Məhkəmə qərarları › İş №2(007)-3771/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3771/2021

11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3771/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında qalması, aliment və əlavə xərclərin tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında qalması, aliment və əlavə xərclərin tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahından 02 may 2018-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Uzun müddətdir ki, uşağın atası onlara köməklik etməkdən boyun qaçırır. Buna görə də, məcbur olub alimentin tutulması barədə iddia ərizə ilə məhkəmə müraciət edir. Azərbaycan Respublikası 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 1831 nömrəli nikah qeydi ilə 01 noyabr 2016-cı il tarixdə Cavabdeh ilə nikahları qeydə alınmışdır. Birgə nikahdan 02 may 2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. 2020ci ilin noyabr ayında Cavabdeh ailəsindən xəbərsiz, işlə əlaqədar olaraq Masallı rayonuna getmişdir. Lakin, rayona getdikdən sonra onlara hər hansı bir köməklik göstərməkdən imtina etmişdir. Hazırda azyaşlı uşağına qulluq edir və buna görə də işləyə bilmir. Ali təhsilli olmaqla, işləmək imkanı olsa da, özünü və 1 (bir) övladını saxlamaq üçün gəlir əldə edə bilmir. Qızı azyaşlıdır. Onun saxlanması, həkim müayinəsi üçün xeyli məbləğdə maddi vəsait tələb olunur. Cavabdeh uzun illərdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, serjantdır. 2020-ci ilin noyabr ayından etibarən ata öz övladı ilə maraqlanmır, həmin vaxtdan etibarən onlara heç bir köməklik etmir. Cavabdeh Daxili İşlər Nazirliyinin əməkdaşı kimi yüksək maaş alır və onun aliment ödəməyə yetərincə maddi imkanı vardır. X3 qan azlığından əziyyət çəkir. Dəfələrlə həkim müayinəsinə aparılmış və qızının müalicəsinə kifayət qədər vəsait tələb olunur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahdan olan övladları 02 may 2018-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması, 02 may 2018-ci il təvəllüdlü X4 xəstəliyi nəzərə alaraq, onun xeyrinə yetkinlik yaşına çatana kimi hər ay 300 (üç yüz) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, 02 may 2018-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin, həmçinin uşağın tibbi müayinə xərclərinin qarşılanması üçün hər ay 100 manat məbləğində pulun əlavə xərc kimi onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 01 noyabr 2016-cı il tarixində 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1831 nömrə ilə bağlanmış nikahın pozulması barədə qarşılıqlı iddia tələbini irəli sürür. Nikaha daxil olarkən münasibətləri yaxşı olsa da, sonradan həmin münasibətləri pisləşmiş, ailədaxili münaqişələr çoxalmışdır. O, Masallı Rayon Polis Şöbəsində post-patrul xidmətində polis nəfəri kimi çalışır və ilkin iddia ərizəsində göstərilənlərdən fərqli olaraq ailəsini ataraq rayona getməmişdir. Əksinə, o, xidməti iş yeri ilə bağlı Masallı rayonuna göndərilərkən həyat yoldaşı İddiaçı və qızını özü ilə aparmağa nə qədər cəhd göstərsə də, həyat yoldaşı kənd şəraitində və onun anası ilə birlikdə birgə yaşamayacağını qəti bildirmişdir. Xasiyyətləri fərqli olduğundan barışmaları mümkün deyil və bu səbəbdən nikahın pozulması qaçılmazdır. Əvvəlki münasibətləri tamam soyumuşdur və nikahları yalnız formal xarakter daşıyır. Birgə nikahda yaşamaları artıq mümkün deyil, ailə faktiki olaraq dağılmışdır. Xasiyyətləri və həyata baxışları fərqli olduğundan, barışmaları mümkün deyildir. O, nikahın pozulması, övladının anasının himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək hər ay 175 manat miqdarında aliment ödəməyə razıdır. Belə ki, onun polis nəfəri kimi əmək haqqı ayda 550 manatdır və digər hər hansı bir gəliri yoxdur. Buna görə də, qarşılıqlı iddia tələbinin təmin edilərək İddiaçı ilə 01 noyabr 2016-cı il tarixində 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1831 nömrə ilə bağlanmış nikahın pozulması, ilkin iddia tələbinin qismən- övladları 02 may 2018-ci il təvəllüdlü X4 ilkin iddia üzrə İddiaçı himayəsində saxlanılması, 02 may 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay ondan 175 manat alimentin tutulması, ilkin iddia iddia tələbinin qalan hissədə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edib, ərizəsinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, o, nikahın pozulmasına razıdır. Lakin övladı qan azlığı xəstəliyindən əziyyət çəkir, bu xəstəlik genetik olaraq ondan keçmişdir, daima müayinə və müalicə tələb olunan xəstəlikdir və uşağı “Memorial Klinika”da müalicə olunur. Uşağın müayinə və müalicəsi ilə bağlı hazırda rəsmi sənədi yoxdur. Cavabdehin rəsmi gəlirinin nə qədər olmasını bilmir, onlar evli olduqları müddət ərzində cavabdeh bunu bildirməmişdir. Cavabdehin əlavə gəliri atasına məxsus şadlıq sarayı, mağaza və digər əmlaklarından əldə edilən vəsaitdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qismən qəbul edib, qarşılıqlı iddia ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq göstərdi ki, Cavabdeh polis işçisi olmaqla, aylıq gəliri 550 manat təşkil edir, o, sonuncunun bank hesabından çıxarışı məhkəməyə təqdim edir. İlkin iddianın qismən, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 159965 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 01 noyabr 2016-cı il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1831 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir; - AZ-İV seriyalı 128213 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 may 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Cavabdeh "xxxx" ASC-yə məxsus kart hesabından çıxarışdan görünür ki, onun aylıq əmək haqqı 550 manat həddindədir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 01 noyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 02 may 2018-ci il tarixdə Mirvari adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Tərəflər hazırkı vəziyyətdə nikahın pozulmasına razıdırlar. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi ilə qarşılıqlı iddia tələbi bir-biri ilə bağlı olduğundan həmin iddia tələblərinə birlikdə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tərəflərin hər ikisinin nikahın pozulmasına razı olmalarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, qarşılıqlı iddia təmin edilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş 02 may 2018-ci il təvəllüdlü X2 yanında qalması məsələsini müzakirə edib, həmin məsələyə ilkin iddia tələbinə münasibətdə qiymət verərək belə nəticəyə gəlir ki, həmin uşağın yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacları olması, ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğu, habelə atanın razılığı nəzərə alınmalı, ilkin iddia həmin hissədə təmin edilməklə uşaq ananın yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və ilkin iddia üzrə iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tutulması barədə qərar qəbul edilməlidir. Məhkəmə alimentin hansı məbləğdə tutulmalı olmasına gəldikdə qeyd edilənləri, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləğinin 175 manat müəyyən edilməsini, qarşılıqlı iddia üzrə iddiaçının yazılı razılıq ərizəsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ilkin iddia həmin hissədə qismən təmin edilməli, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləği 175 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Aliment almaq hüququ olan ilkin iddia üzrə iddiaçının belə bir ərizə ilə məhkəməyə 02 sentyabr 2021-ci il tarixdə müraciət etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə qanunvericiliyinin yuxarıda istinad olunan normasının mənasına görə, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı iki halda nəzərdə tutulmuşdur: birinci yetkinlik yaşına çatmamış ağır xəstə, şikəst olan uşaqlara; ikinci əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış uşaqlara. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş X5 yetkinlik yaşına çatmamışdır, iddiaçı iddia ərizəsində uşağın xəstə olduğunu qeyd etsə də, uşağın ağır xəstə, şikəst olmasını təsdiq edən sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bununla da, müəyyən olundu ki, ilkin iddia üzrə cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı ilkin iddia üzrə iddiaçının iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur. Sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilməli, Qasımova (Əliyeva) Ülviyyə Səyyar qızı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 01 noyabr 2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1831 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından 02 may 2018-ci il tarixdə doğulmuş X5 anası Qasımova (Əliyeva) Ülviyyə Səyyar qızının yanında qalmalı, Cavabdeh 02 sentyabr 2021-ci il tarixdən başlayaraq, 02 may 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub, Qasımova (Əliyeva) Ülviyyə Səyyar qızına ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tərəflər tələb etmədiyindən məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilsin. Qasımova (Əliyeva) Ülviyyə Səyyar qızı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 01 noyabr 2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1831 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 02 may 2018-ci il tarixdə doğulmuş X5 anası Qasımova (Əliyeva) Ülviyyə Səyyar qızının yanında qalsın. Cavabdeh 02 sentyabr 2021-ci il tarixdən başlayaraq, 02 may 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub, Qasımova (Əliyeva) Ülviyyə Səyyar qızına ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar