Məhkəmə qərarları › İş №2(007)-732/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-732/2021

05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-732/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "atalığın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "atalığın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 fevral 2016-cı il tarixdə doğulmuş X2 atası olmadığından atalığın etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları pozulmuşdur. Birgə nikahdan iki övladları var. Belə ki, birgə nikahda olan müddətdə cavabdehin başqa bir şəxslə telefon danışıqlarını tutmuşdur. Həmin danışdığı şəxslə görüşmüş və onun Cavabdeh ilə münasibətinin olduğu sübuta yetirilmişdir. Birgə nikahları dövründə dünyaya gəlmiş X2 həmin şəxsə çox oxşamasını müşahidə etmişdir. Bu səbəbdən də onda əsaslı şübhələr yaranmıdır ki, uşağın bioloji atası o deyil. Belə olan halda hesab edir ki, atalıq məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Uşağın atasının o olmadığı müəyyən etmək və bununla bağlı dəqiq sübut əldə edilməsi məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilməli və ekspert rəyi ilə bu hal öz həllini tapmalıdır. 12 fevral 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər 2013-cü il tarixdə ailə həyatı qurmuşlar və birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Cavabdeh heç kəs ilə görüşməmişdir. Cavabdeh aliment tələbi ilə bağlı iddia qaldırdığı üçün iddiaçı da məhkəmədə hazırki iddia tələbini qaldırmışdır. Ekpert rəyindən də görünür ki, iddiaçı 13 fevral 2016-cı il tarixdə doğulmuş X2 atasıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə verilmiş 05/Q-866/69 saylı məlumatından görünür ki, X5 13 fevral 2016-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 27 fevral 2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən 1224 №-li doğum haqqında aktı qeydi tərtib olunmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. - Azərbaycan Respublikası Səhiyyə Nazitliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 01.06.2021-ci il tarixli 214/2021-MTBŞ saylı rəyindən görünür ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-ı (cədvəl 1, 1-16 saylı STR lokuslar) üzrə X5 ilə güman olunan ata İddiaçı arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 2): Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsizdir və bu lokusların hər biri üzrə üzrə testdə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində ən azı bir ortaq allel aşkarlanmışdır (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya - F-ə nəzərən obliqat allelləri göstərilmiş və “uyğundur” kimi qiymətləndirilmişdir). Amelogeninlə alman nəticə reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq oğlandır. Testə uğradılan şəxslərin genotiplərində tam homoziqotluq aşkar edilməmişdir. Cəmi üç halda (D3S1358, THOl və TPOX STR lokusları üzrə) təkcə ananın, altı halda (D8S1179, D21S11, D7S820, CSFİPO, D16S539 və D2S1338 STR lokusları üzrə) təkcə uşağın, cəmi iki halda (D16S539 və TPOX STR lokusları üzrə) isə güman olunan atanın genotiplərində homoziqot allellər aşkar olunmuşdur. Tam homoziqotluğun olmaması və testə uğradılan şəxslərdə daxili homoqizotluğun aşağı olması (anada 3, uşaqda 6 və güman olunan atada cəmi 2 hal) testin nəticələrini yüksək dərəcədə etibarlı edir. Beləliklə, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X5 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 13 fevral 2016cı il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 13 fevral 2016-cı il tarixdə doğulmuş X2 atası olmadığından atalığın etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iş üzrə tibbi-bioloji ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə tibbi-biloji ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazitliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin 01.06.2021-ci il tarixli 214/2021-MTBŞ saylı rəyi ilə İddiaçı ekspertizaya təqdim olunmuş X5 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı 13 fevral 2016-cı il təvəllüdlü X2 atası olması faktı təsdiq olunmuşdur, iddaçı tərəfindən bunu inkar edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Belə olan halda məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “13 fevral 2016-cı il tarixdə doğulmuş X2 atası olmadığından atalığın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “13 fevral 2016-cı il tarixdə doğulmuş X2 atası olmadığından atalığın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar