Məhkəmə qərarları › İş №2(007)-912/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-912/2023

08.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-912/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2022-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları və 2023-cü ilin yanvar ayı üçün 7056 manat əmək haqqının, onun gecikdirilməsinə görə hesablanmış 8670.24 manat ödəncin və 50 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh MMC-dən 2022-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2023-cü ilin yanvar və fevral ayları üçün 7056 manat əmək haqqının, onun gecikdirilməsinə görə hesablanmış 9713.76 manat ödəncin və 50 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildən “Aznetdevelopment'’ MMC-də əmək müqaviləsi əsasında “kabelçi-usta” peşəsində çalışır. Aylıq əmək haqqı 784 manatdır. 2022-ci ilin may ayından başlayaraq cavabdeh əmək haqqını ödəmir və 2023-cü ilin yanvar ayı da daxil olmaqla 9 ayın əmək haqqı üzrə borcu var. Əmək haqqının ödənilməməsi ilə əlaqədar xx.xx.2022-ci ildə Azərbaycan Respublikası ƏƏSMN-ə müraciət etmişdir. Müraciətinə nazirliyin X3 Xidməti Bakı şəhər İdarəsində baxılmış və 2022-ci ilin may ayından başlayaraq əmək haqqının işəgötürən cavabdeh tərəfindən ona ödənilmədiyi müəyyən edilmiş, Azərbaycan Respublikası ƏM-nin 172-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğu üçün xx.xx.2022-ci ildə işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati təhbeh vermə haqqında qərar qəbul olunmuş, həmçinin nöqsanların aradan qaldırılması üçün Cavabdeh MMC-yə müvafiq məktub ünvanlanmışdır. Lakin bu günədək cavabdeh tərəfindən əmək haqqı ödənilməmişdir. 2022-ci ilin may ayından başlayaraq, 2023-cü ilin yanvar ayı da daxil olmaqla 9 ay üçün cavabdehin ona əmək haqqı üzrə borcu 7056 manat təşkil edir (784 AZN x 9 ay). Cavabdeh ona 2022-ci ilin may ayından başlayaraq 2023-cü ilin yanvar ayı da daxil olmaqla 9 ay üçün 7056 manat əmək haqqı və onun gecikdirilməsinə görə Azərbaycan Respublikası ƏM 172-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq aşağıda göstərilən qaydada hesablanmış 8670.24 manat ödənc ödəməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, iddia ərizəsində yazmış olsa da may və iyun aylarının əmək haqqını aldığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, şirkətin maliyyə vəziyyəti ağırdır. Onların hesablamalarına görə iddiaçının maaşından ödənilməmiş məbləğ 338.73 manatdır. İddiaçı qalan maaşını almışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Şirkətdə obyektiv və subyektik səbəblərdən iqtisadi çətinlik yaranmışdır. Lakin işçilərə bildirilmişdir ki, kim işə gələ bilirsə, gəlib işləsin, kimdəsə çətinlik yaranırsa, gəlməyə bilər. Lakin şirkətin vəziyyəti sonralar da yaxşılaşmadığı üçün ixtisarlar edilməyə başlanıldı. İşçilərə onların əmək haqqları ödəniləcəyi deyilmişdir. İddiaçıya isə hansı aylar işləyibsə, onların əmək haqqı ödəniləcəkdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı 15 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, araşdırmaya əsasən Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onun xx.xx.2021-ci il tarixdən hal hazırki dövrədək əmək müqaviləsi üzrə “kabelçi usta” vəzifəsində çalışdığı məlum olmuşdur. Eyni zamanda cəmiyyət tərəfindən təqdim olunmuş sənədlərdən may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə əmək haqlarının ödənilmədiyi müəyyən edilmişdir. Bununla da cəmiyyət rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin (aylıq əmək haqqının ödənilməməsi) tələbləri pozulduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin yol verilmiş nöqsanın aradan qaldırılması məqsədilə Cavabdeh MMC-nin ünvanına **********9 saylı xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. - xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC nümayəndəsinin iştirakını ilkin mediasiya sessiyasında təmin etməmişdir. 50 manat ilkin mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı məşğulluq təsnifatı üzrə: kabelçi, elektrik gücü/yerüstü kabellər, əmək müqaviləsi üzrə: “kabelçi-usta” vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 784 manat təşkil edir. - xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC-də “kabelçi-usta” vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Müqavilədə əmək münasibətlərinin müddəti müddətsiz göstərilmişdir. - xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi iş prosesində apardığı bütün əməliyyatlara görə tam maddi məsuliyyət daşıyır. - xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı aylıq əmək haqqı 784 manatdır. - İş qrafikindən görünür ki, İddiaçı 2022-ci ilin may ayında 18 gün, aprel ayında 20 gün, mart ayında 16 gün, fevral ayında 19 gün, yanvar ayında18 gün, iyun ayında 6 gün işləmişdir. - xx.xx.2023-cü il tarixli 033-AND-İR saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - Əmək haqqı qrafikindən görünür ki, İddiaçı ödənilməli olan əmək haqqı borcu 338.73 manatdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7441 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə 2022-ci ilin iyul, avqsut, sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü ilin yanvar və fevral aylarını əhatə edən tabel uçot vərəqələrinə əsasən qeyd edilən dövr ərzində İddiaçı Cavabdeh MMC-də faktiki işlədiyi iş günlərinin sayı cəmi 1 gün olmuşdur ( o cümlədən 2022-ci ilin avqust ayı üzrə). İş materiallarında olan əmək haqqı hesablanmasına dair cədvələ əsasən 2022-ci ilin iyul və avqust aylarında məzuniyyət günlərinə görə hesablanmış və ödənilməmiş məzuniyyət haqqının məbləği 338.73 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarına əsasən İddiaçı Cavabdeh MMC tərəfindən 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2023-cü ilin yanvar və fevral ayları üzrə ödənilməmiş 338.73 manat əmək haqqının (son haqq-hesabın) gecikdirilmiş faizi 812.95 manat (338.73 x 1% x 240 gün) məbləğində müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də “kabelçi-usta” vəzifəsinə işə qəbul edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli 033- AND-İR saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMCdən 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2023-cü ilin yanvar və fevral ayları üçün 7056 manat əmək haqqının, onun gecikdirilməsinə görə hesablanmış 9713.76 manat ödəncin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixli fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə X3 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmçinin iddiaçı ilə cavabeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsə də əmək mübahisələrinin həlli zamanı məhkəməyə müraciət etmək üçün mediasiya təşkilatına müraciət edilməli olduğundan İddiaçı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmişdir, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir bu barədə iddiaçıya arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə (bundan sonra – X3 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X3 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. Məhkəmə, iddia tələbinin “əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7441 nömrəli ekspert rəyinə əsasən 2022-ci ilin iyul, avqsut, sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü ilin yanvar və fevral aylarını əhatə edən tabel uçot vərəqələrinə əsasən qeyd edilən dövr ərzində İddiaçı Cavabdeh MMC-də faktiki işlədiyi iş günlərinin sayı cəmi 1 gün olmuşdur və ödənilməmiş əmək haqqının məbləği 338.73 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya ödənilməli olan əmək haqqı məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi əsas götürülməklə, qismən təmin edilərək 338.73 manat müəyyən edilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 132-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmçinin məhkəmə iddia tələbinin “ödənilməmiş əmək haqqının gecikdirilməsi üçün ödəncin verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan qismən təmin edilməlidir və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi əsas götürülməlidir. Qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilməmiş 338.73 manat əmək haqqının gecikdirilməsi üçün ödəncin verilməsi əmək haqqının 1 %-i məbləğində (338.73 x 1% x 240 gün) 812.95 manat ödəniş müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Məhkəmə, “50 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödədiyi mediasiya xərci ilə bağlı məhkəməyə sübutlar təqdim etdiyindən iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 338.73 manat əmək haqqı, əmək haqqının gecikdirilməsinə görə 812.95 manat ödənc və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan 31,52 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulub dövlət nəfinə ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 137 manatı Cavabdeh MMC-dən, 63 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 338.73 manat əmək haqqı, əmək haqqının gecikdirilməsinə görə 812.95 manat ödənc və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan 31,52 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınıb dövlət büdcəsinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 137 manatı Cavabdeh MMC-dən, 63 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar