Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-525/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğnundan hər birindən 220 manat ümümilikdə 440 manat məbləğində sabit pul məbləğində aliment məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdehlər xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 onun övladlarıdır. Övladları və həyat yoldaşı X4 ilə birgə qeydiyyatda olduqları ünvanıda yaşamışlar. Həyat yoldaşı Ələs Bayramov xx.xx.2022-ci ildə dünyasını dəyişdikdən sonra o, sümük, böyrək və sair xəstəliklərdən əziyyət çəkməkdədir və işləyə bilmir, sərbəst hərəkət edə bilmir. Övladları Vüsal və Elnur ona qulluq etmək, onun məişət qayğılarını, qida və dərman xərclərinə kömək etməyərək ondan uzaqlaşmışlar, maddi və ya mənəvi heç bir dəstək göstərmirlər. Məcburiyyət qarşısında o, bacısının evinə yerləşmiş və maddi və mənəvi dəstəyi bacısı və yaxın qohumları qarşılayır. Dəfələrlə yataq xəstəsi olduğunu, dərman və məişət xərclərində ona kömək etmələrini xahiş etsə də müsbət nəticə olmamışdır. Qanunvericiliyin tələbinə uyğun aliment tələbi ilə mediasiya qurumu vasitəsi ilə müraciəti də cavabsız qalmışdır. Məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, mübahisəli məsələyə məhkəmə qaydasında baxılmalı, məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkil və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Anası Şəmkir rayonunda anasıgildə qalır, əlilliyi yoxdur, təqaüdə da çıxmayıb. Dəfələrlə anasına gəlib onunla qalmasını desə də anası gəlib onunla qalmır. Ata evləri orderlidir hələ atasının adında qalıb çıxarışı yoxdur. Evdə 4 nəfər qeydiyyatdadır, anası, rəhmətə getmiş atası, o və qardaşı. Evi anası 300 manata kirayə verib, kirayə haqqını da özü götürür o, və qardaşı buna etiraz etmirlər ki, götürüb dolansın. Sadəcə o pulu da özü xərcləmir aparıb anasına bacısına verir. Evləri ola-ola ailəsi ilə kirayədə qalır. Özü müharibə iştirakçısı olub əməliyyat olunub. Banka kredit ödəyir. Himayəsində azyaşlı uşağı var. Digər cavabdeh qardaşıdır. Hazırda Rusiyada yaşayır. Qardaşı da işsizdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 19 iyul 2023-cü il tarixli, 637 nömrəli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Çinarlı qəsəbəsi, İsmət Qayınov küçəsində bacısı X1 evində qeydiyyatsız olaraq müvəqqəti yaşayır. - “AZEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Moskvaya giriş etmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 13 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01605 saylı arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 13 noyabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişlər. İddiaçı vəkil və nümayəndəsi Vəkil iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci ödəmişdir. - Hesabdan çıxarışlardan görünür ki, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 4700 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 6000 manat kredit götürmüşdür. - 16.12.23-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh2 aylıq 450 manat olmaqla kirayəyə vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı övladlarından ayrı Şəmkir rayonunun Çinarlı qəsəbəsində bacısının evində qalır. Övladları Cavabdeh2 Bakı şəhərində, Cavabdeh1 Rusiya Federasiaysında yaşayır. Hazırda İddiaçı maddi təminatı olmadığına və xəstə olmasına istinad edib övladlarından aliment tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Göründüyü kimi yetkinlik yaşına çatmış övladların valideynləri üçün aliment öhdəlikləri hər bir halda yox, yalnız valideynlərin əmək qabiliyyəti olmadıqda və maddi yardıma ehtiyacı olduqda yaranır. Göstərilən şərtlərdən biri olmadıqda onlarda aliment öhdəliyi yaranmır. Valideyinlərin əmək qabiliyyətsizliyi onların pensiya yaşına çatması, yaxud da ki, əlilliyi ilə əlaqədar ola bilər. “Maddi yardıma ehtiyacı olma” müddəası valideynlərin yaşayış minimumu üçün çatışmayan vəsaitlərinin olmaması anlayışını xarakterizə edir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Müayinə vərəqələri və reseptlər isə onun əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olmasını təsdiq etmir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, əvvəllər yaşadıqları evi iddiaçı kirayəyə vermişdir və kirayə haqqını da o, götürür. Belə olan halda qanunvericiliyin tələbinə əsasən göstərilən şərtlərdən biri olmadıqda aliment öhdəliyi yaranmır. Odur ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-525/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-525/2024
06.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver