Məhkəmə qərarları › İş №2(007)-4248/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4248/2025

25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4248/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 mart 2014-cü il təvəllüdlü X3 və 02 dekabr 2022-ci il təvəllüdlü X1 üçün iddia ərizəsi məhkəməyə daxıl olduğu gündən hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və ona əlilliyinə görə işləyə bilmədiyi üçün hər ay 300 (üç yüz) manat məbləğində maddi köməklik olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 fevral 2013-cü il tarixdə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan onların 09 mart 2014-cü il təvəllüdlü X3 və 02 dekabr 2022-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. Əvvəllər cavabdeh ilə mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlmədiyini anlamış və hazırda ayrı yaşamaqla ayrıca təsərrüfat aparırlar. Belə ki, birgə nikahdan doğulmuş uşaqların maddi ehtiyaclarını o, ödəmək məcburiyyətində olur. O, uşaqların dünyaya gəlməsi ərəfəsində (doğuş zamanı) gözlərinin zəifləməsi və görmə vəziyyətinin 80-90 faiz pozulması nəticəsində İ qrup əlil olmuşdur. Həmin halı təsdiq edən sübutu da iddia ərizəsinə əlavə etmişdir. Əlilliyi ilə bağlı fəaliyyət qabiliyyəti yoxdur. İddia tələbinə qarşı etiraz: Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur. Uşaqların saxlanılması üçün vəsait valideyndən məhkəmə qaydasında tutulur. O, uşaqlarının saxlanması öhdəliyini qanunvericilik çərçivəsində yerinə yetirməyə həmişə hazır olmuşdur. Onun hazırkı əmək haqqısı 1500 manat təşkil edir. Bu məbləğ həm onun şəxsi gündəlik xərclərini, həm də digər ailə öhdəliklərini nəzərə alaraq müəyyən ediləcək aliment üçün məhdud imkan yaradır. Qarşı tərəf İddiaçı 1-cİ qrup əlildir və 700 manat pensiya, 100 manat baxım üçün əlavə, 120 manat çörək pulu ödənişlərini alır. Bu ödənişlər artıq onun gündəlik ehtiyaclarını və həyat xərclərini müəyyən qədər qarşılayır. Əlavə 300 manat ödənişin tələb edilməsi onun maliyyə imkanlarını aşır və öhdəliklərini yerinə yetirməyi qeyri-mümkün edir. Hazırkı maliyyə imkanlarını nəzərə alaraq, o, yalnız hər uşaq üçün 246 manat - yəni qanunla müəyyən edilmiş minimum yaşayış səviyyəsinə uyğun məbləği ödəyə bilər. Bu məbləğ həm uşaqların normal həyat səviyyəsinin təmin olunmasına, həm də onun digər öhdəliklərini yerinə yetirməyə imkan verir. Məhkəmənin xx.xx.2025-cİ il tarixli qərardadının “3-də 1 hissə” prinsipi əsasında əlavə 300 manat tələb etməsi qanunvericiliyə və real maliyyə imkanlarına uyğun deyil. Qanunla müəyyən edilmiş minimum vəsait artıq uşaqların ehtiyaclarının təmin edilməsi üçün kifayətdir. Bütün bunlara əsasən Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadının “3-də 1 hissə” əsasında əlavə 300 AZN tələb edən hissəsinin ləğv edilməsi, aliment məbləğinin yalnız hər uşaq üçün 246 manat miqdarında müəyyən edilməsi, bu etiraz ərizəsinin baxılması və qərarın onun xeyrinə dəyişdirilməsi, əlavə ödənişlərin onun maliyyə imkanları nəzərə alınmadan tələb olunmasının qarşısının alınmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili-nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə ərizə verərək saat 11:20-yə qədər olan iclası gözləsə də başqa iclasla bağlı məhkəmə iclası davam etdirildiyindən gözləmək imkanı olmadığından iclası onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qismən qəbul etdiyini, uşaqlarının saxlanması üçün aliment ödəməyə razı olduğunu, ancaq iddiaçının özü üçün tələb etdiyi aliment məbləğini ödəməyi qəbul etmədiyini bildirmişdir. Həmçinin o qeyd etdi ki, "xxxx" ASC-də işləyir və əmək haqqısı 1450 manatdır. Müvəqqəti aliment tələbi ilə bağlı qəbul edilən qərardadla razıdır. O, hazırki vaxta kimi müəyyən edilən aliment məbləğlərini ödəmişdir. Belə ki, əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsi 486 manat edir. İddiaçı əlilliyinə görə 700 manat pensiya və əlavə 100 manat da baxmaq üçün alır. Artıq iki ildən artıqdır ki, iddiaçı atasının evində yaşayır. Uşaqları elə olub ki, özü ilə aparmış, 1-2 gün onun yanında qalmışlar. Elə vaxtlar olub ki, uşaqlar üçün 200, 500, 700 manat ödəmişdir. Özü də işlə bağlı həftəsonu evdə olur. Onun öz yaşayış xərcləri var, eyni zamanda kredit ödənişləri də edir. Nikahın pozulmasına dair işləri Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Mələk xanım nikahın pozulmasına etiraz edir. Bakı Apellyasiya Məhkəməsi bildirmişdir ki, iş Ali Məhkəməyə gedə bilər. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 09 mart 2014-cü il təvəllüdlü X3 və 02 dekabr 2022-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-647/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması və birgə nikahdan anadan olan uşaqların analarının yanında qalamaları qət edilmişdir. Hazırda iddiaçı cavabdehdən uşaqlar üçün 246 manat və əlilliyi səbəbindən işləyə bilmədiyi üçün 300 mnat sabit pul məbləğində aliment tələb edir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6/2025-02150 saylı xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci çəkilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. 2026-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən cavabdehin gəliri barədə əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də topoqraf vəzifəsində işləyir və 1450 manat əmək haqqı alır. Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduğu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınaraq hesab edir ki, iddia bu hissədə təmin edilərək, 09 mart 2014-cü il təvəllüdlü X3 və 02 dekabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 85.1.3-cü maddəsinə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. 86-cı maddsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddianın “İddiaçı üçün 300 (üç yüz) manat aliment tutulmasına dair” hissəsini araşıraraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixində nikaha girmiş, xx.xx.2016-cı il tarixdə verilmiş 060725 nömrəli vəsiqənin surəti ilə İddiaçı İ dərəcəli ümumi xəstəlikdən müddətsiz əlil olması müəyyən edilmişdir. Qeyd edilən halları hazırkı mübahisədə Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinin tətbiqinə imkan verir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının saxlanması üçün də cavabdehdən pul vəsaiti tutulmalıdır. Lakin məhkəmə iddiaçının saxlanması üçün iddia ərizəsində qeyd edilən 300 manat pulun tutulmasını ağlabatan hesab etmir. Belə ki, iddiaçının hazırda iş yeri olmasa da, “Elektron məhkəmə” informasiya sistemi ilə ididaçının gəlirləri barədə əldə edilmiş çıxarışdan görünür ki, o, İ dərəcəli ümumi xəstəlik üçün 300 manat, ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü İ qrup əlilliyə görə 350 manat pensiya alır. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli və onun saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38- ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28 noyabr 2025-ci il tarixdən başlayaraq (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(007)-311/2025 saylı müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla) yetkinlik yaşına çatmayan 09 mart 2014-cü il təvəllüdlü X3 və 02 dekabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Cavabdeh 28 noyabr 2025-ci il tarixdən başlayaraq xx.xx.1991-ci il təvəllüdlü İddiaçı əlilliyinə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən çəkilmiş 60 manat mediasiya xərci ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar