Məhkəmə qərarları › İş №2(007)-499/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-499/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-499/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7920 manat ödənilmiş məbləğin, 92.4 manat faiz borcunun, ümumilikdə 8012,4 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizənin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət Rusiya Federassiyasında yaşamışdır. Azərbaycana qayıtdıqdan sonra 01 may 2023-cü il tarixdə Xətai rayonu Cavanşir və Sadıqcan küçəsinin kəsişməsində yerləşən “Olimpus Park” brendi ilə inşa edilən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən 86 kv.m.-dən ibarət mənzil aldı. Həmin mənzili təmir etdirmək qərarına gəldi. Tanımadığı internet portalında gördüyü elan əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" inşaat MMC-nin ofisinə yollandı, orada özünü həmin şirkətin rəhbəri kimi təqdim edən Fəzail İsmayılova mənzilin təmiri və görüləcək işlər barədə məlumat verdi, o, aralarında olan razılaşmaya əsasən mənzilin tam təmiri üçün ilkin ödəniş 7920 manat olmaqla ümumilikdə 26400 manat pul ödəməli olduğunu bildirdi. xx.xx.2024-cü il tarixdə Fəzail İsmayılovla təmir üçün podrat müqaviləsi bağladı. Müqavilənin şərtlərinə görə, podratçı təmir işlərini 2 ay müddətində başa çatdırmalı idi. Həmin müqaviləyə əsasən ertəsi gün təmir ediləcək mənzilə göndərilmiş Niyaməddin adlı şəxsə Fəzailin tapşırığı ilə 7920 manat pul vermişdir. Bundan sonra isə təmir işlərinə başlamaq üçün gələn ustanın divarların əyriliyi üçün qurğular quraşdırdığını, ancaq üç gündən sonra mənzilə nə həmin usta, nə də başqa ustanın iş görmək üçün gəlmədiyini gördü. Bu barədə Fəzail İsmayılova bildirdikdə o, müxtəlif bəhanələr gətirib təmiri yubatdı, iki aya yaxın müddət keçməyinə baxmayaraq mənzildə heç bir iş görülmədi, Fəzail telefonlara da cavab vermədi. İş materiallarına əlavə etdiyim kassa mədaxil orderinin qəbzindən də görünür ki, o, həmin şirkətə 25 fevral 2024cü il tarixdə 7920 manat pul ödəmişdir. Podratçı isə, bununla bağlı heç bir iş görməmiş, onu aldatmışdır.

Tərəflərin izahatları:

3. İddiaçı X1 vəkili və nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı X1 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və bildirdi ki, iddiaçı 7920 manat ödəyib. Pulu Niyaməddin adlı şəxsə verib. Podrat müqaviləsi 2 aya bağlanıb. Heç bir iş görməyiblər. Usta gəlib şifahi halda bildirib ki, filan şey edəcəyəm. Amma gəlməyib. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

9. 25 fevral 2024-cü il tarixli 44940 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı təmir üçün Cavabdeh MMC-yə 7920 manat ödəmişdir.

10. İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış 25 fevral 2024-cü il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci, 2.1-ci bəndlərinə əsasən “Sifarişçi” təmir-tikinti işlərinin yerinə yetirilməsini “Podratçı”ya həvalə edir və “Podratçı” da öz növbəsində bu işlərin görülməsini öz üzərinə götürür. Müqavilənin qiymətinin 30%-i əvvəlcədən, işin 40%-i tamamlandıqda 30% ödənilir, daha sonra işin 80 faizi görüldükdən sonra 30%-i ödənilir, qalan 10%-i isə iş tamamlandıqda nağd və ya köçürmə yolu ilə “Sifarişçi” tərəfindən “Podratçı”ya ödəniləcəkdir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, işlərin təhvil verilməsi 3 ayadək həyata keçirilir.

11. İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış 25 fevral 2024-cü il tarixli podrat müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, təmir sahəsi 75 kv.m-dir.. İşin ümumi məbləği 26400 manatdır. İlkin ödəniş 7920 manat, ikinci ödəniş 7920 manat, üçüncü ödəniş 7920 manat, sonuncu ödəniş 2640 manatdır.

12. Dövlət Vergi Xidməti sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC_nin qanuni təmsilçisi X2r.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış 25 fevral 2024-cü il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci, 2.1-ci bəndlərinə əsasən “Sifarişçi” təmir-tikinti işlərinin yerinə yetirilməsini “Podratçı”ya həvalə edir və “Podratçı” da öz növbəsində bu işlərin görülməsini öz üzərinə götürür. Müqavilənin qiymətinin 30%-i əvvəlcədən, işin 40%-i tamamlandıqda 30% ödənilir, daha sonra işin 80 faizi görüldükdən sonra 30%-i ödənilir, qalan 10%-i isə iş tamamlandıqda nağd və ya köçürmə yolu ilə “Sifarişçi” tərəfindən “Podratçı”ya ödəniləcəkdir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, işlərin təhvil verilməsi 3 ayadək həyata keçirilir. İddiaçı qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, 25 fevral 2024-cü il tarixdə 7920 manat məbləğində pul vəsaitini cavabdehə ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Hazırda iddiaçı ödənilmiş pulun geri qaytarılmasını tələb edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 439.3-ci maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı səkkiz, faiz miqdarında hesablanır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış 25 fevral 2024-cü il tarixli podrat müqaviləsinə əsasən həmin müqavilənin 1.1-ci, 2.1-ci bəndlərinə əsasən “Sifarişçi” təmir-tikinti işlərinin yerinə yetirilməsini “Podratçı”ya həvalə edir və “Podratçı” da öz növbəsində bu işlərin görülməsini öz üzərinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndindən görünür ki, işlərin təhvil verilməsi 3 ayadək həyata keçirilir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, təmir işlərini görməmişdir. İddiaçı isə cavabdehə 7920 manat pul ödəniş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh bütün bu hallar üçün öhdəlik daşıyır. Belə olan halda Cavabdeh MMC-dən 7920 manat ödənilmiş məbləğ iddiaçının xeyrinə tutulmalıdır.

17. Məhkəmə iddia tələbinin “92.40 manat faiz borcu tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mərkəzi X3 18 sentyabr 2024-cü il tarixli qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Odur ki, 7920 manatın illik faizi (7920*7%=554.4) 554.4 manat olduqda iki ay üçün 92.4 manat faiz dərəcəsi müəyyən edilir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

19. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə:

20. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən ödənilmiş 7920 manat və faiz borcu 92.40 manat tutularaq İddiaçı ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdehndən ödənilmiş 7920 manat və faiz borcu 92.40 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar