Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-609/2020 08.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyinun katibliyi, İddiaçı Piriverdiyeva Könül Sədrəddin qızının nümayəndəsi və vəkili Məmmədli Samirə Məhəmməd qızının və cavabdeh Piriverdiyev Sahil Surxay oğlunun nümayəndəsi və vəkili İsmayılov Yusif Yaşar oğlunun iştirakları ilə, İddiaçı Piriverdiyeva Könül Sədrəddin qızının cavabdeh Piriverdiyev Sahil Surxay oğluna qarşı “əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Piriverdiyeva Könül Sədrəddin qızı cavabdeh Piriverdiyev Sahil Surxay oğluna qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Pirverdiyev Sahil Surxay oğlu ilə 26.04.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 07.11.2015-ci il təvəllüdlü Pirverdiyev Xəzər Sahil oğlu adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 07.11.2015-ci il təvəllüdlü Pirverdiyev Xəzər Sahil oğlunun onun himayəsində saxlanılması və onun yetkinlik yaşma çatanadək saxlanılması üçün 19 noyabr 2019-cu ildən başlayaraq cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh “Elekton Hökümətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsinin İT-nin infrastrukturun idarəedilməsi departamentinin verilənlər bazalarının idarə edilməsi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışır və aylıq əmək haqqı 2900 AZN təşkil edir. Uşaqları 07 noyabr 2015-ci il təvəllüdlü Pirverdiyev Xəzər Sahil oğlu uşaq autizmi xəstəliyindən əziyyət çəkir. O, uşaqlarının xəstəliyi ilə əlaqədar olaraq heç yerdə işləmir. İddiaçı yüksək əmək haqqı əldə etməsinə baxmayaraq uşağı ilə maraqlanmayıb, uşağın bütün xərclərini hər zaman onun valideynləri çəkmişdir. Uşaqların müalicəsi üçün dəfələrlə “Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi”nə və “Narınc Psixologiya Mərkəzi”nə müraciət etmişdir. Hər müalicə seanslarına 500-800 manat vəsait sərf olunmuşdur. O, işləmədiyi üçün bu xərcləri təkbaşına qarşılaması mümkün deyil. Xəstəliyin daha da inkişaf etməməsi üçün mütəmadi olaraq müalicə tədbirlərinin görülməsi isə şərtdir. Birgə nikahlarından anadan olmuş 07.11.2015-ci il təvəllüdlü Pirverdiyev Xəzər Sahil oğlunun xəstəliyini, cavabdehin yüksək əmək haqqı almasını nəzərə alaraq hesab edir ki, onun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 500 manat pul cavabdehdən tutulub ona verilməlidir. Göstərilənlərə əsasən, birgə nikahlarından anadan olmuş 07.11.2015-ci il təvəllüdlü Pirverdiyev Xəzər Sahil oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 500 manat pulun cavabdeh Pirverdiyev Sahil Surxay oğlundan tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Piriverdiyeva Könül Sədrəddin qızının nümayəndəsi və vəkili Məmmədli Samirə Məhəmməd qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat Verdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Piriverdiyev Sahil Surxay oğlunun nümayəndəsi və vəkili İsmayılov Yusif Yaşar oğlu izahat verərək göstərmişdir ki, iddiaçı iddia tələbini qəbul etmir, çünki təmsil etdiyi şəxs artıq yüksək məbləğdə, yəni 700 manatdan artıq məbləğdə aliment ödəyir və uşağın qaysığına qalaraq əlavə xərclərində iştirak edir, sadəcə iddiaçı övladını bahalı mərkəzlərə aparıb müalicə etdiyi üçün əlavə xərcləri tələb edir. Bundan başqa, cavabdehin dəyişkən əmək haqqısı var. Həmçinin cavabhdeh özü də lazım olan xərcləri ödəməyə hazırdır, lakin iddiaçı ona uşağı ilə görüşməyə imkan vermir. Müvafiq mərkəzlərə özü də aparıb övladını müalicə edə bilər, çünki cavabdehin siğortası var. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(007)- 2401/2019 nömrəli qətnaməsindən görünür ki, Piriverdiyev Sahil Surxay oğlu ilə Piriverdiyeva Könül Sədrəddin qızı arasında 2 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsində 26 aprel 2015-ci il tarixdə bağlanmış və 1102 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 07 noyabr 2015-ci il təvəllüdlü Priverdiyev Xəzər Sahil oğlu anası Piriverdiyeva Könül Sədrəddin qızının himayəsində salxlanılması, tərəflərin birgə nikahlarından 07 noyabr 2015-ci il təvəllüdlü Priverdiyev Xəzər Sahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 noyabr 2019-cu il tarixdən başlayaraq Piriverdiyev Sahil Surxay oğlunun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin Piriverdiyeva Könül Sədrəddin qızının xeyrinə tutulması qət edilmişdir. - AZ İİİ 670018 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Priverdiyev Xəzər Sahil oğlu 07 noyabr 2015-ci il tarixdə doğulmuşdur. Atası Piriverdiyev Sahil Surxay oğlu, anası Piriverdiyeva Könül Sədrəddin qızıdır. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli birləşmiş uşaq xəstəxanasının 20 sentyabr 2019-cu il tarixli, 209 saylı məktubundan görünür ki, 07 noyabr 2015-ci il təvəllüdlü Priverdiyev Xəzər Sahil oğlu 8 nömrəli birləşmiş uşaq xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində dispanser qeydiyyatdadır. - “Elektron hökumətin inkişafı mərkəzi” publik hüquqi şəxsin 09 sentyabr 2019cu il tarixli məktubundan görünür ki, “Elektron hökumətin inkişafı mərkəzi” publik hüquqi şəxsin İT İnfrasturukturunun idarəedilməsi departamentinin Verilənlər bazalarının idarə edilməsi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışır. Əməkhaqqı 2900 manat təşkil edir. - Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin 04 dekabr 2019-cu il traixli arayışından görünür ki, Priverdiyev Xəzər Sahil oğlu həmin mərkəzin psixoloqu tərəfindən konsultasiya olunub və terapeya keçib. Həmin seanslar üçün 480 manat pul ödənilib. - Narınc Psixologiya Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, Priverdiyev Xəzər Sahil oğlu həmin mərkəzin psixoloji və klinik refleksoterapevtik seanslarına getmiş və ümumilikdə 825 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Pirverdiyev Sahil Surxay oğlu ilə Piriverdiyeva Könül Sədrəddin qızı 26 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 07 noyabr 2015-ci il təvəllüdlü Pirverdiyev Xəzər Sahil oğlu adlı övladları doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, Piriverdiyev Sahil Surxay oğlu ilə Piriverdiyeva Könül Sədrəddin qızı arasında bağlanmış nikahlarının pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 07 noyabr 2015-ci il təvəllüdlü Priverdiyev Xəzər Sahil oğlu anası Piriverdiyeva Könül Sədrəddin qızının yanında saxlanılması, tərəflərin birgə nikahlarından 07 noyabr 2015-ci il təvəllüdlü Priverdiyev Xəzər Sahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 noyabr 2019-cu il tarixdən başlayaraq Piriverdiyev Sahil Surxay oğlunun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin Piriverdiyeva Könül Sədrəddin qızının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı Piriverdiyeva Könül Sədrəddin qızı onun yanında olan 07 noyabr 2015-ci il təvəllüdlü Priverdiyev Xəzər Sahil oğlunun xəsəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində alimentin cavabdeh Piriverdiyev Sahil Surxay oğlundan tutularaq ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, uşağın müalicəsi ilə bağlı olan tibbi xidmətlər üçün xərclənən pul vəsaitinin məhz əlavə xərc kimi qiymətləndirilməsi ailə qanunvericiliyi tərəfindən nəzərdə tutulduğundan, həmçinin tərəflərin birgə nikahlarından doğulmuş 07 noyabr 2015-ci il təvəllüdlü Priverdiyev Xəzər Sahil oğlunun tibbi müəssisələrdə müayinə və müalicə olunduğundan, hazırda da müayinə və müalicələri davam etdiyindən, iddiçının, birgə nikahlarından anadan olmuş 07.11.2015-ci il təvəllüdlü Pirverdiyev Xəzər Sahil oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit məbləğdə pulun cavabdeh Pirverdiyev Sahil Surxay oğlundan tutulub ona verilməsi barədə barədə tələbi əsaslıdır. Məhkəmə 07 noyabr 2015-ci il təvəllüdlü Pirverdiyev Xəzər Sahil oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclər qismində cavabdeh Piriverdiyev Sahil Surxay oğlundan tutulmalı olan məbləğə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə hazırda cavabdeh Piriverdiyev Sahil Surxay oğlunun 07 noyabr 2015-ci il təvəllüdlü Priverdiyev Xəzər Sahil oğlunun yetkinlik yaşına çatanadək aliment ödəməli olmasını, həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili İsmayılov Yusif Yaşar oğlunun izahatına əsasən, cavabdehin özününün də müvafiq mərkəzlərə aparıb övladını müalicə edə biləcəyini nəzərə alaraq, belə qənaətə gəlir ki, 500 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Piriverdiyev Sahil Surxay oğlundan 07 noyabr 2015-ci il təvəllüdlü Piriverdiyev Xəzər Sahil oğlunun saxlanılması ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 70 manat Piriverdiyeva Könül Sədrəddin qızının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Piriverdiyev Sahil Surxay oğlundan 07 noyabr 2015-ci il təvəllüdlü Piriverdiyev Xəzər Sahil oğlunun saxlanılması ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 70 manat Piriverdiyeva Könül Sədrəddin qızının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-609/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-609/2020
08.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver