Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3981/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı '‘Galaktika HH” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Hospitala qarşı “göstərilmiş xidmətin haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi : 1.İddiaçı MMC cavabdeh “X3” Hospitala qarşı “göstərilmiş xidmətin haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 20-21 sentyabr 2025-ci il tarixlərində İddiaçı tərəfindən “X3 Hospital” üçün göstərilmiş xidmətin dəyəri olan 800 (səkkiz yüz) manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsinin təmin edilməsi, əvvəlcədən planlı (şüurlu) şəkildə iddiaçıya qarşı dələduzluq edilərək cavabdeh tərəfindən iddiaçının mənəvi hüquqları pozulduğu üçün 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi və iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, '‘Galaktika HH” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən xx.xx.2025-ci il tarixli, 13/2025 saylı məktubla “X3” Hospitala məişət tullantılarının daşınması üzrə əməkdaşlıq barədə müraciət olunmuşdur. Müraciətdən sonra “X3” Hospitalın əməkdaşı X1 (əlaqə telefonu: *** *** ** **) ilə aparılan danışıqlarda o, qeyri-məişət tullantılarının (inşaat tullantılarının və kəsilmiş ağac tullantılarının) daşınması ilə bağlı ciddi problemlərinin olduğunu və bu daşınmanın müqaviləsiz şəkildə həyata keçirilməsini istədiyini bildirmişdir. Qanuni və korporativ maraqlarını nəzərə alaraq İddiaçı MMC tərəfindən müqaviləsiz xidmət göstərməkdən qəti surətdə imtina edilmişdir. Bununla yanaşı, onlar tərəfindən xüsusi korporativ maraqlar çərçivəsində yalnız məişət tullantılarının maya dəyərinə daşınması barədə təklif irəli sürülmüşdür. Lakin Birsen xanım təkrarən müqaviləsiz xidmət göstərilməsini tələb etmiş və bu tələbin də təminindən imtina olunmuşdur. Danışıqlar zamanı dəfələrlə qeyd olunmuşdur ki, “Galaktika HH" MMC heç bir xidməti müqaviləsiz və ödənişsiz göstərmir. Buna baxmayaraq, sonrakı günlərdə klinikanın digər əməkdaşı Ülvi müəllim onlarla əlaqə saxlayaraq, qeyri-məişət tullantılarının (inşaat tullantılarının) və kəsilmiş ağac doğrantılarının daşınması məsələsində yardım göstərməklərini, işlədiyi müəssisədə vəziyyətinin pis olduğunu, tullantıların müqaviləsiz və ödənişsiz daşınmasını xahiş etmişdir. Sözügedən şəxs ilkin olaraq şəxsi qaydada xahiş etmiş, qeyri-məişət tullantıları (kəsilmiş iri həcmli ağaclar, inşaat tullantıları) ilə bağlı problemlərini dilə gətirmiş, lakin Cəmiyyət bu tələbi də rədd etmişdir. Ülvi müəllimə bildirilmişdir ki, müəssisələr arasında müqavilə bağlanan kimi köməklik göstəriləcəkdir. Şifahi söhbət zamanı, X2 müəllimə bildirmişdir ki, sabah Birsen xanım onlarla müqavilə bağlamaqdan imtina edəcək, göstərilən xidmətin pulunu heç kim ödəməyəcək və birinci növbədə Ülvi müəllim özü bildirəcəkdir ki, əvvəlcə müqavilə bağlayardınız. Onlar tərəfdən Ülvi müəllimə (əlaqə telefonu: *** *** ** **) tövsiyə edilmişdir ki, “X3” Klinikası bu xidmət üçün mövcud müqaviləsi olan “Təmiz Bakı City" MMC-yə müraciət etsin və həmin şirkət bu xidməti göstərsin. Danışıqlar getdiyi zaman Birsen xanım və Ülvi müəllim Əfqan Həsənova zəng edərək xahiş etmişlər ki, müqavilənin yazılı variantını “X3” Hospitalın maliyyə şöbəsinin məsul şəxsi olan Araz Əliyeva (əlaqə telefonu: *** *** ** **) təqdim edsin. Bunu o səbəbdən etmişlər ki, onların şirkətini yalandan inandırsınlar ki, guya onlarla müqavilə bağlamaq fikrindədirlər. Lakin iki gündən sonra Ülvi müəllim onlara yenidən zəng edərək bildirmişdir ki, Birsen xanım onlarla müqavilə bağlamağa razılıq vermiş, göndərdikləri müqavilə şərtlərini qəbul etmiş və sənədi imza hüququ olan klinikanın maddi məsul şəxsinə təqdim etmişdir. Onun sözlərinə görə, müqavilə iki gün ərzində imzalanaraq onlara təqdim ediləcək və Birsen xanımın tapşırığı ilə 20 sentyabrdan gec olmamaq şərti ilə qeyri-məişət tullantıları (inşaat tullantıları) və ağac doğrantıları onlar tərəfindən daşınmalıdır. Onlar isə cavab vermişlər ki, ağacların daşınması üçün ilkin növbədə onların Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq razılıq və icazə sənədləri təqdim olunmalıdır. 18, 19 və 20 sentyabr tarixlərində Ülvi müəllim və Birsen xanım tərəfindən İddiaçı MMC-dən dəfələrlə qeyri-məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi tələb edilmişdir. 19 sentyabr tarixində təxminən səhər saat 10 radələrində Ülvi müəllim yenidən zəng edərək bildirmişdir ki, Birsen xanım müqavilənin şərtlərini qəbul etmiş və müqavilə rəhbər şəxsə imzalanmaq üçün təqdim olunmuşdur. Həmin gün saat 16:30 radələrində Birsen xanımın köməkçisi Salatın xanım (əlaqə telefonu: *** *** ** **) ilə əlaqə saxladıqda isə məlum olmuşdur ki, 4 gündür müqavilə layihəsini Birsen xanımın elektron ünvanına (mailto:birsen.cinararslan@livhospital.comElektron ünvan ) göndərmişlər, lakin heç bir cavab verilməmişdir. Salatın xanım qeyd etmişdir ki, o, hal-hazırda Birsen xanımın otağındadır və müqaviləni birlikdə incələyirlər, Birsen xanım üçün müqaviləni Türk dilinə tərcümə edərək ona izah edir. Bu necə mümkündür ki, Birsen xanım hələ indi müqaviləni oxuduğu halda ondan 8 saat əvvəl Ülvi müəllim bildirmişdir ki, Birsen xanım müqaviləni oxuyub və razıdır? Beləliklə, aydın olmuşdur ki, Ülvi müəllim onlara yalan məlumatlar bildirir. 20 sentyabr tarixində təxminən günorta saatlarında Salatın xanım tərəfdən onlara zəng edilərək narazılıq bildirilmişdir ki, Ülvi müəllim dəfələrlə zəng edir və biz zəngə cavab vermir. Onlar tərəfdən bildirilmişdir ki, Ülvi müəllimin zənglərinə ona görə cavab verilmir ki, onun dedikləri ilə Salatın xanımın dedikləri üst-üstə düşmür, tərəfindən yalnız həqiqətə uyğun olmayan məlumatlar verilir. Daha sonra Salatın xanım xahiş etmişdir ki, telefonda gözləyək, özü Birsen xanımla danışıb cavab versin. Təxminən 3 dəqiqədən sonra Salatın xanım zəng edərək bildirmişdir ki, Birsen xanım müqavilənin şərtlərini qəbul edir, sənəd imzalanmaq üçün verilib və 2 gün ərzində müqavilə imzalanmış şəkildə bizə təqdim olunacaq. Həmin zəngdə qeyd olunmuşdur ki, mövcud gündə xidmət göstərən məişət tullantısı şirkəti "xxxx" MMC-yə artıq email vasitəsi ilə Birsen xanım tərəfdən məktub göndərilmiş və müqavilənin dayandırılması üçün müraciət olunmuşdur. Telefon danışığı zamanı biz Birsen xanımın səsini eşitmişlər, bu səbəbdən Salatın xanımın sözlərinə etibar etmişlər. Bundan sonra onlar nəqliyyat vasitələrini xidmət üçün klinikaya göndərmişlər. Bir reys inşaat tullantısı daşındıqdan sonra Ülvi müəllim kəsilmiş ağacların da daşınmasını tələb etmişdir. Lakin işçiləri bildirmişlər ki, polis nəzarəti zamanı bu qanunsuz ağac kəsmə kimi qiymətləndirilə bilər və buna görə cinayət məsuliyyəti yarana bilər. Ülvi müəllim guya icazə sənədini əməkdaşları olan Əfqan Həsənova göstərdiyini bildirmiş, lakin əslində heç bir sənəd təqdim edilməmişdir. İşçiləri isə onun sözlərinə inanaraq, guya Əfqan Həsənov tərəfincən razılıq verildiyini düşünmüşlər, halbuki həmin vaxt Əfqan Həsənov həmin yerdə olmamışdır. İkinci reysdə isə həmin doğranmış ağaclar onlar tərəfindən daşınmışdır. 20 sentyabr (təxminən 14:00-dan sonra) və 21 sentyabr (təxminən 10:00-dan sonra) 2025-ci il tarixlərində İddiaçı rəhbərliyi və təşkilatçılığı əsasında “X3 Hospital” klinikasının ərazisindən (Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov, 2) **-JV-*** dövlət qeydiyyat nişanlı QAZ 3302-750 markalı yük avtomobili vasitəsi ilə və 2 (iki) fəhlə ilə birlikdə əl gücü ilə ümumilikdə 4 reys həyata keçirilmiş və təxminən 40 kub.metr həcmində qeyri-məişət tullantısı (inşaat tullantısı) və kəsilmiş iri həmeli ağac doğrantıları daşınmışdır. Əgər Birsen xanım müqavilə şərtlərindən narazı idisə və onları qəbul etmirdisə, nə üçün bunu dərhal bildirməmiş, bütün xidmətlər tam göstərildikdən sonra etirazını dilə gətirmişdir? Əvvəlcə bütün şərtlərin qəbul olunduğunu söyləyərək onların işlərin görülməsinə cəlb edib, işlər tam yerinə yetirildikdən sonra müqavilənin qəbul edilmədiyini bəyan etmək onların etibardan sui-istifadə etmək deməkdir. 20-21 sentyabr tarixlərində İddiaçı MMC-yə yalan məlumat verilməklə “müqavilə hazırdır” bəhanəsi altında xidmət göstərməyə məcbur edilmişlər və 2 gün ərzində klinika onların xidmətlərindən faktiki olaraq tam istifadə etmişdir. 23 sentyabrda Salatın xanım zəng edərək bildirmişdir ki, Birsen xanım müqaviləni onların elektron ünvanlarına geri göndərmiş, orada göstərilən şərtlərlə razı olmadığını və həmin maddələrin müqavilədən çıxarılmasını tələb etmişdir. Həmin an Əfqan Həsənov tərəfindən xahiş olunmuşdur ki, Birsen xanımla görüş təşkil edilsin. Bundan sonra onlar Birsen xanımla şəxsən görüşmək istəmişlər. Salatın xanım bildirmişdir ki, Birsen xanım 23 sentyabrda saat 15:00-da klinikada onları qəbul edəcəkdir. Lakin saat yarım gözləməklərinə baxmayaraq, Birsen xanım görüşə gəlməmiş, onun əvəzinə Ülvi müəllim gələrək Birsen xanımın müqavilə şərtlərində dəyişiklik tələb etdiyini söyləmişdir. Həmçinin əlavə etmişdir ki, Birsen xanım istəsə belə, ən azı 2 ay müddətində onlarla heç bir müqavilə bağlana bilməz, çünki imza səlahiyyəti olan şəxs Bakıda deyildir. Bu məlumat isə əvvəlki açıqlamalarla ziddiyyət təşkil edir. Beləliklə, əvvəlcə müqavilə şərtlərinin qəbul olunduğu və iki gün ərzində imzalanaraq bizə təqdim ediləcəyi bildirilmiş, sonradan isə əksinə, müqavilənin imzalanmasından imtina edilmişdir. Müzakirə zamanı biz yalnız iki dəyişikliyi qəbul etmiş, digər dəyişiklikdən (“Bu müqaviləyə yalnız tərəflərin yazılı surətdə əldə etdikləri razılığa əsasən və ya məhkəmə qaydasında xitam verilə bilər” bəndinin silinməsindən) imtina etmişlər. Çünki İddiaçı MMC-nin bütün müqavilələri Azərbaycan Respublikasının qanunvericiliyi əsasında bağlanılır və bütün mübahisəli məsələlər yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmələr və hüquq mühafizə orqanları vasitəsi ilə həll edilir. Onların təmsil etdikləri şirkət Azərbaycan Respublikası qanunvericiliyindən kənar heç bir müqaviləyə imza atmır Beləliklə, dəfələrlə elektron məktublar göndərməklərinə və Salatın xanımla danışmaqlarına baxmayaraq, Birsen xanımla görüş təmin edilməmişdir. 20 sentyabr tarixində onları aldadaraq, guya müqavilə hazırdır adı altında xidmətə başlamaqlarına səbəb olmuş və iki gün ərzində xidmətlərindən tam istifadə edilmişdir. Xatırladırıq ki, 20-21 sentyabr tarixlərində 4 reys qeyri-məişət tullantısı (inşaat tullantısı və ağac doğrantıları) daşındıqdan sonra, hətta səhər saatlarında əməkdaşımıza zəng edilərək əlavə bir reysin də həyata keçirilməsi tələb olunmuşdur. 30 sentyabr 2025-ci il tarixində “X3” Klinikasında, Əfqan Həsənov, Birsen xanım və Ülvi müəllim arasında, Birsen xanımın kabinetində keçirilmiş üzbəüz görüş zamanı Birsen xanım bildirmişdir ki. müqaviləni imzalamaq səlahiyyəti olan rəhbər şəxs Türkiyədə COVİD xəstəliyinə yoluxmuş, dünən geri qayıtmışdır və sabah işə çıxacağı üçün müqavilə yalnız iki gün ərzində imzalanaraq təqdim edilə biləcəkdir. 11 oktyabr 2025ci il tarixində saat 17:00 radələrində Birsen xanım Əfqan Həsənovla olan telefon danışığında bildirmişdir ki, əvvəlki sözlərdən imtina etmiş və müqavilənin bağlanmasına söz verməmişdir. İddia etmişdir ki, onların onlara göstərdikləri xidmət yalnız onların xahişi ilə təmənnasız kömək kimi həyata keçirilmişdir. Lakin qeyd olunmalıdır ki, bu iddia tamamilə əsassızdır, çünki belə bir sözləşməyə İddiaçı MMC-nin heç bir nümayəndəsi tərəfindən heç vaxt razılıq verilməmişdir. Beləliklə anlaşılan odur ki, Birsen xanım və Ülvi müəllim şirkətlərin etibarından sui- istifadə edərək şirkətlərə çatmalı pulu ödəməkdən imtina edirlər və işçilərin pulunu mənimsəyirlər. Bütün bu danışıqlar zamanı Birsen xanıma biz qəti şəkildə bildirmişdik ki, müqavilə olmadığı halda, dəyəri ödənilməsə, heç bir xidmət göstərmirik. Xidmətimizin keyfiyyətini sübut etməyə ehtiyac yoxdur. Qətiyyətlə bildiririk ki, İddiaçı MMC X3 Klinikası ilə əməkdaşlıq etmək üçün müraciət edərkən hər hansı maddi məhrumiyyət acından) və ya işsizlik səbəbindən yardım üçün müraciət etməmişdir. Onlara sadəcə öz rəsmi əməkdaşlıq təklif edilmiş, maya dəyərinə xidmət göstərməyə razı olduqları bildirmişdir. Telefon danışıqları zamanı Əfqan Həsənov tərəfindən Ülvi müəllim və Birsen xanıma bildirilmişdir ki, onların törətdikləri qanunazidd hərəkətlər ilə bağlı Azərbaycan Respublikasının ali rəhbər orqanlarına və Daxili İşlər Nazirliyinə rəsmi müraciət ediləcəkdir. Lakin cavab olaraq, Birsen xanım və Ülvi müəllim bu xəbərdarlığı etinasızlıqla qarşılayaraq “kimə istəyirsiniz, gedin deyin” şəklində münasibət bildirmişlər. Şirkətlərinin əməkdaşları tərəfindən göstərilən xidmət çərçivəsində bütün işlər vicdanla və vaxtında yerinə yetirilmiş, lakin qarşı tərəf “X3” Hospitalının vəzifəli şəxsləri əvvəlcədən məqsədli şəkildə aldadıcı davranış sərgiləyərək görülən işin qarşılığında ödəniş etməmək niyyəti ilə hərəkət etmişlər. Qeyd etmək lazımdır ki, məişət tullantılarının daşınması xüsusi təyinatlı kommunal nəqliyyat vasitələri ilə həyata keçirilir. Qeyri-məişət tullantılarının daşınması isə texniki xüsusiyyətlərinə görə yalnız özüboşaldan (samosval tipli) nəqliyyat vasitəsi ilə mümkündür. Çünki qeyri-məişət tullantıları iri həcmli, ağır və preslənməsi mümkün olmayan qabaritli materiallardan ibarət olur. Qeyri-məişət tullantılarının daşınması prosesində, məişət tullantılarından fərqli olaraq, əlavə (ən azı iki) fəhlə qüvvəsindən istifadə zərurəti yaranır və bu, xidmətin icrası zamanı daha çox əmək, vaxt, fiziki resurs və texniki vasitə sərf edilməsini tələb edir. Bu səbəbdən, qeyri-məişət tullantılarının daşınması üzrə xidmətin dəyəri, məişət tullantılarının daşınması üzrə tariflə eyni qaydada müəyyən edilə bilməz və onun qiyməti daha yüksək əməyin, vaxtın, texniki resursun və fiziki yükün sərf olunması ilə mütənasib şəkildə müəyyənləşdirilməlidir. “X3 Hospital” tərəfindən İddiaçı MMC-yə qarşı qeyri-peşəkar və məsuliyyətsiz münasibət nəticəsində Cəmiyyətin işçiləri uzunmüddətli psixoloji gərginlik və əsəb pozğunluğu yaşamışdır. Xidmətlər tam yerinə yetirildikdən sonra cavabdeh tərəf tərəfindən müxtəlif bəhanələrlə müqavilənin bağlanması və xidmət haqqının ödənilməsi, məqsədli şəkildə yubadılmış, bu da qarşı tərəfi dəfələrlə aldadılaraq “müqavilə sabah bağlanacaq" vədləri ilə ümidə salmışdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfdən müqaviləyə imza atmalı şəxs həmin dövrdə ölkə hüdudlarından kənarda olduğundan, əvvəlcədən müqavilənin bağlanması faktiki mümkün olmamışdır. Buna baxmayaraq, cavabdeh tərəf bu halı bilərəkdən gizlətmiş, “Galaktika HH" MMC-ni işlərin görülməsinə cəlb etmiş, nəticədə xidmətlərdən istifadə etmiş, lakin müqabilində ödənişi həyata keçirməmişdir. Bu cür davranış sübut edir ki, “X3” Hospitalının vəzifəli şəxsləri onlara edilmiş etibardan istifadə edərək, əvvəlcədən məqsədli və planlı şəkildə aldadıcı davranış sərgiləyərək, İddiaçı tərəfindən göstərilmiş xidmətin qarşılığında ödəniş etməmək niyyəti ilə hərəkət etmişlər (məqsəd, xidmətdən pulsuz istifadə etmək olmuşdur). Bu, təkcə kommersiya etikasına deyil, həm də Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş dürüstlük və vicdanlı davranış prinsiplərinə ziddir. Cavabdeh tərəfin bu hərəkətləri nəticəsində uzun illərdən bəri şəkər, ürək və sinir sistemi xəstəliklərindən əziyyət çəkən iddiaçının nümayəndəsi Əfqan Həsənov ciddi mənəvi zərbə almış, dəfələrlə əsəb gərginliyi keçirmiş, ürək tutmaları keçirmiş, səhhəti və ümumi psixoloji vəziyyəti daha da pisləşmişdir. Yuxarıda göstərilən hallar nəzərə alınaraq, iddiaçıya vurulmuş mənəvi zərərin kompensasiyası məqsədilə həmçinin 1000 (bir min) manat məbləğində mənəvi təzminatın cavabdehdən tutulması xahiş edilmişdir.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
4. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
5. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
6. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
8. İşin mübahsiəsiz halı odur ki, hazırki mülki iş üzrə mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir.
10. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin hər bir tərəfi kommersiya hüquqi şəxsi olub, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması şübhə doğurmur. Tərəflər arasında yaranmış mübahisə isə iddiaçı tərəfindən iddia ərizəsinin əsaslandırılmasına əsasən xidmət göstərilməsinə dair müqavilə münasibətlərindən irəli gəldiyi müəyyən edilmişdir.
11. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hazırki mübahisə müqavilə münasibətlərindən irəli gələn mahiyyət etibarı ilə iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki mübahisəyə tətbiq edilən maddi hüquq normaları sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan hazırki iddiaya ümumi məhkəmədə baxıla bilməz.
12. Mülki prossesual qanunvericiliyə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı '‘Galaktika HH” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3 Hospital” MMC-yə qarşı qaldırılmış iddia müqavilə münasibətlərindən irəli gələn iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki iddiaya ümumi məhkəmədə baxıla bilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
14. İddiaçıya hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
15. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Ödəyici: '‘Galaktika HH” MMC VÖEN **********; qəbzin nömrəsi:**********; tarix: xx.xx.2025, saat: 13:03) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı '‘Galaktika HH” MMC-nin cavabdeh "X3 Hospital" MMC-yə qarşı “göstərilmiş xidmətin haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Ödəyici: '‘Galaktika HH”,MMC VÖEN **********; qəbzin nömrəsi:**********; tarix: xx.xx.2025, saat: 13:03 dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva