Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-472/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə 30 aprel 2021-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı MMC ilə Cavabdeh arasında ünvan 1 ünvanında İddiaçı MMC-yə məxsus “Komfort” yaşayış kompleksi tikilən ərazidə ümumi sahəsi 107.59 kv.m. olan, İ blok 4- cü mərtəbəsindəki, 23 saylı mənzlin alqı-satqısına dair 19 avqust 2016-cı il tarixli, 0052/16 nömrəli müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə görə alıcı həmin mənzili ilkin ödəniş etdikdən sonra qalan məbləği 36 ay müddətinə tam ödəməyi öhdəsinə götürüb. Buna dair aylıq ödəniş cədvəli tərtib olunub, cavabdeh ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişləri ödəməlidir. Belə ki, cavabdehlə bağlanılan 19 avqust 2016-cı il tarixli, 0052/16 nömrəli müqavilənin 1.3-cü bəndinə əsasən ödəniş bu Müqavilə imzalandığı tarixdən etibarən hər növbəti ayın 01-nə qədər həyata keçirilir. Həmin müqavilələrin 2.1.3-cü bəndində isə aylıq ödəmələrin vaxtı-vaxtında ödənilməsinə cavabdeh öhdəlik götürüb. Lakin 2018-ci ilin aprel ayından cavabdeh tərəfindən heç bir ödəniş edilməyib. Bu isə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi deməkdir. Cavabdehlə bağlanılan müqavilənin 2.2.7-ci bəndinə əsasən “Bu Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərində razılaşdırılmış ödəniş qaydasına Alıcı tərəfindən riayət edilmədikdə, bu bəndlər üzrə öhdəliklərini Alıcı yerinə yetirmədikdə və ya lazımmca yerinə yetirmədikdə, Satıcı 15 təqvim günü qabaqcadan Alıcıya yazılı bildiriş göndərməklə ona xəbərdarlıq etmək şərti ilə bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər” Əlavə olaraq qeyd edilməlidir ki, alıcıların öz öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində şirkət öz öhdəliyini vaxtında icra edə bilmir, mənzillərin vaxtında təhvil verilməsinə maneçilik törədilir.Qeyd edilənlərdən başqa bildirir ki, iddiaçı tərəfimindən Cavabdeh göndərilən bildirişdə qeyd olunur ki, “sizinlə bağlanılan müqavilədə mənzilin sahəsi 113,52 kv.m əvəzinə texniki səhv olaraq 107.59 kv.m yazılıb. Mənzilin faktiki ölçüsü 113,52 kv.m təşkil edir. Ona görə də cavabdeh tərəfindən müqavilədə göstərilən ölçüdən artıq faktiki sahənin pulu da ödənilməlidir. O da qeyd edilib ki, əlavə kvadrata görə ödəyəcəyiniz pul müqavilə bağlanan zaman aldığınız qiymət tarifinə uyğun hesablanıb. Beləliklə də sizin 21173 (iyirmi bir min yüz yetmiş üç) manat müqavilə üzrə borcunuz, 5980 (beş min doqquz yüz səksən) manat məbləğində isə müqavilədə texniki səhv olaraq qeyd edilməyən 5.98 kv.m sahəyə görə borcunuz vardır” Ümumilikdə sizin 27153 (iyirmi yeddi min yüz əlli üç) manat məbləğində borcunuz yaranıb”. Lakin aralarında müqavilə olmasına baxmayaraq qarşı tərəf öz müqavilə öhdəliklərini yerinə yetirməkdən yayınır. Mənzili müqavilə üzrə təhvil verməyib. Artıq bu müqavilə baş tutmamış hesab edilməlidir. Ona görə də, müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün cavabdehlə İddiaçı MMC arasında bağlanılan 19 avqust 2016-cı il tarixli, 0052/16 nömrəli Müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edilərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz edilməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2016-cı il tarixli, 0052/16 nömrəli müqavilədən görünür ki, ünvan 1 ünvanında İddiaçı MMC-yə məxsus “Komfort” yaşayış kompleksində ümumi sahəsi 107.59 kv.m. olan, İ blok 4- cü mərtəbədə, 23 saylı mənzl Cavabdeh alqı-satqı yolu ilə satılıb. Müqavilənin şərtlərinə görə mənzilin dəyəri 107483 manat müəyyən olunmuşdur. İlkin olaraq alıcı 20000 manat ödəyir,qalan 87483 manat məbləği isə 36 ay müddətinə hər ay 2430 manat olmaqla ödəməlidir. 29 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında İddiaçı MMC-yə məxsus “Komfort” yaşayış kompleksində ümumi sahəsi 107.59 kv.m. olan, İ blok 4- cü mərtəbədə, 23 saylı mənzlə görə 10623 manat ödənilməmiş borcu vardır. Cavabdehə ünvanlanmış məktublardan görünür ki, sonuncu borc barədə xəbərdarlıqlar edilmiş və müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2016-cı il tarixli, 0052/16 nömrəli müqaviləyəəsasən ünvan 1 ünvanında İddiaçı MMC-yə məxsus “Komfort” yaşayış kompleksində ümumi sahəsi 107.59 kv.m. olan, İ blok 4-cü mərtəbədə, 23 saylı mənzl Cavabdeh alqı-satqı yolu ilə satılıb. Müqavilənin şərtlərinə görə mənzilin dəyəri 107483 manat müəyyən olunmuşdur. İlkin olaraq alıcı 20000 manat ödəyir, qalan 87483 manat məbləği isə 36 ay müddətinə hər ay 2430 manat olmaqla ödəməlidir.Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü əhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir.Hal-hazırda onun iddiaçıya 10623 manat ödənilməmiş borcu vardır Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılan 19 avqust 2016-cı il tarixli, 0052/16 nömrəli yaşayış sahəsinin alqı-satqı müqaviləsi ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılan 19 avqust 2016-cı il tarixli, 0052/16 nömrəli yaşayış sahəsinin alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-472/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-472/2021
30.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver