Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-870/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "X5" ASC, "xxxx" ASC və "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “birgə nikah dövündə əldə edilmiş kredit üzrə aylıq ödənişlərin bölünməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "X5" ASC, "xxxx" ASC və "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı “birgə nikah dövündə əldə edilmiş kredit üzrə aylıq ödənişlərin bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövündə əldə edilmiş kredit üzrə aylıq ödənişlərin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində 4100 manat (dörd min yüz manat) kredit məbləğinin verilinməsi ilə bağlı "xxxx" ASC ilə aramızda GTKR8391214B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 150 (bir yüz əlli) manat (150 manat:2 =75 manat) məbləğində pul vəsaitinin hər ayın 25-i tarixində, xx.xx.2024-cü il tarixində 10500 manat (on min beş yüz) məbləğində kredit məbləğinin 36 aylıq müddətə, illik 21 % müqabilində verilməsi ilə bağlı “X5” ASC ilə CP/38583/A2/28 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 200 manat (iki yüz) (400 manat:2=200 manat) məbləğində pul vəsaitinin hər ayın 22-i tarixində, xx.xx.2024-cü il tarixində 3500 manat (min beş yüz) məbləğində kredit məbləğinin 59 aylıq müddətə, illik 25 % müqabilində verilməsi ilə bağlı “X5” ASC ilə AL/45370/A1/28 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 100 manat (200 manat:2=100 manat) məbləğində pul vəsaitinin hər ayın 1-i tarixində, xx.xx.2024-cü il tarixində İrşad Telecomdan alınmış Honor X9b 8 GB/256GB Hmerald Green markalı telefon üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək ödənilməli olan aylıq ödənişlərin yan hissəsinin, yəni 24 manat (iyirmi dörd) (48 manat:2=24) manat məbləğində pul vəsaitinin hər ayın 12-i tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi, mediasiya xərci üçün tərəfindən ödənilmiş 60 manat məbləğində pul vəsaitinin, məhkəmə üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixinədək İrşad Elektroniksə ödənilməli olan pulun yarısının cavabdehdən tutulmasına dair iddia tələbini geri götürür və tələbini həmin hissədə azaldır.
3. Məhkəmə araşdırması zamanı "X5" ASC, "xxxx" ASC və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər.
İddia tələbinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində rəsmi nikaha daxil olub. Nikahları 4 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilib. Nikahları xx.xx.2024-cü ildə rəsmiləşsə də, onlar uzun müddət bundan öncə qısa müddətli faktiki nikah münasibətlərinə daxil olub, daha sonra isə yenidən münasibətlərini bərpa etmək qərarına gəlib, barışıq əldə edilib və yalnızca 2024cü ildə nikahlarını rəsmiləşdiriblər. Lakin rəsmi nikaha daxil olduqdan sonra Cavabdeh onun adına bir sıra kredit götürüb, o da öz növbəsində birgə təsərrüfat apararaq kredit ödənişlərini ödəyəcəyiklərini düşünərək bununla razılaşıb. Daha sonra isə, cavabdeh kredit müqaviləsi bağlandıqdan sonra götürülmüş pul vəsaitlərini ondan alıb, ödənişləri isə ödəməyib. Hələ bu azmış kimi Cavabdeh evi də tərk edib. Beləliklə, o artıq uzun müddətdir ki, kredit ödənişlərini yalnızca özü ödəmək məcburiyyətində qalıb. O isə həmişə ailəsinə dəstək olub, əlindən gələn hər bir şeyi etməyə çalışıb, daima işləyərək gəlir əldə edib, məhz birgə nikahları üçün bu gəlirləri sərf edib. Nəzərə çatdırır ki, birgə nikah dövründə əldə edilmiş və ailə ehtiyacları üçün sərf edilmiş kredit məbləğləri və müvafiq olaraq bağlanmış kredit müqavilələri aşağıdakı kimidir: xx.xx.2024-cü il tarixində 4100 manat (dörd min yüz manat) kredit məbləğinin verilməsi ilə bağlı "xxxx" ASC ilə aralarında GTKR8391214B299 saylı kredit müqaviləsi bağlanılıb. Həmin kredit müqaviləsi üzrə aylıq ödəniş 150 manat (bir yüz əlli manat) təşkil edir. Cavabdehlə ayrı yaşadıqları vaxtdan etibarən kredit ödənişlər yalnız onun vəsaitləri hesabına ödənilib. Bildirir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməs indən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Buna uyğun olaraq, xx.xx.2024-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 150 (bir yüz əlli) manat (150 manat: 2=75 manat) məbləğində pul vəsaitinin hər ayın 25-i tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi məqsədəuyğundur. xx.xx.2024-cü il tarixində 10500 manat (on min beş yüz) məbləğində kredit məbləğinin 36 aylıq müddətə, illik 21% müqabilində verilməsi ilə bağlı “X5” ASC ilə CP/38583/A2/28 saylı kredit müqaviləsi bağlanılıb. Həmin müqavilə üzrə ödəniş qrafikləri də ona təqdim edilib və həmin kredit müqaviləsi üzrə aylıq ödəniş 400 manat (dörd yüz) təşkil edir. xx.xx.2024-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 200 manat (400 manat:2=200 manat) məbləğində pul vəsaitinin hər ayın 22-i tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi məqsədəuyğundur. xx.xx.2024-cü il tarixində 3500 manat (min beş yüz) məbləğində kredit məbləğinin 59 avlıq müddətə, illik 25% müqabilində verilməsi ilə bağlı “X5” ASC ilə AL/45370/A1/28 saylı kredit müqaviləsi bağlanılıb, bolkart kartı ona təqdim edilib. Həmin kartdan isə pul vəsaitini birgə nikah dövründə birgə təsərrüfatları üçün sərf edib Həmin müqavilə üzrə aylıq ödəniş 200 manat (dörd yüz) təşkil edir. xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 100 manat (200 manat:2=100 manat) məbləğində pul vəsaitinin hər ayın 1-i tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi məqsədəuyğundur. xx.xx.2024-cü il tarixində X3 X9b 8 GB/256GB Emerald Green markalı smartfon alıb. Sözügedən telefon hazırda cavabdehin istifadəsindədir. Həmin telefonu 862,49 (səkkiz yüz altmış iki manat qırx doqquz qəpik) manata, aylıq 48 (qırx səkkiz) manat ödənilməsi şərtilə əldə edib. Belə olduğu təqdirdə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 24 manat ((48 manat:2=24 manat) məbləğində pul vəsaitinin hər ayın 12-i tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi məqsədəuyğundur. Nəzərə çatdırır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, ailə münasibətlərinə aid mübahisənin məhkəmədən kənar mediasiya vasitəsilə həll edilməsini təklif etsə də, cavabdeh tərəfindən təklifi cavablandırılmayıb. Həmçinin, ilkin mediasiya sessiyasında iştirak edilməməyib. Bu barədə xx.xx.2024-cü il tarixli, MŞB/6-02217 saylı arayış ona təqdim edilib (arayış iddia ərizəsinə əlavə edilib). Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə qaydasında birgə nikah dövründə əldə olunmuş kredit müqaviləsi üzrə aylıq ödənişinin 1/2 hissəsinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunauyğun hesab edir. Bununla yanaşı, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə 60 manat (altmış) məbləğində mediasiya xərcinin və 90 manat (doxsan) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafıq hesab edir (qəbzlər iddia ərizəsinə əlavə edilmişdir).
Cavabdehin etirazı və ona dəlilləri:
5. Cavabdeh xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ilə 27 mart 2024-cü il tarixdə rəsmi nikaha daxil olublar və nikahları 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmləşdiriblər. İddiaçı onunla ailə qurmamışdan əvvəl başqa şəxslə ailə qurub və onların birgə nikahlarından Ramil adlı bir uşaqları olub. İddiaçı ilə 2024-cü ilin sentyabr ayınadək bir yerdə yaşayıblar. İddiaçı onu özünün həyat yoldaşı olaraq saymadığına görə və aralarında tez-tez mübahisələr olduğuna görə münasibətləri pozulub. O da iddiaçıdan ayrılmaq qərarına gələrək anasının yanında yaşamağa gedib. Bir müddət sonra iddiaçı ona zəng edərək, onunla barışmaq istədiyini və evə qayıtmağını bildirsə də, o artıq iddiaçı ilə bir yerdə yaşamaqlarının mümkün olmadığına görə qayıtmayıb. Bundan sonra iddiaçı və birinci nikahdan olan oğlu bir yerdə anasının evinə basqın edərək həyətdə anasını döyüblər, hələ də anasının başında ağrılar var. Hadisələrin hamısı telefon vasitəsi ilə çəkilib, anası isə döyülməsi ilə əlaqədar özü sığışdırmayaraq polisə şikayət etməyib. Bankdan götürlən kreditlə bağlı bildirir ki, İddiaçı 22 aprel 2024-cü il tarixdə "X5" ASC-dən götürdüyü 3500 manat puldan 1000 manatını ona verib, qalan məbləği isə oğlunun təhsilinə və diplomuna xərcləyib. 22 aprel 2024-cü il tarixdə "X5" ASC-dən götürdüyü 10500 manat puldan puldan xəbəri yoxdur. İddiaçı 10500 manat pulun Bankdan götürürərək hara xərclənəməsi barədə ona heç bir söz deməyib, amma iddiaçı onunla nikaha girməmişdən əvvəl bankdan xeyli miqdarda kredit götürməsi barədə ona bildirib. Görünür iddiaçı "X5" ASC-dən götürdüyü 10500 manat pulu ailənin ehtiyacları üçün xərcləyib və ailənin ehtiyacları üçün xərcləməsi barədə heç bir sübut da məhkəməyə təqdim etməyib. Bundan başqa, İddiaçı 24 iyun 2024-cü il tarixdə "xxxx" ASC-dən 4100 manat məbləğində götürdüyü puldan 1000 manat ona verib qalan pulu isə oğluna götürdüyü "İphone" markalı telefonun pulunu verib. Eyni zamanda bildirir ki, 12 iyul 2024-cü il tarixdə "İrşad Telekomdan" Honor X9b 8GB/256GB Emerald Green markalı samart telefon iddiaçının adına götürüb. Həmin telefonun aylıq ödənişlərini də özü ödəyir. İddiaçı həmin telefonun ödənişinə bir manat da olsun ödəniş etməyib, həmin telefonun aylıq ödənişlərinin ödəniməsinə də etiraz edir. İddiaçının "X5" ASC-dən götürdüyü 10500 manat məbləğində pulun, "X5" ASC-dən götürdüyü 3500 manat məbləğində pulun 2500 manatını və "xxxx" ASC-dən götürdüyü 4100 manat məbləğində pulun 3100 manatını ailənin ehtiyacları üçün xərcləməsi barədə sübutları məhkəməyə təqdim edə bilməyib. İddiaçı iddia ərizəsində götürlmüş kreditlərin hara xərclənməsi barədə bir kəlmə də olsun qeyd etməyib. Qeyd edilənlərə əsasən dair iddia əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş materialları:
6. AZ-İİ seriyalı, 617514 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 27 mart 2024-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 406 nömrə ilə qeyd edilmişdir. Ərə Əliquliyev, arvada Əliquliyeva soyadı verilmişdir.
7. “X5” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli CP/38583/A2/28 saylı kredit sazişindən görünür ki, bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 10500 manat məbləğində kredit verilmişdir. İddiaçı 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür;
8. “X5” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli AL/45370/A1/28 saylı kredit sazişindən görünür ki, bank tərəfindən İddiaçı 59 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. İddiaçı 59 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür;
9. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTKR8391214B299 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 35 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 4100 manat məbləğində kredit verilmişdir. İddiaçı 35 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür;
10. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 1054/112 saylı arayışından görünür ki İddiaçı "xxxx" ASC-də xx.xx.2024-cü il tarixində GTKR8391214B299 saylı müqavilə üzrə 4100 AZN kredit rəsmiləşdirilib. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3733,73 AZN aktiv borc öhdəliyi var.
11. “Mediasiya Şurası” Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/6-02217 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçının nümayəndəsi X2 tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir.
12. xx.xx.2024-ci il tarixli, 1-718076251 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 90 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
13. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh hər dəfə ona zəng edərək avtomobilini vurduğunu və ona pul lazım olduğunu bildirirdi. O da cavabdehin kartına pul göndərirdi. Cavabdehin bildirdiyinə görə iddia tələbinin həcmini artırıb. Cavabdeh 2023-cü ilin dekabr ayında avtomobilini vurub, onlar 4000 manata yaxın kredit götürüblər. O, cavabdehin kartına pullar köçürüb, bu barədə qəbzləri var. Qəbzlərdə pulları cavabdehin son dörd rəqəmi 3422 olan kartına köçürdüyü görünür. O, krediti ilk öncə cavabdehin avtomobili üçün götürüb, cavabdeh avtomobilini vurub, onun avtomobili 3-4 dəfə vurulub, avtomobili iki dəfə rənglədib, iki dəfə qapısını düzəltdirib. Pulu cavabdehin avtomobilinə verməyi barədə sübutu yoxdur, pulu əlbəəl verib. O, 1500 manata qədər əmək haqqı alır. Krediti aldığı əmək haqqına görə veriblər.Cavabdehin avtomobilinin markası Xəzərdir. Kreditin hamısını cavabdehə verməyib, həm də oğlu Türkiyə Respublikasında oxuduğuna görə ona göndərib. Oğlunun diplomunu alıblar, 2000 manatı oğlunun illik ödənişinə, 1000 manatı diplomuna pul verib, azı 6000 manatı oğluna sərf olunub. Oğlu hazırda Bakı şəhərindədir, magistr oxuyur, işləyir. 2023-cü ildə oğlu Türkiyədə oxuyurdu, pulu oraya göndərib. Kreditlər uşağa, özünə də xərclənib. Nikahdan əvvəl oğlunun mobil telefonun krediti olub, 2023-cü ildə borcu tam ödəyib. Uşağın mobil telefonun kredit borcunu ödəyəndə cavabdehlə nikahları yox idi, cavabdehlə birlikdə yaşayırdılar. Oğlu cavabdehin oğludur, amma cavabdeh onlardan imtina edib. 24 il əvvəl cavabdehlə birgə yaşayıblar, o, hamilə olanda cavabdeh onu tərk edib. Onlar 2024-cü ilin fevral ayından nikaha daxil olub, 28 sentyabr 2024-cü il tarixdə faktiki olaraq ayrılıblar. Fləşkartda cavabdehin səs yazısı var, orada cavabdeh pul götürdüyünü, hər ay ödəyəcəyini bildirir. Oğlunu hədələyir, başına oyun açacağını, onların pullarını yeməyəcəyini qeyd edir. Cavabdeh kredit götürməyini istəyib, ona kredit verildiyini, avtomobilini düzəldəcəyini, taksi fəaliyyəti məşğul olacağını, hər ay pulunu qaytaracağını bildirib. O, kreditləri ödəyə bilmir, əmək haqqı kreditləri ödəmək üçün kifayət etmir. Ona görə də, kreditlərin cavabdehlə yarıbayarı ödənməsini istəyir. Cavabdeh onu məcbur edib kredit götürüb, həmin vaxt birgə nikahda idilər. İddia ərizəsinə əlavə etdiyi qəbzlərdə cavabdehin kartına nə qədər pul göndərdiyimi müəyyən etmək olar. O, 2000 manatdan çox məbləği cavabdehin kartına göndərib, həmçinin əlbəəl də cavabdehə pul verib.
14. Məhkəmə iclasında Cavabdeh etirazın dəlillərinə uyğun izahat verərək, iddianın qismən təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı kreditləri ondan əvvəl götürdüyü kredit borclarını ödəmək üçün götürüb. Onlar avtomobilə yanacaq doldururdular, iddiaçı cashback qayıtması üçün ödənişi kartından etməyini bildirib, o da nağd şəkildə iddiaçıya pulu qaytarırdı. İddiaçının bildirdiklərindən belə çıxır ki, o, evə pul xərcləməyib, iddiaçının hesabına yaşayıb. Soruşmaq lazımdır ki, iddiaçı oğlunun mobil telefonun kredit borcunu necə bağlayıb. İddiaçı nikahdan əvvəl kredit götürüb, telefon alıb, həyətinə və evinə dəmir qapı qoydurub, oğluna Türkiyə Respublikasına 1500-2000 manat pul göndərib. İddiaçının oğlu onun oğlu deyil, onun şəxsiyyət vəsiqəsində ata qrafasında başqa şəxsin adı yazılıb. O, uşağı qəbul edib, amma uşaq ona əl qaldırıb, onu söyüb. Yəqin ki, 28 sentyabr 2024-cü il tarixdə faktiki olaraq ayrılıblar. İddiaçı götürdüyü kreditlərdən iki dəfə 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində pulu ona verib. Son dörd rəqəmi 3422 olan kart ona məxsusdur. İddiaçının fevral ayında 200 manat pulu kartına köçürdüyünün səbəbi yadında deyil. Onun avtomobili var, lakin iddiaçı avtomobilə görə heç bir ödəniş etməyib. İddiaçı ilə iki dəfə banka gediblər. Birinci dəfə Əhmədlidə, ikinci dəfə 28 Mallda yerləşən banka gediblər. İddiaçı Əhmədlidə yerləşən bankdan kredit götürəndə 1000 manat ona verib. iddiaçı ilə “X5” ASC-yə gedib. İddiaçının “X5” ASC-dən götürdüyü 10500 manat kreditdən xəbəri yoxdur. İddiaçının oğlu ilə telefon danışıqlarında 6000 manat pulu ondan tələb etdikdə “hə, olsun”, “24-dən 24-nə aybaay ödəyəcəm, problem yoxdur” deyib. ***-***-**-** mobil nömrə mənə məxsusdur. İddiaçı bankdan götürüdüyü pullardan 2000 manat ona verib, qalan pulları oğluna, dəmir qapıya və s. xərcləyib. Məhkəməyə təqdim edilən səs yazısı tam təqdim edilsin.
15. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "X5" ASC, "xxxx" ASC və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10.10. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ərarvadın ümumi öhdəliklərini təşkil edir. ... Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
20. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarının: 1.3.Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. 3.14.Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 6.35. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddanbirinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
İşin faktiki halı:
21. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı 27 mart 2024-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, birgə nikahlarından uşaqları doğulmamışdır. Tərəfləri faktiki olaraq ayrılsalar da, nikahları rəsmi qaydada pozulmamışdır. Hazırda iddiaçı birgə nikah dövründə "xxxx" ASC və “X5” ASC-dən götürülmüş və məhkəməyə iddia verilən tarixdən tərəfindən ödəniləcək kredit borcunun yarsının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə “X5” ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli CP/38583/A2/28 saylı kredit sazişinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 10500 manat, onunla “X5” ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli AL/45370/A1/28 saylı kredit sazişinə əsasən, bank tərəfindən İddiaçı 59 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 3500 manat, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTKR8391214B299 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 35 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 4100 manat məbləğində kredit verilmişdir.
24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər- arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
25. Məhkəmə iclasında tərəflər vermiş olduğu izahatları ilə xx.xx.2024-cü ildən (xx.xx.2025-ci il tarixli məhkəmə iclası) faktiki olaraq ayrıldıqlarını bildirmişlər, bu səbəbdən qeyd edilən kreditlərin tərəfindən birgə nikahı dövründə və birgə ailə təsərrüfatını idarə etdikləri vaxt götürülməsi halı mübahisələndirilməyən hal kimi qəbul edilir.
26. Beləliklə iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbi iddiaçı tərəfindən birgə nikah dövründə götürülmüş və ailənin ehtiyacları üçün xərclənməsi iddia edilən 3 kredit müqaviləsi üzrə ("xxxx" ASC ilə və “X5” ASC ilə bağalanan) olan borcların bölünməsidir.
27. Qeyd olunmalıdır ki, kredit müqavilələrinin birgə nikah dövründə bağlanması, pulun tərəflərin birlikdə təsərrüfat apardığı dövrdə məxaric edilməsi müvafiq hesabdan çıxarışlarla təsdiq olunur.
28. Cavabdeh kredit götürülmüş bütün pulların ailənin ehtiyaclarına sərf edilməməsini, "X5" ASC-dən götürülən 3500 manat kreditdən 1000 manat və "xxxx" ASCdən götürülən 4100 manat kreditdən 1000 manat məbləğində pulun iddiaçı tərəfindən ona verildiyini qeyd etmişdir. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatlarında götürülmüş kreditləri cavabdehin avtomobilin xərclərinə, oğlunun Türkiyə Respublikasında təhsili ilə bağlı xərclərinə sərf etdiyini, azı 6000 manatını oğluna xərclədiyini qeyd etmişdir. Həmçinin, cavabdehə məxsus kart hesabın müxtəlif vaxtlarda köçürülən məbləğlərə dair ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Qeyd edilməlidir ki, iddiaçı oğlunun cavabdehin övladı olduğunu qeyd etsə də, bu hal rəsmi qaydada öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı özü vermiş olduğu izahatları ilə birgə nikah dövründə götürülən pulların hamısının ailə ehtiyaclarına sərf edilməsi halını təkzib etmişdir.
29. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etirazında birgə nikah dövründə iddiaçı tərəfində götürülən kreditlərdən ancaq 2000 manatın ona verildiyini etiraf etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarının tətqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər və iddiaçının oğlu götürülmüş kreditləri üzrə cavabdehə verilən pulların qaytarılması və iddiaçıya qaytarılmalı olan pulun ödənilməsi ilə bağlı söhbət aparmışlar, bu zaman cavabdeh “deyir 6000 vermişəm, olsun eybi yoxdur” məzmununda ifadə səsləndirmişdir. Məhkəmə iclasında cavabdeh səs yazılarının tam şəkildə təqdim edilmədiyini qeyd etsə də, söhbət zamanı səsləndirdiyi fikirləri təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, əksinə sübutların məhkəmə tərəfindən toplanmasını tələb etmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
32. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
34. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
35. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahı dövründə 3 ədəd kredit müqaviləsi əldə edilən pul vəsatindən 6000 manat hissəsinin iddiaçı tərəfindən cavabdehə verilməsi, həmin pulun hamısının ailə ehtiyaclarına sərf edilmədiyi öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, cavabdeh məhkəməyə təqdim edilən etirazında 2000 manat pulun iddiaçı tərəfindən ona verildiyini bildirmiş, lakin həmin 2000 manat pulun ailə ehtiyaclarına sərf edildiyini qeyd etməmiş, etirazın məzmunundan və məhkəmə iclasında verdiyi izahatlara əsasən həmin pulu şəxsi ehtiyacları üçün sərf etmişdir.
36. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mərhələdə kredit müqavilələri üzrə banklardan götürülən pulların hamısı ailə ehtiyaclarına sərf edilməsi öz təsdiqini tapmadığından və hər müqavilə üzrə tərəflərin öhdəliyinin müəyyən edilməsi mümkün olmadığından məhkəməyə təqdim edilmiş sübutların tətqiqinə əsasən iddia qismən təmin edilməklə cavabdehdən ümumilikdə 6000 manat məbləğində pul tutulmalıdır.
Nəticə:
37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 80 manatı cavabdehə, 10 manatı iddiaçıya aid edilməlidir.
40. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
41. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən və ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi ilkin iddia üzrə cavabdehdən tutularaq ona ödənilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 6000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 10 manatı İddiaçı aid edilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva