Məhkəmə qərarları › İş №2(007)-409/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-409/2023

11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-409/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 27 aprel 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan bir övladı var. X5 06 sentyabr 2022-ci ildə anadan olmuşdur. Uşaq anadan olandan cavabdeh onunla heç maraqlanmır, madd yardım göstərmir. Uşaq onun himayəsindədir. Uşağın normal saxlanması üçün normal vəsait lazımdır. Buna görə də, rəsmi olaraq cavabdehdən uşağın saxlanması üçün aliment tələb edir. Cavabdeh musiqi ilə məşğul olur, tanınmış müğənnilərlə toylara gedir. Qeyd edilənlərə əsasən yetkinlik yaşına çatmamış 06 sentyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 500 manat alimentin və 06 sentyabr 2022-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat yardım alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı X1in iddia tələbini qismən qəbul edir. Bildirir ki, o, ailə münasibətlərini pozulduğundan 6 aydan çoxdur ki, iddiaçı ilə ayrı yaşayır. O, iddiaçı ilə ayrı yaşasa da, bilir ki, bir valideyn olaraq uşağın saxlanılması onun borcudur. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmədən öncə də o, ayda əlinə pul düşəndə uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik etmiş, ona pul göndərmişdir. O, rəsmi heç yerdə işləmir, daimi gəliri yoxdur. Lakin imkanı olan kimi iddiaçıya yardım etmişdir. İddiaçı da bir ana olaraq, uşağın qayğısına qalmalıdır. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və sair sahələrdə zəruri ehtiyacları təmin etmək daxildir. Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ailə Məcəlləsində qeyd edilir ki, valideynlik hüquqları heç bir halda uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Yəni, valideynlər uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verməməlidir. Çünki onlar öz uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqların keyfiyyətli təhsil alması, vətəninə layiqli vətəndaş kimi yetişməsi, şagirdlərin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması prioritet hədəflər kimi qəbul edilmişdir. O, ata olaraq aliment ödəməyə razıydır. Lakin onun gəliri daimi deyil və rəsmi heç yerdə işləmir. O, hər ay uşağa görə 170 manat aliment tutulmasına razıdır və həmin məbləği ödəyə bilər. Həmçinin, bildirir ki, onun valideynlik borcu olaraq, maddiyatı artarsa, o, məhkəmə tərəfindən tutulan məbləğdən də artıq uşağın saxlanması üşün pul ödəyəcək və maddi yardım göstərəcəkdir. Hal-hazırda 170 manat alimentin tutulmasına etiraz etmir, onun imkanı ancaq bu məqləqdə ödəniş etməyə çatır. Qeyd edilənlərə əsasən məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və hər ay uşağa görə 170 manat alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən istifadəsində olan mobil nömrəsinə sms bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 428811 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 27 aprel 20221-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 64 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Əzizova soyadı verilmişdir; - AZ-İV seriyalı 779138 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 sentyabr 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Cavabdeh tərəfindən məhkəməyə ödənişlərə dair qəbzlər təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahlarından 06 sentyabr 2022-ci il tarixdə X6 doğulmuşdur. Tərəflər hazırda bir yerdə yaşamırlar. İddiaçı qeyd edir ki, cavabdeh uşağın saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və iddiaçının onun himayəsində yaşayan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini nəzərə alaraq, habelə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər ay uşağa görə 500 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, cavabdehin etirazını nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay 500 manat alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və uşaq üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Belə ki, tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş uşağın üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır və belə qənaətə gəlir ki, uşağın üç yaşına çatanadək 100 manat aliment tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməli və 18 sentyabr 2020-ci il tarixdə doğulmuş X6 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 14 noyabr 2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14 noyabr 2022-ci il tarixdən başlayaraq, 06 sentyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, Cavabdeh 14 noyabr 2022-ci il tarixdən başlayaraq, 06 sentyabr 2022-ci il təvəllüdlü X3 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14 noyabr 2022-ci il tarixdən başlayaraq, 06 sentyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh 14 noyabr 2022-ci il tarixdən başlayaraq, 06 sentyabr 2022-ci il təvəllüdlü X3 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində aliment tutulub, İddiaçı verilsin. Məhkəmə xərcləri dövlət büdcəisnə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar