Məhkəmə qərarları › İş №2(007)-489/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-489/2023

05.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-489/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə və X3 qanuni nümayəndəsi Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 30 saylı notariat ofisində bağlanmış “bağışlanma müqavilə”sinin ləğv edilməsi, həmin müqavilədən irəli gəlmiş bütün sənədlərin, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Katastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş tərəfindən ******* nömrəli, xx.xx.2013-cü il tarixli nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, xx.xx.1937-ci il təvəllüdlü, 86 yaşlı, latın əlifbası ilə oxuyub yazmağı bacarmayan, illərdir ki, tənha və köməksiz olan qadındır. Bu il təsadüfən ona məlum olmuşdur ki, 02 aprel 2013-cü il tarixdə, cavabdeh Bakı şəhəri, Nizami rayonunda yerləşən cavabdeh 30 saylı Notariat ofisində uzun illərdən bəri onun mülkiyyətində olan, qeydiyyatda olmaqla hazırda da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 13, mənzil 8 qanunsuz olaraq, yəni onun adından qardaşı oğlu X2 adına xx.xx.2013-cü il tarixli, guya “bağışlanma müqaviləsi”nin əsasında bağışlanmış, həmin mənzil İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Katastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 0166 nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla onun mülkiyyətinə keçmişdir. O, bunu biləndən dərhal sonra, yəni 2022-ci ilin fevral ayında bu barədə polisə, prokurorluğa təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə şikayət etmişdir, həmin notariat ofisinə “bağışlanma müqavilə” sinin ləğv edilməsi, işdə olan bütün sənədlərin, o cümlədən ləğv etmə qərarının göndərilməsi məqsədilə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Bakı şəhəri, Nizami rayonunda yerləşən 30 saylı Notariat kontorunda işdə olan sənədləri ona göndərsə də, ona ünvanladığı özünün G-92 saylı, xx.xx.2022-ci il tarixli və G-134 saylı, xx.xx.2022-ci il tarixli məktubları ilə “bağışlanma müqaviləsi”nin ləğv edilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Nəzərə xüsusi olaraq onu bir daha çatdırır ki, o, heç vaxt həmin mənzilini kiməsə, o cümlədən H.B.Quliyevə bağışlamaq kimi bir qərara gəlməmişdir, yəni heç vaxt elə bir qərar verməmişdir. Mərhum H.B.Quliyev o vaxtlar ondan nümayəndə kimi etibarnamə alacağı adı ilə onu notariusa, özü də yaşadığı Hövsan qəsəbəsində notariat ofisi ola-ola oraya deyil, qəsdən tanımadığı və onu tanıyanların olmadığı Bakı şəhəri, Nizami rayonunda yerləşən cavabdeh 30 saylı notariat ofisinə aparmışdır. O, heç yerdə, o cümlədən cavabdeh 30 saylı notariat ofisində heç bir bağışlama sənədini imzalamamışdır, maraqlı və cinayətkar şəxslər onun 85 yaşlı köməksiz və tənha qadın olduğundan, latın əlifbasında oxuyub yaza bilmədiyindən və onlara inandığından sui-istifadə etmiş, 30 saylı notariat ofisinin aidiyyatı olan məsul şəxsi (şəxsləri) isə bunu ona izah etməmiş, o, həmin sənədi etibarnamə bilərək aldadılaraq imza etmişdir. Cavabdehdən əldə etdiyi sənədlərə nəzər yetirərkən həmin sənədlərin də heç yerində öz xətti ilə nə kiril əlifbası ilə, nə də latın əlifbası ilə (qeyd etdiyi kimi həmin əlifba ilə oxuyub yaza bilmir) mənzilini bağışlaması barədə açıq qeyd etməmişdir. Bildirir ki, kiril əlifbası ilə oxuyub yaza bildiyini cavabdeh notariat ofisində demiş, lakin cavabdeh 30 saylı notariat ofisinin işçiləri və rəhbərliyi ondna onun latın əlifbası ilə oxuyub-yaza bilibbilmədiyini soruşmamış və imzaladığı sənədləri ona ucadan oxumamışlar. Buna baxmayaraq, ona müqaviləni ucadan oxumadan, onu aldadaraq, onu inandırmışlar ki, guya o, etibarnamə verməyi üçün imza edir. Hesab edir ki, cavabdeh notariat ofisi öz xətti ilə, bildiyi kiril əlifbası ilə həmin müqavilədə onun mənzilini bağışlamağı barədə qeydini yazdırmalı idi və bunu qəsdən etməmişdir. Bunun da nəticəsində hazırda ləğv edilməli olan müqavilə bağlanılmışdır, bunu isə, artıq qeyd etdiyi kimi, sonra bilmişdir. Görünür onlar bunu qəsdən və onu aldatmaq məqsədilə, mənzilini saxta müqavilə əsasında, qanunsuz olaraq ələ keçirmək məqsədilə etmişlər. Belə ki, aldadıldığını bu ilin, yəni 2022ci ilin fevral ayında təsadüfən eşidib bilmişdir. Ona görə də, bu haqda bütün qanuni tədbirlər görülməli və sonda həmin bağışlanma müqaviləsi və ondan irəli gedən bütün sənədlər ləğv edilməlidir. Saxta müqavilənin bağlandığını bildiyi vaxtdan, yəni aldadıldığı barədə polisə, prokurorluğa da təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə şikayət etmişdir, lakin bütün bunlara baxmayaraq, qanuni tələbləri yerinə yetirilməmiş, polis cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və ya ona imtina cavabı verilmişdir. Cavabdeh 30 saylı notariat ofisindən 02 aprel 2013-cü il tarixli həmin “şəxsi mənzilin bağışlanması müqaviləsi”ni əldə etmiş və ən əvvəl o məlum olmuşdur ki, iki səhifəlik sözügedən müqavilə onun oxuyub yaza bilmədiyi latın əlifbası ilə tərtib edilmiş, sonda onun fəaliyyət qabiliyyətinin yoxlanılması barədə qeyd olsa da, onun latın əlifbasında oxuyub yaza bilib-bilmədiyi barədə heç bir qeyd yoxdur, o cümlədən müqavilənin heç bir yerində onun öz xətti ilə oxuyub yaza bildiyi kiril əlifbası ilə mənzilini H.B.Quliyevə bağışlamağı barədə heç bir qeydin olmadığı da aşkar edilmişdir. Yalnız həmin müqavilənin ilk səhifəsinin sonunda, imzaların yerində “1” rəqəmindən sonra onun özünün etdiyi imzası və öz xətti ilə yazdığı soyadı ilə adı, yəni “İddiaçı” yazılmışdır. Bunlardan başqa, onun heç bir imzası və ya bağışlanma haqda qeydi həmin müqavilədə yoxdur. Bir daha hesab edir ki, notariat ofisi onu imzalayacağı müqavilənin nədən ibarət olduğunu, bunu arzulayıb-arzulamadığını, müqavilənin nəticəsinin nə ilə nəticələnəyini ona aydınlaşdırmalı, o cümlədən notariat ofisi onun 85 yaşlı olduğunu və müqavilənin latın əlifbası ilə tərtib edildiyini nəzərə alaraq, onun latın əlifbası ilə oxuyub yaza bilibbilmədiyimi də müəyyən etməli, o cümlədən müqavilədənin sonunda bunu dəqiqləşdirdikləri barədə müvafiq qeyd etməli olduğu halda bilərəkdən-qəsdən etməmişlər. Belə ki, mənzilinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Katastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış da etibarsız hesab edilərək ləğv edilməlidir. Məhkəmə tərəfindən X3 qanuni nümayəndəsi Cavabdeh2 iş üzrə cavabdeh kimi cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin müdafiə edərək, onun təmin edilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, X8 iki il əvvəl vəfat etmişdir. O, əmlakını 2008-ci ildə ona vəsiyyət etmişdir. Onun başqa qohumları var idi. Lakin əmlakın ölümündən sonra X4 qalmasını istəmişdir. O, əmlakını X4 bağışlamamışdır. Məhkəmə iclasında iddiaçı Vəkil iddia ərizəsinin müdafiə edərək, onun təmin edilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və mübahisənin həlli üzrə məsələni məhkəməyə həvalə etmişlər. Cavabdeh X3 qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı, 044364 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 748 saylı reyestr kitabının 112330 nömrəli səhifəsində 07 yanvar 1997-ci il tarixdə qeydiyyat aparılmışdır; - Bakı şəhəri 30 saylı Notariat Ofisində təsdiq edilmiş 02 aprel 2013-cü il tarixli şəxsi mənzilin bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İHTİ və MHQ idarəsi tərəfindən verilmiş 748 saylı reyestr kitabının 112330 səhifəsində qeyd edilmiş, qeydə alma nömrəsi 30/112330 olan xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06/309 nömrəli xx.xx.2013-cü ii tarixli (xx.xx.2013-cü il tarixdə müddəti uzadılmış) arayışa əsasən mənə məxsus olan və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi - kv.m, yaşayış sahəsi 27,33 kv.m olan 2 (iki) otaqlı 8 saylı şəxsi mənzili qardaşı oğlu - X4 bağışlamışdır; - İddiaçı tərəfindən Bakı şəhəri 30 saylı Dövlət Notariat kontoruna təqdim edilmiş xx.xx.2013-cü il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, subaydır. Gələcəkdə bu barədə hər hansı mübahisəli məsələ ortaya çıxarsa məsuliyyəti öz üzərinə götürür. Əlyazısı ilə aşağıdakı qeydlər edilmişdir: “Ərizə ilə tanış oldum. Məlumatı var, etiraz yoxdur”; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzili X2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır; - AZ-İİ Seriyalı 159588 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 06 avqust 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 avqust 2021-ci il tarixdə 1450 nömrə ilə qeyd edilmişdir; - Sumqayıt “ASAN Xidmət mərkəzində” notariat ofisinin xx.xx.2022-ci il tarixli 214 saylı məlumatından görünür ki, xx.xx.2021-ci ildə X8 ölmüşdür. Vərəsəsi, qızı X3 qanuni nümayəndəsi, anası Quliyeva Mərziyə Zair qızı Sumqayıt “ASAN Xidmət mərkəzində” notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır; - xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi X6r (d/t: xx.xx.2016) və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********90-05101-093007 reyestr nömərli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarıa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40,71 kv.m olan mənzildən ibarətdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzili X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır; - Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müqavilənin, o cümlədən əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin ləğv edilməsi haqqında razılaşma müqavilə ilə eyni formada bağlanır və yeni müqavilə ilə rəsmiləşdirilir. Beləliklə, onunla X8 arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi, ev 13-də yerləşən 8 saylı mənzilə dair bağlanmış 4Ə-55 reyestr nömrəsilə 02 aprel 2013-cü ildə təsdiq edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi hər iki tərəfin notariat ofisinə müraciət edərək, yeni müqavilə tərtib etməklə həyata keçirilə bilər. Tərəflər arasında mübahisə olduqda isə söhbəti gedən müqavilənin birtərəfli qaydada ləğvi üçün, həmçinin maraqlarını qorumaq və təmin etmək, daşınmaz əmlak üzərində hüquqlarını bərpa etmək məqsədi ilə qanuna uyğun qaydada məhkəmə orqanlarına müraciət edə bilər; - Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Hafiz qızının müracəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - 06 fevral 2008-ci il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, o, ölən günə ona məxsus olan bütün əmlakını, o cümlədən, ünvan 4-i X5 vəsiyyət edir; - 104 saylı MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 78 saylı arayışdan görünür ki, İddiaçı Hafiz qızı ünvan 4 ünvanında qeydiyyatdadır və tək yaşayır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən mənzili İddiaçı Hafiz qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş, qeyd olunan mənzili iddiaçı 06 fevral 2008-ci il tarixdə qardaşı oğlu X5 vəsiyyət etmiş, daha sonra isə 02 aprel 2013-cü il tarixdə X4 bağışlamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci maddələrinin məzmunu dövlət notariusu tərəfindən tərəflərə izah edilmiş, bundan sonra həmin mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun qızı X3 qanuni nümayəndəsi (anası) Quliyeva Mərziyə Zair qızı Sumqayıt “ASAN Xidmət mərkəzində” notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Mübahisəli əmlak X7 miras qalmış və onun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı qeyd olunan bağışlama müqaviləsinin ləğv edilməsini və həmin müqavilədən irəli gəlmiş bütün sənədlərin, o cümlədən xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndrilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Mülki Məcəllənin 668.1-668.1.5-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli qərarına əsasən, MM-in 673-cü maddəsi ilə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən "bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. MM-in 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin məcəlləsinin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. İş materiallarından göründüyü kimi İddiaçı Hafiz qızı 06 fevral 2008-ci il tarixdə tərtib etdiyi vəsiyyətnamə ilə ölən günə ona məxsus olan bütün əmlakını, o cümlədən, ünvan 4 ünvanında yerləşən mənzilini X5 vəsiyyət etmişdir. Bu zaman iddiaçı öz iradəsini aydın şəkildə ifadə etmiş (vəsiyyətnamə latın əlifbası ilə tərtib edilmiş və məhkəmə iclasında iddiaçı vəsiyyətnaməni könüllü şəkildə tərtib etdiyini bildirmişdir), niyyəti əmlakı X5 vermək olduğunu göstərmişdir. Bundan sonra isə iddiaçı heç bir şərt və öhdəliyin yerinə yetirilməsini müəyyən etmədən mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən mənzili Bakı şəhəri 30 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq etdirməklə və reyestrdə qeydə aldırmaqla qardaşı oğlu X4 bağışlamışdır. Bağışlama müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. X1 mənzili dövlət reyestrində qeydə alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. İddiaçı Hafiz qızının mənzili bağışlaması onun iradə ifadəsinin nəticəsi olmuş və ona hüquq və vəzifələri notarius tərəfindən izah edilmişdir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Mülki Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Mülki Məcəllənin 673-cü maddəsi isə bağışlama müqaviləsinin ləğv edilməsinin sözügedən Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Mülki Məcəllənin 673.1 -673.1.1 -ci maddələrinə görə -hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; -hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Göründüyü kimi qanunverici bağışlamadan imtinanın əsaslarını, yəni bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsasları imperativ qaydada müəyyən etmişdir. X8 iddiaçı olan bibisi İddiaçı Hafiz qızı və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməmişdir, bağışlama ilə bağlı onun üzərinə hər hansı vəzifə və öhdəlik qoyulmamışdır. Bunlar işin mübahisəsiz hallarıdır. İş materiallarına əsasən X8 hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması halları da müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, notariat ofisinə X4 etibarnamə vermək üçün getmiş, notariat ofisində onun latın əlifbası ilə oxuyubyaza bilməməsi soruşulmamış, imzaladığı sənədlər ona ucadan oxunmamış, onu aldatmışlar. Lakin qeyd edilməlidir ki, hazırkı iddia tələbi bağışlama müqaviləsinin ləğv edilməsidir və göstərilən hallar bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsas deyil. Bu səbəbdən də iddia tələbi “bağışlanma müqaviləsinin ləğvi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “bağışlama müqaviləsindən irəli gəlmiş bütün sənədlərin, o cümlədən xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab ediərək ləğv edilməsi” hissəsinə münasibtədə qeyd edir ki, hazırda mübahisələndirilən əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin tələb törəmə tələb olduğundan və iddianın ilk hissəsinin əsassız olması ilə bağlı təmin edilməli olmadığından həmin tələbdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə və X3 qanuni nümayəndəsi Cavabdeh2 qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi, həmin müqavilədən irəli gəlmiş bütün sənədlərin, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Katastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş tərəfindən ******* nömrəli, xx.xx.2013-cü il tarixli nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi və iddiaçı tərəfindən tələb edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi və iş materialları ilə tanış olduğu müddət 5 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə və X3 qanuni nümayəndəsi Cavabdeh2 qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi, həmin müqavilədən irəli gəlmiş bütün sənədlərin, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Katastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş tərəfindən ******* nömrəli, xx.xx.2013-cü il tarixli nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı oğluna 5 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayonu Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar