Məhkəmə qərarları › İş №2(007)-3709/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3709/2025

11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3709/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əlavə xərclərin ödənilməsi” tələbi) Hakimi Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən azyaşlı X1 bu günədək bütün təhsil xərclərinin və əlavə xərclərlə bağlı (məktəb haqqı, dərsliklər, geyim, hazırlıq kursları, olimpiada və idman xərcləri və s.) çəkilmiş və çəkiləcək xərclərin 50 faizini cavabdeh ata tərəfindən ödəməyə məcbur ediməsi bərədə qətnamə çıxarılmasını, xx.xx.2025-ci il tarixindən bu günə qədər övladının işkişafı üçün çəkilmiş xərclərin, yəni Dubay şəhərində FİSO Olimpiadası üçün 4000 AZN, 2025-2026-cı il tədris ili üzrə təhsil haqqı 6888 AZN, məktəblə əlaqədar məktəb, geyim və dərsliklər, məktəb ləvazimatları, olimpiada və yarış ödənişləri və s. ümumilikdə 560 AZN, Cambridge Movers hazırlığı (8 aylıq tədris proqramının 4 ayı ödənilib) 280 AZN məbləğində ödənişlərin, ümumi gözlənilən aylıq təhsil xərci olan 500-600 AZN məbləğinin yarısının cavabdehdən tutulmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Nizami Rayon Məhkəməsinin 2(007)-2379/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh azyaşlı X3 üçün 175 (yüz yetmiş beş) manat məbləğində aliment alır. Hazırda cavabdeh bu məbləğdən çox, yəni 250 manat ödəyir. Lakin övladının ehtiyacları, istedad və xüsusi təhsil şəraiti bu məbləği üstələyir. Qeyd edir ki, cavabdeh uşağın doğulmasından sonra nə ona məsuliyyət, nə də uşağa qarşı valideyn məsuliyyəti daşımayıb, maddi və mənəvi dəstək göstərməyib. Uşaq doğulduqdan bir ilə qədər öz soyadını verməkdən yayınıb, himayəsində olduğu şəxs kimi öz soyadına keçirdib. Lakin sonradan uşağın ata soyadına keçməsi üçün atalığın məhkəmə yolu ilə müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edib və atalığı məhkəmə ilə sübuta yetirilərək, həmin prossesi tam şəkildə özü hüquqi və maddi baxımdan apararaq qazanıb. Cavabdeh bu məsuliyyətdən yayınmaq məqsədi ilə vəkil tutaraq apellyasiya şikayəti verib, lakin bütün hüquqi instansiyalar onun iddialarını əsassız hesab edərək rədd edib. X3 4 yaşından etibarən onun tərəfindən məqsədyönlü şəkildə inkişaf etdirilib, bir sıra bilik yarışlarında və olimpiadalarda yüksək nəticələr əldə edib. 2025-ci ilin iyun ayında BƏƏ-də keçirilən FİSO beynəlxalq olimpiadada iştirak edərək, riyaziyyat və İQ üzrə qızıl medal qazanıb. Bildirir ki, X3 istedadlı və xüsusi hazırlıqlı uşaqdır. Onun intelektual inkişafı və beynəlxalq uğurları nəzərə alınaraq hazırda özəl təhsil müəsisəsində təhsil alır. Maliyyə imkanlarının məhdud olmasına baxmayaraq, yalnız öz şəxsi səyləri və fədakarlığı ilə övladının yüksək inkişafına şərait yaradıb. Uşağın fitri istedadı və yüksək intellekti onu bu təhsil formasına yönləndirməyə onu məcbur edib. Dövlət məktəbində oxuyarkən, yaşıdlarından intelektual və inkişaf səviyyəsinə görə fərqlənirdi. O, bir valideyn kimi onun gələcəyinə sərmayə qoymağı və onun üçün ən yaxşı təhsil imkanlarının yaratmağı öz vəzifəsi hesab edib, maddi imkanlarını zorlayaraq təhsili üçün xərcləri öz üzərinə götürərək və bütün gücünü səfərbər edib onu təmin etməyə qərar verib. Hazırda onun təhsil haqqı 7250 AZN təşkil edir və məktəb 2025-2026-cı tədris ilində Cambridge proqramına keçid mərhələsində olduğunu bildirib və bu səbəbdən, 2025-2026cı il üçün endirimli təhsil haqqı 7250 AZN olaraq tətbiq edilib. Məktəbin rəsmi Cambrigde akkreditasiyası tam təsdiqləndikdən sonra təhsil haqqının artırılacağı qabaqcadan bəyan olunub. O, əvvəl 1500 manat depozit, sonra 5388 manat (nağd ödəniş edildiyinə görə ümumi 6888 manat 1 tədris ili üçün olan təhsil haqqı (endirim tətbiq edildi)), məktəb forması və dərsliklərə isə 308 manat, Cambridge Movers hazırlıği üçün 8 aylıq tədris proqramının 4 ayı üçün 280 manat ödəyib. Bu onun maddi imkanları üçün çox böyük bir yükdür. Düşünür ki, buna görə də, digər valideynin, yəni atasının da uşağın inkişafına maliyyə dəstəyi verməsi həm qanuni, həm də vicdani baxımdan vacibdir. Uşağın təhsil və inkişafı ilə bağlı xərclər aşağıdakı istiqamət üzrə formalaşır: Təhsil haqqı və məktəb xərcləri; Olimpiada hazırlığı, olimpiada və müsabiqə iştirak xərcləri; Nəqliyyat, dərslik, forma və gündəlik ləvazimatlar; idman və əlavə inkişaf kursları; Beynəlxalq səfərlər və yarışlar. Həmçinin, sənədlə təsdiq edilə bilinməyən kurslar də mövcuddur. Uşağın təhsil və inkişafi ilə bağlı çəkilən xərclərin bir hissəsi rəsmi müqavilə və qəbzlərlə sənədləşdirilir, məsələn məktəb haqqı, daxili dərnəklər, beynəlxalq olimpiadaya gediş və qəbul xərcləri və s. Digər xərclər, yəni idman bölmələri, əlavə hazırlıq dərsləri, olimpiada hazırlıqları və s. çox vaxt rəsmi qəbz təqdim olunmadan ödənilir. Lakin bu xərclər də uşağın inkişafı və istedadının dəstəklənməsi üçün zəruri olduğundan, onların da nəzərə alınması tələb olunur. Gələcəkdə mümkün olduğu halda müvafiq qəbzlər, müqavilələr, arayışlar və digər sübutedici sənədlər məhkəməyə təqdim ediləcək. Bundan başqa qidalanma, gündəlik həyat xərcləri də davamlı və artan şəkildə yalnız onun tərəfindən qarşılanır. X2 iştirakı, məsələn, 2025-ci ilin iyun ayında Dubay şəhərində keçirilmiş olimpiada xərci olan 4000manat da tam olaraq onun tərəfindən təmin olunub. Cavabdehin maliyyə imkanlarının yüksək olduğunu zənn edir, cavabdehin gəlirləri barədə onun dəqiq məlumatı yoxdur, lakin onun xaricə səfərləri və digər övladlarının təhsil imkanları onun maliyyə vəziyyətinin daha yaxşı olduğunu ehtimal etməyə əsas verir .Onun avtomobil aksessuarları mağazalarının sahibi (bildiyi: Sumqayıt Maşın Bazarı Babək Avto 999 (Babək oğlunun adıdır)) olması ilə yanaşı, son model şəxsi avtomobili, bağ evi, digər daşınmaz (öz adına olmasa da yaxın ətrafının, ailə üzvlərinin və s. adına olan) əmlakları və övladlarına verdiyi bahalı hədiyyələrlə, bizneslərlə maddi cəhətdən təminatlı həyat sürdüyünü əsaslı şəkildə ehtimal edir və cavabdeh də öz maddi durumunu əyani şəkildə göstərməkdədir. Cavabdehin gəlir mənbələrinin şəffaf olmadığını ehtimal edir. Əlavə olaraq onu da bildirir ki, cavabeh şəxsin digər iki övladına qarşı davranışı tam fərqlidir və tam fərqli yanaşma sərgiləyir. Qızı ADA Universitetində bakalavr və magistratura pilləsində təhsilini bitirib, əlavə olaraq İtaliya Respublikasında təhsil alıb. Oğlu hazırda Riqa Texniki Universitetində oxuyur və Almaniya Federasiyasında magistratura təhsili planlaşdırılır. Onun hələ bildikləri bu qədərdir. Bu təhsillərin və həyat şəraitinin maliyyələşdirilməsi cavabdeh tərəfindən təmin olunur. X21 isə cavabdehdən maddi və mənəvi baxımdan tamamilə təcrid olunmuş şəkildə doğulduğu gündən 9 il tək anası tərəfindən böyüdülür. Bütün qeyd etdiyi faktlardan görünür ki, cavabdeh faktiki olaraq maddi imkanlara malikdir, lakin üçüncü övladı olan Muxtarın hüquqlarını və ehtiyaclarını nəzərə almır və Muxtara qarşı tam məsuliyyətsizlik və biganə münasibət sərgiləməsi bir başa ayrı-seçkilik və uşağın inkişaf hüquqlarının pozulmasıdır. Bu məsuliyyətsizlik həm də övladın psixoloji durumuna mənfi təsir göstərib. Uşağın bütün təbiyyə və inkişafı yalnız ana tərəfindən təmin olunub, atasının iştirak etməməsi səbəbindən bütün məsuliyyət təkcə ananın üzərində qalıb. Onu da qeyd edir ki, cavabdeh indiyə qədər azyaşlı övladı ilə şəxsi ünsiyyət qurmayıb və uşağın həyatında iştirak etməyib. Uşaq atasını görmədiyi üçün valideyn-övlad münasibəti formalaşmayıb. Cavabdehin digər övladlarına münasibətdə fərqli davranması, lakin azyaşlı X7 qarşı tam biganə münasibət göstərməsi bu prinsiplərin pozulmasıdır. Qeyd edilən hallar bir daha göstərir ki, cavabdehin övladının mənəvi və maddi inkişafindan yayınması üçün heç bir hüquqi və mənəvi əsası yoxdur. Əksinə övladına borclu olduğu valideyn məsuliyyətini daha ciddi şəkildə yerinə yetirməli, onun bugünkü və gələcək inkişafı üçün daha çox töhfə verməlidir. Qeyd edir ki, onun 2006-ci il təvəllüdlü, hazırda 19 yaşı olan övladı da var, onun himayəsindədir. O, 1 yaşından etibarən atası tərəfindən tamamilə tərk edilib, atasından ona heç bir maddi və mənəvi dəstək göstərilməyib. Atası aliment ödəməyib, xaricə qeyriqanuni yollarla gedib və övladına heç bir töhfə verməyib. Hazırda bu övladı özəl Ali məktəb və eyni zamanda İT Akademiyada (özəl texnalogiya və ixtisas yönümlü akademiya) təhsil alır. Ödənişlər və xərclər təkbaşına onun üzərindədir. Bütün çətinliklərə baxmayaraq, 22 ildir ki, fasiləsiz olaraq eyni iş yerində çalışır və iki övladını yalnız öz imkanları ilə böyüdür. Bu səbəbdən iki övladın təhsil və yaşayış xərclərini təkbaşına qarşıladığına görə, maddi yükü çox ağırdır və bu da hazırkı ərizənin əsaslandırılmasında böyük rol oynayır. X1 qeyri-adi intelektual potensialını və elmi bacarıqlarını nəzərə alaraq, onu dövlət məktəbində deyil, beynəlxalq proqram əsasında təhsil verən özəl təhsil müəssisəsinə yönləndirib. Bu qərar onun tərəfindən övladının gələcək inkişafı və cəmiyyətə yararlı bir fərd kimi formalaşması məqsədi ilə, tam məsuliyyətlə və yalnız onun xeyrinə verilib. Uşağı 4 yaşından etibarən sistemli şəkildə müxtəlif sahələr üzrə (ana dili, riyaziyyat, ingilis dili və İQ) hazırlıqlara cəlb olunub, çox saylı yerli və beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edərək, yüksək nəticələr əldə edib. Onun uğurlarını sübut edən 25dən çox rəsmi sertifikat, diplom, beynəlxalq təltif sənədləri və medallar mövcuddur. Bu qərar heç bir lüks və ya dəbdəbə məqsədi daşımır. Əksinə, dövlət məktəbində onun intelektual səviyyəsinə uyğun təhsil şəraiti olmadığı üçün, o, maddi imkanlarını son həddə çatdıraraq belə bir seçim edib. Bu müddət ərzində uşağın atası təhsilinə nə maddi, nə də mənəvi dəstək göstərməyib. Tək bir ana kimi həm təhsilini, həm tərbiyəsini, həm də psixoloji və sosial inkişafını öz üzərinə götürüb. Hətta özünün şəxsi inkişafını və iş həyatını da bu məqsədlə yönləndirərək, övladının daha yaxşı gələcəyə sahib olması üçün hər bir maddi və mənəvi çətinliyə qatlaşıb. Uşağın inkişafı, təhsili və beynəlxalq səviyyədə tanınması yalnız onun şəxsi təşəbbüsü və vəsaiti ilə mümkün olub. Halbuki, müxtəlif illərdə dəfələrlə cavabdehə uşağın qış-yay geyimləri, sağlamlıq müayinələri və müalicə xərcləri, qidalanması, məktəbəqədər və məktəb illəri ərzində hazırlıqlar, olimpiada hazırlıqları, dərsdən kənar fəaliyyətlər, məktəb xərcləri, kurslar, dil hazırlıqları, gündəlik ehtiyaclar və sonda da Cambridge təhsili ilə bağlı müraciət etsə də, daima rədd cavabı alıb. 2025-ci il avqust ayında da zəng edib,18 yaşına qədər məhkəmənin kəsdiyi alimenti birdəfəlik tamamlayıb aliment öhdəliyindən yayınmağa cəhd göstərdi. Cavabdehin 18 yaşınadək ümumi məbləği ödəyib məsuliyyətdən qurtarmaq niyyəti var. Bu qanunvericiliyə və uşağın maraqlarına ziddir. Uşaq canlı insandır, sabit və daim dəyişən ehtiyacları var, bunlar aylıq olaraq qarşılanmalıdır. Bu yanaşma atanın uşağın rifahına, inkişafına, emosional ehtiyaclarına qarşı məsuliyyətsiz münasibətini əks etdirir. Cavabdeh hələ ilk günlərdən 1 yaş 2 ay tamamına qədər (onun tərəfdən atalığın təyin edilməsi iddiasına qədər) atalığını belə qəbul etməyib, atalığının hüquqi təsdiqlənməsinə dair məhkəmə qətnaməsinə belə etiraz edərək, apellyasiya şikayəti verib. Lakin onun bu şikayəti təmin edilməyib, məhkəmə tərəfindən X3na qarşı valideynlik məsuliyyəti və aliment öhdəliyi rəsmi təsdiq edilib. Bu da onun valideyn məsuliyyətini könüllü şəkildə deyil, məcburiyyətlə yerinə yetirmək niyyətində olduğunu göstərir. Yəni yalnız məhkəmə qərarı ilə məcbur edilmədikcə, övladına heç bir dəstək göstərmək istəmir. Uşağın gözlənilən xərcləri aşağıdakılardır: Tədris kursları və hazırlıq (ingilis dili, riyaziyyat və digər fənlər üzrə təxminən 150-200 AZN; Olimpiada və müsabiqələrə hazırlıqlar, iştirak haqları təxminən 100 AZN; Dərs vəsaitləri, dərsliklər, iş dəftərləri, çap materialları təxmini 50 AZN; məktəbə aid əlavə məşğələlər, dərnəklər, idman bölmələri təxmini 100 AZN, gələcək beynəlxalq olimpiada və yarışlar üçün səyahət və qeydiyyat xərcləri, illik olaraq dəyişir, lakin orta hesabla 100-150 AZN ekvivalentində əlavə xərclər yaradır. Ümumi gözlənilən aylıq təhsil xərci 500-600 AZN.

İş materialları:

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2379/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasında anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, Mir Cəlal küçəsindəki 24 saylı evin 75 saylı mənzilində qeydiyyatda olan Cavabdeh anası İddiaçı olan xx.xx.2017-ci il təvəllüdlü X4 atası olması faktının müəyyən olunması, Doğum haqqında akt qeydinə əlavə edilməsi və yeni şəhadətnamə verilməsinin Nizami Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 05 may 2021-ci il tarixdən hesablanmaqla uşaq üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aliment hissəsində qətnamənin dərhal icra edilməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan əlavə 20 manat məbləğində dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4534/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2379/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. AZ-İV seriyalı 717948 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır;

6. xx.xx.2025-ci il tarixli 2067/2025 (T2025-2026) saylı Zirvə liseyi MMC (orta təhsil bölməsi) ilə Təhsilalanın valideyni (qanuni nümayəndəsi) İddiaçı arasında Təhsilin Təşkili Müqaviləsindən görünür ki, Bu müqavilə ilə Zirvə liseyi ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, Təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində Zirvə liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə :əhsil haqqını ödəməyi öhdəsinə götürür. Zirvə liseyində Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 7250 AZN manat təşkil edir.

7. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, şagird X5 təhsil haqqı üzrə 1500 manat (depozit) Zirvə Liseyinə ödənilib.

8. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, şagird X5 təhsil haqqı üzrə 5388 manat (tam ödəniş) Zirvə Liseyinə ödənilib.

9. X14 (GOC) ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, GOC, FİSO final raundunda iştirakı təşkil etmək üçün finalçının valideynin təqdim ediyi şagird üçün lazım olan şəraitin yaradılmasını öhdəlik kimi öz üzərinə götürür. Tədbir 13-17 iyun tarixləri arasında keçiriləcəkdir. Valideyn Silver medal üzrə tam məbləği ödəyib, Silver kateqoriyası:1650 ABŞ dollar.

10. İcraçı Fərdi sahibkar X12 ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli 23/2025 saylı müqavilədən görünür ki, tərəflər sifarişçının övladı X8 Cambridge İngilis dili hazırlığının təmin olunması barədə razılığa gəliblər. Cambridge ingilis dili hazırlığınn Movers pilləsinin aylıq xidmət haqqı 70 manat təşkil edir.

11. Məhkəməyə iddiaçı tərəfindən sertifikatlar və ödənişlər barədə qəbzlər təqdim edilmişdir.

12. Bakı 11 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/11/2025-01297 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, İMS-dan sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS və 10 manat kargüzlıq xərci ödənilmişdir;

13. Elektron məhkəmə informasiya sistmindən əldə edilmiş çıxarışlardan görünür ki, iddiaçı "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində və cavabdeh işəgötüən X10 ilə olan əmək müqaviləsi əsaında satıcı vəzifəsində işləyir.

Tərəflərin izahatları:

14. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh hazırda 250 manat aliment ödəyir. Lakin bu məbləğ uşağın təhsili və inkişafı ehtiyaclarını qarşılamadığına görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Hazırda uşağı özəl məktəbdə-Beynəlxalq Yaşam Məktəbində oxuyur, olimpiadalara qatılır və yüksək nəticələr göstərir. Sadəcə artıq bu təhsil haqları, olimpiada hazırlıqları, idman xərcləri, hazırlıq kurslarının ödənilməsi həmişə onun üzərində olub. Ümumiyyətlə uşaq atasını görmür. Atası uşağın nə psixoloji inkişafında, nə tərbiyəsində, nə təhsilində heç bir rol oynamayıb. Uşaq istedadlı olduğuna, onun gələcəyinə görə məsləhətə əsasən məcbur qalaraq özəl məktəbə qoyub. Hazırda həmin məktəbdə Cambridge proqramı ilə hazırlaşır. Artıq uşağın təhsil xərclərini ödəyə bilmir, çətinlik yaranıb. Sadəcə 50 faizinin ödənilməsini istəyir. Uşaq xaricə olimpiadalara gedib-gəlir. Həmin xərclərin hamısının qarşılanması onun üzərində olub. Uşağın xəstəliyinə, təhsilinə görə dəfələrlə cavabdehə zəng edib, heç vaxt kömək etməyib. Uşaq xəstəxanaya yerləşdirilib, şəkilini çəkib göndərib. Cavabdehin rəsmi nikahından olan uşaqları atası tərəfindən hərtərəfli dəstək alır, ali təhsillidirlər. Uşaqlardan biri ADA universitetini bitirib, digəri isə hazırda xaricdə təhsil alır. Amma üçüncü uşağına imkan tapa bilmir. Böyük oğlunun da təhsil xərcinin hamısı onun üzərindədir. O, hazırda iki özəl universitetdə təhsil alır. Uşağın sağlamlığı ilə bağlı problem yoxdur, ara-sıra xəstəlikləri olur. Tələbdə qeyd olunan xərcləri zəruri hesab edir. Özü işləyir. Hazırki vaxtadək cavabdeh uşağın təhsilini, inkişafında iştirak etməyib, uşaq atasını görməyib. Hazırda uşağın sadəcə təhsil xərclərinin yarısının qarşılanmasını xahiş edir. Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinin icra edilməsini tələb edir. Hazırki vaxtadək uşağın bütün xərclərini özü ödəyib, lakin bu ildən təhsil xərcləri artıb və xərcləri qarşılaya bilmir. Cavabdeh qeyrirəsmi çalışır, sahibkarlıqla fəaliyyəti ilə məşğul olur. O, oğlunun şəxsi inkişaf və təhsil imkanlarını qorumaq istəyir. Cavabdehin iki övladı var, hər birini xaricdə oxutdurub, hamısına imkanı çatıb, amma onun övladına imkanının çatmadığını bildirir.

15. Məhkəmə iclasında Cavabdeh Muxar oğlu iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, evlidir. İddiaçı ilə rəsmi nikahı yoxdur, amma atalıq müəyyən olunub. Keçən ay da iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edib. O, alimentin artırılmasına razılaşıb və alimenti ödəyir. Uşağı görmək onun üçün problem deyil. Sadəcə iddiaçı onun ailəsində problem yaradır. O, hər dəfə məhkəmə iclaslarına gəlir. İddiaçı uşağı X6 oxutmaq istəyir, bunu qarşılamağa onun maddi imkanı yoxdur. Onun uşaqları böyükdür. Hər dəfə məhkəmə iclasına gəldikcə utanır. Hər gün evinə məktub gəlir, ailəsi, uşaqları görür. O, rəsmi nikahdan olan uşaqlarına da baxmalıdır. İddiaçının böyük oğlu var, onun harada oxuduğunu da sual vermək lazımdır. Uşaq onundur, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəyir. Əlavə xərcləri ödəməyə imkanı yoxdur. Rəsmi nikahdan bir oğlu və bir qızı var. Oğlu ADA Universitetinə 700 balla daxil olub, hazırda ödənişsiz təhsil alır. Qızı ödənişsiz oxuyub, bitirib və hazırda işləyir. Qızı ADA Universitetindən İtaliya universitetinə ödənişsiz olaraq mübadilə proqramı ilə göndərilib. O, özü maşın bazarında işləyir. Qeyd edilən xərcləri ödəməyə imkanı yoxdur.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

19. “Uşaq Hüquqları haqqında” Qanun:

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı: Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

21. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasinin Qanununun: 1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir. 5.1. Dövlət hər bir vətəndaşın ümumi təhsil alması üçün müvafiq şərait yaradılmasına təminat verir və ümumi təhsilin hər hansı səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır. 12.3. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələri fəaliyyət göstərir. 13.20. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. 13.23. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.

İşin faktiki halı:

22. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflərin faktiki nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlib. Məhkəmə qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 05 may 2021-ci il tarixdən hesablanmaqla uşaq üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilib. Tərəflərin bildirdiklərinə əsasən cavabdeh hər ay 250 manat məbləğində aliment ödəyir. xx.xx.2017-ci il təvəllüdlü X9 İddiaçı himayəsindədir. Hazırda iddiaçı uşağı ilə bağlı çəkdiyi və çəkəcəyi əlavə xərclərə cavabdehin cəlb olunmasın tələb edir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

24. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Hazırda cavabdeh aylıq 250 manat məbləğində aliment ödənişləri iddiaçıya ödəməklə alimentlə bağlı öhdəliklərini icra edir.

25. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, X9 hazırda özəl təhsil müəssisəsində təhsilini alır və onun 2025-2026-ci il üzrə 6888 manat ödəniş edilib, Dubay şəhərində FİSO olimpiadası üçün xərcləri 4000 manat təşkil edib, İngilis dili hazırlığı üçün aylıq 70 manat olmaqla, 4 ay üzrə 280 manat ödəniş edilib, uşağın məktəblə əlaqədar geyim, dərslik, məktəb ləvazimatarı, olimpiada və yarış ödənişləri üzrə 560 manat ödəniş edib. Həmçinin, uşağın olimpiada və müsabiqələrə hazırlığı, dərs vəsaitləri, məktəbə aid əlavə dərnəkləri, gələcəkdə beynəlxalq olimpiada və yarışları üçün səyahət və qeydiyyat xərcləri üçün ümumiliklə aylıq 500-600 manat xərc gözlənilir. İddiaçı göstərilən məbləğlərin yarısının ödənilməsi xahiş etmişdir.

26. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ödənilən aliment iddiaçının sərəncamına daxil olur, onun tərəfindən uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənməlidir.

27. Həmçinin, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir, dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır. X11 dövlət təhsil müəssisəsində deyil, özəl təhsil müəssisəsində təhsilini davam etdirməsi, uşağın beynəlxalq yarışlarda iştiraka cəlb edilməsi və s. iddiaçının öz seçimi ilə həyata keçirilən tədbirlərdir və özəl ümumi təhsil müəssisələrində təhsil alınması, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə cavabdehin əlavə xərclərdə iştirakı, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Nəticə:

32. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

33. Məhkəmə iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsini və iddianın təmin edilməməsini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar