Məhkəmə qərarları › İş №2(007)-4205/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4205/2021

11.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4205/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili- “Ədalət” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqavilələrinin və borcun etirafına dair sənədlərin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqavilələrinin və borcun etirafına dair sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı qismində ona qarşı “pul tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, qonşu kimi pis vəziyyətdə olduğunu nəzərə alaraq ona, 2019-cu ildən müxtəlif vaxtlarda 1000-2000 manat borc pul vermişdir. 2020-ci ilin fevral ayında növbəti dəfə pul istədikdə borclarının çox olduğunu bildirərək aldığı məbləğə dair öz xətti ilə yazılı surətdə borcunu etiraf etməsini istəmişdir. O da, ərizə yazaraq fevral ayında ondan ümumilikdə 28.420 manat borc pul aldığını və həmin məbləği 2020-ci ilin sentyabr ayınadək qaytaracağına dair məktub yazmışdır. Cavabdeh həmin iddia ərizəsinə eyni zamanda 3 ədəd ayrı-ayrı kredit müqaviləsi əlavə edib, guya ona cəmi 44.901 manat borclu olduğunu bildirərək qeyd edilən məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia ərizəsinin baxılması məhkəmənin hakimi Fikrət Mirzəyevin icraatındadır. Cavabdeh iddia ərizəsinə qarşı qarşılıqlı iddia ilə müraciəti məhkəmənin 2(007)-1351/2021 saylı 25 iyun 2021-ci il tarixli qərardadı ilə icraata qəbulundan imtina edilərək ona, ümumi əsaslarla məhkəməyə yenidən müraciət edə biləcəyi izah edilmişdir. Ona görə də, Cavabdeh qarşı onun borcun etirafına dair sənədin və sonuncu iki kredit müqavilələrinin ləğv edilməsinə dair məhkəməyə müraciət edərək bildirir ki, Cavabdeh yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsində faizlə borca pul verən şəxs kimi tanınır. Ailə vəziyyəti ilə əlaqədar olaraq Cavabdeh faizlə pul verdiyini bildiyinə görə, ondan borc pul istəmişdir və aylıq 30%-dən ödəməklə razılaşmışlar. Bakı şəhəri 15 saylı notariat ofisində 19 may 2020-ci il tarixdə 4000 manat borc almağına dair kredit müqaviləsi bağlamışlar. Həmin puldan hər ayı 30% olmaqla 2 ay üçün 2400 manat qaytarmışdır, 1600 manat borcu qalmışdır. Bakı şəhəri 30 saylı notariat ofisində yenidən 10 iyul 2020-ci il tarixdə 3000 manat borc almağına dair kredit müqaviləsi bağlamışlar. Həmin puldan hər ayı 30% olmaqla 1 ay üçün 900 manat qaytarmışdır, 2100 manat borcu qalmışdır. Bakı şəhəri 20 saylı notariat ofisində təkrarən 07 avqust 2020-ci il tarixdə 4500 manat borc almağına dair kredit müqaviləsi bağlamışlar. Həmin puldan hər ayı 30% olmaqla 2 ay üçün 2700 manat, sonra isə 2000 manat qaytarmışdır, borcu qalmamışdır. Sonuncu kredit müqaviləsində yazılan qeyddən təsdiq edilir ki, borc 30%-lə verilmişdir. Belə ki, orada göstərilmişdir ki, “bu pulun 2000 manatı İlahənin pulu idi, onu da verdim - 600 manat faiz idi, 250 manat kartı verdim faizini çıxdı - 11.09.2020-ci ildə qaldı 250 manatı. 08.09.2020-ci il Zərifə xalaya 2100 man. verdim. Mən Nuridə verdim imza-Zərifə xala aldı imza.”. Müqavilənin axrında icra edilən imza Cavabdeh anasına məxsusdur. Axrıncı kredit müqaviləsini bağlayandan bir ay sonra 08 sentyabr 2020-ci il tarixdə Cavabdeh hər üç kredit müqavilələri üzrə borc və faizləri birləşdirərək cəmi 28.420 manat yığıldığını bildirərək, hədə-qorxu gəlməklə onu qəbz yazmağa məcbur etmişdir. Qəbzdə ona qarşı verdiyi iddia ərizəsində göstərdiyi kimi ərizə-məktubda yazdırmışdır ki, “Cavabdeh borc pul götürmüşəm. Sentyabrın 21-də 2020-ci ildə qaytaracam. Cəmi: 11.02.2020-ci ildə 28.420 manat aldım.”. Həmin qəbzdə ondan guya 28.420 manat pulu 11 fevral 2020-ci ildə aldığını yazdıraraq ondan əl çəkmişdir. Göründüyü kimi əgər cavabdeh ona 11 fevral 2020-ci ildə 28.420 manat vermişdirsə və həmin pulu qaytarmadığı halda yenidən ayrı-ayrı notariat ofislərində 2020-ci ilin may, iyul və avqust aylarında ona, borca pul verməsi inandırıcı deyildir. Bildirir ki, Cavabdeh cəmi 11.500 manat borc almışdır və bununla bağlı aralarında kredit müqavilələri bağlamışlar. Lakin həmin puldan 8000 manat qaytarmışdır və cavabdehə cəmi 3500 manat borcu qalmışdır. Hazırda isə ayrı-ayrı Notariat ofisində bağlatdırdığı müqavilələri və əlavə olaraq göstərilən qəbzdə (iddia ərizəsində ərizə-məktub göstərmişdir) məhkəməyə təqdim edərək ilk 19 may 2020-ci il tarixli müqaviləyə əsasən verdiyi 4000 manatın əvəzinə hazırda cəmi 44.901 manat borc tələb edir. Onu da, qeyd edir ki, Cavabdeh ondan əlavə bacısı X1 da 10.000 manat 30%-lə borc verərək ondan da, 14.000 manat almasına baxmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 11.271 manat tələb etmişdir. Buna görə də, onunla Cavabdeh arasında Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış 10 iyul 2020-ci il tarixli, Bakı şəhəri 20 saylı notariat ofisində bağlanmış 07 avqust 2020-ci il tarixli kredit müqavilələrinin və bütün müqavilələr üzrə yazılmış borcun etirafına dair ərizə-məktubun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, o, cavabdehin təzyiqi altında borcun etirafı barədə əlyazmaları yazmışdır. Həmin borcların məbləğləri şişirdilmişdir. Belə ki, iddiaçı notariusda ona verdiyi borcun məbləğini əlavə olaraq nəzərdə tutduğu 30 faizlə birlikdə hesablayıb, həmin hesablanmış məbləği müqavilədə qeyd etdirmişdir. Daha sonra iddiaçı həmin faizlərin özünə də əlavə faiz hesablamış, bu barədə ona əlyazmalar yazdırmış və ona qarşı iddia qaldırmışdır. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırkı iş üzrə Cavabdeh pul tələbinə dair hazırkı iddiaçıya qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin hakiminin icraatında olan həmin iş üzrə 06 oktyabr 2021-ci il tarixli məhkəmə qətnaməsi çıxarılmışdır. Cavabdeh hazırkı işin dəlilləri ilə sözügedən işin dəlilləri eyni olmasına baxmayaraq, məhkəmənin qeyd olunan 06 oktyabr 2021ci il qətnaməsini mübahisələndirməmiş, əsassız olaraq həllini tapmış məsələ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hansı ki, hazırkı iddiaçı, hazırkı cavabdehin ona qaldırdığı pul tələbinə dair iş üzrə qarşılıqlı iddia ilə müraciət etsə də, həmin qarşılıqlı iddianın icraata qəbulundan imtina edilmişdir. Göründüyü kimi, o, sadəcə məhkəmə proseslərini uzatmaq niyyətindədir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 19 may 2020-ci il tarixdə təsdiqlənərək reyestrdə 3M-228 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh (borc verən) həmin müqaviləyə əsasən İddiaçı (borc alan) 4000 (dörd min) manat məbləğində pulu borc vermişdir; Müqavilənin şərtlərinə əsasən borc alan krediti 19 noyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması nəzərdə tutulmuşdur. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir; -Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 10 iyul 2020-ci il tarixdə təsdiqlənərək reyestrdə 3M-211 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh (borc verən) həmin müqaviləyə əsasən İddiaçı (borc alan) 3000 (üç min) manat məbləğində pulu borc vermişdir; Müqavilənin şərtlərinə əsasən borc alan krediti 10 sentyabr 2020ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması nəzərdə tutulmuşdur. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir; -Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 07 avqust 2020-ci il tarixdə təsdiqlənərək reyestrdə 3M-78 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh (borc verən) həmin müqaviləyə əsasən İddiaçı (borc alan) 4500 (dörd min beş yüz) manat məbləğində pulu borc vermişdir; Müqavilənin şərtlərinə əsasən borc alan krediti 07 sentyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması nəzərdə tutulmuşdur. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir; -11 fevral 2020-ci il tarixli borcun etirafı qismində verilmiş iltizamın kserosurətindən görünür ki, həmin iltizamda İddiaçı aşağıdakıları qeyd etmiş və imzalamışdır: “Mən, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşam. İ.Həbibov küç, 55 yaşayıram. Cavabdeh borc pul götürmüşəm. Sentyabrın 21-də 2020-ci ildə qaytaracam. Cəmi: 11.02.2020-ci ildə 28420 man. aldım.”; -Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(007)-1351/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh xeyrinə 39920 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 19 may 2020-ci il tarixdə təsdiqlənərək reyestrdə 3M-228 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh (borc verən) həmin müqaviləyə əsasən İddiaçı (borc alan) 4000 (dörd min) manat məbləğində pulu borc vermişdir, müqavilənin şərtlərinə əsasən borc alan krediti 19 noyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 10 iyul 2020-ci il tarixdə təsdiqlənərək reyestrdə 3M- 211 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən, Cavabdeh (borc verən) həmin müqaviləyə əsasən İddiaçı (borc alan) 3000 (üç min) manat məbləğində pulu borc vermişdir, müqavilənin şərtlərinə əsasən borc alan krediti 10 sentyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu dəfə, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 07 avqust 2020-ci il tarixdə təsdiqlənərək reyestrdə 3M-78 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən, Cavabdeh (borc verən) həmin müqaviləyə əsasən İddiaçı (borc alan) 4500 (dörd min beş yüz) manat məbləğində pulu borc vermişdir, müqavilənin şərtlərinə əsasən borc alan krediti 07 sentyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh (qeyd olunan kredit müqavilələri üzrə borc verənin) iddiası əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(007)-1351/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 39920 manat borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Hazırda İddiaçı onunla Cavabdeh arasında Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış 10 iyul 2020-ci il tarixli, Bakı şəhəri 20 saylı notariat ofisində bağlanmış 07 avqust 2020-ci il tarixli kredit müqavilələrinin və bütün müqavilələr üzrə yazılmış borcun etirafına dair ərizə-məktubun ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(007)-1351/2021 saylı qətnaməsinin “təsviri-əsaslandırıcı” və “nəticə” hissələrinə nəzər yetirdikdə aydın olunur ki, həmin iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili qismində iştirak etmiş Vəkil məhkəmə baxışında verdiyi izahatında cavabdeh İddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc aldığını, borclarının çox olması səbəbindən iddiaçının cavabdehdən yazılı surətdə öz xətti ilə borcunu etiraf etməsini istədiyini, buna görə də cavabdehin qeyd olunan sənədi yazaraq iddiaçıdan fevral ayında ümumilikdə 28420 manat borc pul aldığını və bu məbləği 2020-ci ilin sentyabr ayınadək qaytaracağını bildirən qəbz yazdığını, 2020-ci ilin fevral ayından sonra cavabdehin uşaqlarının xəstə olmasını və evlərini satışından əldə olunacaq pul hesabına iddiaçıya borcunu ödəyəcəyini bildirməklə yenidən iddiaçıya müraciət etdiyini, nəticədə 19 noyabr 2020-ci il, 10 iyul 2020-ci il və 08 avqust 2020-ci il tarixlərdə notarial qaydada kredit müqaviləsi bağlanmaqla müvafiq olaraq 4000 manat, 3000 manat və 4500 manat olmaqla borc aldığını, lakin aldığı həmin borcları qaytarmadığını və nəticə 39920 manat (28420+4000+3000+4500=39920 manat) borcun yarandığını bildirmiş və həmin borcun, bundan əlavə bank uçot dərəcəsi kimi hesablanmış 2954 manat, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1996 manat pulun və dövlət rüsumuna görə hesablanmış 31 manat pulun, cəmi 44901 manat pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir, həmin iş üzrə məhkəmə iclasında cavabdeh qismində iştirak etmiş İddiaçı isə verdiyi izahatında onun iddiaçıya ümumilikdə 9500 manat borcunun qaldığını bildirərək iddianın qismən, yəni həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iddia tələbini sadə yazılı formada bağlanmış 11 fevral 2020-ci il tarixli müqavilə, 19 noyabr 2020-ci il, 10 iyul 2020-ci il və 08 avqust 2020-ci il tarixlərdə notarial qaydada bağlanmış kredit müqavilələri əsasında ümumilikdə yaranmış 39920 manat borcun tutulması hissəsində təmin etmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş iradə ifadəsi olan sadə yazılı qəbz imzalamışdır, iddiaçı cavabdehdən nağd olaraq 28420 manat məbləğində pulu 11 fevral 2020-ci il tarixdə imza edərək iddiaçıdan borca almış və 21 sentyabr 2020-ci ildə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, tərəflər 19 noyabr 2020-ci il, 10 iyul 2020-ci il və 08 avqust 2020-ci il tarixlərdə notariat ofisində iradə ifadələrini nümayiş etdirərək kredit müqavilələri bağlamışlar, bu zaman onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Cavabdeh (borc verən) həmin müqavilələrə əsasən İddiaçı (borc alan) müvafiq olaraq 4000 manat, 3000 manat və 4500 manat məbləğində pul vəsaitlərini borc vermiş, borc alan kreditləri müqavilələrdə qeyd olunan tarixlərədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda, iddiaçının təqdim etdiyi sübutlar əsasında, məhkəmə tədqiqinin nəticəsi olaraq borcun etirafına dair sadə yazılı müqavilənin və kredit müqavilələrinin etibarsız hesab edilməsinə əsas olan hər hansı hal müəyyən edilməmişdir. O cümlədən, iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində sözügedən müqavilələri mübahisələndirməmiş, müqavilələrin hüquqi nəticəsi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Hətta qəbul olunarsa ki, iddiaçının qeyd etdiyi kimi sözügedən müqavilələr tərəflərin qarşılıqlı razılıqları əsasında, formal olaraq bağlanmışdır, müqavilə tərəfi olan Cavabdeh sadə yazılı və notarial qaydada bağlanmış müqavilələrinin nəzərdə tutulan icra müddətləri bitdikdən sonra, müqavilələrin predmetini təşkil edən pul məbləğinin İddiaçı onun xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə onun iddiasını qismən təmin etmişdir, iddiaçı iddiasından imtina etmədiyi və iddiasının qismən təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldığı halda, cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsində işə baxılarkən onun iddiaçıya sadəcə 9500 manat məbləğində borcunun qalması barədə izahat vermiş, məhkəmə baxışında və məhkəmə tədqiqində iştirak etməsinə baxmayaraq, iddia tələbinin rədd edilməsi barədə ərizə verməsi nəzərə alınmaqla, məhz həmin müqavilələrin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmamış, o, 05 oktyabr 2021-ci il tarixdə baxılan iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, habelə qeyd olunan müqavilələr əsasında tələb olunan pul vəsaitinin tutulması barədə qəbul edilmiş 06 oktyabr 2021-ci il tarixli məhkəmə qətnaməsini (həmin qətnamə elan edilən zaman məhkəmə iclasında iştirak etməsi nəzərə alınmaqla) hal-hazıradək mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “onunla Cavabdeh arasında Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış 10 iyul 2020-ci il tarixli, Bakı şəhəri 20 saylı notariat ofisində bağlanmış 07 avqust 2020-ci il tarixli kredit müqavilələrinin və bütün müqavilələr üzrə yazılmış borcun etirafına dair ərizə-məktubun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “onunla Cavabdeh arasında Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış 10 iyul 2020-ci il tarixli, Bakı şəhəri 20 saylı notariat ofisində bağlanmış 07 avqust 2020-ci il tarixli kredit müqavilələrinin və bütün müqavilələr üzrə yazılmış borcun etirafına dair ərizə-məktubun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar