Məhkəmə qərarları › İş №2(007)-859/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-859/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-859/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(007)-1168/2023 - saylı Qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün 220 manat sabit məbləğdə aliment tutularaq ona ödənilməsi hissəsində dəyişdirilməsi və xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və digər gəlirlərinin 1/3 miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur və onların nikahları Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2004-cü ildə nikahın qeydiyyat Akt kitabında 407 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından üç övladları vardır: xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5. Evləndikləri müddətdə və ondan sonra uzun müddət münasibətləri yaxşı olmuş, lakin son bir neçə ildə cavabdehin qeyri etik hərəkətləri münasibətlərinin pozulmasına səbəb olmuşdir. Hazırda onların aralarında bağlanmış nikahları Bakı şəhri Nizami rayonon Məhkəməsinin 2(007)-1168/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə pozulmuşdur və cavabdehdən hər bir övladının saxlanılası üçün hər bir övladına 220 (cəmi 660) manat aliment tutulmuşdur. Hazırda övladının biri yetkinlik yaşına çatmış və ona aliment ödənilməsi dayandırılmışdır. Aliment barədə qətnamənin qəbul edilməsindən təxminən 11 ay keçmiş və bu müddət də həm övladı böyümüş, onların təlabatları çoxalmış, məktəb və ali məktəbə hazırlıq xərcləri çoxalmışdır. Cavabdeh övladlarına alimentdən başqa heç bir xərc ödəməmişdir. Eyni zamanda, hazırda övladlarının maddi və mənəvi təlabatları artdığından o, tək onların təlabatlarını ödəyə bilmir. Belə ki, övladının biri məktəbdənkənar hazırlıq kursunda və digər övladı isə instituta hazırıq kurslarında təhsil alır. Lakin maddi cəhətdən təminatları az olduğundan sıxıntılı həyat yaşayır və hazırlıq kurslarının ödənişlərini vaxtı vaxtında ödəyə bilmir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsində Kriminalist vəzifəsində çalışır və orta aylıq əmək haqqısının təxminən 1800 (bir min səkkiz yüz) manat təşkil etməsinə baxmayaraq, övladlarının təminatına vəsait sərf etməkdən yayınır. Respublikada baş vermiş infilyasiya və məhsulların qiymətlərinin yüksəlməsi ilə əlaqədar övladları üçün ödənilən aliment məbləği onların təlabatını tam və dolğun ödənilməsinə kifayət etmir. Ona görə hesab edir ki, cavabdeh tərəfdən övladının saxlanılması üçün ödənilən aliment azdır, onların tələbatlarını ödənilməsini təmin etmədiyi üçün cavabdehdən alimentin tutulması artırılmalıdır. Cavabdeh, tək yaşayır və böyük məbləğdə aldığı əmək haqqını, övladına deyil, hansısa mənasız işlərə sərf edir. Ona görə hesab edir ki, cavabdeh X4 övladlarının saxlanılması üçün ödənilən aliment dəyişdirilməli və övladlarının saxlanılması üçün alınan alimentin sabit məbləği, cavabdehin aldığı əmək haqqından tutulmalıdır. Cavabdehdən ilkin məhkəmə qaydasında aliment tutulması barədə məhkəmə prosesi zamanı, aldığı əmək haqqını gizlətmiş və məhkəməyə düzgün məlumat verməmişdir. Alimentin artırılması ilə əlaqədar mübahisənin mediasiya qaydasında həlli üçün Mediasiya qurumuna müraciət edən zaman, cavabdeh alimentin ödəniməsindən övladları ilə görüşü əsas gətirməklə imtina etmişdir. Nəzərə çatdırır ki, o övladlarının ataları ilə görüşəməsinə heç vaxt maneə olmamışdır və istənilən vaxtı övladlarının hər biri ilə istədiyi vaxtda əlaqə saxlaya bilər. Lakin cavabdeh heç vaxt öz övladları ilə əlaqə saxlamaq istəməmişdir.

İş materialları :

3. AZ - İ seriyalı, 039639 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsində xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 407 nömrə ilə qeyd edilmişdir, ərə Ömərov, arvada Sadıqova soyadı verilmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1168/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 407 saylı aktla rəsmiləşdirilmiş nikah qeydinin pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. AZ-İ seriyalı, 452383 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Nizami rayon Məhkəməsinin xx.xx.2023 il tarixli qətnaməsi əsasında pozulmuş və nikahlarına xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində, 286 nömrə ilə qeyd edilmiş və nikah pozulduqdan sonra qadına Sadıqova soyadı verilmişdir.

6. AZ-İ seriyalı, 898216 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə doğulmuş və bu barədə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabından xx.xx.2007-ci il tarixdə 308 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

7. AZ-İİ seriyalı, 869118 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2012-ci ildə doğulmuş və bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 847 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

8. “Mediasiya Şurası” Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2023-02733 nömrəli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı tərəfindən 50 manat mediasiya və 10 manat poçt-kargüzarlıq xərcini ödənilmişdir.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Maliyyə - Plan Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, polis mayoru Cavabdeh həqiqətən hesablanmış əmək haqqı (vergilər tutulduqdan sonra) 2024cü ilin yanvar ayına 1555 (bir min beş yüz əlli beş) manat 86 qəpik olmuşdur.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında (xx.xx.2024-cü il tarixli) iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir.

12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçı ilə Cavabdeh nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1168/2023 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat aliment İddiaçı xeyrinə tutulması qət olunmuşdur.

14. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1168/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2012ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Uşaq Hüquqları haqqında Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

25. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

26. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbini irəli sürmüş və tələbini uşaqların tələbatlarının artması və cavabdehin yüksək məbləğdə sabit əmək haqqısının olması ilə əsaslandırmışdır.

27. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

28. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

29. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

30. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1168/2023 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişmiş, uşaqların təhsili ilə əlaqədar maddi tələbatları daha da artmış, uşaqlar üçün yaşayış minimumu artmışdır.

31. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

32. Həmçinin işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1168/2023 saylı qətnaməsi ilə aliment təyin edildikdən sonra aliment tutulan uşaqlardan biri yetkinlik yaşına çatdığından, hazırda aliment miqdarı iki uşaq üçün müəyyən edilməlidir. və Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində işləyərək 1555 manat məbləğində müntəzəm gəlir əldə edir.

33. Ailə qanunvericiliyinə əsasən 2 uşağa görə alimentin miqdarı qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilir (AM 76.1.2m).

34. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir.

35. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

36. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

37. Belə olan halda məhkəmə iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məhkəmədən alimentin cavabdehin əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş etməsini, cavabdehin müntəzəm gəlir əldə etməsi barədə sübut təqdim etməsini, habelə yetkinlik yaşına çatmayan uşaqların yaşı, təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatları, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, uşaqlar üçün yaşayış minimumun artması, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olması və cavabdehin razılığını nəzərə alaraq qeyd edir ki, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin təyin edilməsi qanuni və əsaslıdır.

38. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərcləri :

39. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

40. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

41. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə :

42. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1168/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar