Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3736/2019 20.12.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Məzahir Qafar oğlunun sədrliyi, Azadəli Orhan Nasir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili-“Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 50 saylı notariat kontoruna qarşı “bağışlama müqaviləsinin ləğvi və əmlakın qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 50 saylı notariat kontoru iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1936-cı ildə anadan olmuşdur. O, bu uzun ömrü ərzində müxtəlif məsuliyyətli işlərdə çalışmışdır. Həmin fəaliyyəti ilə əlaqədar dövlət tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil ayrılmışdır. Həmin mənzildə dəfələrlə müxtəlif həcmli təmir işlərini təşkil edərək mənzilini yaxşılaşdırmağa nail ola bilmişdir. Onun 3 övladı var (bir oğlu və iki qızı). Cavabdeh onun nəvəsidir. İlk vaxtlarda nəvə ilə münasibətlər sabit keçsə də, aralarında demək olar ki, hər hansı bir mübahisə olmamışdır. Cavabdeh ona məxsus olan mənzilə daimi pasport qeydiyyatında idi. Cavabdeh bağışlama müqaviləsi bağlamamışdan öncə, şahidlərin yanında dəfələrlə vəd vermişdir ki, bu mənzil ona bağışlansa, onda o, daima iddiaçının maraqlarını güdəcək, ona heç bir zaman əziyyət verməyəcək, ona daima şəxsən qulluq edəcəkdir və onu heç bir zaman diqqətsiz qoymayacaqdır. Təbii ki, o, cavabdehin onun yaxın qohumu olmasını nəzərə alaraq, ona inanaraq özünə məxsus olan 2 otaqlı mənzili və “Hyundai Sonata” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili də ona bağışlaması qərarına gəlmişdir. Nəticə etibarı ilə 17 dekabr 2011-ci il tarixdə o, cavabdehlə bağışlama müqaviləsini imzalayaraq, özünə məxsus olan 2 otaqlı mənzili cavabdehə bağışlamışdır. Müqaviləyə əsasən onlar mənzili 40.000 manat dəyərində qiymətləndirmişlər. Ancaq üzdə olan bu xoş münasibətlər sona qədər davam etməmiş və təxmini neçə müddətdir ki. cavabdeh ailə hüquq münasibətlərini kobud surətdə pozaraq ona qarşı münasibətini pisliyə doğru korlamışdır. Demək olar ki, gizli və açıq aparılan təzyiqlər nəticəsində ona hər cür mənəvi və psixoloji cəhətdən cavabdeh tərəfindən zorakılıq göstərilmişdir. Digər yaxın qohumlarının ona gəlib baş çəkməsinə belə açıq narazılıq və digər formada əsassız etirazlar göstərilərək, həmin yaxın qohumlarının bu evdən uzaqlaşmasına səbəb olmuşdur. Yavaş-yavaş ahıl yaşında olmasına baxmayaraq demək olar har tərəfdən izolyasiyaya məruz qalaraq, digər gündəlik yardımlardan ümumiyyətlə məhrum olunmuşdur. Bundan başqa mənzilin bütün kommunal xərclərinin ödənilməsi bu günə qədər cavabdeh yox, məhz onun tərəfindən ödənilir. Ancaq cavabdeh mənzil mülkiyyətçisi olaraq bütün xərclərin ödənilməsini öz üzərinə götürməlidir. Hətta belə vəziyyət yaranmışdır ki, onun övladına (qızına) da müxtəlif əşyaların oğurlanmasında şərlənmə xarakterli olan hərəkətlər də cavabdeh tərəfindən həyata keçirilmişdir. Bütün bu qanunsuzluqlar yalnız bir məqsəd daşımışdır ki, onu köməksiz vəziyyətdə saxlamaq, digər qohumlardan onu izolyasiya etmək və digər tərəfdən də cavabdehin himayəsindən çıxması ilə əlaqədar ümumiyyətlə iddiaçının zəif olan səhhətinin qısa müddət ərzində kəskin surətdə pisləşməsinə gətirib çıxarılmasına yönəldilmişdir. Bir neçə ay bundan öncə cavabdeh həmin mənzili satmaq istədiyini bildirmiş və demişdir ki, “ölüb getmirsən ki, bu evi rahat satım. Bəlkə, sən hələ 30 il də yaşayacaqsan?!” Halbuki, təmənna güdmədən o, cavabdehə öz halal zəhməti ilə əldə etdiyi mənzili və avtomobili ona bağışlamışdır ki, sonra nəvəsi olan cavabdehdən bir bəhrəsini görsün, ondan xoş sözlər eşitsin və ömrünün sonunda ondan lazımi qayğı görsün. Amma əfsuslar olsun ki, bu belə olmamışdır, cavabdehə bəslənilən ümidləri tamamilə boş çıxmış, ailə hüquq münasibətləri cavabdeh tərəfindən kobud surətdə tamamilə pozulmuşdur. Vəziyyət o həddə çatmışdır ki, artıq bu təzyiqlərə dözməyərək o, hüquq-mühafizə orqanına şikayətlərlə müraciət etmiş və orada müvafiq araşdırma aparılmışdır. Onun ünvan 2 ünvanında yerləşən mənzilini Cavabdeh bağışlaması ilə əlaqədar 17 dekabr 2011-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması, mənzil üzərində onun xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması və ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ərizəsinə əlavə verərək onun ünvan 2 ünvanında yerləşən mənzilini Cavabdeh bağışlaması ilə əlaqədar 17 dekabr 2011-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması, mənzil üzərində onun xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması, 13 iyul 2015-ci il tarixdə bağlanmış “Hyundai Sonata” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin bağışlama müqaviləsinin ləğv edilərək mülkiyyətinə qaytarılması və ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı növbəti dəfə ərizəsinə əlavə verərək onun ünvan 2 ünvanında yerləşən mənzilini Cavabdeh bağışlaması ilə əlaqədar 17 dekabr 2011-ci il tarixli bağışlama müqaviləsinin və bu müqavilə əsasında cavabdehə verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv olunması, mənzil üzərində onun xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması və ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, polisə ona görə müraciət etmişdir ki, cavabdeh ona bohtan atmış, onu şərləmişdir. Demişdir ki, guya qızının nəvəsi onların polunu cızmışdır. Əvvəllər cavabdeh ona qarşı bu cür münasibətdə olmamışdır. Axır vaxtlarda cavabdeh ona şər atmağa başlamışdır. Cavabdeh ona psixoloji təzyiqlər göstərmişdir. Cavabdehin ona “ölüb getmirsən ki, bu evi rahat satım. Bəlkə, sən hələ 30 il də yaşayacaqsan?!” deməsi ona çox pis təsir etmişdir. Əgər bu, psixoloji təsir deyilsə, onda nədir? Bu sözlərə görə o, çox böyük əsəb gərginliyi keçirmişdir. Nədir, o, pislik etmişdir ki, cavabdehi boya-başa çatdırmışdır? Bəs onda cavabdeh onun nəyinə lazımdır? Demək o, cavabdehi böyütmüş, oxutmuşdur ki, sonda ona qarşı bu cür ifadə işlətsin. Bu kimə pis təsir etməz ki? Cavabdeh ailəsi ilə sentyabr ayının 26-dan evdən çıxmışdır. Evdə olarkən gəlin qab-qacağını, daha dəqiqi qaşıq və nimçəni itirmiş, axtarmağa başlamış və ondan tələb etmişdir. Sanki onların əşyalarını o, mənimsəyəcək və ya gizlədəcəkdi. Bundan başqa, cavabdeh və onun arvadı ona qarşı qərəzli olmuşlar, evdə təmizləmə işləri apararkən özlərinə aid hissəni yumuş və təmizləmişlər, onun qaldığı otağa isə qəsdən heç toxunmamışlar. Bu cür xırda mübahisələri çox olmuşdur. Sonuncu dəfə mübahisələri cavabdehin onlardan ayrı yaşamağı barədə ona dediyi sözlərdən sonra olmuşdur. 32 il o, nəvəsinə qulluq etmişdir, indi də nəvəsi ona deyir ki, ayrı yaşamaq istəyirlər. Heç ayrılanda onunla sağollaşmamışlar da, adətən kimsə gedəndə deyir ki, “sağ ol”. Onlar isə gizlincə evi tərk etmişlər, heç getmələrini də ona bildirməmişlər. Cavabdeh ailəsi ilə evi tərk edəndən sonra ona məlum olmuşdur. Onlar evdən getməmiş mətbəxdə olan paltaryuyan maşını və masa ilə stulları öz otaqlarına keçirərək qapısını bağlamış, ondan gizlətmişlər, sanki o, bu əşylara nəsə edər. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkili xatırlayır. Lakin onun bu işə nə aidiyyəti var? O, cavabdehi uşağlığından böyüdür, böyüdüb boya-başa çatdırmışdır, cavabdeh isə ona od vurmuşdur. Bütün pulunu-malını cavabdehə xərcləmişdir. 32 ildir bu insan onun evində yaşayır, amma bircə dəfə hansısa cüzi təmiri barədə o dəqiqə deyir. Halbuki, evin əsaslı təmiri onun hesabına edilmişdir, bu təmirə 8000 manata yaxın pul xərcləmişdir. O, evə kombi qoymuşdur, təkcə kombinin quraşdırılması üçün çəkdiyi xərclər cavabdehin təmir üçün çəkdiyi xərclərin mininə dəyər. Evin balkonu uçurdu, onun tam təmirinə 5000 manatdan çox xərc çəkmişdir. Cavabdeh isə cüzi bir xərc çəkib, hələ onun da 450 manat hissəsini o, ödəmişdir. O ki qaldı evin təmirinə, heç kim soruşmur ki, sən bu cavabdehi uşaqlıqdan hansı pulun hesabına saxlamısan, amma evin təmirinin hansı vəsait hesabına edildiyi soruşulur. Kimin nəyinə lazımdır o, pulu haradan almışdır? Bağının satılmasından əldə etdiyi vəsait hesabına evini təmir etdirmişdir. Polisə şikayət etməyimə səbəb isə cavabdehin onu təhqir etməsi, ona qarşı çox pis davranması olmuşdur. Bu insanlar onu gah nimçə-qaşığın oğurlanmasında ittihamlandırırlar, gah deyirlər sənin qızının uşağı bizim polu cızmışdır. Mənzilin kommunal ödənişlərini, eləcə də telefondan, KATV xidmətindən istifadəyə görə xidmət haqqı üzrə ödənişləri, evin digər ödənişləri barədə müxtəlif mədaxil qəbzləri təqdim etmişlər, hansı ki, bu ödənişlər onun tərəfindən edilmişdir. Cavabdeh öz doğma atasının evdən çıxarılması üçün məhkəməyə müraciət edirsə, demək onun evdən çıxarılmasını istəyər. Halbuki, cavabdehə həmin evin bağışlanmasına məhz onun atası razı olmuşdur. Atası razılıq verməsə idi, bu ev heç onun adına keçməzdi. 30 ildir böyüdür cavabdehi, lakin ona bu cür sözlər deyir. Özü də deyir ki, əməliyyat keçirmişdir, təzyiqi var, amma gedəndə də gizlin getmiş, “sağ ol” da deməmişlər. Cavabdeh öz atasına qarşı bu qədər alçaq hərəkət edirsə, onu da evdən çölə atacaqdır. O, cavabdehi əsasən bu hərəkətinə görə məhkəməyə vermişdir. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddiaçının dəlillərini müdafiə etdi, əlavə olaraq göstərdi ki, cavabdeh tərəf məhkəməyə təqdim edilmiş fotoşəkillərlə məhkəməni və onları inandırmağa çalışır ki, şəkil ad gününün qeyd edilməsi zamanı çəkilib, lakin şəkilin həqiqətən həmin tarixdə çəkilməsini heç nə sübut etmir. Bundan başqa cavabdeh bildirir ki, iddia ərizəsi iddiaçının şəxsi iradəsinə əsaslanmır və guya iddiaçı bu iddianı kənar təsir nəticəsində qaldırmışdır. Lakin qeyd edilməlidir ki, cavabdehin kənar şəxs hesab etdiyi atası məhz ona mübahisəli mənzilin mülkiyyətinə keçməsi üçün razılıq vermişdir. Əgər bu insanın hər hansı bir pis niyyəti olsaydı, əgər bu insanın cavabdehə qarşı ata sevgisi olmasaydı, onda o, heç bu razılığı da verməzdi, belə olan halda iddiaçı bu evin cavabdehə bağışlanması üçün çarəsiz vəziyyətdə qalıb məhkəməyə müraciət etməli olacaqdı. Lakin iddiaçının oğlu öz razılığını vermiş və mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Cavabdeh isə həmin razılığı vermiş öz doğma atasının mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh özü də məhkəməyə vəsiyyətnamə təqdim etmişdir ki, iddiaçı mənzilini cavabdehə vəsiyyət edir, cavabdeh isə iddiaçıya baxacaq və onun qayğısına qalacaqdır. Lakin heç bir qayğı olmamışdır, əvəzində iddiaçıya qarşı ancaq söyüş və təhqirlər, oğurluqda ittiham və böhtanlar olmuşdur. Cavabdeh tərəf ancaq xırda oğurluq və iftiranın əsas dəlilləri olduğunu iddia edir, lakin bu, heç də belə deyil. Əsas dəlil onlar arasında avqust ayında yaşanmış mübahisə olmuşdur və ancaq bu mübahisədən sonra iddiaçı polisə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda cavabdeh ona bağışlanmış mənzilə mülkiyyətçi kimi yanaşmamış, mənzilin bütün ödənişlərini və təmirini iddiaçı özü etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, izahatında göstərdi ki, o, anadan olduqdan 3 il sonra valideynləri X1 və X3 ayrılmışlar. Valideynləri ayrıldıqdan sonra o, anası ilə qalmışdır, ancaq bir müddət sonra babası İddiaçı onu öz yanına götürmüş və anası ilə razılaşmışlar ki, o, babasının, nənəsinin yanında yaşayacaq və o, boya-başa çatdıqdan sonra evi onun adına keçirəcəkdir. Buna səbəb isə babasının öz oğluna güvənsiz olmağı və ailəni dağıtmağı olmuşdur. Həmçinin Quliyevlərdən nəslin davamçısı olmağı idi. Atasının özü digər qadın ilə ailə qurmuş və ümümiyyətlə nə uşaq vaxtı, nə gənclik vaxtı ona bir ata kimi dayaq olmamışdır. 2010-cu ildə babası yıxılıb omba sümüyünü sındırıb yatağa düşmüşdür. 3 ay müalicə dövründə o, babasına qayğı göstərmişdir, çünki o, hətta ayağa qalxa bilmirdi. Bü müddət ərzində atasından babasına heç bir qayğı və diqqət olmamışdır. Babasının özü hətta ondan üz çevirmişdir. Bu hadisələrdən sonra babası ona olan qayğı və diqqətinə görə 2012-ci ildə yaşadıqları mənzili bağışlanma yolu ilə (çıxarış ilə) onun adına keçirtməyi qərara almışdır. Babası ilə aralarında daimi isti münasibət olmuş və yalnız ondan özünə dayaq görmüşdür. Təxminən 2013-cü ildə babasının gözündə problemlər yaranmışdır. Müalicə proseduru olaraq həkimə getmək lazım gəlmışdır, lakin babasının gözünə müalicə zamanı iynə vurulduğu üçün prosedurdan sonra o, demək olar ki, görməmişdir. Bunun üçün babasının yanında o, olmuşdur, lakin heç bir övladının təəssüf olsun ki, babasının həkimə necə əziyyətlə gedibgəldiyindən xəbəri olmamışdır. 2017-ci ildə o, ailə qurmağı qərara almışdır və babasının özü də bu fikrində ona dəstək olmuşdur. Lakin mənzilin vəziyyəti pis olduğundan təmir üçün toydan əvvəl dostu Mehrəliyev Xaliddən borc pul almışdır. Yataq otağını tamamilə (evro təmir), dəhlizi (evro təmir) və hamam-tualeti konstruktiv dəyişikliklə evro təmir etmişdir. Həyat yoldaşının ailəsi onun dostundan borc aldığını bildikdən sonra bu borcu qaytarmaq üçün ona köməklik göstərmişlər və borcunu qaytarmışdır. Nikahdan 1-2 həftə sonra babası öz xasiyyətini göstərərək yeməyini onlardan ayırtmağa başlamışdır. Bu hərəkət ona və yoldaşı Bahar Quliyevaya çox pis təsir etmişdir. Babasının bu hərəkətlərinə o, cavab almaq istəyəndə isə, babası heç bir səbəb göstərməmişdir. Lakin o, babasının yaşlı olmasını və kaprizli olduğunu bilərək cox da təəccüblənməmişdir. Buna baxmayaraq babası ilə onun ailəsi hər zaman çox gözəl yola getmişlər. O və yoldaşı hər zaman babasına hörmət etmişlər və qayğısına qalmışlar. Bayramlarda və ad günlərində o və yoldaşı qohumlarını, yaxınlarını evə dəvət edib bir süfrə arxasında, babası başda olmaq şərti ilə, yığışmışlar. Onlar babası olmadan heç bir məclis təşkil etməmişlər. Babası 2018ci il yayın əvvəlində hamamda yıxılıb qabırğası çatlamışdır. O və həyat yoldaşı ondan qayğılarını və köməkliklərini əsirgəməmişlər. Yaxınlarından heç kəs babasına kömək və qayğıda iştirak etməmişdir. Təxminən bir ay sonra babasında prostatit olduğu üçün əməliyyat edilmişdir. Əməliyyat vaxtı babasının yanında o və həyat yoldaşı olmuşlar, onlardan başqa heç bir yaxını nə əməliyyat günü, nə əməliyyatdan sonra babasının yanında olmamışdır. Babasına ev şəraitində o və yoldaşından başqa heç kəs qulluq göstərməmişdir. 2017-ci ildə həyat yoldaşının hamiləlik dövründə işlədiyi yerdən dekret üçün müavinət aldıqdan sonra o və həyat yoldaşı mətbəxi tamamilə sıfırdan təmir etmək qərarına gəlmişlər. Evləndikləri vaxtdan təxminən il yarim keçməsinə baxmayaraq mətbəxin vəziyyəti acınacaqlı halda olmuşdur. Babası hətta özü də mətbəxin təmir edilməsi fikrinə sevinmişdir. O, həyat yoldaşı ilə təmirin proyektini qurmuş, təmirin və mətbəxə alınmalı avadanlıqların ümumi məbləği 5300 manat təşkil etmişdir. O, gün ərzində işdə olduğu üçün babasından xahiş etmişdir ki, gündəlik təmir xərclərinin hesabatını qeyd etsin, hansı ki usta özü ona hesabat vermişdir. Babası özü də çox sevinmişdir ki, onlar mətbəxi təmir edirlər. Mətbəxin təmiri bitdikdən sonra mebel quraşdırılmışdır və sabahısı günü həyat yoldaşı doğum evinə yollanmışdır. Övladının doğum evindən çıxmasında babası, o, yoldaşının ailəsi və dostu iştirak etmişlər. Digər qohumlarının onun ailəsinin bu gözəl gününə heç bir iştirakı və marağı olmamışdır. Övladının dünyaya gəlməsi keysəriyyə əməliyyatı vasitəsi ilə olduğundan, həyat yoldaşını öz valideynlərinin yanına, yəni rayona aparmalı olmuşdur, çünki reablitasiya dövründə özü uşağa sərbəst baxa bilməzdi. Bu məcburi idi, çünki onun heç bir qohumundan yardım göstərmək üçün təklif edilməmişdir. Maraqlısı odur ki, baxmayaraq ki, öz qohumları, yəni babasının övladları son zamanlarda ümumiyyətlə onlara gəlmirdilər, onun evdə olmadığı müddətdə tez-tez gəlməyə başlamışdılar. Buna əvvəlcə fikir verməsə də, daha sonra babasının ona və həyat yoldaşına qarşı dəyişdiyini hiss etməyə başlamışdır. Demək, babasının övladları evi mənimsəmək üçün babasını ona qarşı yönəldirdilər. Evin təmir olduğunu, gözəl göründüyünü görüb hazıra nazir olmaq istəyirdilər. Babasının artıq ahıl yaşlı olduğunu görüb ona psixoloji təsir göstərməyə başlamışdılar. Övladı dünyaya gəldikdən sonra həyat yoldaşı təxminən 4 ay evdə olmamışdır. 4 aydan sonra o, yoldaşını öz mənzilinə gətirməli olmuşdur. Bir müddət sonra babası onlara qarşı soyuqluq göstərməyə başlamışdır, belə ki, uşaq ağlağan olduğu üçün gecələr babası narahat olmuş, tez-tez yoldaşından rayona valideynlərinin yanına nə vaxt qayıdacağını soruşmuşdur. Onların evdə olduqları müddətdə babasının övladları nə səbəbə görəsə onlara gəlib-getmirdilər, heç uşağı belə görmək arzusunda deyildilər. Evdə olan abuhavanı görüb yoldaşını yenidən rayona valideynlərinin yanına aparmağı qərara almışdır. 2017-ci ilin iyun ayının əvvəllərində yoldaşını səhhəti ilə əlaqədar tibbi müayinədən keçməsi üçün rayondan Bakıya gətirməli olmuşdur. Evə qayıtdıqları gün həyat yoldaşı öz şəxsi əşyalarına ziyan vurulduğunu görmüşdür. Misal üçün, əl çantasının üzərində qırmızı qələm ilə xətt çəkilmişdir. Babasından onların otağına kimin daxil olduğunu soruşanda, babası ona əsəbi şəkildə kobud cavab verərək onu təhqir etmişdir. Babaaının özü bibisinın adını çəkmişdir, halbuki, o, heç bibisinin onlara gəldiyini bilmirdi. O, öz otağına qayıtmış, lakin babası mübahisə etmək istəmişdir. Çalışmışdır ki, babasını sakitləşdirsin. Təxminən bir saat sonra babası oğlunu, yəni onun atasını evə çağırmışdır. Babası ilə atasının 4 ildən çox idi ki, münasibətləri yox idi. Atası evə daxil olar-olmaz ona və yoldaşına təhqiredici ifadələr işlədərək onları evdən qovmaqla hədələmişdir. Gecə yarısı olmasına baxmayaraq öz evindən onu qovmaq istəmiş, “ailəvi də götür, tərk et evi” demişdir. Bundan sonra öz evində ona qarşı atasından olan təhlükəni görüb məhkəmə vasitəsi ilə onu qeydiyyatdan çıxarmağa qərar vermişdir. Avqust ayında yoldaşını yenidən rayondan evə gətirməli olmuşdur. Elə bilmişdir ki, babası artıq yumşalıb ona qarşı, buna misal olaraq ad günündə, sentyabr ayının 16-da babası ilə birgə ad gününü qeyd etmişlər. Elə həmin gün atasına məhkəmədən məktub gəlmişdir. Babası heç səbəbini araşdırmamış ondan və həyat yoldaşından, atasının təkidi ilə, yalandan polisə şikayət ərizəsi yazmışdır. Bunun səbəbi isə evi geri almaq idi. 10 aylıq övladı ilə o və həyat yoldaşı Polis Bölməsinə çağırılmışlar, onlar sadəcə babasının bu hərəkətlərindən şokda idilər. Babasının səsləndirdiyi, guya onun babasına dediyi ifadə öz əksini tapmır və həqiqətə uyğun deyildir. Bu iddianı qaldırmağa babasını onun atası və babasının digər qohumları təhrik etmişlər. Onun evi ayırmaq barədə fikri olmamışdır. Bunu babası özü istəmişdir. Sentyabr ayının 25-dən 26na keçən gecə evi həyat yoldaşı və övladı ilə birlikdə tərk etmişdir. Onlar evi tərk edəndə babası evdə olmuşdur. Evdən çıxarkən babasına bildirmişdir ki, onlar gedirlər və babası ilə sağollaşmışlar, evdən gizli, xəlvət çıxmamışlar. Babasının polisə şikayət etməsinə görə qərara almışdır ki, ailəsi ilə birgə evi tərk edib kirayə yaşasın, bəlkə babası sakitləşər, lakin bir aydan sonra babasının iddiası ilə ona məhkəmədən məktub gəlmişdir. Babasının səhhətində problemləri olmuş, lakin o, evi tərk etdiyi zaman babası özünü yaxşı hiss etmişdir, o, artıq sağlam idi, çünki bütün lazımi müalicəni keçmişdi və səhhətində olmuş bütün problemləri keçmişdə qalmışdı. Babasının səhhətində problemlər dedikdə onun ürək əməliyyatı keçirməsi, prostatit üzərində əməliyyat keçirməsi, göz həkiminə aparılması, müayinəsi və gözünə iynə vurulması barədə məlumatı olmuş və hər zaman babasının yanında ancaq özü olmuşdur. 2010-cu ildə babasının ayağında problemi olmuş, lakin həmin vaxt o, əsgərlikdə olduğu üçün kömək edə bilməmişdir. Hərbi xidmətdən təxris olunmağına 10 gün qalmış babasının onurğası sınmış, o, hərbi xidmətdə oluğundan yardım edə bilməmişdir. Buna baxmayaraq hərbi xidmətdən təxris olunan kimi dərhal babasının yanına gəlmiş və 2 ay onun yanında olmuş, qayğısına qalmışdır. Həmin müddət ərzində ondan başqa babası ilə heç kim maraqlanmamışdır, babasına ancaq o, baxmışdır. 11 iyun 2019-cu il tarixdə Elxan adlı şəxs evinə gələrək yoldaşını təhdid etmiş, ondan dərhal sonra isə atası onlara gələrək onu ailəsi ilə birlikdə xüsusi mülkiyyəti olan evdən çıxarmaqla hədələmişdir. Sadəcə onlar görmüşlər ki, o, artıq müstəqil insandır, ayağa durmuşdur və özü qərar vermək qabiliyyətindədir və qorxmuşlar ki, babasının ona bağışladığı evdən istədiyi kimi istifadə edər, ev ona qalar, bunlara isə heç nə çatmaz. Bu səbəbdən də babasını onun üstünə salmışlar, baxmışlar ki, yaşlı adamdır, onu aldatmışlar və ona qarşı yönəltmişlər, bununla da babasını bu iddianı qaldırmağa təhrik etmişlər. Mənzilin təmiri onun vəsaiti hesabına həyata keçirilmişdir. O, mənzili yoldaşının dekretə çıxması ilə əlaqədar aldığı vəsait hesabına, digər hissəsini isə dostundan borc olaraq aldığı pulun hesabına təmir etmişdir. Mənzilin təmirinin məhz onun tərəfindən edilməsi, təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi, təmirin müasir dizayn göstəricilərinə uyğun edilməsindən bəllidir. Yaşlı adamın evi bu cür dizaynla təmir etməsi üçün gərək bundan başı çıxa, məlumdur ki, bunu cavan insan etmişdir. Evə ustaları da o, gətirmişdir. Sadəcə o, evdə olmayanda ustalarla babası danışmışdır. O, mənzili 26 sentyabr tarixində təmir etmişdir. Mübahisələri isə 16 sentyabr tarixində baş vermişdir, əgər buna mübahisə demək olarsa. Aralarında ciddi bir mübahisə də olmamışdır, çünki onun ad gününü birlikdə qeyd etdikləri günün sabahı babası qəfildən ondan polisə şikayət yazmışdır. Təqdim etdikləri fotoşəkildən də görünür ki, onlar babasının, yoldaşının və övladının iştirakı ilə birlikdə bir ailə kimi süfrə arxasında əyləşmişlər. Bu fotoşəkil onun ad gününü qeyd edərkən çəkilmişdir. Növbəti gün isə aralarında heç bir mübahisə olmadan babası ondan şikayət yazmışdır. Səbəb isə odur ki, o, atasının onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və növbəti gün, yəni 18 sentyabr isə atasının onun mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinə baxılmalı idi. Atası ilə bibisi də bunun qarşısını almaq üçün bu cür kələyə əl atmışlar ki, o, tutulsun, məhkəmə günü içəridə olsun və bununla onun həmin ərizəsi üzrə məhkəmə araşdırmasında iştirakına mane olsunlar. Lakin buna nail olmadıqlarına görə növbəti addım kimi babasına bu iddianı qaldırtmışlar. Mənzili tərk edərkən o, yox, həyat yoldaşı özü ilə cehizi kimi gətirdiyi paltaryuyan maşınını və öz hesabına alınmış stol-stulları öz otaqlarına keçirmişdir. Babasının təqdim etdiyi ödəniş sənədləri ilə bağlı qeyd edir ki, qəbzlərdə ancaq onun adı yazılmışdır, həmin ödənişləri də şəxsən o, öz hesabına etmişdir, sadəcə saxlanılması üçün həmişə babasına vermişdir, bu səbəbdən də qəbzləri hazırda babası təqdim edir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin dəlillərini müdafiə etdi, əlavə olaraq göstərdi ki, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Cavabdeh anası ilə atası ayrıldıqdan və atası öz övladını tərk etdikdən sonra Cavabdeh babası və hazırki işdə iddiaçı olan İddiaçı öz nəvəsini (Cavabdeh) himayəsinə götürmüşdür. Hazırki işdə iddiaçı və cavabdeh baba və nəvə olaraq son aya qədər bir yerdə yaşamışlar. 2010-cu ildə iddiaçı yıxılaraq çanaq sümüyünü sındırmış və yatağa məhkum olduğu 3 ay ərzində ona nəvəsi qulluq etmişdir. 17 dekabr 2011-ci il tarixdə iddiaçı minnətdarlıq əlaməti olaraq öz iki otaqlı mənzilini heç bir ön şərt irəli sürmədən öz nəvəsinə bağışlamışdır. Hazırda üzərindən 8 il keçdikdən sonra iddiaçı bağışlama müqaviləsinin ləğvini tələb edir. İddiaçı iddiasını əsaslandırır ki, iddiaçı öz mənzilini ona görə nəvəsinə bağışlamışdır ki, nəvəsindən bir bəhrəsini görsün, ondan qayğı görsün. Lakin ümidləri doğrulmamışdır və cavabdeh ailə-hüquq münasibətlərindən doğan öhdəliklərini kobudcasına pozmuşdur. Ona görə də Mülki Məcəllənin 673.1.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilməlidir. Ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr 2 mənbədən doğa bilər - birincisi, bağışlama müqaviləsi, ikincisi isə ailə qanunvericiliyidir. İddiaçı tərəfindən birtərəfli əqd kimi imzalanan bağışlama müqaviləsi cavabdehin hər hansı öhdəliyi ilə şərtləndirilməmişdir. Pozulduğu iddia edilən belə bir vəzifə mövcud olsa idi belə, bu, ilk növbədə bağışlama müqaviləsində nəzərdə tutulmalı idi. Hazırki halda bağışlama müqaviləsi cavabdehin iddiaçı və ya üçüncü şəxs qarşısında hər hansı öhdəliyi və ya vəzifəsi ilə şərtləndirilməmişdir. İkinci halda əgər cavabdehin iddiaçı qarşısında ailə hüquq münasibətlərindən irəli gələn hər hansı vəzifəsi varsa, bu ailə qanunvericiliyində nəzərdə tutulmalıdır. Ailə Məcəlləsində nəvənin baba qarşısında yeganə vəzifəsi Məcəllənin 90-cı maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd edilir ki, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşma çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. Mövcud halda isə iddiaçı babanın hər hansı aliment tələbi yoxdur. İddiaçı tərəfə sual olunur cavabdeh-nəvə iddiaçı-baba qarşısında ailə hüquq münasibətlərindən irəli gələn hansı vəzifəsini kobud şəkildə pozmuşdur? Bu vəzifə nədən ibarətdir? Cavabdeh nəyi etməli idi, etməyib? Cavabdeh iddiaçıya hər zaman qayğı və hörmətlə davranıb. İddiaçı və cavabdeh arasında hər hansı məsələ barəsində fikir ayrılığı və ya anlaşılmamazlıqdan doğan söz-söhbət cavabdehin ailə münasibətlərindən irəli gələn vəzifələrinin (bu vəzifə nədən ibarətdir, bilinmir) kobud şəkildə pozulması kimi şərh oluna və müqavilənin ləğvi üçün əsas ola bilməz. İddiaçı Mülki Məcəllənin 422.1-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə bağışlama müqaviləsinin ləğvini tələb edir. İddiaçı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin nədən ibarət olduğunu izah etməyib. Eyni zamanda iddiaçı unudur ki, bağışlama müqaviləsi Konstitusiya Məhkəməsinin şərhində də qeyd olunduğu kimi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir. Bu halda əgər bağışlama müqaviləsi təmənnasız müqavilədirsə, bağışlayanın bəhrələnməsini istisna edirsə, şəraitin hansı qaydada dəyişməsindən asılı olmayaraq müqavilə tərəfinin müqavilədən gözləntisi də dəyişməyəcək. Çünki tərəfin müqaviləni bağlayarkən hər hansı gözləntisi və təmənnası ola bilməzdi. Mülki Məcəllənin 422.2-ci maddəsi əvəzli müqavilələr üçün keçərlidir, bağışlama müqaviləsinə tətbiq oluna bilməz. Hesab edirlər ki, iddiaçının iddiası əssassız olduğu və iddianın təmin olunması cavabdehin əmlak hüquqlarını pozduğu üçün rədd edilməlidir. Belə ki, cavabdeh iddiaçıya uzun illər qulluq göstərmişdir, iddia predmeti olan mənzili borc-xərc ilə əsaslı şəkildə təmir etdirib yaxşılaşdırmışdır. Həmçinin cavabdeh və onun hazırkı həyat yoldaşı iddia predmeti olan hazırkı mənzilə bel bağlayaraq ailə qurmuşlar. Bağışlamanın üzərindən 8 il keçdikdən sonra xırda məişət mübahisəsini əsas gətirərək bağışlama müqaviləsini ləğv etmək vicdanlılıq və ədalət prinsipinə zidd olardı. İddiaçı olan baba əmək qabiliyyəti olmayan hesab edilməmişdir və hər hansı yardıma ethiyacı yoxdur. İddiaçı cavabdehi lap kiçik yaşından himayəsinə götürmüş və böyütmüşdür, iddiaçı ilə cavabdeh arasında baba və nəvə münasibətləri bərk olmuşdur və qədimə dayanır. Tərəflər arasında olan uzunmüddətli bağlılıq ailə münasibətlərindən irəli gələn öhdəliklərin də pozulmasının qarşısını alır. Bağışlama müqaviləsinə dair mülki qanunvericiliyin müddəası xüsusi bir normadır və şəraitin dəyişdirilməsi bu hala dair tətbiq edilə bilməz. Nəvə yetkinlik yaşına çatanda babasına baxmış, baba yıxılanda digər ailə üzvləri yaxın durmadığı halda təkcə nəvəsi ona köməklik etmiş, bir sözlə onların münasibətləri daima müsbət olmuşdur. Tərəflərin münasibətlərinin müsbət olması məhkəməyə təqdim etdikləri, tərəflərin ailəsinin nəvə və babanın iştirakı ilə keçirdikləri bayram və digər tədbirlərdə çəkilmiş fotoşəkillərdən də görünür. Cavabdeh bu evə ümid etmiş, evin ona bağışlandığını düşünərək ailə qurmuş, fikirləşmişdir ki, gəlinin gəlməsi üçün evi var. Eyni zamanda gəlin də bunu düşünmüş, cavabdehlə nikah münasibətlərinə daxil olmuş, sonra cavabdeh həmin evi öz şəxsi vəsaiti hesabına yüksək səviyyədə əsaslı təmir etdirmişdir. Sonda isə baba qəfildən bağışlanmış evi geri tələb edir və müqavilənin etibarsız hesab edilməsini istəyir. Halbuki, hazırda baba həmin evdən müstəqil şəkildə istifadə edir, babanın hüquqlarını heç kim pozmur və məhdudlaşdırmır. Təqdim etdikləri fotoşəkillərdən evin təmirə qədər və təmirdən sonrakı vəziyyəti də bəll olur. Cavabdehin çəkdiyi xərc və həyata keçirdiyi təmirdən öncə mənzilin 40.000 manat dəyəri olmuşdur, hazırda isə bu qiymət 80.000-90.000 manat təşkil edir. Evin təmiri avrostandartlara uyğun aparılmış və dizaynı təkmişləşdirilmişdir. Bütün bunlardan sonra bağışlanmış evin geri tələb edilməsi əsassızdır. Tərəflər arasında mübahisə olmamış, sadəcə gəlin öz əşyalarınn tapa bilməmiş, əşyalarını axtarmağa başlamış, baba da bunu pis qəbul etmişdir. Ciddi bir mübahisə olmamışdır. Baba qeyd edir ki, guya cavabdeh ona şər atmışdır. Lakin bu məsələ sadəcə hansısa xırda əşyaların, qab-qacaq ya başqa əşyanın evdə tapa bilməməsi, gəlinin həmin əşyaların baba tərəfindən harasa qoyulmasını ehtimal etməsi, babanın da bu ehtimalı müsbət qarşılamaması zəminində yaranmış məişət xarakterli, istənilən ailədə yaşana biləcək xırda hadisədir. Bu qədər xırda, əhəmiyyətsiz məsələ heç bir halda bağışlama kimi mühüm bir əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri cavabdehin adından və şəxsən onun tərəfindən edilmiş ödənişlər barəsindədir. Həmin qəbzlər sadəcə cavabdeh tərəfindən edilmiş evin kommunal ödənişlərinin yalnız bir qismi barəsindədir, cavabdehin etdiyi bütün ödənişlər barədə qəbzlərin təqdim edilməsi mümkün olsa idi, böyük bir məbləğ alınardı. Cavabdeh bildirir ki, təmiri yoldaşının dekret pulu və dostundan borc olaraq aldığı pulun hesabına həyata keçirmişdir. İddiaçı isə təmiri özünün apardığını bildirir. Lakin iddiaçının bu qədər pulu haradan əldə etməsi, evin təmirinə bu qədər xərc çəkməsinin əsası məlum deyil. Çünki edilmiş təmir nəticəsində evin qiyməti iki dəfə artmışdır, hazırda 80.000 manat təşkil edir. Yaşlı insan bu qədər pulu haradan ala bilər ki, bu cür ev təmir etsin. Bundan başqa, əgər iddiaçı evi təmir etmək fikrində idisə, nəyə görə ancaq öz otağını təmir edirdi, bütün evi təmir edərdi. Bundan başqa xüsusən qeyd edilməlidir ki, iddiaçı ancaq gəlindən, yəni cavabdehin həyat yoldaşından şikayət etmiş, cavabdehin özündən etməmişdir. Eyni zamanda bağışlama müqaviləsinin ləğv edilməsi üçün ciddi əsaslar da yoxdur. İddiaçının özü şəxsən bu iddianın qaldırılmasında maraqsız olmuşdur. İddianın qaldırılması əsasən cavabdehin atası və bibisinin maraqlarına uyğundur. Bundan başqa, nəzərə alınmalıdır ki, 17 dekabr 2011-ci il tarixdə iddiaçı bağışlama müqaviləsini imzalayaraq mənzili heç bir ön şərt irəli sürmədən öz nəvəsinə bağışlamışdır. Hazırda iddiaçı müqavilənin bağlanmasından 8 il sonra onun ləğvi barədə iddia qaldırmışdır. İddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzili 03 oktyabr 1995-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır; -Bakı şəhəri 28 saylı MKİS-nin 07 dekabr 2011-ci il tarixli 4436 nömrəli arayışının surətindən görünür ki, Bakı şəhəri, Ə.Vəliyev küçəsindəki 6 nömrəli mənzilin 40 nömrəli mənzili İddiaçı Əlibala oğluna məxsusdur, o və oğlu X3 28 iyul 1961-ci il tarixdən, nəvəsi Cavabdeh 19 oktyabr 1987-ci il tarixdən həmin mənzildə qeydiyyatdadırlar; -Bakı şəhərinin notariusu tərəfindən 17 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş ərizənin surətindən görünür ki, X3 qeydiyyatda olduğu, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzilinin özgəninkiləşdirilməsinə (bağışlanmasına) etiraz etməmişdir; -Bakı şəhərinin notariusu tərəfindən 17 dekabr 2011-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-05/751 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı yuxarıda istinad edilən Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin yaşayış sahəsi 37,2 kv.m, ümumi sahəsi 58,9 kv.m olan 2 otaqlı 40 nömrəli mənzilini nəvəsi Cavabdeh bağışlamışdır. Tərəflər bağışlanan mənzili 40.000 manata qiymətləndirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü naddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzili 08 fevral 2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh adına qeydiyyata alınmışdır; -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 14 oktyabr 2019-cu il tarixli 090-8966Q-3219 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı, 27 sentyabr 2019-cu il tarixdə 25-ci PŞ-nə yazdığı ərizə əsasında araşdırma aparıldığı, ərizəsi mülki xarakterli olduğundan DİN-nin müvafiq əmrinə əsasən mülki xarakterli ərizə və müraciətlərin baxılmadan işə alındığı, odur ki, ərizəsinin işə alınaraq dəftərxanaya təhvil verildiyi barədə məlumat verilmiş, faktla əlaqədar aidiyyəti məhkəmə orqanına müraciət etməsi tövsiyyə edilmişdir; -İddia ərizəsinin və qərardadın surətindən görünür ki, Cavabdeh iddia ərizəsi ilə müraciət edərək cavabdeh X2 ona məxsus Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzilində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzili 03 oktyabr 1995-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Bakı şəhərinin notariusu tərəfindən 17 dekabr 2011-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-05/751 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən İddiaçı ona məxsus olan həmin mənzili nəvəsi Cavabdeh bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı ******* nömrəli çıxarışa əsasən mənzil 08 fevral 2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı sözügedən bağışlama müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 673.2.1-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir, hədiyyə alanın əmlakı artır, hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir, hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Qeyd edilənlərə əsasən məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı nəvəsidir, cavabdehin atası Xalıq Quliyev öz həyat yoldaşı ilə ayrıldıqdan sonra, təxminən 1990-cı ildə iddiaçı cavabdehi öz yanında, evində saxlamış, onu böyütmüş, qayğısını çəkmiş, bütün təminatlarını həyata keçirmişdir. İddiaçı 12 dekabr 2011-ci il tarixdə bağışlama müqaviləsi əsasında öz mülkiyyətində olmaqla, yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzilini nəvəsi olan cavabdehə bağışlamış, bundan sonra mənzil xüsusi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınaraq bu barədə çıxarış verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, mənzilin bağışlanmasına dair müqavilə notariat qaydasında təsdiq edilməklə bağışlama formasına əməl edilmişdir. Lakin sözügedən müqavilə əsasında hədiyyə alan cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verən iddiaçının barəsində kobudcasına pozmuşdur, ona görə bağışlama müqaviləsinin ləğvi üçün əsaslar yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh bağışlama müqaviləsinin predmeti olan mənzildə birlikdə yaşamışlar, əvvəllər münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdeh ailə hüquq münasibətlərinə əməl etməmiş, demək olar körpə yaşlarından onu böyüdüb bütün növ təminatlarını həyata keçirən, 1936-cı il təvəllüdlü, yaşlı və xəstə olan babasına qayğı ilə yanaşmamış, iddiaçı ona qarşı yol verilən hərəkətlərə, təzyiqlərə dözməyərək şikayət ərizəsi ilə hüquq-mühafizə orqanına müraciət etməli olmuşdur. 25-ci Polis Şöbəsində aparılan araşdırma zamanı məsələnin mülki xarakterli olduğu əsas gətirilməklə ərizə üzrə hər hansı qərar qəbul edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Aralarında baş vermiş münaqişənin nəticəsində cavabdeh həyat yoldaşı və uşağı ilə birlikdə mənzili tərk etmiş, mənzildən gedərkən isə, iddiaçının istifadə edə bilməməsi üçün bəzi ev əşyalarını öz otaqlarına daşımışlar, əvvəldən həmin mənzildə öz otağında yaşamış iddiaçının yaşlı və xəstə olmasına baxmayaraq onu tək, köməksiz buraxmış, taleyi ilə maraqlanmamışdır. Bununla yanaşı cavabdeh mənzilin bağışlama müqaviləsi əsasında onun adına mülkiyyət hüququ üzrə qeydə alınmasından istifadə edərək mənzildə qeydiyyatda olan atası Xalıq Quliyevin (İddiaçı oğlu) mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırmışdır, iddia 14 sentyabr 2019-cu il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh ailə hüquq münasibətlərinə uyğun vəzifələri yerinə yetirməməklə yanaşı öz atasının-iddiaçının yaxın qohumu olan oğlunun mənzildən istifadə hüququnun itirilməsinə də çalışır. Bununla yanaşı cavabdeh mənzilin saxlanması, təmiri, kommunal xərcləri çəkməmiş, həmin xərclər məhz iddiaçı tərəfindən çəkilmişdir, bu barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tədqiq olunmuşdur. Məhkəmə əlavə hal kimi “ailə hüquq münasibətlərinə uyğun vəzifələrin yerinə yetirilməməsi” müddəasına izahat verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuşdur ki, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. Düzdür, mübahisə tərəfi olan İddiaçı yaşından (83 yaş) və səhhətinin onu narahat etməsindən asılı olmayaraq öz övladlarından (eləcə də cavabdehin atası olan oğlundan) özünün saxlanması üçün maddi yardım almır, belə tələb irəli sürməsinə və ya müsbət nəticə əldə etməməsinə dair sübutlar mövcud deyildir, öz övladları ilə yanaşı nəvəsi olan cavabdehdən də belə növdə vəsait tələb etməmişdir. Lakin burada xüsusi nəzərə alınmalı hal var ki, iddiaçı öz əmlakını övladlarına və ya digər yaxın ailə üzvlərinə bağışlamamışdır, o, əmlakını-yeganə yaşayış sahəsini məhz nəvəsi olan cavabdehə bağışlamışdır, hətta bağışlamaqdan başqa cavabdehi körpə yaşlarından yanında saxlayaraq bütün təminatını həyata keçirmişdir, o zaman iddiaçının cavabdehdən ailə hüquq münasibətlərinə uyğun vəzifələri yerinə yetirməsini və bu vəzifələrin icrası zamanı diqqətəlayiq mənafeləri qorumalı olmasını tələb etmək üçün bütün mənəvi və hüquqi əsasları vardır, iddiaçının digərlərindən fərqli olaraq cavabdehdən belə gözləntisinin olmasının ziddinə olaraq cavabdeh istər mənəvi baxımdan, istərsə də hüquqi baxımdan öz vəzifələrini yerinə yetirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarına əsasən MMin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MM-də, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, məhz əmlak bağışlanandan və cavabdehin mülkiyyətinə keçdikdən sonra hədiyyə alan cavabdehin yol verdiyi yuxarıda qeyd edilən hərəkətlərin məcmusu, onun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və onun yaxın qohumunun (özünün atası, iddiaçının oğlu) barəsində kobudcasına pozması iddiaçının bağışlama müqaviləsinin ləğvi ilə bağlı iddiasını əsaslı edir. Ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan bağışlama müqaviləsi ləğv edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında eyni zamanda göstərilmişdir ki, bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, bağışlama müqaviləsi ləğv edilməli olduğundan, onun əsasında mənzilin cavabdehin adına mülkiyyət hüququ üzrə qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qüvvədə qalmasına əsaslar yoxdur, həmin çıxarış ləğv edilməli, habelə mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılması aidiyyəti üzrə həvalə edilməli, beləliklə iddia həmin hissələrdə də təmin olunmalıdır. Cavabdeh tərəfin iddia tələbi ilə bağlı irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, həmin dəlillərin əsası yoxdur, iddianın təmin edilməli olması ilə bağlı nəticəyə təsir göstərmir. Bundan başqa, cavabdehin nümayəndəsi ayrıca ərizə verərək iddiaçının 17 dekabr 2011-ci il tarixli bağışlama müqaviləsinin bağlanmasından 8 il sonra həmin müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaqla iddia müddətini ötürdüyünü göstərmiş, iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən imtina (bağışlamaqdan imtina) yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının bağışlama müqaviləsini mübahisələndirərək onun ləğv edilməsinə dair iddia verməsinə əsaslar, yəni cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və onun yaxın qohumunun (özünün atası, iddiaçının oğlu) barəsində kobudcasına pozması 2019-cu ilin avqust-sentyabr aylarında baş vermişdir, belə ki, iddiaçı 27 sentyabr 2019-cu il tarixdə müvafiq ərizə ilə Polis Şöbəsinə müraciət etmiş, Cavabdeh də 04 sentyabr 2019cu il tarixdə məhkəmədə iddia qaldıraraq atasının (iddiaçının oğlunun) mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, iddia 14 sentyabr 2019-cu il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir, həmin ərəfədə də cavabdeh yaşlı və xəstə babasını mənzildə tək qoyaraq getmiş, onun taleyi ilə maraqlanmamış, narahat olmamışdır. Yalnız bundan sonra iddiaçı bağışlamadan imtina etməli olduğu ilə bağlı qənaətə gəlmiş, 17 oktyabr 2019-cu il tarixdə məhkəmədə iddia qaldırmışdır. Nə qədər ki, bağıslamadan imtina üçün əsaslar olmamışdır, iddiaçıdan ona əvvəlcədən məlum olmayan hallarla bağlı iddia müddətinə əməl etməli olduğunu tələb etmək, üzərinə belə vəzifə qoymaq olmaz. Bağışlamadan imtinanın əsaslarının yaranması ilə müddətin axımına başlandığı vaxtdan sonra isə iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəmədə iddia qaldırmışdır, ona görə baxılan iddia tələbinə iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur, ərizə nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzilini Cavabdeh bağışlamasına dair Bakı şəhərinin notariusu tərəfindən 17 dekabr 2011-ci il tarixdə təsdiqlənərək reyestrdə 4Ə- 05/751 nömrəsi ilə qeyd edilmiş “Bağışlama müqaviləsi”, həmin mənzilin Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA Seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzilini Cavabdeh bağışlamasına dair Bakı şəhərinin notariusu tərəfindən 17 dekabr 2011-ci il tarixdə təsdiqlənərək reyestrdə 4Ə-05/751 nömrəsi ilə qeyd edilmiş “Bağışlama müqaviləsi”, həmin mənzilin Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA Seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi ondan tutulub, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Məzahir Sadıqov
Məhkəmə qərarları › İş №2(007)-3736/2019
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3736/2019
20.12.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver