Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-609/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X3” Firmasına qarşı "əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3” Firmasına qarşı "əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” Firmasından 39 aylıq əmək haqqına görə 39*250=9750 manat, maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat, olmaqla cəmi 14750 (on dörd min yeddi yüz əlli) manat pulun, işlədiyi müddətdə almadığı məzuniyyət pullarının tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 24.05.2017-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “X3” Firmasında 38 saylı marşrut üzrə sürücü vəzifəsində işləməyə başlamışdır. Hər gün ona yol vərəqəsi və həkim arayışı verilmişdir (həmin arayışlardan onda qalanını iddia ərizəsinə əlavə edir). Ona aylıq 250 manat əmək haqqı təyin olunmuşdur. Lakin həmin əmək haqqları ona verilməmişdir. Bəhanələri də bu olmuşdur ki, hələ ki, firmanın maddi vəziyyəti yaxşı deyil, ona marşrutdan pul qalır, hələki bunula yola verin, bütün əmək haqqları ödəniləcəkdir. Kim istəmirsə maşını təhvil verib gedə bilər. O və başqa sürücü yoldaşları başqa sənətləri olmadığı və işlədikləri əmək haqqlarını almaq naminə dözərək işləyirmişlər. Yenə əvvəlki qaydada bəhanə etmişlər ki, əmək haqqları kartlarına yüklənəcək narahat olmasınlar. O, əmək haqqını tələb edən zamanı bildirmişlər ki, sakit ol, əks halda ona çox böyük miqdarda cərimə yazarlar. 12 yanvar 2020-ci il tarixdə marşrut kart siseminə keçirilmişdir. Onlara maaş kartı verilməli imiş. Lakin həmin maaş kartı onlara verilməmişdir. Əmək haqqı müdiriyyət tərəfindən əllə verilmişdir. Ona görə o, avtobusu təhvil verərək işə çıxmamışdır. Bundan sonra o, “X3” Firmasına işlədiyi əmək haqqlarının ödənilməsi barədə rəsmi müraciət etsə də, firmanın rəhbərliyi ona heç bir cavab verməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət edir. Hesab edir ki, firmada işlədiyi əmək stajı ümumilikdə 3 il, 3 ay, yəni 39 ay təşkil edir. 39 aylıq əmək haqqı isə 39*250=9750 manat təşkil edir. Hesab edir ki, firma onun halal zəhmətini, yəni almadığı əmək haqqını, eləcə də verilməyən 4 illik məzuniyyət pullarını hesablayaraq ona ödəməlidir. Onun “X3” Firmasında sürücü kimi işlədiyi əmək stajının 3 il 3 ay təşkil etməsini nəzərə alaraq, ümumilikdə 9750 manat məbləğində olan əmək haqqının verilməsi, 4 illik məzuniyyət pulunun da “X3” Firmasında hesablanaraq göstərilən məbləğin üzərinə əlavə olunaraq ona ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. Bundan başqa əgər o, 3 il 3 ay müddətində maaşını alsaymış, yəni bu məbləğ onun kartına yatırılsaymış, o bu pullarla öz sosial durumunu, ailə vəziyyətini və eləcə də öz sağlamlığının müalicəsi üçün istifadə edə bilərmiş. Firma ona külli miqdarda zərər vurmuşdur. Maddi zərər, itirimiş və əldən çıxmış nəzərə alınmaqla “X3” Firması tərəfindən ona zərərə görə 5000 manat məbləğində pulun ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. “X3” Firmasında işlədiyi müddətdə heç vaxt məzuniyyətə çıxmamış və heç bir məzuniyyət pulu almamışdır. Hesab edir ki, həmin məzuniyyət pulları firma tərəfindən hesablanaraq ona ödənilməlidir. Məhkəməyə təqdim etdiyi “X3” Firması tərəfindən verilən yol vərəqəsi və tibbi arayışın surətindən də görünür ki, o, 38 saylı marşrut üzrə sürücü işləmişdir. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürən işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinin bağlanması zamanı işə qəbul prosesinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla sənədləşdirilməsi, belə rəsmləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. 21 fevral 2021-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsinə etiraz edirlər. İddiaçı ilə qısa müddətə müqavilə bağlanmışdır. İddia tələbi tam əsassızdır və iddiaçının qeyd etdiyi heç bir sözü qəbul etmirlər. Firmada günlük, müvəqqəti şəkildə marşrut idarə edən sürücülər vardır ki, onlara əmək haqqı gündəlik verilir. Yəni onlar firma tərəfindən müəyyən edilmiş məbləği ödədikdən sonra, günlük qazancın qalan hissəsini özlərinin götürlər. 2020-ci ildək iddiaçı ilə əmək müqaviləsi bağlanmamış, 2020-ci il üzrə işdədiyi müddət ərzində hər ay əmək haqqı almışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh müəssisə onunla müqavilə bağlamış və 3 ay aylıq sınaq müddəti təyin olunmuşdur. Gündəlik 15-20 manat məbləğində gəliri olmuşdur. Əmək haqqının ödənilməsi ilə bağlı müəssisəyə yazılı müraciəti olmamışdır. Ona cavabdeh müəssisədən bildirilmişdir ki, kart sisteminə keçdikdən sonra pullar ödənəcək, amma ona heç bir pul ödənilməmişdir. 2020-ci ilin yanvar ayından avqust ayına kimi olan dövrdə əmək haqqı almışdır. Sentyabrın üçündə işdən çıxmağa dair ərizəsini cavabdehə təqdim etmişdir. Sentyabr ayında maaş almamışdır. 2020-ci il üzrə ona 42 manat məzuniyyət pulu hesablanmış, lakin o pulu almamışdır. 2020-ci ildə işlədiyi dövrdə əmək haqqı almış, lakin əvvəlki dövrə görə əmək haqqı almamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X1 əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı ilə “X3” firması arasında 02.03.2020ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə 18 aprel 2020-ci il tarixdə xitam verilmiş, 23 aprel 2020-ci il tarixdə təkrar əmək müqaviləsi bağlanmış və 01.10.2020-ci il tarixdə xitam verilmişdir. - “X3” firmasının sürücülərə 2020-ci ilin mart ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı ilkin hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. - “X3” firmasının sürücülərə 2020-ci ilin may ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı ilkin hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. - “X3” firmasının sürücülərə 2020-ci ilin iyun ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı ilkin hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. - “X3” firmasının sürücülərə 2020-ci ilin iyul ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı ilkin hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. - “X3” firmasının sürücülərə 2020-ci ilin avqust ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı ilkin hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. - “X3” firmasının sürücülərə 2020-ci ilin sentyabr ayı üzrə əmək haqqının hesablanması və ödənişi cədvəlindən görünür ki, İddiaçı ilkin hesablanmış əmək haqqın məbləği 250 manatdır, vergi tutulduqdan sonra isə ona 237,75 manat əmək haqqı ödənişi edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişindən görünür ki, İddiaçı ilə “X3” firması arasında əmək müqaviləsi 23.04.2020-ci il tarixdə bağlanmışdır. İşçinin əmək haqqı məbləği 250 manatdır. - “X3” firmasının 22 sentyabr 2020-ci il tarixli 137 saylı əmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi haqqında əmrdən görünrü ki, Cavabdeh Firmasının sürücü vəzifəsində çalışan İddiaçı 11 sentyabr 2020-cı il tarixində üzürsüz səbəbdən işə gəlməməsi ilə Firmanın nizam-intizam qaydalarını pozmuşdur. Qeyd olunan halı nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət elan ediməsi, gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyinin işçinin nəzərinə çatdırılması əmr edilmişdir. - 01 oktaybr 2020-ci il tarixli 86 nömrəli İddiaçı işdən azad olunması barədə əmrin surətindən görünür ki, İddiaçı 01 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan 10.09.2020-ci il tarixindən 01.10.2020-ci il tarixinədək işə gəlmədiyinə görə tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsi ləğv edilməsi, istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış təqvim günü(ləri) üçün pul əvəzi verilməsi əmr edilmişdir. - 18.04.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən “X3” firması ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2.a, tərəflərdən birinin təşəbbüsünə əsasən xitam verilmişdir. - “X3” firmasının arayışından görünür ki, İddiaçı 2020-ci ilin 7 ayı ərzində hesablanan məzuniyyət günlərinin əmək haqqı aşağıdakı qaydada hesablanmışdır. İllik əmək haqqı cəmi 1750 (bir min yeddi yüz əlli) manat; 1750 manat/12 ay=145,80 manat; 145,80 manat/30,40 manat=4,80 manat; 21 gün*4,80 manat=100,70 manat. Bir məzuniyyət günü üçün əmək haqqı (orta aylıq əmək haqqı/30,4) 4,80 azn, məzuniyyət günlərinin sayı 21 gün. Məzuniyyət günlərinin əmək haqqı üçün ödənilməli olan məbləğ 100,70 (bir yüz manat-00 qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı sürücü vəzifəsinə işə qəbul edilmiş, 01.10.2020-ci il tarixdə işdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, işçiyə ödəniləcək aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Qeyd olunan maddənin 2-ci bəndində göstərilmişdir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçinin əmək haqqı işəgörürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə “X3” firması arasında 02 mart 2020ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə 18 aprel 2020-ci il tarixdə xitam verilmiş, daha sonra 23 aprel 2020-ci il tarixdə təkrar əmək müqaviləsi bağlanmış və 01.10.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, o 24.05.2017-ci il tarixdən cavabdeh firmada işləyir. Lakin iddiaçı tərəfindən qeyd edilən halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan yol vərəqələrindən görünür ki, iddiaçı 2017-2018-ci il tarixlərində ayrı-ayrı vaxtlarda 38 nömrəli marşrutda işləmişdir. Lakin qeyd edilən yol vərəqələri əmək müqaviləsini əvəz etmir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili də iddiaçının 2017-2018-ci il tarixdələrdə bəzi vaxtlarda şirkətə məxsus marşurutu idarə etdiyini halını qəbul etmiş, lakin bildirmişdir ki, firmada günlük, müvəqqəti şəkildə marşrut idarə edən sürücülər vardır ki, onlara əmək haqqı gündəlik verilir. Yəni onlar firma tərəfindən müəyyən edilmiş məbləği ödədikdən sonra, günlük qazancın qalan hissəsini özlərinin götürlər. Nətiəcədə iddiaçı ilə 2020-ci ilədək əmək müqaviləsi bağlanmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Göründüyü kimi məhkəmə iclasında iddiaçının 24.05.2017-ci ildən cavabdeh firmada işləməsi faktı müəyyən edilməmişdir. Belə ki, iddiaçı 02 mart 2020-8 aprel 2020-ci il və 23 aprel 2020-01.10.2020-ci il tarixlərində cavabdeh firmada işləmişdir. İş materiallarına əlavə edilmiş əmək haqqının ödənişi və hesablanması cədvəllərindən görünür ki, İddiaçı aylıq əmək haqqısı 250 manat təşkil edir və vergilər tutulduqdan sonra cavabdeh “X3” firması tərəfindən 237,75 manat işlədiyi hər ay üçün ona verilmiş və qeyd edilən məbləğ iddiaçı tərəfindən şəxsən imza edilməklə təhvil alınmışdır. Məhkəmə iclası zamanı iddaçı özü də etiraf etmişdir ki, 2020-ci ildə işlədiyi dövr üçün əmək haqqını almışdır.Nəticədə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdeh şirkətdə işlədiyi müddət ərzində əmək haqqı alınmış, qeyd edilən halı iddiaçı məhkəmə iclasında təsdiq etmişdir. Qeyd edilənlərə əsasə məhkəmə hesab edir ki, iddia tələbi “cavabdeh “X3” Firmasından 39 aylıq əmək haqqına görə 39*250=9750 manat pulun tutulması” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Belə ki, iddiaçı əmək haqqının ödənilməməsi nəticəsində əldə çıxmış fayda kimi 5000 manat pulun tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya cavabdeh firmada işlədiyi müddət ərzində əmək haqqı ödənilmiş, onun əmək haqqının alınmasına münasibətdə hüquqları puzulmamışdır. Nəticədə iddiaçının hüquqları pozulmadığından onun əldən çıxmış fayda kimi zərər vurulduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh “X5” Firmasından maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun tutularaq iddiaçıya verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin məzuniyyət haqqının verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçı 2020-ci ilin 7 ayı üzrə əmək haqqı almamış və əmək haqqısına uyğun olaraq onun ödənilməmiş 100,70 manat məzuniyyət haqqı vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavavdeh “X5” Firmasından 100,70 manat məbləğində məzuniyyət haqqı tutularaq İddiaçı verilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavavdeh “X5” Firmasından 100,70 manat məbləğində məzuniyyət haqqı tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qalan hissədə təmin edilməsin Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavavdeh “X5” Firmasından 100,70 manat məbləğində məzuniyyət haqqı tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-609/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-609/2021
15.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver