Məhkəmə qərarları › İş №2(007)-4530/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4530/2021

29.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4530/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Faktiki nikahdan 09 dekabr 2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Hal-hazırda 09 dekabr 2020-ci il təvəllüdlü X2 onun himayəsindədir. Uşağın normal saxlanması üçün normal vəsait lazımdır. Buna görə də rəsmi olaraq cavabdehdən uşağın saxlanması üçün aliment tələb edir. Göstərilənləri nəzərə alaraq, yetkinlik yaşına çatmayan 09 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 175 manat alimentin tutularaq ona verilməsi və 09 dekabr 2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdeh uşağın saxlanmasında iştirak etmir, uşaq onun himayəsindədir və uşağın saxlanması üçün müəyyən xərclər tələb olunur. Buna görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, o, iddia ərizəsinin birinci hissəsi ilə razı olsa da, tələbin ikinci hissəsi ilə, yəni uşağın 3 yaşına çatanadək hər ay 100 manat alimentin ödənilməsi hissəsi ilə razı deyil. Belə ki, o, hal-hazırda 488 manat əmək haqqı alır. Qızının yetkinlik yaşına çatanadək hər ay 175 manat sabit pul məbləğində aliment ödəməyə razıdır, lakin əlavə olaraq 100 manat ödəməyə etiraz edir. Buna görə də, iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib, izahatında göstərdi ki, o, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment ödəməyə razıdır, uşağın 3 yaşına çatanadək saxlanması üçün maksimum 50 manat ödəməyə maddi imkanı çatır. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİ seriyalı 359651 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 04 oktyabr 2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3985 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir; -AZ-İV seriyalı 550608 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 dekabr 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; -3 saylı DOST Mərkəzinin 03 dekabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı FİN (xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən işaxtaran kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 04 oktyabr 2019-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 09 dekabr 2020-ci il təvəllüdlü Nazənin adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, bir yerdə yaşamırlar, ayrıldıqdan sonra uşaq ananın yanında qalmışdır. Ayrı yaşadıqları müddətdə cavabdeh uşağın saxlanılması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, cavabdehdən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və ananın uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini, habelə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılmalı olmasını nəzərə alaraq, uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə atadan ananın xeyrinə uşağın yetkinlik yaşına çatanadək alimentin hansı qaydada və məbləğdə tutulmalı olmasını müəyyən edərkən qeyd edir ki, aliment ödəməli olan ata işləyir, əmək haqqı müntəzəm olmaqla hazırda 488 manat həcmindədir, alimentin sabit pul məbləğində tutulması mümkündür, uşaqların, eləcə də valideynlərin mənafeyinə zidd deyil, ona görə də cavabdeh olan atanın razılığı da nəzərə alınmaqla, iddiaçının iddiası həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, ayrı yaşadıqları müddətdə Cavabdeh İddiaçı maddi cəhətdən köməklik göstərməmişdir. Halbuki, tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş uşağın üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, uşağın üç yaşına çatanadək 100 manat aliment tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 10 noyabr 2021-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 noyabr 2021-ci il tarixdən başlayaraq, 09 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində, həmin uşağın 3 yaşına qədər hər ay 50 manat məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, hazırkı qətnamə alimentin alınması ilə bağlı olduğundan dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 41 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 noyabr 2021-ci il tarixdən başlayaraq, 09 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh 10 noyabr 2021-ci il tarixdən başlayaraq, 09 dekabr 2020-ci il təvəllüdlü X1 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 41 manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar