Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3912/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və boşdayanma vaxtına görə pul məbləğinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və boşdayanma vaxtına görə pul məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 fevral 2013-cü il tarixdən Cavabdeh MMC-də laborant vəzifəsində işləmiş və 700 (yeddi yüz) manat əmək haqqı almışdır. İşlədiyi ilk gündən əmək haqqının ödənilməsi ilə bağlı heç bir problem olmamışdır. Lakin, 2019-2020-ci illər ərzində əmək haqqının ödənilməsində problemlər yaranmağa başlamışdır. Belə ki, əmək haqqı bəzən hissə-hissə, bəzən az-az, bəzən isə ya kart ya da nağd pul ödəməklə aparılmışdır. Nəticədə ona 1631 (bir min altı yüz otuz bir manat, vergi tutulduqdan sonra) məbləğində pul ödənilməmişdir. Dəfələrlə əmək haqqının ödənilməsi ilə bağlı zavodun müdiriyyətinə şifahi və eyni zamanda 9 iyul 2021-ci il tarixdə yazılı (ərizə poçt vasitəsi ilə göndərilmişdir) müraciət etmiş olsa da, bu günədək heç bir ödəniş olmamışdır. Beləliklə, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirməmişdir. Bundan başqa, 2020-ci ilin dekabr ayından zavod dayanmışdır, istehsal olmadığı üçün isə işçilər buraxılmışlar. Cavabdehə bununla bağlı heç bir əmr verilməmiş, qanun çərçivəsində heç bir tədbir reallaşdırılmamışdır. 2021-ci ilin yanvar ayından fəhlə, sürücü və operatorlar işə çağırdıldığından, onlara işdə olmağa görə 50% əmək haqqı ödənilmişdir. Lakin istehsalatda işləyən labaratoriya işçiləri isə işə çağırılmadığından, əmək haqları ödənilməmişdir. O, hesab edir ki, ona da başqaları kimi boşdayanma vaxtına görə əmək haqqı 50% olmaqla 2020-ci ilin dekabr ayından iyul ayına kimi ödənilməlidir. Lakin, ona 03 may 2021-ci il tarixində ixtisara düşməyi haqqında xəbərdarlıq edilmişdir və 05 iyul 2021-ci il tarixində işdən azad edilmiş və 2 aylıq əmək haqqı ödənilmişdir. Qanunvericiliyin tələbinə əsasən, ona həmçinin boşdayanma səbəbilə 6 (altı) ay üçün əmək haqqının 50%i miqdarında olmaqla 2100 (iki min yüz) manat məbləğində pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, onun ödənilməmiş əmək haqqına görə 1.631 (bir min altı yüz otuz bir) manat və boşdayanma vaxtına görə 2.100 (iki min yüz) manat olmaqla, ümumilikdə 3.731 (üç min yeddi yüz otuz bir) manat məbləğində pulun, eyni zamanda dəymiş maddi və mənəvi zərərlə bağlı müvafiq kompensasiya məbləğinin hesablanaraq Cavabdeh MMCdən onun xeyrinə tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qismən qəbul edib, iddianın ödənilməmiş 1631 manat məbləğində əmək haqqının tutulması hissəsi ilə razı olduqlarını bildirdi və iddianın qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 01 fevral 2013-cü il tarixli, 09 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin müəssisədə 01 fevral 2013-cü il tarixdən 01 avqust 2013-cü il tarixədək 6 (altı) ay müddətinə “Laborant” vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin: 4.1-ci maddəsinə əsasən, işçiyə hər ay Azərbaycan Respublikasının qanunveriliciyinə və Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq olunmuş ştat cədvəlinə uyğun olaraq əmək haqqı ödənilir; 4.2-ci maddəsinə əsasən, əmək haqqı gələn ayın 5-ci günündən gec olmayaraq ayda bir dəfə verilir. -Cavabdeh MMC-nin direktorunun 01 fevral 2013-cü il tarixli, 09/K nömrəli əmrin və ИТ seriyalı, ******* saylı əmək kitabçasının surətlərindən görünür ki, əmrə əsasən İddiaçı 01 fevral 2013-cü il tarixdən “X3” MMC-yə laborant vəzifəsinə təyin edilmiş, əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi əmr edilmişdir; -03 may 2021-ci il tarixli xəbərdarlıq (bildiriş) məktubundan və ona əlavə edilmiş poçt qaiməsindən görünür ki, Cavabdeh MMC-nin Beton məmulatları zavodunun 2020-ci ilin noyabr ayından fəaliyyətinin zəifləməsi və hal-hazırda zavodda işlərin tam dayanması ilə əlaqədar cəmiyyətdə işçilərin ixtisar olunması və ştat sayının azaldılmasının məqsədəmüvafiq hesab edildiyi, bu səbəbdən də onun işçi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunması, onun ümumilikdə cəmiyyət də daxil olmaqla əmək stajının 15 (on beş) ildən artıq olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) əsasən on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi rəsmi xəbərdarlıq müddətinin nəzərdə tutulması, 03 may 2021-ci il tarixindən başlanan xəbərdarlıq müddətinin 05 iyul 2021-ci il tarixində başa çatacağı, bu müddət ərzində ona həftədə 1 gün olmaqla (həftənin 5-ci günü), cəmi 9 gün iş axtarmaq üçün vaxt veriləcəyi və həmin günlər onun əmək funksiyalarının icrasından azad olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir; -Cavabdeh MMC-yə ünvanlanmış 09 iyul 2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, İddiaçı ixtisara düşməyi ilə bağlı əmri aldığını və ona ödənilməli olan 1400 (bir min dörd yüz) manat məbləğində iki aylıq əmək haqqının ödənildiyini, bununla bağlı heç bir şikayət və tələbinin olmadığını MMC-yə bildirmiş, lakin, zavodun ona olan beş aylıq 50% ilə 5 ay üçün 1750 (bir min yeddi yüz əlli) manat qalan əmək haqqının ödənilməsini və Əmək Məcəlləsinin 167-ci maddəsinə əsasən işçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə, yəni 6 ay boşdayanmaya görə 2100 (iki min yüz) manat məbləğində pulun ona ödənilməsini MMC-dən xahiş etmişdir; -Cavabdeh MMC-nin direktorunun 05 iyul 2021-ci il tarixli, 51/K nömrəli əmrinin surətindən görünür ki, 05 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən Cavabdeh MMC-nin laborantı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən 15 ildən artıq stajı olduğuna görə orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 01 fevral 2013-cü il tarixdə Cavabdeh MMC ilə müqavilə bağlayaraq həmin cəmiyyətdə laborant vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMC-nin Beton məmulatları zavodunun 2020-ci ilin noyabr ayından fəaliyyətinin zəifləməsi və zavodda işlərin tam dayanması ilə əlaqədar cəmiyyətdə işçilərin ixtisar olunması və ştat sayının azaldılması məqsədəmüvafiq hesab edilərək, iddiaçının işçi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunması qərara alınmış və o, 05 iyul 2021-ci il tarixdə cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün işdən azad edilmişdir. Hazırda iddiaçı, onun ödənilməmiş əmək haqqına görə 1.631 manat və boşdayanma vaxtına görə 6 (altı) ay üçün əmək haqqının 50%-i miqdarında 2.100 manat olmaqla, ümumilikdə 3.731 manat məbləğində pulun, eyni zamanda dəymiş maddi və mənəvi zərərlə bağlı müvafiq kompensasiya məbləğinin hesablanaraq Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “d” və “x” bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüquqları vardır; 12-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri də əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq, iddiaçının tələbinin məhz “ödənilməmiş əmək haqqına görə 1631 (bir min altı yüz otuz bir) manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə şirkətin qeyd olunan məbləği iddiaçıya ödəməli olduğunu etiraf edir, ona görə iddiaçının irəli sürdüyü tələb həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 167-ci maddəsinə əsasən işçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə, faktik olaraq yerinə yetirilmiş iş üçün haqq verilir. Bu halda aylıq əmək haqqı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır; 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin faktiki hallarını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “boşdayanma vaxtına görə 2.100 (iki min yüz) manat məbləğin pulun tutulması” hissəsində əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddianın həmin hissədə təmin edilməməsi barədə göstərdiklərinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin Beton məmulatları zavodu 2020-ci ilin dekabr ayından fəaliyyətini dayandırmış, istehsalat olmadığı üçün işçilər, o cümlədən cavabdeh buraxılmış, bununla bağlı sonuncu barəsində hər hansısa bir əmr verilməmişdir, cavabdeh tərəf isə iddianın dəlillərini təkzib etsə də, bunun əksini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Belə olan halda, məhkəmə iddia tələbinin “dəymiş maddi və mənəvi zərərlə bağlı müvafiq kompensasiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ödənilməmiş əmək haqqının əvəzi qismində 1631 (min altı yüz otuz bir) manat və boşdayanma vaxtına görə 2100 (iki min yüz) manat olmaqla, cəmi 3731 (üç min yeddi yüz otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ödənilməmiş əmək haqqının əvəzi qismində 1631 (min altı yüz otuz bir) manat və boşdayanma vaxtına görə 2100 (iki min yüz) manat olmaqla, cəmi 3731 (üç min yeddi yüz otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3912/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3912/2021
15.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver