Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-549/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hasanova Emiraya qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi və bağışlamaqdan imtina” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə iştirakı ilə, İddiaçı cavabdeh Hasanova Emiraya qarşı “daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi və bağışlamaqdan imtina” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh Hasanova Emiraya qarşı “daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi və bağışlamaqdan imtina” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və bağışlamaqdan imtina barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.76 kv/m, yardımçı sahəsi 18.1 kv/m olan 3 otaqlı mənzili tam mülkiyyət üzrə nəvəsi Cavabdeh bağışlamışdır. Cavabdeh Ukrayna Respublikasının vətəndaşıdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh Azərbaycanda qalıb ona qulluq etməli idi. O, gözdən əlildir, Tibbi-Sosial Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə birinci dərəcəli əlillik təyin edilmişdir. Odur ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bu səbəbdən də, o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46,76 kv/m, yardımçı sahəsi 18.1 kv/m olan 3 otaqlı mənzili tam mülkiyyət üzrə nəvəsi Cavabdeh bağışlamışdır ki, o, onun yanında yaşamaqla ona qulluq edəcəkdir. Lakin, mülkiyyətində olan mənzili ona bağışladıqdan sonra Cavabdeh hədiyyəni qəbul etmədən Azərbaycan Respublikasını tərk edib daimi yaşadığı Ukrayna Respublikasına getmiş və bir daha Azərbaycana qayıtmamışdır. Qeyd edir ki, daşınmaz əmlakın bağışlanılması müqaviləsi bağlanan ərəfədə Cavabdeh ünvan 1 ünvanında yaşamışdır. Cavabdeh hazırda Kiyev şəhərində yaşayır. Cavabdeh ümumiyyətlə daşınmaz əmlakı qəbul etməmişdir. Həmin mənzil yenə də onun istifadəsindədir və həmin mənzildə o yaşayır. Belə olan halda, o qəti qərara gəlmişdir ki, 10 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini məhkəmə qaydasında ləğv və bağışlamaqdan imtina tələbinə dair iddia ərizəsi ilə müraciət edir. Hesab edir ki, 10 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi məhkəmə qaydasında ləğv edilməlidir.
İş materialları :
3. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumat verilməsinə dair çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən gözdən əlillik səbəbi ilə birinci dərəcəli müddətsiz əlildir.
4. xx.xx.2024-cü il tarixli, “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64.86 kv.metr, yaşayış sahəsi 46.76 kv.metr, yardımçı sahəsi 18.1 kv/m olan 3 otaqlı mənzili tam mülkiyyət üzrə “hədiyyə alanın” nəvəsi Cavabdeh mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışından görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydə alınmışdır.
6. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”dən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.86 kv.metr, yaşayış sahəsi 46.76 kv.metr, yardımçı sahəsi 18.1 kv/m olan 3 otaqlı mənzil X4 tərəfindən İddiaçı satılmışdır.
7. KB seriyalı, 384827 nömrəli pasportun tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Kiyev şəhərində doğulmuş, vətəndaşlığı Ukrayna olub, pasport xx.xx.2021-ci il tarixdə verilmişdir.
8. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ seriyalı, ******* nömrəli “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi”ndən görünür ki, Ukrayna vətəndaşə İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş və yaşayış yeri ünvan 1 ünvanıdır.
9. B23 seriyalı, 020410 nömrəli Ukrayna Bakalavr diplomunun tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2023-cü ildə Borys Grinchenko adına Kiyev Universitetinin tam kursunu bitirmişdir.
10. Ukrayna Təhsil və Elm Nazirliyi Ukrayna Təhsil Biliklərinin Qiymətləndirilməsi Mərkəzinin ******* nömrəli imtahan vərəqindən görünür ki, X3 2023-cü ildə qiyabi təhsilin digər səviyyəsinə qəbul üçün lazmi qiymətləndirməyə cəlb edilən təşkilat-texnoloji proseslərin istifadəsi ilə aparılan qəbul sınaqlarını keçməsi üçün qeydiyyatdan keçmişdir.
11. Ukrayna Təhsil və Elm Nazirliyi Vadim Getman adına Kiyev Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 Vadim Getman adına Kiyev Milli İqtisad Universitenin iqtisadiyyat və idarəetmə fakültəsinin ali təhsilin digər səviyyəsinin (magistratura) 2-ci kurs tələbəsidir.
12. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, mənzil iddiaçının oğlu Əlövsət tərəfindən anasının Bakıda qalması üçün alınmışdır. bildirdi. Daha sonra isə ev anasına baxması üçün anası ilə razılaşdırılaraq qardaşı qızına bağışlanmışdır. Tərəflər arasında razılığa əsasən cavabdeh öz nənəsinə baxacaqdı. Cavabdeh ümumiyyətlə nənəsinə baxmaq yox da, evi satmaq niyyətində olmuşdur. İddiaçının oğlu Əlövsət ona görə evin qardaşı qızına bağışlanmasını təklif etmişdir ki, Ukraynada müharibə getdiyindən qardaşının köçüb Bakıda yaşamasını və anasını həkimə aparıb-gətirməsini istəmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bağışlama müqaviləsinin hər hansı şərtlə şərtləndirilmədiyini bildirmişdir. Əgər iddiaçı tərəfin dediyi kimi şərt olsa idi, tərəflər arasında renta müqaviləsi bağlanardı. Cavabdeh özü rus dillidir. İddiaçı ilə ünsiyyət qurmasında dil baryeri var. Cavabdeh Ukranyada ali təhsil alır. Evi satmaq kimi cavabdehin niyyəti yoxdur. Mənzil şərtsiz şəkildə bağışlanmışdır. İddiaçı özü rayonda yaşayır, gözdən əlildir. Nənənin Bakıya gəlməsi ağlabatan deyil.
İşin faktiki halı :
15. İddiaçı ilə cavabdeh İddiaçı arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanılmış, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə bağışlanmışdır.
16. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən X1 alınmış və həmin əmlaka dair xx.xx.2019-cu il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alınmışdır.
17. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı oğlu Əlövsət tərəfindən alınmışdır.
18. İddiaçı birinci dərəcəli gözdən əlil olub qızı Sevil ilə birlikdə yaşayır. İddiaçı rus dilini bilmir.
19. Cavabdeh İddiaçının nəvəsi olub, Ukrayna Respublikasında doğulub ailəsi ilə birlikdə orada yaşayır, orada təhsil alır. Cavabdeh Azərbaucan dilini bilmir.
20. Cavabdeh iddiaçı tərəfindən mənzil ona hədiyyə verildikdən sonra Bakıya gəldikdə həmin mənzildə yaşamışdır.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il Qərarı.
Məhkəmənin mövqeyi :
25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
26. İddiaçı cavabdeh İddiaçı qarşı olan “daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, bağışlamadan imtina” tələbini xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili nəvəsi olan cavabdeh İddiaçı ona qulluq etməsi şərti ilə bağışlaması, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır.
27. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
29. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
30. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə işin aşağıdakı müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
31. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili nəvəsi olan cavabdeh İddiaçı şərt ilə bağışlaması, nəvəsi İddiaçı Ukrayna Respublikası vətəndaşı olduğu, aralarında olan razılaşmaya əsasən cavabdehin Azərbaycanda qalıb ona qulluq etməli olduğu, lakin mənzili cavabdehə bağışlandıqdan sonra cavabdehin hədiyyəni qəbul etmədən Azərbaycan Respublikasını tərk edib daimi yaşadığı Ukrayna Respublikasına getdiyi və bir daha Azərbaycana qayıtmadığı bildirilmişdir.
32. İşin faktiki halı odur ki, İddiaçı ilə cavabdeh İddiaçı arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil hədiyyə verən iddiaçı tərəfindən hədiyyə alan cavabdehə hədiyyə verilmiş və cavabdeh İddiaçı tərəfindən hədiyyə qəbul edilməklə Azərbaycana gəldiyi zaman həmin əmlakda yaşamışdır.
33. İlk növbədə qeyd edək ki bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
34. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
35. Nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
36. Onu da qeyd edək ki, Qanunverici Mülki Məcəllənin 670.1-ci maddəsində bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini mümkün saymışdır. Həmin maddəyə uyğun olaraq, bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
37. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin məzmununa nəzər saldıqda görünür ki, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı hər hansı öhdəliklərin yerinə yetirilməsi ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdeh tərəfindən hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilməmişdir. Bir sözlə mübahisələndirilən bağışlama müqaviləsində cavabdeh iddiaçı qarşısında Ukraynadan köçüb Azərbaycanda onunla yaşayacağı, onun qayğısına qalacağına dair öhdəlik götürməmişdir.
38. Həmçinin məhkəmə araşdırılması zamanı cavabdehin iddiaçı qarşısında əmlakın bağışlanması qarşılığında köçüb gəlib iddiaçı ilə birlikdə yaşayacağı, onun qayğısına qalacağına dair öhdəlik götürməsi halı müəyyən edilməmişdir.
39. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, mübahisə obyekti olan mənzil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə satın alınmışdır. Həmin mənzil iddiaçının böyük oğlu Əlövsət tərəfindən iddiaçıya hədiyyə olaraq alınmışdır. Müəyyən edilmişdir ki, iddiaçı birinci dərəcəli gözdən əlil olub, qızı Sevil ilə birlikdə yaşayır, onun qayğısına qızı Sevil qalır. Cavabdeh isə iddiaçının digər oğlunun qızı olub Ukrayna Respublikasında anadan olub, ailəsi ilə birlikdə Ukraynada yaşayır. Cavabdeh Azərbaycan dilində, iddiaçı isə rus dilində danışa bilmir.
40. Belə olan halda, yəni iddiaçının qayğısına qızı qaldığı, iddiaçı rus dilində danışa bilmədiyi, cavabdeh isə Ukraynada yaşadığı, orada təhsil aldığı, Azərbaycan dilində danışa bilmədiyi halda cavabdehin iddiaçı qarşısında köçüb gəlib Azərbaycanda onunla birlikdə yaşayacağına dair öhdəlik götürməsi ağlabatan deyildir.
41. Həmçinin məhkəmə iclasında iddiaçı və iddiaçının oğlu Əlövsətin izahatlarına əsasən müəyyən edilmişdir ki, mənzilin cavabdehə bağışlanması ilə bağlı danışıqlar cavabdehin atası ilə aparılmışdır. Onlar izahatlarında qeyd etmişlər ki, cavabdehin atası, yəni iddiaçının oğlu ilə danışılmışdır ki, köçüb gəlib Bakıda yaşasın, anasının qayğısına qalsın. Yəni onlar izahatlarında cavabdehin deyil, iddiaçının oğlunun iddiaçı qarşısında öhdəlik götürdüyünü bildirmişlər.
42. Məhkəmə qeyd edir ki, cavabdehin atasının iddiaçı qarşısında belə bir öhdəlik götürməsi halı öz təsdiqini tapmış olsa idi belə, nəzərə alınmalıdır ki, müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olduğundan, bağışlama müqaviləsi şərtlə bağlanıldığı halda öhdəlik götürən tərəfin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi tələb edildiyindən cavabdehin deyil, cavabdehin atasının iddiaçı qarşısında öhdəlik götürməsi halı müqavilənin ləğvi üçün əsas ola bilməz.
43. Qeyd edilməlidir ki, bağışlamanın hansısa bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda, tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir.
44. Odur ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada – notarial qaydada təsdiqlənmiş yazılı müqavilədə qeyd olunması zəruridir. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsində belə bir şərt qeyd olunmamışdır. Yəni, müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib edilən əqdin məzmununda qeyd olunmamışdır.
45. Odur ki, müqavilənin ləğv edilmə əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir. Həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün hədiyyə alanın hədiyyə verənin qayğısına qalmaq öhdəliyi daşıması və həmin öhdəliyi yerinə yetirilməməsini sübut etmək yükü bağışlamadan imtina edən tərəfin - iddiaçının üzərinə düşür.
46. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı qarşısında öhdəlik götürməsini sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq qeyd edilən hal iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
47. Məhkəmə qeyd edir ki, həmçinin iddiaçı tərəfindən məhkəməyə bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün qanunvercilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən biri-digərini tamamlayan mötəbər sübutlar da təqdim olunmamışdır.
48. Belə ki, bağışlamadan imtinanın əsasları (real bağışlama) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsi nəzərdə tutulmuşdur.
49. Həmin normaya əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
50. Qeyd edilən normanın məzmunundan göründüyü kimi hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamadan imtina edə bilər.
51. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir.
52. Belə olan halda ailə qanunvericiliyində nəvənin nənə qarşısında öhdəliklərinin nədən ibarət olması araşdırılmalıdır.
53. Ailə Məcəlləsinin 90-cı maddəsinə görə əmək qabiliyyətli olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.
54. Maddələrin məzmunundan göründüyü kimi nəvənin baba və nənəni saxlamaq vəzifəsinin mövcud olması üçün bir sıra zəruri şərtlər; 1) nənənin və ya babanın əmək qabiliyyətli olmaması, 2) onların yardıma ehtiyacı olması, 3) yetkinlik yaşına çatan övladlarından yardım almasının istisna edilməsi, yəni ya yetkinlik yaşına çatmış övladların olmaması, ya da övladları olsa belə onların yardım etmək iqtidarında olmamaları, 4) nəvənin yardım etməyə zəruri vəsaitə malik olması kimi şərtlər mövcud olmalıdır.
55. Hazırki mülki iş üzrə isə hədiyyə verən iddiaçının dörd övladı olub, iddiaçının övladlarından aliment tələb etməsi, onların aliment ödəmək iqtidarında olmamaları, yaxud qanunla üzərlərinə qoyulmuş yaşlı valideynin qayğısına qalmaq kimi vəzifələri yerinə yetirməmələri öz təsdiqini tapmamışdır. Həmçinin iş materialları ilə hədiyyə verən nənənin hədiyyə alan nəvəsi cavabdehdən aliment tələb etməsi, cavabdehin bundan boyun qaçırması da müəyyən olunmamışdır.
56. Həmçinin onu da qeyd edək ki, hədiyyə verən iddiaçı hədiyyə alan cavabdehin onun qarşısında bağışlama müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini bildirsə də, nəzərə alınmalıdır ki, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozması halında bağışlama müqaviləsinin ləğvinə əsaslar yaranmış olur. Belə ki, qanunverici bu öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kobudcasına pozulmasını əsas kimi nəzərdə tutmuşdur.
57. Qeyd edək ki, məhkəmə tərəfindən cavabdehin iddiaçı nənəsinə münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn öhdəlik daşıması və ya daşıdığı öhdəliyi kobudcasına pozması müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
58. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə Mülki Məcəllənin 673.1-ci maddəsində bağışlamadan imtinanın əsasları kimi nəzərdə tutulan halların heç biri olmamışdır. Yəni ağır cinayət törədilməmiş, ailə hüquq münasibətlərinə aid vəzifə kobudcasına pozulmamış, o cümlədən bağışlama ilə bağlı hər hansı öhdəlik pozulmamış, çünki bağışlama müqaviləsində belə öhdəlik ümumiyyətlə müəyyən edilməmişdir.
59. Bundan başqa, Mülki Məcəllənin 673.3-cü maddəsinə görə, bağışlamadan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
60. Məhkəmə qanunvericiliyin qeyd edilən tələbi ilə bağlı isə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağışlama müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılmış, iddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Yəni iddiaçı tərəfindən 1 illik bağışlamadan imtina müddəti ötürülməmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının bağışlamaqdan imtina barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi imtina barədə bildirişin hədiyyə alana təqdim olunması kimi qiymətləndirilmişdir.
Məhkəmə xərcləri:
61. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
62. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı cavabdeh İddiaçı qarşı olan “daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, bağışlamadan imtina”ya dair iddia tələbi təmin edilməməlidir.
63. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı cavabdeh İddiaçı qarşı olan 10 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, bağışlamadan imtinaya dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva