Məhkəmə qərarları › İş №2(007)-775/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-775/2024

15.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-775/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsindən əmək hüquqlarının pozulması səbəbindən ona ödənilməmiş məbləğin, 5430.93 manat vəzifə maaşının ödənilməsi və ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin ödənilməsinə dair cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 02 noyabr 2020-ci il tarixdən Bakı şəhəri X1 Qeydiyyatı Şöbəsinə vergi mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «c» bəndi ilə əmək şəraitinin dəyişdirilməsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 02 noyabr 2020-ci il tarixdən 10 may 2022-ci ilə kimi o vergi mütəxəssisi kimi Nizami Bələdiyyəsində işləsədə maaş almamışdır. 2022-ci ildə o Bakı şəhəri Nizami Bələdiyyəsinin sədrinə nə səbəbdən o maaş almadığını soruşduqda və maaş tələb etdikdə Nizami Bələdiyyəsinin sədri onun işinə xitam vermişdir. O işdən çıxdıqdan sonra dələlərlə işlədiyi müddət ərzində yığılıb qalmış vəzifə maaşını tələb etsədə bu günə kimi həmin vəzifə maaşı ona verilməmişdir. 2022-ci ilin may ayından bu günə kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə də müraciət etmişdir. Həmin müraciətlərinə də müsbət cavab verilmədiyindən o məkhəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulması səbəbindən o məhkəməyə müraciət etmişdir. Cavabdeh uzun müddətdə onun pulunu qanunsuz saxlamaqla ona vurduğu zərərin əvəzini ödəməlidir (zərərlə bağlı tələb Azərbaycan Respublikası Mülki Məcələssinin 445.7, 448.1 və 449.1-ci maddələri ilə əsaslandırılmışdır).

Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :

3. Cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsi İddiaçı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhər Nizami bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda istinad edəcəkləri arqumentlərə əsasən iddianı qəbul etmirlər. Belə ki, iddiaçı ilə sonuncu müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixdə Azxərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “C" bəndinə (əmək şəraitinin dəyişdirilməsi) əsasən xitam verilmişdir. Müqavilənin 4-cü bəndinin 4.1 yarım bəndində əmək haqqı ödənişi işçinin hər ay topladığı yerli vergi məbləğinin 25 % hissəsinin ona ödənilməsi yolu ilə müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən işçiyə 2020-ci ilin noyabr ayında 276.02, dekabr ayında 314.44 manat; 2021-ci ilin yanvar ayında 252.77, fevral ayında 258.90, mart ayında 186.18, aprel ayında 254.99, may ayında 297.88, iyun ayında 523.88, avqust ayında 332.15, sentyabr ayında 218.45, oktyabr ayında 463.73, noyabr ayında 399.30, dekabr ayında 545.54 manat; 2022-ci ilin yanvar ayında 278.14, fevral ayında 257.92, mart ayında 183.00, aprel ayında 323.28, may ayında 361.52 manat əmək haqqı ödənilmişdir. Bundan başqa əmək müqaviləsinə xitam verilərkən İddiaçı 268.28 manat son haqq hesab hesablanıb verilmişdir. Qeyd etmək istəyirlər ki, İddiaçı ödənilmiş aylıq əmək haqları müqavilənin 4-cü bəndinin 4.1 yarım bəndinə uyğun olaraq onun hər ay yığdığı yerli verginin məbləğinə uyğun olaraq hesablanmışdır. Bu səbəbdən aylıq əmək haqları sabit olmamışdır. Eyni zamanda bildirirlər ki, yuxarıda sadalanan aylıq əmək haqqı məbləğləri qanunla nəzərdə tutulmuş vergilər çıxıldıqdan sonra onun maaş kartına köçürülən məbləğlərdir. Hal hazırda Nizami bələdiyyəsinin iddiaçıya əmək haqqına görə heç bir borcu qalmamışdır. İş materialları :

5. ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2018-ci il tarixində Bakı şəhəri Nizami Bələdiyyəsi ilə bağlanmış xidməti müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilmiş, İddiaçı xx.xx.2020-ci il tarixində Bakı şəhəri Nizami Bələdiyyəsinin “Vergi Qeydiyyatı” şöbəsinə vergi mütəxəssisi vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək vergi mütəxəssisi vəzifədən azad edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlandırdığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı bundan əvvəl etdiyi eyni məzmunlu müraciət tərəflərindən baxılaraq **********9 nömrəli xx.xx.2022-ci il tarixli məktubla müvafiq qaydada cavablandırılmış və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycar Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2023-ci il tarixədək dayandırılmışdır.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İddiaçı ünvanlandırdığı xx.xx.2022-ci il tarixli məktubunda Nizami bələdiyyəsi tərəfindən verilmiş məlumatda 361.52 manat əmək haqqı borcunuzun ödənildiyi, son haqq-hesabın gecikdirilməsi səbəbindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Nizami bələdiyyəsinin vəzifəli şəxsi barədə inzibati tənbeh tədbirinin görüldüyü bildirilmişdir.

8. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/8- 00290 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Bakı şəhəri Nizami Bələdiyyəsinin nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

9. İş materiallarına əlavə edilmiş elektron sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci tarixli, xxxxxxx000100 saylı müqavilə üzrə Cavabdehndə vergi müfəttişi vəzifəsində işləmişvə aylıq əmək haqqı 250 manat təşkil etmişdir və həmin müqavilə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür və İddiaçı xx.xx.2020-ci il tarixli, xxxxxxx000101 saylı müqavilə üzrə Cavabdehndə vergi müfəttişi vəzifəsində işləmiş və aylıq əmək haqqı 300 manat təşkil etmişdir, həmin müqavilə xx.xx.2022-ci ildə qüvvədən düşmüşdür.

10. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilən və xx.xx.2020xx.xx.2022-ci tarixləri əhatə edən xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə 276.92 manat, xx.xx.2020-ci il tarixdə 314.44 manat, xx.xx.2021-ci il-252.77 manat, xx.xx.2021-ci il-258.90 manat, xx.xx.2021-ci il tarixdə-186.18 manat, xx.xx.2021-ci il -254.99 manat, xx.xx.2021-ci il-297.86 manat, xx.xx.2021-ci il 523.88 manat, xx.xx.2021-ci il-332.15 manat, xx.xx.2021-ci il 218.45 manat, xx.xx.2021-ci il-463.73 manat, xx.xx.2021-ci il -399.3 manat, xx.xx.2021-ci il- 545.54 manat, xx.xx.2022-ci il tarixdə -278.14 manat, xx.xx.2022-ci il – 257.92 manat və xx.xx.2022-ci il tarixdə 183 manat karta mədaxil edilmişdir.

11. Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə 1 il müddətinə – xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmaqla vergi mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 25% məbləğində əmək haqqı ödənilməsi və 4.6-cı bəndinə əsasən əmək haqqının ayda bir dəfə ayın biri ödənilməsi və əmək haqqı və digər ödənclərin işçinin Kapital bank hesabına köçürülməsi barədə razılığa gəlmişlər.

12. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinə dair e-sosial internet portalından çıxarışa dair fotoşəkildən görünr ki, İddiaçı iş yeri Nizami Bələdiyyəsi, əmək müqaviləsinin tarixi-xx.xx.2020-ci il tarixli, nömrəsi-xxxxxxx000101 saylı əmək müqaviləsi, vəzifəsi-vergilər üzrə müfəttiş olmuş, əmək haqqı 300 manat təşkil etmiş və iş saatları həftə ərzində 5 gün saat 09:00-dan 18:00-a qədər (13:00-dan 14:00-a qədər nahar fasiləsi olmaqla) olmuşdur.

13. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinə dair e-sosial internet portalından çıxarışa dair fotoşəkildən görünr ki, İddiaçı iş yeri Nizami Bələdiyyəsi, əmək müqaviləsinin tarixi-xx.xx.2020-ci il tarixli, nömrəsi-xxxxxxx000100 saylı əmək müqaviləsi, vəzifəsi-vergilər üzrə müfəttiş olmuş, əmək haqqı 250 manat təşkil etmiş və iş saatları həftə ərzində 5 gün saat 09:00-dan 18:00-a qədər (13:00-dan 14:00-a qədər nahar fasiləsi olmaqla) olmuşdur. Qeyd edilən müqavilə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür.

14. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən verilmiş İddiaçı son haqq-hesabın ödənilməsinə dair sənəddən görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək İddiaçı ay ərzində orta əmək haqqısı 354.60 manat, gün ərzində isə 11.66 manat təşkil etmiş və Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı son haqq hesab olaraq 23 gün üçün 268.28 manat verilmişdir.

15. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən təsdiqlənmiş əmək haqqının hesablanma cədvəlindən görünür ki, 2020-2022-ci illər ərzində Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı müxtəlif məbləğlərdə əmək haqqı ödənilmiş, iddiaçıya əmək haqqı yığımdan faizlə hesablanaraq ödənilmiş və DSMF-na, həmkarlara, işsizlik, icbari sığorta üzrə və digər tutulmalar iddiaçıya ödənilən əmək haqqı məbləğindən aparılmışdır.

16. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, bildiriş xx.xx.2022-ci il tarixdə sistemə daxil edilib, əvvəlki bildiriş isə xx.xx.2020-ci il tarixdə sistemə daxil edilib. Həmin bildirişdən görünür ki, İddiaçı aylıq əmək haqqı 300 manat, əvvəlki əmək haqqı isə 250 manat təşkil etmişdir. Həmçinin iddiaçı Bakı şəhəri Cavabdehndə məşğulluq təsnifatı üzrə müfəttiş vergilər, əmək müqaviləsi üzrə isə vergi müfəttişi vəzifəsində işləmişdir. Əmək müqaviləsi müddətsiz və əməyin ödənilmə forması vaxtamuzd olmuşdur.

17. İş materiallarına xx.xx.2023-cü il tarixli, 5 nömrəli, 6 nömrəli, 7 nömrəli Xidmətin göstərilməsi haqqında (torpaq, əmlak və digər vergilər) müqavilələr əlavə edilmişdir.

18. Bakı şəhəri Cavabdeh nünayəndəsi Nümayəndə2 məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddia müddəti ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5453/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı vəzifə maaşının ödənilməsi və.s dair iddia tələbi iddiaçı bələdiyyə qulluqçusu olmadığı, əmək münasibətinin bərabərhüquqlu subyekti olduğu üçün mümkün sayılmamışdır.

Tərəflərin izahatları :

20. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, məhkəməyə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən müqavilələr o işdən çıxdıqdan sonra bağlanan müqavilələrdir. O onun dövrünə aid müqavilələr tələb etmişdi. İddia müddətinin ötürülməsi ərizəsinə münasibətdə bildirir ki, ona Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. O Bakı İnzibati Məhkəməsində sənədlərini aldıqdan sonra rayon məhkəməsinə müraciət etdi. Cavabdeh tərəf ona heç bir sənəd təqdim etmirdilər. Bakı İnzibati Məhkəməsində 1 ilə yaxın məhkəmə prosesi getdi. Onun əmək haqqı cavabdeh tərəfindən mənimsənilmişdir. Xidməti müqavilə ilə əmək müqaviləsini səhv salırlar. Xidməti müqavilədə vergiləri işçi özü ödəyir. O bildirdi ki, nə qədər maaş alır ki, vergi də ödəsin. Portalda konkret əmək haqqı göstərilmişdir. O narazılığını bildirirdi. Savaşa-savaşa işləməyə davam edirdi.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçıya əmək müqaviləsində vaxta muzd yazıb, illik məzuniyyət verirlər.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etirazizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı məhkəməyə 27 dekabr 2022-ci il tarixində müraciət etmişdir. İddiaçının əmək müqaviləsinə 2022-ci il tarixində xitam verilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən iddia vermək üçün iddia müddəti ötürülmüşdür. Bağlanan müqavilələr Mülki Məcəllənin tələblərinə uyğundur. Əmək müqaviləsi ilə xidməti müqavilə arasındakı əsas fərq ödəniş formasındadır. Xidməti müqavilədə işçi vergi yığımları çoxdursa, çox, azdırsa, az maaş alacaqdır. Əmək müqaviləsində isə əmək haqqı stabil olur.

İşin faktiki halı :

23. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Bakı şəhəri Nizami Bələdiyyəsində xidməti müqavilə üzrə vergi mütəxəssisi vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixində isə tərəflər arasında əmək müqaviləsi bağlanmış və İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinin “Vergi Qeydiyyatı” şöbəsinə vergi mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsi bir il müddətinə bağlanmış və iddiaçının əmək haqqı 25% olaraq müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixində isə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

24. Hazırda İddiaçı əmək müqaviləsi ilə işlədiyi müddət ərzində ona əmək haqqı verilmədiyini bildirməklə həmin müddət ərzində ödənilməli olan əmək haqqının və gecikdirildiyi hər il üçün 5% miqdarında vəsaitin ona ödənilməsini tələb edir.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar. 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 3.5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır. 44.3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

49. 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 54.1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2. Minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. 154.3. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. 154.6. Minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 155.1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. 173.1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 173.2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. 173.3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

29. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” xx.xx.2019-cu il tarixli Sərəncamı :

1. Minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilsin.

3. Bu sərəncamın 1-ci hissəsi 2019-cu ilin sentyabrın 1-dən qüvvəyə minir.

30. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “minimum aylıq əməkhaqqının artırılması haqqında” xx.xx.2019-cu il tarixli Sərəncamında dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Sərəncamı:

1. Minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvar ayının 1-dən 300 manat müəyyən edilsin.

Məhkəmənin mövqeyi :

31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

32. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı iddia tələbi şərti olaraq iki hissədən, yəni birinci tələb olaraq Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş vəzifə maaşının ödənilməsi və ikinci tələb olaraq isə vəzifə maaşının ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinin üzərinə qoyulması hissəsindən ibarət olduğuna görə hər bir tələbə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir.

33. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbini Bakı şəhər Nizami Bələdiyyəsində əmək müqaviləsi üzrə işlədiyi xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixinədək yığılıb qalmış vəzifə maaşının ona verilməməsi ilə əsaslandırmışdır.

35. Öz tələbinin faktiki əsası qismində isə iş materiallarına əlavə edilmiş sosial arayış və elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsi bildirişində onun əmək haqqının 250 manat, daha sonra isə (xx.xx.2022-ci il tarixdən) 300 manat olaraq göstərilməsinə istinad etmişdir.

36. Əmək qanunvericiliyə əsasən əmək müqaviləsi işəgötürən ilə işçi arasında fərdi qaydada, sərbəst surətdə bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqlarını və vəzifələrini müəyyən edən yazılı müqavilədir. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

37. İddiaçı ilə cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən göründüyü kimi İddiaçı əmək müqaviləsinin şərtləri ilə tanış olmuş və əmək müqaviləsində qeyd olunmuş şərtlər ilə razılaşaraq Bakı şəhəri Nizami rayon Bələdiyyəsi ilə əmək müqaviləsi bağlamış və vergi mütəxəssisi vəzifəsi üzrə işə qəbul edilmişdir.

38. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndində əsasən İddiaçı əmək funksiyası Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 198.1.1-ci maddəsinin qaydalarına əsəsən fiziki şəxslərin xüsusi mülkiyyətində olan müfəttişə təhkim olunmuş ərazidən əmlak, torpaq vergisinin BAMS-dan verilən tədiyyə bildirişi əsasında toplanılması olmuşdur.

39. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən isə tərəflər hər ay 25% məbləğində əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər.

40. Əmək qanunvericiliyində əmək haqqına verilən anlayışa əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (ƏM 154.1.m) və işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir (ƏM 157.1m).

41. Bu isə ona əsas verir ki, tərəflər əmək müqaviləsinin şərtləri ilə bağlı razılaşdıqları zaman əmək qanunvericiliyinin müddəalarına zidd olmayaraq əmək haqqının ödənilməsinə dair digər sistemləri barədə razılığa gələ bilərlər.

42. Qanunvericiliyin tələbinə əsasən isə işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (ƏM 155.1.m).

43. Minimum əmək haqqı isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2019-cu ilin sentyabr ayının 1-dən 250 manat, 2022-ci ilin yanvar ayının 1-dən 300 manat müəyyən edilmişdir.

44. Məhkəmə iclasında tədqiq edilən iş materialları (əmək haqqının hesablanması cədvəli, sosial arayış) əsasında müəyyən edilmişdir ki, 2020-ci il noyabr ayında iddiaçıya 303.96 manat, dekabr ayında 347.34 manat, 2021-ci ilin yanvar -279.27 manat, fevral – 286.44 manat, mart-201.38 manat, aprel-281.86 manat, may – 332 manat, iyun-596.35 manat, avqust ayında – 372.11 manat, sentyabr-239.12 manat, oktyabr-526manat, noyabr-450 manat, dekabr – 621.83 manat, 2022-ci ilin yanvar-312.59 manat, fevral- 288.66 manat, mart- 200 manat, aprel- 366.02 manat və may ayında 142.99 manat və son haqq hesab olaraq 268.28 manat əmək haqqı ödənilmişdir. Həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.30-cu bəndinin şərtinə uyğun olaraq iddiaçıya məzuniyyətə çıxdığı üçün 100 manat müavinət ödənilmişdir.

45. Bu da onu deməyə əsasə verir ki, cavabdeh tərəfindən iddiaçıya əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq minimum əmək haqqı məbləğindən az olmayan əmək haqqı ödənilməklə əmək qanunvericiliyinin əməyin ödənilməsinə dair tələbləri cavabdeh tərəfindən pozulmamışdır.

46. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məhkəmə iclaslarında işin faktiki halları barədə bir-birinə zidd izahatlar vermişdir.

47. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatda onun əmək müqaviləsi bağladığı zaman əmək haqqının sabit pul məbləğində müəyyən edildiyini sonradan onun məlumatı olmadan əmək müqaviləsinin əmək haqqına dair şərtlərin qeyd edildiyi səhifəsinin dəyişdirildiyini qeyd etmiş, lakin digər məhkəmə iclasında verdiyi izahatda isə (xx.xx.2024-cü il tarixli) sabit məbləğdə əmək haqqı ilə deyil, faizlə əmək haqqı ilə razılaşdığını qeyd etmişdir.

48. Həmçinin bir məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, o əmək müqaviləsi bağlandıqdan sonra ilk ay ödənilən əmək haqqının sabit olmadığını yığıma görə faizlə ödənildiyini görmüş və digər bələdiyyələrlə maraqlanmış, həmin bələdiyyələrdə vergi müfəttişlərinə həm əmək haqqı, həm də vergi yığımına görə faiz ödənildiyini müəyyən etmiş və tək vergi yığımına görə faiz ödənilməsi ilə razı olmadığı üçün işə götürəndən həm də əmək haqqı ödənilməsini tələb etmişdir. Lakin işin faktiki hallarından görünür ki, 2020-ci ilin noyabr ayından əmək müqaviləsinə xitam verildiyi 2022-ci ilin may ayının 10-dək öz əmək fəaliyyətini davam etdirmişdir.

49. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı onun işəgötürənlə sabit məbləğdə əmək müqaviləsi bağladığını, əmək müqaviləsinin ilk səhifələrinin yenidən tərtib edilməsini təsdiq edən sübutları, o cümlədən işəgötürəndən əmək haqqı tələb etməsini, digər bələdiyyələrdə vergi müfəttişlərinin həm əmək haqqı, həm də vergi yığımına görə faiz ödənilməsini, həm də Nizami Bələdiyyəsində digər vergi müfəttişlərinə həm sabit əmək məbləğdə əmək haqqı, həmdə vergi yığımına görə faiz ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

50. Məhkəmə qeyd vetməyi zəruri hesab edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan və işin faktiki hallarından aydın olur ki, iddiaçı ona həm 250, 300 manat sabit məbləğdə əmək haqqı ödənilməsi, həm də əlavə olaraq vergi yığımlarına görə faiz ödənilməsi barədə işəgötürənlə razılığa gəlməmişdir.

51. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, digər bələdiyyələrdə vergi müfəttişlərinə həm əmək haqqı, həm də vergi yığımlarının 14%-i miqdarında ödəniş edilir. Nizami Bələdiyyəsi tərəfindən isə bu halı örtbasdır etmək üçün vergi yığımlarının 25 %-i miqdarında ödəniş edilir (xx.xx.2024-cü il tarixli iclas).

52. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

53. Məhkəmə iddiaçının öz tələbinin faktiki əsası qismində istinad etdiyi əmək müqaviləsi bildirşində, e-sosial portalında qeyd edilən əmək haqqı məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilən və tərəflərin imzaları ilə təsdiq edilən yazılı əmək müqaviləsinə işəgötürən tərəfdən birtərəfli qaydada elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinə münasibətdə daha üstün qiymət verilməlidir. Həmçinin nəzərə almaq lazımdır həmin sistem yeni yaradılmışdır, tam təkmilləşdirilməmişdir.

54. Cavabdehin nümayəndəsi öz etirazını onunla bildirmişdir ki, elektron informasiya sisteminə faiz daxil etmək mümkün olmadığı üçün sistemə mimimum əmək haqqı məbləği daxil edilmişdir.

55. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, ilk əmək müqaviləsi bildirişi sitemdə qeydə alınarkən əmək haqqı 250 manat qeyd edilmişdir, minimum əmək haqqı miqdarı artırıldıqdan sonra isə 18 yanvar 2022-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməklə əmək haqqı miqdarı artırılaraq 300 manat olaraq müəyyən edilmişdir.

56. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi bildirişi sistemə daxil edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur.

57. Belə ki, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmasına baxmayaraq əmək müqaviləsi bildirişi sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir.

58. Halbuki, əmək qanunvericiliyinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Lakin işin faktiki hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri əmək müqaviləsi yazılı şəkildə bağlandığı zaman yaranmış və işçiyə əmək haqqı ödənilmişdir.

59. Qeyd edilən hallar onu deməyə əsas verir ki, cavabdeh Nizami Bələdiyyəsi tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsinə münasibətdə formal yanaşılmaqla qanunvericiliyin tələbi pozulmuşdur.

60. Məhkəmə qeyd edir ki, cavabdeh Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsində qanunvericiliyin tələblərinin pozulması, o cümlədən hesab etsək ki, cavabdeh tərəfindən əmək haqqınının faiz ilə müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmaması belə, hazırki iddia tələbi daxilində işə baxan məhkəmə üçün iddia tələbinin təmin edilməsi üçün əsas deyil.

61. Məhkəmə həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsinin müddətinin qurtarmasına baxmayaraq tərəflərdən heç biri əmək müqaviləsinin ləğv etmədiyi üçün əmək münasibətləri əvvəlki şərtlərlə davam etmişdir.

62. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda cavabdeh ilə yalnız xx.xx.2020ci il tarixdə əmək müqaviləsi bağladığını, sonradan əmək müqaviləsi bağlamadığını və ya dəyişiklik etmədiyini qeyd etmişdir.

63. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona 250-300 manat əmək haqqı hesablandığını, lakin həmin əmək haqqı məbləğinin cavabdeh tərəfindən mənimsənildiyini qeyd etməsinə baxmayarq bu hallar işdə olan digər materiallarla da öz təsdiqini tapmamışdır.

64. Belə ki, iş materiallarından görünür ki, cavabdehin Azərbaycan Respubllikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bəlkədiyyələrlə İş Mərkəzi tərəfindən araşdırılma aparılmış və son haqq-hesabın gecikdirilməsi halı öz təsdiqini tapmış və cavabdeh tərəfindən gecikdirilmiş 361.52 manat əmək haqqı borcunun ödənildiyi qeyd edilmişdir.

65. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına (sosial arayış, əmək haqqının hesablanması cədvəli) əsasən müəyyən olunur ki, iddiaçının əmək haqqısından aparılan tutulmalar ona faiz ilə hesablanaraq əmək haqqı qismində verilmiş məbləğlərdən aparılmışdır. Yəni iddiaçının istinad etdiyi cavabdeh tərəfindən sistemə daxil edilərək mənimsənilən 250, 300 manat əmək haqqı məbləğindən tutulmalar aparılması halı müəyyən edilməmişdir.

66. Belə olduqda məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı olan “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir.

67. Məhkəmə iddiaçının ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin üzərinə öhdəlik qoyulmasını tələb etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı birinci və ikinci iddia tələbi bir-biri ilə əlaqəli olduğundan, birinci iddia tələbinin təmin edilmədiyi üçün ikinci iddia tələbi də təmin edilə bilməz.

Nəticə :

68. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi”nə dair iddia tələbi təmin təmin edilməməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar