Məhkəmə qərarları › İş №2(007)-401/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-401/2022

19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-401/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh Alı qızının iştirakı ilə, İddiaçı Cavabdeh Alı qızına qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Alı qızına qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Alı qızından birgə nikahlarından olan 23.03.2009-cu il təvəllüdlü X7 və 02.02.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Alı qızı ilə nikahda olmuşdur. Nikahları pozulduqdan sonra birgə nikahlarından olan 23.03.2009-cu il təvəllüdlü X9 və 02.02.2012-ci il təvəllüdlü X11 və 24.09.2013-cü il təvəllüdlü X5 cavabdehin yanında saxlanılmışdır. Cavabdeh övladları ilə maraqlanmır, yüksək gəlirləri olduğu halda övladlarının saxlanılmasında ona köməklik etmir. O, cavabdehə iki uşağın saxlanılması üçün aliment ödəyir. Buna görə də azyaşlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, hazırda məhkəmə qərarlarına əsasən 23.03.2009-cu il təvəllüdlü X9 və 02.02.2012-ci il təvəllüdlü X11 onun himayəsinə verilmişdir. O, 24.09.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehə hər ay 100 manat aliment ödəyir. İşləmir, maddi vəziyyəti aşağıdır, uşaqların saxlanılmasında çətinlik çəkir. Aralarında köhnə aliment borcları ilə bağlı razılıq olsa da cavabdeh aliment borcunu yenidən ondan tələb edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməməsini, iddiaçının topaz işlətməsini, yüksək gəlirlərinin olmasını, 24.09.2013-cü il təvəllüdlü X4 onun yanında saxlanılmasını, iddiaçıdan həmin uşağa görə 80 manat aliment tutulmasını bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 325217 saylı 07.05.2019-cu il tarixli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Alı qızı arasında 27.08.2008-ci il tarixdə bağlanılmış nikahları pozulmuşdur. - Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli 2(023)-1028\2019 saylı qətnaməsinin sutərindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 27.08.2008-ci il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından dünyaya gəlmiş 23.03.2009-cu il təvəllüdlü X9, 02.02.2012-ci il təvəllüdlü X11 və 24.09.2013-cü il təvəllüdlü X2 Ayşən Alı qızının yanında saxlanılmış, hər uşağa görə İddiaçı 80 manat alimentin tutulması müəyyən olunmuşdur. - Qazax rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(023)-632\2019 saylı qətnaməsinin sutərindən görünür ki, 23.03.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək atası İddiaçı himayəsində saxlanılması qət edilmişdir - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli 2(007)-1612\2021 saylı qətnaməsinin sutərindən görünür ki, 02.02.2012-ci il təvəllüdlü X13 oğlunun İddiaçı himayəsində saxlanılması qət edilmişdir - Bakı Apellyasiya Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(103)-2641\2021 saylı qətnaməsinin sutərindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli 2(023)-1028\2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilmiş 02.02.2012-ci il təvəllüdlü X11 və 24.09.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. - 15.11.2021-ci il tarixli MŞ 2***-*******1 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 27.08.2008-ci il tarixli nikah pozulmuş, hazırda tərəflərin birgə nikahlarından dünyaya gəlmiş 23.03.2009-cu il təvəllüdlü X9 və 02.02.2012-ci il təvəllüdlü X11 iddiaçının, 24.09.2013-cü il təvəllüdlü X5 isə Cavabdeh yanında saxlanılmış, X6 24.09.2013-cü il təvəllüdlü X1 üçün hər ay X6 100 manat sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış 23.03.2009-cu il təvəllüdlü X9 və 02.02.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Alı qızından hər ay hər uşağa görə 175 manat olmaqla 350 manat məbləğində aliment tutlması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edir ki, uşaqlar üçün yaşayış minimunun ölkə üzrə 2022-ci il üçün 193 manat müəyyən edilməsi, bir uşaq üçün ölkə üzrə həmin il üzrə minimal məbləği ehtiva etməklə alimentin sırf bu məbləğdə təyin edilməsini mənasına gəlmir. İddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 350 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə, 23.03.2009cu il təvəllüdlü X9 və 02.02.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə cavabdehdən tutulan aliment məbləğinin hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 19 noyabr 2021-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Alı qızından 23.03.2009-cu il təvəllüdlü X9 və 02.02.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulmalı iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci bəndinə görə Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 9.1-1.-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı əsas tələb olan “nikahın pozulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 50 manat məbləğində mediasiya xərci çəkilmiş, o, iddia tələbi üzrə aliment ödəməkdən azad olduğu üçün 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23.03.2009-cu il təvəllüdlü X7 və 02.02.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 50 manat vəsait tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar