Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-746/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları 2014-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə pozulmuşdur. Cavabdehlə birgə münasibətlərindən dünaya gəlmiş X5 və X1 üçün Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə hər birinin saxlanılması üçün 100 AZN olmaqla, ümumilikdə 200 AZN aliment məbləği müəyyən edilmişdir. Cavabdeh bu müddət ərzində onunla və övladları ilə maraqlanmamışdır. Bildimək istəyir ki, nikahlarının pozulduğu gündən bu günə qədər cavabdeh uşağın saxlanılması üçün alimentdən əlavə heç bir maddi köməklik göstərməmiş, heç zaman uşaqları ilə, onların həyat şəraiti ilə maraqlanmamış, atalıq məsuliyyətini dərk etməmişdir. Müəyyən edilmiş aliment məbləğinin ödənilməsində də çox zaman süni gecikmələr yaratmışdır. Baxmayaraq ki cavabdehin övladlarının saxlanılması üçün kifayət qədər yaxşı imkanları var. Hazıda böyük övladları abituriyentdir və Cavabdeh ödədiyi məbləğ onun hazırlıq kurslarının haqqını ödəmir. O, isə işsizdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə 2023-cü il büdcəsində bir uşağın saxlanılması üçün minimum məbləğ 220 AZN müəyyən edilmişdir. 2022-ci ildə bu məbləğ 196 AZN təşkil etmişdir. Halbuki, cavabdeh 2 (iki) uşağın saxlanılması üçün ümumilikdə 200 AZN ödəyir. Qeyd edilənlərə əsasən Cavabdeh övladları X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin gəlirlərindən hər bir uşaq üçün 220 AZN olmaqla, ümumilikdə 440 AZN sabit pul məbləğində alimentin ödənişinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizəyə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, aliment ödənişlərini edir. Lakin hazırkı iddia tələbini qismən qəbul etmir. Hər iki uşağa 220 manat aliment ödəməyə onun maddi imkanı çatmır. Alimentin onun əmək haqqı məbləğinə uyğun artırılmasını xahiş edir. O, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan övladı yoxdur. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı 748325 və AZ-İİİ seriyalı 748326 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 04 oktyabr 2006-cı il tarixdə və X7 07 iyul 2010-cu il tarixdə doğulmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır; - Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli, 2(078)-406/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia əsaslı olduğundan təmin edilərək, X6 ilə Cavabdeh arasında Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış və 07 noyabr 2005-ci il tarixdə 394 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah qeydinin pozulması, boşanmadan sonra 04 oktyabr 2006-cı il tarixdə doğulmuş X5 və 07 iyul 2010-cu il tarixdə doğulmuş X3 anaları X2 yanında qalmaları, Cavabdeh sabit pul məbləğində hər ay bir uşağa görə 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat miqdarında alimentin tutularaq 04 oktyabr 2006-cı il təvəllüdlü X5 və 07 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları X4 verilməsi, alimentin tutulması tarixinin əvvəlinin 14 may 2014-cü il tarixdə hesablanması qət edilmişdir; - AZ-İ seriyalı 173563 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20 oktyabr 2014-cü il tarixdə 85 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə “İsfəndiyarov” qadına “Tarverdiyeva” soyadı verilmişdir; - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də dispetçer vəzifəsində işləyir və əmək haqqı məbləği 345 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə xx.xx.2006-cı il tarixdə Fazil və xx.xx.2010-cu il tarixdə Elvira adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqların saxlanılması üçün 2014-cü ildə hər ay 200 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 8 ildən artıq müddət keçmişdir, bu müddətdə uşaqlar böyümüş, onların tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2014-cü ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Həmçinin, “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi, ikinci dəfə nikaha daxil olması halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli, 2(078)-406/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənil ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödəməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli, 2(078)-406/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-746/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-746/2023
04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver