Məhkəmə qərarları › İş №2(007)-597/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-597/2022

10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-597/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2005-ci il təvəllüdlü X5 və 25 iyul 2018-ci il təvəllüdlü X3 üçün ondan tutulan alimentin miqdarı aşağıdakı qaydada azaldılmalı, hər iki uşağın saxlanılması üçün ondan 1/3 miqdarında (hər uşağa 1/6 hissə) aliment tutulmalı, X4 üçiin alimentin tutulması yuxarıda göstərilən azaldılma nəzərə alınmaqla 17.12.2017-ci il tarixdən, X14 qızının saxlanılması üçün isə alimentin tutulması yuxarıda göstərilən azaldılma nəzərə alınmaqla 22.10.2018-ci il tarixdən hesablanmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 14.02.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 05.01.2005-ci il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon qeydiyyat şöbəsində 20 iyul 2004cü il tarixdə nikahları rəsmi olaraq pozulmuşdur. Bundan sonra digər Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 25 iyul 2018-ci il təvəllüdlü qızları X10 doğulmuş, nikahları pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 50/2020 nömrəli 27.10.2020-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilərək ondan 25 iyul 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018ci il tarixdən başlayaraq onun qazancının və ya (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment və 25 iyul 2018-ci il təvəllüdlü X10 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh2 xeyrinə qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 nömrəli 09.03.2021-ci il tarixli qətnaməsi ilə ondan 17.12.2017-ci il tarixdən başlayaraq, 05.01.2005-ci il təvəllüdlü X5 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, ondan 10 (on) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Məhkəmə qətnamələrindən görünən budur ki, hər iki məhkəmə qətnaməsi ilə ona münasibətdə 1/4 hissəsi miqdarında aliment tutulmasını qət elmişdir. Hazırda həmin qətnamələr icra edilməmiş saxlanılmışdır. İddiaçı hazırda işləmədiyi, lakin əvvəllər işlədiyi müddət ərzində pulun tululması qeyd olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 50/2020 nömrəli 27.10.2020-ci il tarixli qətnaməsinə əsasən tutulmuş məbləğ hər iki cavabdehin arasında bərabər olaraq bölünməli və qanunvericliyə əsasən uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində tutulmalıdır. Ondan 25 iyul 2018-ci il təvəllüdlü X6 və 05.01.2005-ci il təvəllüdlü X1 görə alimentin tutulması ailə qanunvericiliyinə uyğun azaldılmalıdır. Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 nömrəli 27.10.2020-ci il tarixli qətnaməsinə əsasən ¼ hissədə gəlirlərindən və qazancından aliment tələb edir, halbuki həmin qətnamə ilə razılaşmayaraq onu mübahisələndirir, buna baxmayaraq birgə nikahlarından doğulmuş 25 iyul 2018-ci il təvəllüdlü X6 qidalanmasını təmin etmək məqsədi ilə hər təqvim ayı 220 manat pul vəsaiti ödəyir. Birinci arvadı Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 saylı 09.03.2021-ci il tarixli qətnaməsinə əsasən ¼ hissədə gəlirlərindən və qazancından aliment tələb edir, buna baxmayaraq birgə nikahlarından doğulmuş 05.01.2005-ci il təvəllüdlü X5 qidalanmasını təmin elmək məqsədi ilə hər təqvim ayı 220 manat pul vəsaiti ödəyir. Göründüyü kimi iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuş alimeniin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. İşin faktiki hallarından görünür ki, iş üzrə 2 qətnamə mövcuddur. Belə olan halda hər iki uşağa görə alimentin ¼ hissədə tutulması hazırda işləmədiyi, eyni zamanda yeni ailə qurduğu, qazancı və gəlirləri azaldığı halda yolverilməzdir. Eyni zamanda ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1002/2021 nömrəli 09.03.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək ondan 17.12.2017-ci il tarixdən başlayaraq, 05 yanvar 2005 ci il təvəllüdlü X5 yetkinlik yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, ondan 10 (on) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə də yuxarıda şərh olunanlara, işin faktiki hallarına və qanuni qüvvəyə minmiş qətnamələrə əsasən hesab edir ki, 05 yanvar 2005-ci il təvəllüdlü X5 və 25 iyul 2018-ci il təvəllüdlü X3 üçün ondan tutulan alimentin miqdarı aşağıdakı qaydada azaldılmalı, hər iki uşağın saxlanılması üçün ondan 1/3 miqdarında (hər uşağa 1/6 hissə) aliment tutularaq X4 üçün alimentin tutulması yuxarıda göstərilən azaldılma nəzərə alınmaqla 17.12.2017-ci il tarixdən, X2 üçün isə alimentin tutulması yuxama göstərilən azaldılma nəzərə alınmaqla 22 oktyabr 2018-ci il tarixdən hesablanması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, 22.10.2018-ci il tarixində Nizami Rayon Məhkəməsinə alimentin tutulması barədə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddia ərizəsi üzrə 2(007)-50/2020 saylı işin icraatına başlanılmış, iş üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2(007)-50/2020 qətnaməsi ilə İddiaçı 25.07.2018-ci təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22.10.2018-ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment və 25.07.2018-ci il təvəllüdlü X10 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması hakim Fikrət Mirzəyev tərəfindən qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2(007)-50/2020 saylı qətnaməsi ilə alimentin onun xeyrinə tutulmasının qət edilməsinə baxmayaraq, İddiaçı 07.01.2021-ci il tarixində Bakı şəhəri Apellyasiya Məhkəməsinə şikayət edərək 2(007)-50/2020 qətnaməsinin dəyişdirilməsi, alimentin məbləğinin sabit pul məbləğinə çevrilməsi və ona olan sabit pul məbləğində 50 (əlli) manat ləğv edilməsini xahiş etmişdir. Lakin apellyator Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2287/2021 saylı işin dövlət rüsumunu ödəmədiyinə görə, şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Hazırda İddiaçı ona qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə alimentin miqdarının dəyişdirilməsi barədə tamamilə əsassız bir iddia ərizəsi ilə müraciət etmişdir, həmin iddia ərizəsi icraata qəbul edilərək 2(007)-597/2022 saylı iş üzrə icraata başlanılmışdır. İşin hallarından göründüyü kimi iddiaçı iddia tələbini məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması ilə əsaslandırmağa çalışır, bu hal da qeyd edilən qərarda izah edildiyi kimi alimentin azaldılması üçün mütləq əsas deyildir. Xüsusi ilə nəzərə alınmasını xahiş edir ki, iddiaçı həmin ailəni artıq iki nikahdan övladlarının olduğu və həmin övladlarına görə aliment öhdəliyi daşıdığı və icra etmədiyi halda qurmuşdur və hər hansı çətinliklə üzləşəcəyinə öncədən bəlli olduğundan həmin çətinliklərin öhdəsindən gəlməsi üçün məsuliyyəti də daşıyacağına əmin olmuşdur, bu səbəbdən də hazırda əvvəlki nikahlarından olan övladlarının alimentini azaltmadan təkbaşına və öz gücünə güvənərək həmin maddi çətinliklərin öhdəsindən gəlməyə borcludur. İddiaçının öz iddiasını yeni övladlarının olması ilə əsaslandırması cəhdləri sadə məntiqə belə ziddir. İddiaçının yeni nikaha daxil olarkən və hələ həmin nikahdan heç bir övladı dünyaya gəlməmişkən əvvəlki nikahlarından olan övladlarına aliment ödəməli olduğuna və bunun belə öhdəsindən gələ bilmədiyinə bələd olması ya iddiaçını yeni nikaha daxil olmaq fikrindən daşındırmalı idi, ya da iddiaçının digər övladlarının mənafelərini məhdudlaşdırmadan yeni nikahdan dünyaya gələ biləcək övladlarının saxlanılmasına görə məsuliyyəti tam olaraq öz üzərinə götürməyə hazır olmasının əlamətidir. Göründüyü kimi, bütün bunlara baxmayaraq iddiaçı yeni ailə qurmaq niyyətini gerçəkləşdirmişdir, bununla da yeni ailədən dünyaya gəlmiş övladlarını əvvəlki nikahlarından olan övladlarının hüquqlarını tapdalamadan saxlaya biləcəyinə əmin olduğunu və digər övladlarının saxlanılmaları üçün alimentin miqdarını azaltmadan yeni nikahdan olan övladlarını saxlamaq məsuliyyətini təkbaşına və qeydşərtsiz daşıyacağını bəyan etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, alimentin miqdarının azaldılmasını tələb etmiş, bununla da gələcəkdə ödənilməli alimentin miqdarını nəzərdə tutmuşdur, lakin iddia ərizəsinin mətnindən görünən odur ki, iddiaçı məhkəmə qaydasında həm artıq məhkəmə qətnaməsi üzrə təyin edilmiş aliment borcunun miqdarının azaldılmasını, həm də həmin qətnamə üzrə gələcəkdə ödəməli olacaq alimentin miqdarının azaldılmasını xahiş edir. İddiaçının xahişi ilə iddia ərizəsinin mətni fərqlidir, ziddiyətlərlə doludur və bu ziddiyyətlər iddiaçının özünün də həqiqətən nəyi tələb etdiyini özü üçün belə tam ayırd edə bilmədiyini, iddia ərizəsinin tələsik və tələb əsaslandırılmadan yazılaraq məhkəməyə göndərildiyinin göstəricisidir. Bundan başqa, məhkəmə mövcud (məhkəmə qətnaməsi üzrə yığılmış) aliment borcunun miqdarının azaldılması barədə iddia üzrə işə baxarkən iddiaçının yeni nikahdan doğulmuş övladlarını saxlaması öhdəliyinin olmasına istinad etməsi əsassızdır. Nəzərə çatdırmaq istəyir ki, İddiaçı 2 il ərzində (01.10.2018-06.07.2020) tarixlərində “ABB Limited” şirkətində işləmişdir. İddiaçı dəfələrlə məhkəmə tərəfindən təyin edilmiş ekspertizalara gəlməməklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1439/2020 saylı qətnaməsindən kassasiya şikayət verməklə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 50/2020 saylı qətnaməsini şikayət etməklə hətta faktiki olaraq işlədiyi dövr üçün yığılmış qanuni borcunu ödəməkdən yayınmaq niyyətində olmasını bəlli etmişdir. İddiaçı birinci instansiya məhkəməsində baxılmış bütün məhkəmə işləri üzrə müxtəlif üsullarla məhkəmədə şəxsən iştirak etməkdən yayınmış və məhkəmə araşdırmasını süni yollarla ləngitmişdir. Cavabdeh İddiaçı ona aliment borcunun olması, borcunu ödəməməsi və müxtəlif üsullarla məhkəmə işlərini uzadması nəticəsində o, İcra və Probasıya Şöbəsinə cavabdehin ölkədən getməyinə müvəqqəti məhdudiyyət qoyulması barədə ərizə ilə müraciət etmişdir. Həmin məsələ üzrə məhkəmə tərəfindən 17.03.2021- ci il tarixində cavabdehin ölkədən getmək hüququ məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir, lakin sonradan məlum olmuşdur ki, borclu İddiaçı qeyri-qanuni olaraq barəsində seçiləcək məhdudiyyət tədbirindən öncədən xəbərdar edildiyinə görə ölkə hüdudlarını həmin məhdudiyyətin qoyulmasından bir neçə gün öncə tərk etmiş və hazırda həmin məhdudiyyətə görə ölkəyə qayıda bilmədiyindən bu cür əsassız iddialarla məhkəmənin vaxtını alaraq onu yormaq və onu alimentin ödənilməsini tələb etmək niyyətindən daşındırmaq məqsədini güdməkdədir. Məhz bu məqsədlə X11 ona qarşı alimentin miqdarının dəyişdirilməsi barədə hazırkı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə çatdırmaq istəyir ki, İddiaçı 2(007)-50/2020 saylı qətnaməsini alimentin məbləğini sabit pul məbləğinə keçirilməsinə və X6 3 (üç) yaşınadək hər ay ona 50 (əlli) manat olan alimenti ləğv olunması barədə Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir. 2(103)-5317/2021 saylı iş üzrə 25.06.2021-ci il tarixində çıxarılan qətnamədə İddiaçı şikayəti rədd edilmişdir. Bir müddət sonra İddiaçı Nizami Rayon Məhkəməsinə yeni iddia ərizəsi ilə alimentin məbləğinin dəyişdirilməsi barəsində müraciət etmişdir. 2(007)-2451/2021 saylı iş üzrə 1-ci instansiya məhkəməsi həmin iddiani rədd etməyinə baxmayaraq (Cavabdeh2 olan hissə təmin olunmadı, lakin Cavabdeh1 olan hissədə cavabdehin ərizəsinə əsasən sabit pul məbləği 175 manant tutuldu) yenidən Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir. 2(103)-10610 saylı iş üzrə 14.12.2021-ci tarixində çıxan qətnamə İddiaçı şikayətini rədd etdi. Əlavə etmək istəyir ki, 15.12.2020-ci il tatixində “ABB Limited" şirkəti tərəfindən rəsmi məktuba əsasən, İddiaçı oktyabr 2018 - iyul 2020-ci il tarixinədək aldığı əmək haqqı 249,978,92 manat təşkil etmiş, iddiaçı bilirmişdir ki, həmin ərəfədə aliment məhkəməsi davam edirdi və X7 aid olan ¼ hissəni saxlayıb, alimenti ödəməli idi. Etirazdan və işin hallarından göründüyü kimi iddiaçı öz iddia tələbini əsaslandıra bilməmişdir. İddiaçı tələbini yeni nikahından olan övladlarını saxlaması öhdəliyinin olması ilə əsaslandırmağa cəhd etmişdir, lakin iddiaçının istinad etdiyi bu halın əssasız olması onun iddia ərizəsinə etirazında istinad etdiyi Ailə Məcəlləsinin müvafiq maddələri, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin müvafiq Plenum qərarlarında əks olunun müddəalar ilə sübuta yetirilir. Beləliklə, iddiaçı öz iddia tələbini əsaslandıra bilməmişdir, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri və xüsusi ilə azyaşı övladının saxlanılması üçün aliment tələbinə dair mülki işin süründürülməsi halları ilə bağlı yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı 2(007)- 597/2022 saylı iş üzrə olan iddia tələbi təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının iki övladı vardır. Hər iki uşağın saxlanılması üçün alimentin tutulması barədə vahid bir qətnamə olmalıdır. Qanunvericilikdə iki övlada görə alimentin miqdarı qazancının ¼ hissəsi miqdarında müəyyən edilməmişdir. Alimentlə bağlı birinci iddianı Cavabdeh2 vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib, etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, bundan öncə də iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı iş üzrə 27.10.2020-ci il tarixli qətnamədən şikayət vermişdir. İddaçı çıxarılmış qətnamədən şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bundan başqa, iddiaçı özü axtarışdadır. İddiaçının işlədiyi müddət ərzində 241000 manat gəliri olmuş, həmin gəlirin 61000 manatı onundur. Qalan hissəsi isə cavabdeh İrina xanıma məxsusdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-665/2019 saylı 13.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 25 iyul 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş (anası Cavabdeh2 olan) X6 atası olmaması müəyyən olunması və doğum haqqında şəhadətnamənin ata qrafasında İddiaçı dair qeydlərin ləğv edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1439/2020 saylı 22.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-665/2019 saylı işi üzrə 13 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh2 qarşı “atalıq hüququnun ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 25 iyul 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment və 25 iyul 2018-ci il təvəllüdlü X10 3 (üç) yaşına çatana qədər hər ay 50 (əli) manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5317/2021 saylı 25.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 saylı 09.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 17.12.2017-ci ıl tarixdən başlayaraq, 05.01.2005-ci il təvəllüdlü X5 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2451/2021 saylı 04.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1002/2021 nömrəli 09.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsi, İddiaçı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05.01.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10610/2021 saylı 14.12.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Mənkəməsinin 04 avqust 2021-ci il tarixli 2(007)- 2451/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 rəsmi nikah qeyd etdirmişlər, birgə nikahlarından 05.01.2005-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, bu zaman uşaqlar atanın yanında qalmışlar, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 saylı 09.03.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 17.12.2017-ci ıl tarixdən başlayaraq, 05.01.2005-ci il təvəllüdlü X5 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2451/2021 saylı 04.08.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək İddiaçı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05.01.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Bundan başqa, İddiaçı ilə digər Cavabdeh2 rəsmi nikah qeyd etdirmişlər, birgə nikahlarından 25 iyul 2018-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, bu zaman uşaqlar atanın yanında qalmışlar, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı 25 iyul 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment və 25 iyul 2018-ci il təvəllüdlü X10 3 (üç) yaşına çatana qədər hər ay 50 (əli) manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Hazırkı halda İddiaçı həmin aliment məbləğlərinin dəyişdirilərək azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2451/2021 saylı 04.08.2021-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı 27.10.2020-ci il tarixli qətnamələri ilə alimentin tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. 2022ci ildə yaşayış minimumu məbləği hər uşaq üçün 193 manat müəyyən edilsə də, iddiaçının ödəməli olduğu aliment məbləği 05.01.2005-ci il təvəllüdlü X8 münasibətdə 175 manat, 25 iyul 2018-ci il təvəllüdlü X7 münasibətdə isə qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında müəyyən edilmişdir. Həmçinin, İddiaçı təkrarən ailə həyatı qursa da, həmin nikahdan doğulmuş uşaqlarının olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının yenidən ailə quraraq evlənməsi onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən cavabdehlər azyaşlı uşaqları ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, alimentlərin miqdarlarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidd olduğundan və işin faktiki halları ilə mütənasiblik təşkil etmədiyindən, iddia təmin edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğin azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyinə görə, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar