Məhkəmə qərarları › İş №2(007)-748/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-748/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-748/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 2017-ci il təvəllüdlü X1 və 22 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər il uşaqların saxlanması üçün müəyyən edilən yaşayış minimunun məbləğindən az olmayan (2020-ci il hər ay üçün-170 manat) məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı cavabdeh ilə 28 oktyabr 2010-cu il tarixdə ailə həyatı qurmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuşdur, sonradan barışaraq uzun müddət taktiki olaraq birlikdə yaşamağa davam etmişlər. 3 uşaqları var: 11.10.2014-cü il təvəllüdlü oğlu X6, 12.08.2017-ci il təvəllüdlü qızları X3, 22.12.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Ailədə əvvəllər problemləri olmurdu. Həyat yoldaşına qarşı çox yaxşı münasibət saxlamışdır, qayğısını çəkmişdir. Hər zaman ailəni qorumağa çalışmışdır, ancaq cavabdehin məsuliyyətsizliyi ucbatıdan çox çətinliklər çəkmişlər. Əsas da, qardaşı Denis Pronin gücü çatan qədəri ilə onlara yardımçı olurmuşdur, uşaqlarının qeydinə qalırdı, o da Vətən müharibəsində şəhid olmuşdur. Yaşamaları çox çətinləşib. Cavabdehə xəbərdarlıq edir, yenə də heç bir köməklik göstərmir, uşaqarının saxlanmasında iştirak etmir, maraqlanmır, çətinliklərlə üzləşmişdir, ona görə də qanunvericilikdə nəzərdə tutulan hüquqi yardımdan istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh valideyn kimi uşağına baxmağa borcludur, qanunla onun üzərinə qoyulmuş vəzifədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin o bildirdi ki, 11.10.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması cavabdehlə boşanma zamanı hər ay 104 manat sabit pul məbləğində aliment müəyyən edildiyindən həmin övladı ilə bağlı cavabdehə qarşı hazırda aliment tələbi irəli sürmür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh işləməməsini, imkanının olmamasını nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə itərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 265462 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 14 aprel 2017-ci il tarixdə ləğv edilmişdir. - AZ-İV 014392 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 12 avqust 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ 417652 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11 oktyabr 2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV 477546 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 22 dekabr 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından Əliyev Əli anadan olmuşdur. Tərəflərin münasibətləri pozulmuş, nikahları 14 aprel 2017-ci il tarixdə ləğv edilmişdir. Sonradan onlar barışaraq bir yerdə yaşamış və onların Əliyeva Məryəm və Əliyeva Mədinə adlı uşaqları doğulmuşdur. İddiaçı hazırda yetkinlik yaşına çatmamış aliment təyin olunmamış iki uşağının saxlanılması üçün sabit pul məbləğində alimentin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini ümumilikdə 340 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə 12 avqust 2017-ci il təvəllüdlü X3 və 22 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər bir uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 26 oktyabr 2020-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 avqust 2017-ci il təvəllüdlü X1 və 22 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (bir üç yüz manat) sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12 avqust 2017-ci il təvəllüdlü X1 və 22 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (bir üç yüz manat) sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar