Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3667/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin azaldılması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Nazı̇ m qızının iştirakları ilə, İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı "alimentin azaldılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqları xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nizami Rayon Məhkəməsinin 25 noyabr 2024-ci il tarixli qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilən 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq, onun hər ay qazancının üçdə bir hissəsində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 noyabr 2018-cü ildə X11 ilə nikaha daxil olaraq ailə həyatı qurub. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020ci il təvəllüdlü X12 anadan olub. Ailə həyatlarının ilk günlərində cavabdehlə münasibətləri çox normal və səmimi olsa da, illər keçdikcə cavabdehlə aralarında olan səmimi məhəbbət, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət hissləri itirilməyə başlanılıb. Cavabdehlə aralarında yaranmış soyuqluğu ailəni qorumaq məqsədi ilə aradan qaldırmağa çalışsa da, heç bir nəticəsi olmayıb. Cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanıb və nikahın bağlanması haqqında akt qeydləri kitabında 4091 nömrə ilə qeyd edimiş nikahın pozulması üçün məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsində işə baxaraq nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 cavabdeh X4 yanında qalması, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi qət edilib. Qeyd edir ki, aralarında olan bu mübahisəni mediasiya vasitəsilə həll etmək üçün Cavabdeh təklif göndərib, Mediasiya Şurasın müarciət edib, Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixə saat 11:00-12:00-a ilkin mediasiya sesiyası təyin olunub, lakin cavabdeh iclasda iştirak etməyib. Qanunvericiliyin tələblərindən görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verərsə alimentin miqdarı tərəflərin birinin iddiası ilə dəyişdirilə bilər. xx.xx.2024-cü il tarixdə aliment müəyyən edildikdən sonra onun ailə və maddi vəziyyətində dəyişiklik olub, həmn tarixdən sonra hal-hazırki vəziyyəti ilə müqayisədə onun ailə və maddi vəziyyəti ağırlaşıb. O, hazırda hər ay 470 manat aliment ödəmək iqtidarında deyil, 470 manat aliment məbləği onun maddi imkanını aşır.
İş materialları:
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3226/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə X13 arasına xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət" Mərkəzinin Qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 4091 nömrə ilə qey edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 cavabdeh X6 yanında qalması, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq X10 ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir;
4. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X15 "xxxx" MMC-də mühasib vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 400 manat təşkil edir.
5. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/6-01763 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X15 tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS və 10 manat kargüzarlıq xərci ödənilmişdir;
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının anası xərçəng xəstəsidir, əməliyyat olunub. İddiaçı anasının xərclərinin demək olarki hamısını qarşılayır. Həmçinin, tərəflər birgə nikah dövründə təxminən 30000 manat məbləğində kredit götürüblər. İddiaçı ilkin aliment tutulan vaxt, yəni 2024-cü ildə 400 manat əmək haqqı alırdı, indi də 400 manat əmək haqqı almaqda davam edir. İddiaçıya əmək haqqının artırılması ilə bağlı vəd verilib, lakin hələ də bu öz həllini tapmayıb. İddiaçı alimenti ödəməkdə çətinlik çəkir. İddiaçının atası da var. İddiaçının başqa nikahdan uşaqlarının olması barədə məlumatı yoxdur.
7. Məhkəmə iclasında Cavabdeh Nazı̇ m qızı iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının vəziyyəti dəyişməyib. İddiaçının anasının xəstə olması uşaqlar üçün ödənilən alimentə heç bir aidiyyəti yoxdur. İddiaçının atası var, atası anasını müalicə edə bilər. İddiaçının nənəsi var, onlarla birlikdə yaşayır, pensiya alır, pensiya kartı anasındadır. 06 dekabr 2025-ci ildə iddiaçı sevgilisi ilə onun evinə gəlib, onu öldürməklə hədələyib, onu təhqir ediblər.
İşin faktiki halı:
8. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq X10 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı X15 həmin aliment məbləğinin dəyişdirilərək azaldılmasını xahiş edir.
Məhkəmə baxışının hədləri:
9 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
13. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
16. Məhkəmə qeyd edir ki, aliment ödəyən X15 "xxxx" MMC-də çalışır və ayda 400 (tulutmalar nəzərə alınmasa) manat əmək haqqı alır. Uşaqlar üçün hər ay ümumilikdə 470 manat məbləğində aliment tutulmasına imkan verən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından iddiaçıdan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-3226/2024 saylı qətnaməsi ilə həmin qaydada aliment tutulmasına hazırda da maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir.
17. İddiaçı iddia tələbində ailə və maddi vəziyyətində dəyişiklik olduğunu qeyd etsə də, bu dəyişikliklərin nədən ibarət olduğunu qeyd etməmişdir.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)- 3226/2024 saylı qətnaməsinin 7-ci bəndi ilə müəyyən edilir ki, iddiaçı həmin vaxtda "xxxx" MMC-də çalışıb və ayda 400 manat əmək haqqı alıb. Həmçinin, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddiaçının anasının xərçəng xəstəsi olduğunu, əməliyyat olunduğu, onun bütün xərclərinin iddiaçının qarşıladığını qeyd etdə də, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal, o cümlədən iddiaçının anasının xəstəliyi ilə bağlı xərcləri ödəməsi alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
22. Aliment ödənilən Cavabdeh isə iddiaçıdan ayrı yaşayır, onun tərəfindən uşaqların sağlamlığında olan problemlərlə bağlı çıxarışlar, çəkilmiş xərclərin bir hissəsi ilə bağlı qəbzlər məhkəməyə təqdim edilib. İddiaçıdan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı həmin uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidd olduğundan və işin faktiki halları ilə mütənasiblik təşkil etmədiyindən iddia təmin edilməməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən dənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh Nazı̇ m qızına qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva