Məhkəmə qərarları › İş №2(007)-512/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-512/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-512/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş və Cavabdeh 06 yanvar 2022-ci il tarixdən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, Cavabdeh 06 yanvar 2022ci il tarixdən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Bildirir ki, Cavabdeh X8 həkim travmatoloq vəzifəsində işləyir, əmək haqqı isə 1300 manat təşkil edir. Cavabdeh isə uşaqların saxlanmasında ona heç bir maddi kömək göstərmir. Uşaqların normal saxlanması üçün normal vəsait lazımdır. Buna görə də, rəsmi olaraq cavabdehdən aldığı əmək haqqının dörddə biri miqdarında uşağın saxlanması üçün aliment tələb edir. Qeyd edilənlərə əsasən yetkinlik yaşına çatmamış 02 fevral 2020-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlandan hər ay aylıq qazancnın əmək haqqı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarımla alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X9 etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə onların münasibətləri olmuş və bu münasibətdən Suat adlı xx.xx.2020-ci ildə övladları olmuşdur ki, həmin uşağa da o, Qeydiyyat Şöbəsində atası olmağına dair ərizə vermişdir, habelə bu günədək də uşağın saxlanılması üçün iddiaçıya Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar müntəzəm ödənişlər edir. İddiaçı hazırki tələbdə ondan tutulan alimentin sabit pul məbləğində deyil, qazancının dörddə bir hissəsi miqdarında tutulmasını xahiş edir. O, hal-hazırda rəsmi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də həkim travmatoloq-ortoped kimi çalışır və aylıq gəlirim 1310 manat təşkil edir. Aylıq vəzifdə tarif maaşı 510 manatdır, qalan 800 manat isə həvəsləndirici əlavədən ibarətdir. Vergilər tutulduqdan sonra tam şəkildə 1055 manat pul qalır. Qanunvericinin bu tələbinə əsasən pndan aylıq qazancı olan 1055 manatın dörddə bir hissəsi olan 250 manat miqdarında aliment tutulmalıdır. O, onsuz da hər ay iddiaçıya 250 manat pul ödəyir. Hazırda işlədiyi qurumun tabeçiliyində olduğu TƏBİB-dən alınaraq AR Səhiyyə Nazirliyinin tabeçiliyinə keçirilməsi real olaraq gündəmdədir. Belə olan halda isə onun gəliri də əhəmiyyətli azalma istiqamətində dəyişiklik olacaqdır. Rəsmi qazancına bağlı olan aliment ödənişində də bu zaman fərqli azalma olacaqdır. Bu zamanda iddiaçı yeni tələblə məhkəməyə müraciət edəcəkdir. Yəni bu hərəkətləri ilə iddiaçı onunda zamanını almaqdadır. Hazırda ödədiyi məbləğ reallığı əks etdirir. Beləliklə, hesab edir ki, iddiaçının tələbləri əsaslı deyildir və bu səbəbdən də iddia əsassız hesab edilməklə təmin edilməməlidir. Qeyd edilənlərə əsaəsn İddiaçı ona qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddiasının əsassız hesab edilməklə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edildiyi kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəm qismən təmin edilmiş və Cavabdeh 06 yanvar 2022- ci il tarixdən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, Cavabdeh 06 yanvar 2022-ci il tarixdən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Hazırda isə həmin qətnamə ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsini, hazırda məhkəməyə təqdim etdiyi dəqiqləşmə ərizəsinin nəzərə alınmasını xahiş edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(007)-586/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsini, cavabdeh X3 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının əmək haqqı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X9 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı, 441158 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 fevral 2020-ci il tarixdə doğulmuşdur. X2, anası İddiaçı Alyaşa qızıdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(007)-586/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 06 yanvar 2022-ci il tarixdən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh 06 yanvar 2022-ci il tarixdən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutu” X14 596 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdən “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X14 klinika ştatı üzrə Ortopediya şöbəsində həkim-travmatoloq-ortoped vəzifəsində çalışır. Onun aylıq əmək haqqısı 1310 (bir min üç yüz on ) manat təşkil edir. Aylıq vəzifə tarif maaşı 510 (beş yüz on) manat və 800 (səkkiz yüz) manat həvəsləndirici əlavədən ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin faktiki nikahlarından 02 fevral 2020ci il təvəllüdlü X10 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 06 yanvar 2022-ci il tarixdən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh 06 yanvar 2022-ci il tarixdən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilməsini xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş sabit aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(007)-586/2022 saylı iş üzrə araşdırma aparılan zaman cavabdehin Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqində klinika ştataı üzrə Ortepediya şöbəsində həkim-travmatoloq-ortoped vəzifəsində işlədiyi və orta aylıq əmək haqqının 415 manat olduğu müəyyən edilmişdir. Cavabdeh hazırda da həmin iş yerində işləyir və onun maddi vəziyyətində dəyişiklik olmuşdur. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş X1 üçün X3 İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə təqdim edilmiş, cavabdeh X4 iş yerindən arayışa əsasən o, işləyir və aylıq vəzifə maaşı 1310 manatdır. Cavabdeh məhkəməyə təqdim edilmiş etirazında hazırda faktiki olaraq iddiaçıya 250 manat ödədiyini, lakin alimentin əmək haqqının ¼ hissəsi miqdarında tutulmasına etiraz etdiyi bildirmiş və gələcəkdə əmək haqqının azadılması gözlədiyindən iddiaçının yenidən alimentin məbləği ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi dəlillər əsassız və məhkəmə hazırda mövcud vəziyyəti qiymətləndirərək yaranmış mübahisəni həll etməlidir. Belə olan halda, məhkəmə yuxarıda göstərilən tədqiq edilmiş sübutları, maddi hüquq normalarının tələblərini nəzərə alaraq və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(007)-586/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, X3 qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməli və məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(007)- 586/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. X3 qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 02 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar