240 manat özünə qalır və o, həmin pulla həm yaşaya, həm də ev kirayəsi verməkdə çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, o, evsizdir, yaşamağa yeri yoxdur. Maaşından ona cəmi 140 manat pul qalır. Cavabdeh işləyir, onun atasından qalan evini zəbt edib. Onun maaşı 800 manatdır, alimenti həqiqətən ödəyə bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2492/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, 12 iyul 2006-cı il təvəllüdlü X1 və 12 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-1760/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 12 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli mediasiya arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2492/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə 12 iyul 2006-cı il təvəllüdlü X1 və 12 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-1760/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 12 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırkı halda İddiaçı qeyd olunan qətnamə əsasında yetkinlik yaşına çatmayan övladına ödədiyi aliment məbləğinin dəyişdirilərək azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2492/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Həmçinin, İddiaçı təkrarən ailə həyatı quraraq evlənməsi və həmin nikahdan doğulmuş uşaqlara aliment ödəməsi onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən cavabdeh azyaşlı uşağı ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, iddiaçının həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşağının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, alimentlərin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin zidd olduğundan və işin faktiki halları ilə mütənasiblik təşkil etmədiyindən, iddia təmin edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğin azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı mediasiya prosesi zamanı 60 manat mediasiya xərci ödədiyindən dövlət rüsumu ödənilməsindən azad edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar