Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-88/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilməmiş əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə ödəncin və digər xərclərin ödənilməsi”) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclası katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə ödəncin və digər xərclərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə ödəncin və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AzNetDevelopment" MMC-dən 1732 manat ödənilməmiş əmək haqqının, 7166,80 manat əmək haqqının gecikdirilməsinə görə ödəncin, 71,25 manat etibarnamələrə görə ödənilmiş vəsaitin, 321 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş xidmət haqqının və 61 manat mediasiya xərcinin, cəmi 9352,05 manat (doqquz min üç yüz əlli iki manat beş qəpik) pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində rəsmi nikaha daxil olduqdan sonra Asan Xidmət Mərkəzində soyadını dəyişib. Belə ki onun öncəki soyadı “Şirinova” olub. O, Cavabdeh ilə aylıq əmək haqqı 500 (beş yüz) manat qeyd olunmaqla, rəsmi qaydada əmək müqaviləsi imzalayaraq, 126 AND-İN nömrəli, xx.xx.2022-ci il tarixli Əmr əsasında İnzibati şöbənin mütəxəssisi vəzifəsində işə başlayıb. O, nikaha daxil olub, Rusiya Federasiyasına getməsi ilə əlaqədar Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, öz istəyi ilə işdən çıxmasını xahiş edib, 009 AND-İN nömrəli, xx.xx.2023-cü il tarixli Əmr ilə o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Onun işlədiyi 7 ay 10 gün müddətində aylıq əmək haqqı, elə ilk aydan başlayaraq gecikdirilməklə, yarımçıq ödənilməyə başlanılıb. Bunu əmək haqqı üzrə maaş kartına dair qoşmaya əlavə olunmuş bankdan çıxarış sənədləri də təsdiq edir, o, işəgötürənlə əlavə problem olmasın deyə zamanla bu məsələnin düzələcəyini gözləyib, öz istəyi ilə işdən çıxdığı zaman isə şirkətin mühasibi tərəfindən ona bildirilib ki, hazırda maliyyə problemləri olduğu üçün əmək haqqından qalan 2232 manat pulu tam ödəyə bilməyəcəklər, ona görə də onlara müəyyən zaman verilməsini xahiş ediblər, o da bununla şifahi olaraq razılaşıb. Bankdan çıxarışa əsasən əmək haqqından qalan puldan 500 manat o işdən çıxdıqdan 5 ay 19 gün sonra, xx.xx.2023-cü il tarixdə ödənilib, geriyə qalan 1732 manatın da hissə-hissə ödəniləcəyi bildirilsə də, təəssüf ki bu günə qədər həmin məbləğ ona ödənilməyib. Heç bir ödəniş olmadığı üçün 6 ay sonra, 2024-cü ilin yanvar ayında o, ilkin olaraq qarşı tərəfə mediasiya təklifi göndərib, 10 iş günü gözlədikdən sonra isə ərizə ilə mediasiya təşkilatına müraciət edib və xx.xx.2024-cü il tarixində 6 saylı Mediasiya Təşkilatında müraciəti rəsmi olaraq qeydiyyata alınıb. Lakin təəssüflər olsun ki, qarşı tərəf 2 dəfə təyin olunmuş mediasiyaya da gəlməyib, nəticədə mediasiyanın mümkünsüzlüyü barədə arayışın verildiyi xx.xx.2024cü il tarixində aidiyyəti üzrə məhkəməyə müraciət olunub, çünki “AzNetDevelopmenf’ MMC artıq heç bir razılığa gəlməyərək, heç bir ödənişi həyata keçirməyib. Hazırda cavabdehin iddiaçıya 1732 manat ödənilməmiş əmək haqqına, 7166,80 manat əmək haqqının gecikdirilməsinə görə 1 faiz hesablanmaqla ödəncə, 71,25 manat (19,75 + 51,50) etibarnamələrə görə ödənilmiş vəsaitə, 321 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş xidmət haqqına və 61 manat mediasiya xərcinə dair borcu vardır. Belə ki, 01 fevral 2023-cü ildən 19 iyul 2023-cü ilə qədər (28 + 31 + 30 + 31 + 30 + 19) əmək haqqından qalan 2232 marat pulun 1%-i 22,32 manat x 169 gün = 3772,08 manat, 19 iyul 2023-cü ildən 31 yanvar 2024-cü ilə qədər (12 + 31 + 30 + 31 + 30 + 31 + 31) əmək haqqından qalan 1732 manat pulur 1%-i 17,32 manat x 196 gün = 3394,72 manat, bu ikisi birlikdə isə 7166,80 manat (3772,08 + 3394,72) pul edir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
4. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
5. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Əsgərova (Şirinova) Nubar Canpolad qızı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə inzibati şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir.
6. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/6-00208 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMC nümayəndəsinin iştirakını ilkin mediasiya sessiyasında təmin etməmişdir. 50 manat ilkin mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
7. "xxxx" ASC tərəfindən tərtib edilmiş çıxarışlarından görünür ki, iddiaçıya məxsus hesaba 410 manat və 1654,05 manat mədaxil olmuşdur.
8. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hüquqi xidmət üçün 321 manat ödəniş edilmişdir.
9. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə inzibati şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 500 manat təşkil etmişdir.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə inzibati şöbəsinin mütəxəssisi vəzifəsinə işə edilmiş və xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı və əmək haqqının gecikdirilməyə görə ödəncin tutulmasını xahiş edir.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 172-ci maddəsinin:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
13. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Göründüyü kimi İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmişdir, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir, bu barədə iddiaçıya arayış verilmişdir.
16. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir.
17. Məhkəmə, iddia tələbinin “ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə “inzibati şöbəsinin mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Göründüyü kimi işçiyə 7 ay 9 gün üzrə təxminən 3648,03 (3500 (7x500)+148,03 (16,44...x9)) əmək haqqı ödənilməli idi (bir aydakı günlərin sayı 30,4, bir günlük əmək haqqı 16,44.. manat). Lakin məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, işçiyə 410 manat və 1654,05 manat, olmaqla cəmi 2064,05 manat ödəniş edilmişdir. Göründüyü kimi işçinin aylıq əmək haqqı 500 manat olmuşdur və işçiyə ödənilməyən əmək haqqı (vergi, DSMF və.s tutmaları çıxmadan) 1583,98 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həmin hissədə qismən təmin edilməli, ödənilməmiş əmək haqqı ki, 1583,98 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. İş materiallarından görünür ki, məhkəmə tərərfindən iş üzrə məhkəmə mühasibatlıq- ekspertizası təyin edilmiş, həmçinin müvafiq hesablanmaların aparılması haqqında qəraradad qəbul edilmiş, lakin dəfələrlə cavabdeh şirkətə yazılı və şifahi formada ekspert vəsatəti ilə tələb olunan sənədlərin məhkəməyə yaxud ekspertiza mərkəzinə təqdim olunması bildirilsə də, cavabdehin nümayəndəsi sənədləri təqdim etməmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
20. Bu səbəbdən məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər hesab edir və cavabdehin maliyyə sənədlərini ekspertə təqdim etmədiyi üçün cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqını təqdim olunmuş çıxarışa əsasən hesablanaraq iddiaçının tələbi həmin hissədə təmin olunmalıdır.
21. Məhkəmə iddia tələbinin “əmək haqqının gecikdirilməyə görə ödəncin tutulmasını” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya sonuncu dəfə əmək haqqı ödənişi xx.xx.2023-cü il tarixdə 500 manat olmuşdur. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixinədək, yəni cavabdehə bildirişin göndərildiyi tarixədək olan ödəncin tutulmasını xahiş edir.
22. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan günlərin sayı 197 (6 ay 17 gün) gündür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 1583,98 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə 197 gün üzrə əmək haqqının 1 faizi miqdarında ödənc tutulmalıdır. Bu məbləğ isə 3120,44 (15,8398x197) manat təşkil edir.
23. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
24. Məhkəmə hesab edir ki, ilkin mediasiya xidmətinə görə ödənilmiş 60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
25. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
26. Tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddia üzrə 67,05 manat dövlət rüsumu ödənilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 7,05 manat dövlət rüsumu tutulub dövlət nəfinə ödənilməlidir.
27. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. İş materiallarında olan müqavilədən görünür ki, iddiaçı hüquqlarının müdafiəsi üçün vəkillə hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlayaraq, “Fides” Vəkil bürosunun hesabına 321 manat, etibarnamələr üzrə xx.xx.2024-cü ildə 19,75 manat və 51,50 manat haqq ödəmişdir.
29. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş 321 manat hüquqi xidmət haqqının və etibarnamələr üzrə ödənilmiş ümumilikdə 71,25 manat pulun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olan 1583,98 manat, əmək haqqının gecikdirilməsinə görə 3120,44 manat ödəncin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 321 manat, etibarnamələr üzrə ödənilmiş 71,25 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməli, Məhkəmə xərclərinə aid olan 7,05 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınıb dövlət büdcəsinə ödənilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olan 1583,98 manat, əmək haqqının gecikdirilməsinə görə 3120,44 manat ödəncin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 321 manat, etibarnamələr üzrə ödənilmiş 71,25 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan 7,05 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva