Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3452/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və xəstəliyə görə əlavə xərc” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment və xəstəliyə görə əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 250 manat, xx.xx.2017-ci il təvəllüdlü X3 xəstəliyi nəzərə alaraq 150 manat, ümumilikdə 650 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşayırdılar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqabaşqa adamlar olmalarını sübut etmişdir. Onların ayrılmalarının əsas səbəbi tamamilə əks xarakterli insanlar olmalarıdır. O, ailəsinin dağılmasını istəmir, ancaq bir yerdə yaşamaları da qeyri-mümkün idi. Hal-hazıra da ayrılmış, cavabdehlə heç bir əlaqəsi qalmamışdır. İddiaçı olaraq o, 2020-ci ildə Cavabdeh qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə nikahın ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-2926/2020 saylı qətnaməsi ilə təmin edilərək cavabdehlə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşağın saxlanılması üçün 170 manat, ümumilikdə 340 manat sabit məbləğdə aliment kəsilmişdir. Cavabdeh alimenti ödəmək gücü olmadığına görə o, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə xx.xx.2021 -ci il tarixdə ərizə ilə müraciət edərək aliment ilə bağlı icra işinə xitam verilməsini xahiş etmişdir. Halhazırda Cavabdeh maddi vəziyyəti yaxşıdır və alimenti artıqlaması ilə ödəmək gücündədir. Cavabdehlə nikahları pozulandan uşaqları onun yanında qalmışdır. Hal-hazırda uşaqlarının maddi cəhətdən təmin edilməsində çətinlik çəkir. Əlavə olaraq xx.xx.2017-ci il təvəllüdlü qızları X7 anadan olandan Daun Sindromlu xəstədir və onun hər ay onun müalicəsi üçün əlavə xərcləri çıxır. Hesab edir ki, Cavabdeh da hal-hazırda işləyir aylıq gəliri yüksəkdir. Bu səbəbdən də o, cavabdehdən hər ay hər uşağa 250 manat və əlavə olaraq da xx.xx.2017-ci il təvəllüdlü qızları X3 müalicəsi üçün 150 manat, ümulikdə 650 manat sabit pul məbləğində aliment almaq arzusundadır. Bu səbəbdən də, aliment almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, o, əvvəl də aliment ilə bağlı müraciət etmiş, məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment müəyyən edilmiş, lakin sonradan icra mərhələsində alimentə xitam verdirmişdir. O, hal-hazırda aliment almır. Qızının da “Daun” sindromu vardır. O işləmir. Cavabdeh “SOCAR”da mühafizəçi olaraq işləyir, əmək haqqısı və əlavə gəlirinin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, iddiaçının tələb etdiyi iki uşaq üçü 250 manat olmaqla, 500 manat aliment məbləğinin və qzının xəstəliyi üçün 150 manat xərcin tutulmasına razı olduğunu bildirdi. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 01 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 12 avqust 2015-ci il təvəllüdlü X9 və 22 avqust 2017-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-2926/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, tərəflərin birgə nikah dövründə anadan olmuş uşaqların ananın yanında saxlanılması, Cavabdeh 12 avqust 2015-ci il təvəllüdlü X9 və 22 avqust 2017-ci il təvəllüdlü X1 üçün 30 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək icra işinə xitam verilməsini xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-2926/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən hər iki uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment və uşağın xəstəliyi üçün 150 manat pulun tutulmasını tələb edir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/9/2025-01126 saylı xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci çəkilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.2-ci, 84.1 və 84.2.2-ci maddələrinə əsasən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyəti, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olması, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu, iddia tələbi və cavabdehin iddiaçının aliment tələbini qəbul etməsi nəzərə alınaraq hesab edir ki, iddia təmin edilərək, 12 avqust 2015-ci il təvəllüdlü X5 və 22 avqust 2017-ci il təvvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsini nəzərə alaraq, hesab edir ki, aliment ərizənin verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin, 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1 və 77.3-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə Məhkəmə Ailə Məcəlləsinin 81-ci maddəsrini nəzərə alaraq iddia tələbinin cavabdehdən 22 avqust 2017-ci il təvvəllüdlü X3 xəstəliyinə görə 150 manat pulun tutulması barədə qeyd edir ki, ƏƏSMN yanında DSMF Bakı şəhəri Nizami Rayon Şöbəsinin 021965 nömrəli vəsiqəsindən görünür ki, X6 xx.xx.2035-ci il tarixədək ümumi xəstəlik SİM əlilidir. Beləliklə, məhkəmə cavabdehin həmin vəsaiti qəbul etməsini və uşağın ağır xəstə, əlilliyinin müəyyən edilməsinə görə valideynlərdən hər birinin məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna biləcəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh 22 avqust 2017-ci il təvvəllüdlü X4 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15 sentyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 12 avqust 2015-ci il təvəllüdlü X5 və 22 avqust 2017-ci il təvvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, Cavabdeh 22 avqust 2017-ci il təvvəllüdlü X4 çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 15 sentyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 12 avqust 2015-ci il təvəllüdlü X5 və 22 avqust 2017-ci il təvvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Cavabdeh 22 avqust 2017-ci il təvvəllüdlü X4 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3452/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3452/2025
26.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver