Məhkəmə qərarları › İş №2(007)-654/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-654/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-654/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı olan “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləğində 250 manat pulun və 2023-cü ilin may ayından başlayaraq hazırkı vaxtadək – xx.xx.2023-cü il tarixədək hər ay ödəməli olduğu 250 manat pulun, ümumilikdə 250 x 6 ay = 1500 manat pulu aliment kimi ödəməkdən boyun qaçırması nəticəsində 6 ay ərzində alınmamış 1500 manat pulun ondan tutulub ona - İddiaçı aliment kimi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2007-ci ilin 15 oktyabrında el adəti ilə evlənməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahları isə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2009-cu ilin avqust ayının 11-də 34 nömrə ilə qeyd edilmiş və Azərbaycan Respublikası Sabirabad rayon Qalağayın ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müvafiq saylı nikah haqqında şəhadətnamə verilmişdir. Evlənəndən sonra, yəni 2007-ci ilin oktyabrın 15-dən etibarən atasının iddiaçıya hədiyyə etdiyi yuxarıdakı ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür və həmin vaxtdan həmin evdə ər-arvad kimi yaşamışlar. 2023-cü ilin aprel ayının sonundan bir-birilərini başa düşə bilmədiklərinə, cavabdehin mənasız və məntiqsiz davranışları səbəbindən aralarında müntəzəm və mütəmadi olaraq mübahisələr olmuş, həmin vaxtdan cavabdehlə ər-arvad kimi yaşamırlar və xasiyyətləri uyğun gəlmədiyinə görə münasibətləri pozulmuşdur. 2023cü ilin aprel ayından cavabdeh onu və 15 yaşlı qızı Aysunu da ataraq özünün tanıdığı bir kafe qadınının yanına getmiş, onunla birə yaşayır və 6 aydan artıqdır ki, yetkinlik yaşına çatmayan qızı Məmmədhəsənova Aysuna maddi yardım kimi aliment ödənilməsini şifahi olaraq həmin vaxtdan tələb etməsinə baxmayaraq o, övladına heç bir maddi yardım göstərməyib və həmişə də bundan imtina etmişdir. Birgə nikahları dövründə bir övladları olmuşdur. O, xx.xx.2008-ci ildə anadan olmuş X3r. Cavabdehlə evliliklərinin ilk aylarında səmimi və normal ər-arvad münasibətində olmuşlar. Lakin sonradan isə onların ailədəki ər-arvad münasibətləri cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi, bir-birilərini başa düşə bilməməkləri, mənasız söz-söhbətlər, ona bir neçə əxlaqsız qadınla dəfələrlə xəyanət etməsi, onu və qızını mütəmadi olaraq təhqir etməsi, ona bir həyat yoldaşı və qadın-insan olaraq hörmət etməməsi və s. səbəblərdən bir-birilərini başa düşməyib yola gedə bilməməkləri ilə əlaqədar olaraq çox pisləşmişdir. Onunla münasibətlərinin pis olması və qeyd etdiyi səbəblərdən bir neçə dəfə boşanmaqdan ötrü məhkəməyə müraciət etmək istəsə də, bir övladları olmasını, onun atasız böyüməməsi səbəbindən, gələcəkdə mənəvi sarsıntı keçirtməməsi naminə səbirli olmuş, ailəsini qoruyub saxlamaqdan ötrü dözmüşdür. Arıtıq cavabdehlə 6 aydır ki, ər-arvad kimi yaşamır. Onun hərəkətləri onun şəxsiyyətinə, heysiyyatına toxunduğuna görə evdə mənasız qalmaqal, dava-dalaş, mübahisələr yaranacağı üçün onların bir yerdə ailə həyatını davam etdirməkləri dözülməz həddə çatmışdır. Cavabdeh "Veysəloğlu" şirkətində fəhlə işləyir və aylıq maaşı - 800 manatdan çoxdur. Amma o isə ehtiyac içərisində çətinliklə övladını böyüdür. İddiaçı övladı ilə birlikdə yaşayır və onlara heç kəs yardım etmir. Övladı Aysunun yetkinlik yaşma çatana kimi saxlanılması üçün maddi cəhətdən köməyə ehtiyacı vardır. Cavabdehin bir uşağa görə hər ay 250 manat pulu aliment kimi ödəməyə imkanı olar.

İş materialları :

3. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, №3-16-5/7-M-1/2023-li arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikahı haqqında 11 avqust 2009-cu il tarixində 34 №-li akt qeydi tərtib edilmişdir. Nikah Sabirabad rayonu Qalaqayın ica nümayəndəliyində qeydə alınmışdır və nikah bağlandıqdan sonra ərə Məmmədhəsənov, arvada isə Məmmədova soyadı verilmişdir.

4. AZ - İİ seriyalı, 305037 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2008-ci ildə doğulmuş və bu barədə Azərbaycan Respublikası Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 753 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

5. “Mediasiya Şurası” Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/16-02304 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

6. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən xx.xx.2023-cü il tarixli sorğu məlumatından görünür ki, Cavabdeh "xxxx" MMC-də işçi, tədarük vəzifəsində işləməklə 565.0 manat əmək haqqı alır.

7. İlkin mediasiya sessiyası üçün xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ünvan 1 ünvanına təklif məktubu göndərilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək,məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 2-3 aydır ki, evdən çıxıb getmişdir və bu müddət ərizdə o, uşağa pul vermişdir, qızının hazırlıqlarının pulunu da ödəmişdir. Lakin qeyri-rəsmi köməklik etdiyindən sübut təqdim edə bilmir. Həmçinin bildirdi ki, 250 manat aliment ödəməyə imkanı yoxdur, 150 manat aliment ödəyə bilər. Əlavə olaraq evin təmiri üçün götürülmüş kredit ilə bağlı banka ödəniş etdiyini, həmin kredit ilə bağlı əmək haqqından 300 manat pul tutulduğunu, iddiaçının salfetka sexində işlədiyini, 500 manatdan çox əmək haqqı aldığını məhkəmənin nəzərinə çatdırmışdır.

İşin faktiki halı :

10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 11 avqust 2009-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı və cavabdeh hazırda ayrı yaşayırlar və birgə nikahdan doğulmuş uşaq ananın himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək hər ay 150 manat aliment ödəyə biləcəyini bildirmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

15. Uşaq Hüquqları haqqında Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit pul məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

18. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu :

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

22. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

23. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

24. Məhkəmə cavabdehin 250 manat aliment tələbi ilə razı olmamasına dair izahatına hüquqi münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

26. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

27. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğundan ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alınaraq xx.xx.2008-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

28. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

29. Məhkəmə onuda qeyd edir ki, cavabdeh məhkəmə baxışı zamanı iddiaçının salfetka sexində işlədiyini və 500 manatdan çox əmək haqqı aldığını bildirmişdir. Lakin məhkəmə baxışı zamanı cavabdeh tərəfindən bunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edilməmişdir və iş materiallarında da bunu təsdiq edən sənəd aşkar olunmamışdır. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə isə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də işləməklə aylıq əmək haqqısı 565.0 manat təşkil edir.

30. Həmçinin cavabdehin evin təmiri üçün götürülmüş kredit ilə bağlı banka ödəniş etdiyini, həmin kredit ilə bağlı əmək haqqından 300 manat pul tutulduğuna dair izahatı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

32. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.

33. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimenti alimentin miqdarı hər ay 250 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.

34. Məhkəmə iddiaya əvvəlki dövr üçün 6 aylıq müddət həddində alimentin müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir.

35. Belə ki, Ailə Məcəlləsinin 100.3.-cü maddəsinin məzmunundan aydın olur ki, əvvəlki dövr üçün aliment o halda təyin edilə bilər ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən boyun qaçırmış olsun. Lakin iddiaçı hazırkı mülki iş üzrə bu bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

Məhkəmə xərcləri :

36. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

37. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

38. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə :

39. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar