Məhkəmə qərarları › İş №2(007)-3746/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3746/2021

28.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3746/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında qeydə alınmış nikah pozulmuş və buna dair 11 may 2016-cı il tarixdə 151 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş 05 iyun 2007-ci il təvəllüdlü X6 və X7 məhkəmə qətnaməsi ilə cavabdehin himayəsinə verilmiş və Nizami Rayon Məhkəməsinin 2(007)-3098/2018 saylı, 10 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan cavabdehin xeyrinə hər ay 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, o, ikinci dəfə ailə həyatı qurmuşdur, ailə öhdəlikləri artmışdır. Belə ki, 30 iyul 2019-cu il tarixdə Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən X9 ilə 2154 nömrəli nikahları qeydə alınmışdır. Həmin nikahdan 08 sentyabr 2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Azyaşlı övladı olduğuna görə əmək fəaliyyəti ilə məşğul ola bilmir. Heç bir gəlir yeri yoxdur. Bu səbəbdən alimentin ödənilməsində çətinlik çəkir. Bununla bağlı, Mediasiya bölməsinə müraciət etməsinə baxmayaraq, cavabdeh alimentin azaldılmasına etiraz etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş 05 iyun 2007-ci il təvəllüdlü X6 və Sarıyev Tunar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə verərək, alimentin azaldılmasına köməklik göstərilməsini, təyin edilmiş alimenti ödəməkdən imtina etmədiyini, tam olaraq ödəyə bilmədiyini, heç yerdə işləmədiyini, az yaşlı körpəsinin olduğunu, yoldaşının xəstə olmasını, alimenti ödəməyə imkanının çatmamasını nəzərə alaraq, təyin edilmiş alimentin ümumilikdə 160 manat müəyyən edilməklə azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, əvvəllər işləmişdir, lakin ikinci dəfə ailə həyatı qurduqdan sonra övladı dünyaya gəldiyi üçün işdən ayrılmışdır. İşlədiyi vaxt əmək haqqının 70%-i alimentin ödənilməsinə tutulmuşdur. Övladı azyaşlı olduğu üçün heç yerdə işləyə bilmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, izahat verərək göstərdi ki, o, alimentin azaldılmasına razı deyil, hər iki uşaq məhkəmə qətnaməsi əsasında onun himayəsinə verilmişdir, uşaqların məktəb xərcləri, həmçinin ali məktəbə hazırlaşmaları üçün hər ay müəllimələrə 380 manat ödəniş edir. O, rəsmi olaraq heç yerdə işləmir, uşaqlarının maddi təminatını qarşılamaq üçün dəmir yığıb satır. Qeyd etdiklərini nəzərə alaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 243898 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmişdir, bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 may 2016-cı il tarixdə 151 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Qarayeva” soyadı verilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(007)-3098/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh X1 iddiaçı Cavabdeh xeyrinə 05 iyun 2007-ci il təvəllüdlü X6 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 10 iyul 2018-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(103)-11058/2018 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin rədd olunması, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; - AZ-İİ seriyalı, 350138 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X5 30 iyul 2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2154 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rzayev”, arvada “Rzayeva” soyadı verilmişdir; - AZ-İV seriyalı, 365875 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 08 sentyabr 2019-cu il tarixdə doğulmuşdur, bu barədə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 25 oktyabr 2019-cu il tarixdə 7083 nömrə ilə qeyd edilmişdir. X2, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirmişlər, birgə nikahlarından 05 iyun 2007-ci il tarixdə Sehri və Tunar adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, bu zaman uşaqlar atanın yanında qalmışlar, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(007)-3098/2018 saylı qətnaməsinə əsasən cavabdeh X1 iddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda İddiaçı həmin aliment məbləğinin dəyişdirilərək azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(007)-3098/2018 saylı qətnaməsi ilə alimentin tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. 2021-ci ildə yaşayış minimumu məbləği hər uşaq üçün 175 manat müəyyən edilsə də, iddiaçının ödəməli olduğu aliment məbləği hər uşaq üçün 154 manat müəyyən edilmişdir. İddiaçı onunla birlikdə yaşayan 1 azyaşlı uşağının olması onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir haldır. Lakin yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal, o cümlədən iddiaçının ərinin səhhətində probleminin olması, özünün işləməməsi və digər hallar alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İddiaçı rəsmi nikahda olduğu ailəsi ilə birlikdə yaşayır, həmin nikahdan doğulmuş uşağı onun himayəsindədir, onun saxlanılması üçün birlikdə yaşadığı həyat yoldaşına aliment ödəmir. Aliment ödənilən Cavabdeh isə azyaşlı uşaqları ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, iddiaçının həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin zidd olduğundan və işin faktiki halları ilə mütənasiblik təşkil etmədiyindən, iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş 05 iyun 2007-ci il təvəllüdlü X6 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq ümumilikdə 160 (yüz altmış) manat müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyinə görə, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş 05 iyun 2007-ci il təvəllüdlü X6 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq ümumilikdə 160 (yüz altmış) manat müəyyən edilməsi” barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar