Məhkəmə qərarları › İş №2(007)-496/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-496/2024

15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-496/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı olan “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik və ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 15 sentyabr 2023-cü il tarixdə 6 saylı Bakı Asan Xidmət X2 rəsmi nikaha daxil olmuş, bu nikahdan bir övladı xx.xx.2023-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnamə ərizəyə əlavə olunmuşdur. Hal-hazırda uşaq onunla yaşayır və onun himayəsindədir. Lakin Cavabdeh uşağın saxlanılması üçün yardım etmir. Cavabdeh işləyir və yaxşı qazanc əldə edir. Bu səbəbdən də aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı ərizəyə əlavə edilmişdir.

İş materialları :

3. AZ-İİ seriyalı, 540758 nömrəli “nikah haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı “ASAN xidmət Mərkəzi” Qeydiyyat Şğbəsində xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 5129 nömrə ilə qeyd edilmişdir. Ərə Əkbərov arvada Rzayeva soyadı verilmişdir. 4.AZ- İV seriyalı, 927048 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2023-cü ildə doğulmuş və bu barədə 6 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 3338 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

5. “Mediasiya Şurası” Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02313 nömrəli “Mediasiya sessiyasında iştirak edilməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı 50 manat İMS və 10 manat kargüzarlıq xərcini ödəmişdir.

6. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6 saylı vəkil bürosunun hesabına 150 manat ödənilmişdir.

7. İddiaçı tərəfindən X5 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, etibarnamənin verilməsi üçün 17.25 manat xidmət haqqı tutulmuşdur.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, öz izahatında iddiaçı ilə 5-6 aydır ayrı yaşadıqlarını, uşağın saxlanılması ilə bağlı xərclərdə iştirak etdiyini, ayda 150-160 manat aliment ödəyə biləcəyini bildirmişdir.

İşin faktiki halı :

10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 15 sentyabr 2023-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X7 anadan olmuşdur. İddiaçı və cavabdeh hazırda 5-6 aydır ki ayrı yaşayırlar və birgə nikahdan doğulmuş uşaq ananın himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək hər ay 150-160 manat aliment təyin edilməsinə razı olduğunu bildirmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Konstitusiyasının:

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

15. Uşaq Hüquqları haqqında Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

18. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu :

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

22. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Cavabdeh uşağın saxlanılmasında iştirak etdiyini, uşağın qida və digər zəruri ehtiyaclarını təmin etdiyini bildirməsi aliment tələbinə dair iddianın təmin edilməməsi üçün əsas deyil, həmçinin bu iştirakın davamlı olacağını müəyyən etmək mümkün deyil.

23. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

24. Məhkəmə cavabdehin 235 manat aliment tələbi ilə razı olmaması, 150-160 manat ödəməyə imkanı olmasına dair izahatı ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın yaşı, qida və digər zəruri xərclərə tələbatı, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğu, iddiaçının azyaşlı uşağına baxdığı üçün işləyə bilmədiyi və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınaraq xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində aliment təyin edilməsi məqsədəmüvafiqdir.

25. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən olundu ki, cavabdeh "xxxx" QSC-də işləyir və 345 manat əmək haqqı alır. Aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsindən və uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarət olduğundan cavabdehdən hazırki ilin yaşayış minimumuna uyğun olaraq 235 manat alimentin tutulması ədalətli hesab edilir. Qeyd etmək lazımdır ki, alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin.

26. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

27. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 16.11 2023-cü il tarixdən hesablanmalıdır.

28. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimenti alimentin miqdarı hər ay 235 ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.

Məhkəmə Xərcləri :

29. İddiaçı məhkəmədən həmçinin vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik və ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

30. İş materiallarından görünür ki, iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün 17 manat 25 qəpik və ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün 60 manat məbləğində pul vəsaiti ödənilmişdir.

31. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaiti ağlabatan olduğundan, iddia tələbi təmin edildiyindən və iddaçı tərəfindən müvafiq tələb irəli sürüldüyündən vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, vəkilə etibarnamə verilməsi üçün ödənilən 17 manat 25 qəpik məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

34. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

36. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

37. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə :

38. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik və ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60 manat vəsaitin əvəzi tutularaq İddiaçı ödənilməlidir.

39. Məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik və ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60 manat vəsaitin əvəzi İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar